Azərbaycan əsgərinə

 

Dan yeridi son damla qan,

Doğulan danına söykən!

Meydan Vətən meydanıdı,

Dayan, meydanına söykən!

 

Dəli nərən qırılmasın,

Qızıl qanın qaralmasın.

Vuran qolun yorulmasın,

Oğuzun şanına söykən!

 

Mərd oğullar candan keçib,

Haqq deyib, divandan keçib.

Ərlik sənə qandan keçib,

Babanın qanına söykən!

 

Dar günə hazırım igid,

Sultanım, vəzirim igid.

Boz atlı Xızırım igid,

Ölümsüz canına söykən!

 

Savaş günü ər aslan ol,

Tarix yarat, nər aslan ol.

Yazılmayan bir dastan ol -

Sən öz dastanına söykən!

 

Buludda qalmışdı axır murazı

 

Atamın əziz ruhuna

 

Bu ulu dağların qoca qartalı

Bir gün oylağına yaralı düşdü.

Zil qara geyindi baxtı-yığvalı,

Qanadı göylərdən aralı düşdü.

 

Qəfil almayanda üstünü ölüm

Başını qaldırıb göylərə baxdı.

Tufan arzuladı qan olan könlü-

Xəyalı özünü şimşəyə çaxdı.

 

Dəyişmişdi dünya, dayanmışdı vaxt,

Zəhimli gözləri hey nəmlənirdi.

Ona yaraşmırdı döşəli qalmaq-

Ölüm ləngidikcə o, qəmlənirdi.

 

Yurdu əzəl gündən zirvəydi, göydü,

Süzüb dolanırdı yel atı kimi.

Gərək ölümü qəfil gələydi,

Gələydi şığıyan qanadı kimi.

 

Susmaq bilmədikcə qanlı yarası,

İmdad diləyirdi uca göyündən.

Buludda qalmışdı axır murazı-

Qartal utanırdı gec ölməyindən...

 

Orxan PAŞA (Məhərrəm QASIMLI),

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

 

Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.12.