Mənim anam...
Hekayə
Balaca Həsənbala doğulduğu ailədə anasının əməksevərliyinə və hədsiz qayğıkeşliyinə elə isinmişdi ki, adi iş üçün həyətə düşəndə, mətbəxə gedəndə onun əlindən yapışıb ardınca yollanardı.
Bir dəfə 8-9 yaşında ikən televiziyaya birgə baxarkən 26 fevral - Xocalı faciəsi günü ilə əlaqədar veriliş gedirdi. Anaların və uşaqların naləsi, qışqırtısı, göz yaşları, qar və buz üstündə yalın ayaqlarının donması, erməni vəhşilikləri ilə körpələrə və böyüklərə xüsusi amansızlıqla işgəncə verilərkən ufultuları və ağlaşmaları Həsənbalanın da xısın-xısın göz yaşları tökməsinə səbəb oldu. Körpələrin gözü qarşısında analara zülm edilib öldürülməsindən bəhs edən səhnələrə baxarkən babası uşağın necə təlaş və həyəcan keçirdiyinin şahidi oldu. O, nəvəsinin diqqətini bu qəmli mənzərələrdən yayındırmaq məqsədilə söhbəti başqa istiqamətə yönəltməyə çalışdı.
Bir neçə müddətdən sonra uşağın növbəti gəlişi zamanı babasının keçən dəfəki qadağasına baxmayaraq qonşu otaqda dayısı uşaqları ilə Rusiya televiziyası kanalında verilişə tamaşa edirdi. Burada ikinci cahan müharibəsinin qanlı səhifələrindən bəhs edən döyüş səhnələrində faşistlərin uşaq və qadınları zorakılıqla girov götürüb amansızcasına güllələməsi, aclıqdan və xəstəlikdən üzülmüş uşaq və qocaların qabırğaları görünən fraqmentlər nümayiş etdirilirdi. Əsir uşaqların və valideynlərinin qaz kameralarında diri-diri yandırılması epizodlarına tamaşa edən uşaq sarsılıb dəhşətə gəlmişdi. Verilişin növbəti gedişində Leninqradın mühasirəsi zamanı aclıqdan və şaxtadan donmuş cəsədlərin kirşə ilə daşınması, ölümcül halda ayaq üstə durmaq taqətində olmayanların birdən yerə sərilib dünyasını dəyişməsindən bəhs edən səhnələr göstərilirdi. Bütün bu səhnələr balaca Həsənbalada güclü qorxu və təlaş yaratmışdı. Anaların naləsini, uşaqların çığırtısını eşidən nəvə qonşu otaqda rahatlıq tapmayıb bir azdan babasının istirahət etdiyi otağa gəlir. Gördüyü amansızlıqları və qəddarlıqları dili dolaşa-dolaşa ona nəql edir.
Mustafa kişi, nəvəsi uşaq olsa da, onun zəkasına və ağlına yaxşı bələd idi. Baba ailə üzvlərinin hüzurunda sakitcə öyüd-nəsihətə başladı ki, ay bala, dünya elə əzəldən belə qurulub. Dolub-boşalır, çox şey bəzən artır, sonradan tükənir və yenisi yaranır. Bir şeyin başlanğıcı varsa, sonu da var. İnsanlar da doğulur, yaşayır, sonda xəstələnir, qocalır və nəhayət dünyasını dəyişir, ancaq yeri boş qalmır, dünyaya yeni körpə gəlir, insan nəsli artır və davam edir. Bala, görürsən də, babaların və nənələrin də artıq qocalıblar. Tez-tez xəstələnir, güclə dirənib yeriyirlər. Vaxt gələcək bizlər də dünyadan köçəcək və dünyamızı dəyişəcəyik. Sən uşaqsan, belə fikirlərlə işin olmasın, bu barədə düşünmə, dərslərinlə məşğul ol. Hamı öləcək, bu dünyada heç kəs qalmayaçaq.., deyə kövrək səslə qoca sözünü bitirdi.
Babasının fikrini tamamlamağa macal verməyib, nəvə ilk dəfə olaraq xüsusi kobudluqla, ucadan səbrsiz halda qışqırıb, hönkürtü salıb ağlaya-aylaya:
Yox, mənim anam ölməyəcək, heç vaxt ölməyəcək. Mən buna imkan verməyəcəyəm, razı olmayacağam..., deyə uşaq hiddətindən coşdu.
Əlbəttə, bu sözün qarşısında azyaşlı uşağa belə məqamda başqa əks-təsirli məsləhət və ya söz demək qeyri-mümkün idi.
...Həmin dövrdən illər keçib. Anasının sevimlisi, babalarının və nənələrinin ağıllı-kamallı, dərrakəli və zikrli yeniyetmə nəvəsi Həsənbala bu mövzularda rast olunan söhbətlərin əsnasında daha həmin kəlməni işlətmir. Axı böyüyüb və yaxşı anlayır ki, dünyaya övlad gətirən, gecə-gündüzünü, gözünün nurunu, qəlbinin hərarətini, cansağlığını və ömrünü bala yolunda qurban verməyə hazır olan analar əbədi yaşayır. Onlar ölmürlər, dünyalarını dəyişirlər. Anaların müqəddəs amalları və ruhları qarşısında övladlıq borcu isə daimi və dəyişməzdir.
Sizə əsa alacağam
Hekayə
Əkbər baba uzun müddət pedaqoji sahədə çalışdığından, uşaq psixologiyasına yaxşı bələd olduğundan müşahidələrinə əsasən onunla birgə yaşayan gənc ailəni müntəzəm başa salaraq hərdənbir danlayırdı ki, uşaqların tərbiyəsi barədə məşhur pedaqoqların söylədiyi kimi hələ anadan doğulmamışdan ciddi düşünmək lazımdır. Burada diqqətsizlik, biganəlik və vaxtı itirmək olmaz, əks-təqdirdə gələcəkdə ağır fəsadlar baş verə bilər. Yaşlı müəllim məsləhət bilirdi ki, əməksevərlik, inandırıcı nümunələr valideynlərin özlərindən başlamalıdır. Zorakılıqdan, təhqirdən, qışqırıb-bağırmaqdan, hədə-qorxu metodlarından çəkinmək lazımdır. Uşaqlarla dost kimi öz dillərində danışmaq, yaş xüsusiyyətlərini nəzərə almaqla onlarla xoş rəftar etmək lazımdır. Rəğbətləndirməyə, ümidverici sözlərə geniş yer verilməlidir.
Babanın bu tövsiyələri
tezliklə öz nəticələrini vermirdi. Gənc ailə bu
məsələlər üçün
hazırlıqlı deyildi. Onlara
arxayın olmayıb baba və nənə
başladılar əvvəlkindən də artıq uşaqlara vaxt sərf etməyə.
Onları vaxtaşırı gəzintiyə
çıxarır, həyətdə xırda təsərrüfat
və əmək işlərinə cəlb edirdilər.
Hətta nəvələrə yavaş-yavaş
oyuncaq şəklində buraxılan kürək,
çəkic, dırmıx, ağac və
kolları suvarmaq üçün
balaca su səpən qab və sair alətlər
də aldılar. Yaşlılara baxıb nəvələr
Əli və Yusif əmək işlərində
kiçik alətlərlə iş görməyə, suvarma
zamanı şlanqı əllərinə tutmaqla
yaxından iştirak etməyə
başladılar. Gördükləri haqda
və yenə də sabah işləmək
istəkləri barədə tez-tez həvəslə
danışırdılar. Bir neçə
gün söhbətlər şirinləşdi,
dərinləşdi, xeyirə və irəliləyişə doğru getdi.
Soğan-sarımsağın, kolların, ağacların dibinə
peyin verilməsi və
suvarılmasında, meyvə dərimində uşaqlar
artıq xüsusi fəallıq göstərirdilər:
nərdivana dırmaşıb məhsulları dərir, yuyur, ləzzətlə yeyirdilər. Hərəsi
öyünərək deyirdi ki, "mən əkmişəm", "mən
dərmişəm" və sair. Hətta meyvə ağaclarından, bostan
və tərəvəz bitkilərindən dərib mət, şoraba, mürəbbə
hazırlanmasındakı cüzi
iştirakları da balacaları çox
gümrahlandırmışdı, səliqə-sahmana, iş görməyə bəhsləşmələri
və rəqabətləri xeyli
artmışdı.
Əkbər baba və Samirə nənə də bu işlərə görə balacaları tərifləyər, həvəsləndirər və rəğbətləndirərdilər. Ev quşlarına dən-su verməklə yumurtalarını yığmaq, vaxtında bala çıxartmaq üçün quşların altına düzməkdə və ağacların basdırılmasında, yenicə yumurtadan çıxmış quşciyəzlərə qulluq göstərilməsində bu uşaqlar əsl köməkçiyə çevrilmişdilər. Onlar yavaş-yavaş şüurlu surətdə başa düşürdülər ki, işləyib çalışmasalar, əkib-becərməsələr heç nə götürmək olmaz. Atalar demişkən "Əkiblər yemişik, əkərik yeyərlər".
Yavaş-yavaş aparılan bu tədbirlər uşaqlara elə sirayət etdi ki, birinci sinfi bitirən Yusif hətta bəzən bu və digər işləri görməməkdə və tənbəllikdə ata-anasından gileylənməyə başladı.
İşlər yaxşılığa doğru sürətlə gedirdi. Evin balaca nəvəsi Əli daha səmimi, işgüzar və çalışqan görünürdü. Baba və nəvə bir dəfə yenə də uşaqları həyətə çıxarıb müəyyən əmək işlərinə cəlb etməyə hazırlaşırdılar. Əkbər baba dilləndi ki, nəvələrim, baxın, bu evi, çəpəri, quyunu, hamamı, quş hinlərini - hər şeyi baba alıb tikib sizin üçün.
- Baba, bizim evimizi də sən tikdirmisən? deyə Əli yaşadıqları evin qonşu otaqları barədə maraqla soruşdu.
- Əlbəttə, əlbəttə, hamısını baba alıb düzəldib.
- Bəs atam-anam tikməyib?
- Yox, Əli, biz bunları edəndə ata-ananız siz boyda idi. Daha biz qocalmışıq, tez-tez xəstələnirik və güclə yeriyirik. Artıq odun yarmağa gücümüz yoxdur. Ağır işlərə girişə bilmirik. Biz sizlərə hər şey almışıq və alırıq. Bəs böyüyəndə siz babaya və nənəyə nə alacaqsınız? - qocalar nəvələrə sual verdilər.
Böyük nəvədən diribaş və hazırcavab olan Əli qardaşını qabaqlayıb gücənə-gücənə dilləndi:
- Oda, ey, o da, mən böyüyəndə, böblə pulum olanda babaya və nənəyə ələ tutulan çəlik, əsa alacağam.
Baba və nənə özünün qəribəçilikləri ilə fərqlənən balaca Əlinin hikmətli sözündən razı qaldılar. Onu qucaqlayıb öpdülər. Bu qoca çağlarında ayaq üstə durmağa taqəti olmayan, hətta otaqdan-otağa keçmək çətinliyi yaşayan, bəzən yıxılmamaq üçün əllərini divarlara və pilləkənə dayayaraq çətinliklə yeriyən yaşlılara heç olmasa nəvə Əlinin imkanı daxilində belə bir söz və vəd verməsi heç də pis dayaq və köməklik deyildi.
Ələşrəf NİFTİYEV,
Yazıçı-publisist,
"III dərəcəli Vətənə xidmətə
görə"
ordenli dövlət qulluğu
veteranı
Azərbaycan müəllimi.- 2015.-
13 iyun.- S.12.