Çiçəkləmək istəyən arzuların

"Tumurcuq"u

 

 Çağdaş Azərbaycan mətbuatında özünəməxsus yerirolu olan "Tumurcuq" qəzeti 20 yaşını qeyd etməyə hazırlaşır.

Azərbaycan uşaq mətbuatının yaşı bir əsrdən çoxdur. 1906-cı ildə nəşrə  başlayan "Dəbistan" (1906-1908) və "Rəhbər" (1906-1907), ilk sayı 1911-ci ildə işıq üzü görən "Məktəb"(1911-1920 ) uşaq mətbuatımızın qaranquşlarıdır.   Həmin məcmuələr görkəmli Azərbaycan ziyalılarının qayğısı sayəsində yaşamış, uşaq ədəbiyyatının balacalara çatdırılmasında böyük rol oynamışlar. 

 Sovet dövründə nəşr edilən "Azərbaycan pioneri" ("Savalan") qəzeti, "Göyərçin", "Günəş" junallarının da həm ədəbiyyatın təbliğində, həm yeni nəsil yazarların yetişməsində, həm də uşaqların bədii-estetik zövqünün formalaşmasında mühüm xidmətləri olmuşdur.  Mir Mehdi Seyidzadə, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi, Yusif Əzimzadə, Teymur Elçin, Hikmət Ziya, İlyas Tapdıq, Tofiq Mahmud, Zeynal Cabbarzadə, Xanımana Əlibəyli, Eynulla Ağayev və digərləri ilk dəfə bu mətbuat orqanlarında çap olunmuş və tanınmışlar.

"Tumurcuq"  qəzeti Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra respublikamızda latın qrafikası ilə nəşr edilən ilk mətbu orqandır. Sələfləri kimi bu qəzet də öz səhifələrində uşaq ədəbiyyatı nümunələrinə geniş yer verir.

"Tumurcuq" 1996-cı ilin  mart ayında balalarımızla ilk görüşə gəlib. Bəlkə də baharda dünyaya gəldiyindən və belə demək mümkünsə, həmişə uşaq və yeniyetmələrlə daim nəfəs-nəfəsə olduğundan "Tumurcuq" daim bahar təravətli, xoşməramlı olub. İlk sayından oxucuların ürəyinə yol tapdığından, ünvanımıza qucaq-qucaq məktub, teleqram gəlib. O məktublarda  balacaların qəlbindən, gözlərinin nurundan kağıza süzülən arzu dolu, duyğulu yazılar qəzetimizin bəzəyinə çevrilib.  Balaca oxucularımızın istəyi ilə xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, professor Tofiq Hacıyev, filologiya elmləri doktorları, şair Zahid Xəlil, Məhərrəm Qasımlı, tanınmış şairlərimiz Musa Yaqub, Fikrət Sadıq, Oqtay Rza, İlyas Tapdıq və başqaları  "Tumurcuq"un məsləhətçiləri və yazarları olublar. Əlbəttə, bu məşhur insanlarla yanaşı, fidan balalarımız da istək və arzularını, təklif və iradlarını bildirməklə qəzetimizin daha da oxunaqlı olmasına kömək ediblər.  Məktəblilərin bizə ünvanladığı hər bir məktubda onların ürək döyüntülərini, kövrək addımlarının səsini duymuş, qəzetin hər bir sayının rəngarəng, maraqlı olmasına səy göstərmişik. Bu çalışmalarımız və uşaqlarımızın bizə verdiyi dəstək "Tumurcuq"u Azərbaycan uşaq mətbuatının öncülünə çevirib.

İndiyədək "Tumurcuq" haqqında söylənən və yazılan xoş sözləri toplasaq bəlkə də bir kitab yaranar. Onu da deyək ki, "Tumurcuq" ölkəmizdə latın qrafikalı ilk qəzet olmaqla yanaşı, müstəqilliyimizin ilk illərində onun yazılarından məktəblilər sinifdənxaric oxu materialı kimi  geniş istifadə ediblər. Bununla yanaşı, ötən illər ərzində "Tumurcuq"un kitabxanası" seriyasından ondan çox kitabı balaca oxucularımıza hədiyyə etmişik. Bu işdə gözəl qələm sahibi, qəzetin ilk redaktoru Əli Çərkəzoğlunun xidmətləri  böyükdür.

Qeyd edim ki,"Tumurcuq"un fəaliyyətinə ən düzgün və dəyərli qiyməti ümummilli liderimiz Heydər Əliyev verib. Ulu öndərin söylədiyi "Tumurcuq" uşaqlar üçün çox zəngin və dəyərli mənbədir" sözləri bizi sevindirməklə yanaşı, daim məsuliyyətli olmağa sövq edir. Xalq şairi Bəxtiyar Vahabzadə qəzetin 100-cü sayı ilə bağlı yazdığı məqalədə "Tumurcuq"un mətbuatımızda və yetişməkdə olan nəslin inkişafındakı xidmətlərini belə qiymətləndirib: "Tumurcuq" qəzeti nəşrə başlayanda ona xeyir-dua verənlərdən biri mən olmuşam. Ötən illər ərzində "Tumurcuq" saydan-saya inkişaf edərək, gənc nəslin yetişməsində mühüm rol oynaya bildi. Qəzetin dizaynı çox gözəldir. Səhifələri boğucu, yorucu deyil. Yazıların dili səlisdir. Hiss edirsən ki, bu qəzetin yazarları demək istədiklərini az sözlə çatdırmağa çalışır, oxucunu yormaq istəmirlər. Bu, mətbuat üçün çox əhəmiyyətli keyfiyyətdir.

İnanıram ki, "Tumurcuq"u oxuyanlar xalqının tarixi dostunu və düşmənini yaxşı tanıyarlar".

"Tumurcuq"u oxuduqdan sonra redaksiyaya məktub yazanya görüşümüzə gələn hər bir alim, yazıçı, müəllim, idman ulduzu, valideyn əsasən qəzetimizin ünvanına xoş sözlər söyləyib və bizimlə həmişə əlaqə saxlamağa, bizə dəstək olmağa çalışıb.

Dediyim kimi, "Tumurcuq"  öz səhifələrində çağdaş uşaq ədəbiyyatı nümunələrinə geniş yer verir.  Özübiz yalnız müasir uşaq yazarlarımızın deyil, həm klassik uşaq ədəbiyyatımızın, həm də dünyada tanınan və çox oxunan yazarların yaradıcılığından nümunələri oxuculara təqdim edirik. Dünya uşaq ədəbiyyatı ilə bağlı səhifələri görkəmli şairimiz, professor Zahid Xəlilin təqdimatı ilə oxuculara çatdırırıq. Müxtəlif saylarımızda çap etdiyimiz dünya xalqlarının nağıllarının xeyli hissəsini şair-alim Rafiq Yusifoğlunun tərcüməsində balaca oxucularımıza təqdim edirik. Çağdaş uşaq ədəbiyyatımızdan az şair və yazıçı tapmaq olar ki, onun əsəri "Tumurcuq"da çap olunmasın. Türk dünyasının görkəmli uşaq ədəbiyyatı yazarlarından da xeyli yazıçı və şairin- Mövlanə Cəlaləddin Ruminin, Ömər Seyfəddinin, Levent Ərtəkinin, Fəxrəddin Bozdağın, Bəstami Yazqanın, Üzeyir Gündüzün və başqalarının yaradıcılığına dönə-dönə müraciət etmişik. Sevinirik ki, "Tumurcuq" yazarlarla azyaşlı oxucular arasında körpüyə çevrilib.

"Tumurcuq"da respublikamızın ayrı-ayrı bölgələrindən çoxlu oxucu məktubları çap olunur. Çoxunu da təhsil işçiləri, məktəblilər yazırlar. Uşaqların şeir və hekayələrini də bol-bol dərc edirik.

Düzdür, bəzən bizə uşaqların yaradıcılıq nümunələrinin zəif olmasını irad tuturlar. Amma unutmayaq ki, bu yazıları yazanların çoxu aşağı sinif şagirdləridir. Bu yazılar onların kövrək qəlblərinin, düşüncələrinin məhsuludur. O yazıların çoxu istər məzmun, istərsə də heca və qafiyə baxımından qüsurludur. Ancaq təmiz hisslərdir.  Buna görə də  o yazıların nisbətən xoşagələnini çap edirik. Biz istəyirik ki, uşaqlar hər hansı mövzuda öz düşüncələrini bizə yazmaqdan çəkinməsinlər. Bu məsələ ilə bağlı balaca oxucularımıza məsləhət və tövsiyələrimizi də qəzet vasitəsilə çatdırırıq.

Qəzetin səhifələrində müxtəlif informasiyalardan, əsasən tarixi gün və hadisələrin qeyd olunmasından, keçirilən yubileylərdən, uşaqların özləri və oxuduqları məktəblər haqqında  yazılardan da bol-bol istifadə edirik. Ölkəmizin həyatı üçün xüsusi önəm daşıyan hadisələr haqqında yazıları dərc edirik. Bir sözlə, ayda bir dəfə 24 səhifə həcmində nəşr olunan qəzet öz oxucularına onların bilməli olduğu hər şeydən yazır, hətta biliklərini yoxlamaq üçün testlər də verir. Ümumiyyətlə, çalışırıq ki, balaca oxucularımız bizdən heç vaxt narazı qalmasınlar, qəzetimizi əllərindən yerə qoymasınlar, öz biliklərini bizim yazdıqlarımız əsasında daha da zənginləşdirsinlər.

 

Səməd MƏLİKZADƏ,

"Tumurcuq" qəzetinin redaktoru

 

Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.14.