I AVROPA OYUNLARINDA QIZIL
MEDAL QAZANMIŞ
İDMANÇILARIMIZ
RƏFAEL AĞAYEV
1985-ci ildə Sumqayıt şəhərində anadan
olub. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə
təhsil alıb. Karate ilə məşğul
olmağa yeddi yaşında başlayıb. Uşaqlıqda dəcəl olduğu
üçün valideynləri karate ilə məşğul
olmağına qərar veriblər. 1994-cü ildən
karate üzrə keçirilən yarışlarda iştirak
edir. "Qəbələ" idman klubunun
yetirməsidir. İndiyədək
iştirak etdiyi bütün yarışlarda I yer qazanıb.
2004-cü ildən 2013-cü ilədək
keçirilmiş karate üzrə Avropa
Çempionatının 5 dəfə, Dünya
Çempionatının 4 dəfə qalibi olub. 2013-cü ildə ayağından zədə
aldığı üçün 2014-cü ildə
keçirilmiş yarışlara qatıla bilməyib. Azərbaycan, rus, türk dillərini bilir. Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos
Rəfael Ağayevi əfsanəvi karateçi
adlandırıb.
R.Ağayevin
dediklərindən: "Ən böyük şərəf qızıl medalı qazanmaq,
həm də onu qorumaqdır. Nə qədər
bacarıramsa, Azərbaycanın Dövlət himnini səsləndirəcəyəm.
Bu qələbəmi Azərbaycan xalqına və
anama həsr edirəm".
FİRDOVSİ
FƏRZƏLİYEV
1993-cü ildə Abşeron rayonunda anadan olub. Altı
yaşında karate ilə məşğul olmağa
başlayıb. Onda bu idman növünə
maraq filmləri seyr etdikdən sonra yaranıb. Hər döyüşdən əvvəl dua edir.
Azərbaycan millisinin heyətində
"Bakı-2015" I Avropa Oyunlarında ilk qızıl
medalı qazanan idmançı olub. 60 kq
çəkidə rəqib tanımayan karateçi bildirib ki,
uğurunun təməlində yorulmadan etdiyi məşqlər
və özünəinam dayanır. 2014-cü
ildə Qətərdə keçirilən 3-cü beynəlxalq
turnirin qalibi olub. Üzgüçülük
onun ən böyük hobbisidir.
Firdovsi Fərzəliyevin
dediklərindən: "Mən komandamıza ilk qızıl
medalı qazandırdığıma görə çox
xoşbəxtəm. Bu yarış,
bayrağımızı qaldırmaq bizim üçün
çox önəmli idi. Çünki biz
öz Vətənimizdə yarışırdıq. Mənim fikrimdə ancaq bayrağımızı
dalğalandırmaq idi".
ELVİN MÜRSƏLİYEV
1988-ci ildə Bakıda anadan olub. 75 kq çəki
dərəcəsində idmanın yunan-Roma güləşi
ilə məşğul olur. Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının məzunudur. Detektiv
hekayələrin mütaliəsini çox sevir. "Neftçi" İdman Klubunun
üzvüdür. Məşqçisi
Əfsər Namazəliyevdir. 2014-cü ildə Daşkənddə
75 kq çəki dərəcəsinə malik
idmançılar arasında Dünya Çempionatında -
3-cü yeri, Vantaada keçirilən Avropa Çempionatında
3-cü yeri, 2010-cu ildə Bakıda keçirilən Avropa
Çempionatında 2-ci yeri, 2008-ci ildə İstanbulda gənclər
arasında Dünya Çempionatında 1-ci yeri tutub. Fərid Mansurov və Rövşən Bayramov sevimli
idmançılarıdır. Güləşlə
yanaşı, gimnastika və ağırlıqqaldırma ilə
maraqlanır.
"Bu, ilk Avropa Oyunlarıdır. Hər bir
idmançı istəyər ki, bu Oyunlarda qızıl medal
qazansın. Xoşbəxtəm ki, mən də
qızıl medal qazanaraq adımı Azərbaycan
idmanının və Avropa Oyunlarının tarixinə
yazdım". Bu sözləri jurnalistlərə
açıqlamasında Elvin Mürsəliyev deyib.
İRİNA ZARETSKAYA
1996-cı ildə Ukraynanın Çernovidskaya vilayətində
anadan olub. 68 kq çəki dərəcəsində karatenin
kumite növü ilə məşğul olur. Yeniyetmələr arasında 3 qat Avropa çempionu,
böyüklər arasında Avropa və dünya
çempionatlarının bürünc
mükafatçısı olub. Uşaq
yaşlarından karateyə böyük həvəs göstərir.
İrinanın
dediklərindən: "Öncədən demişdim ki, bu
yarışda qızıl medal qazanacağam, fəxri
kürsüyə çıxacağam və himnimizi
oxuyacağam. Bu da oldu: Azərbaycan himnini oxudum və bununla fəxr
hissi duyuram".
AYXAN TAĞIZADƏ
1996-cı ildə anadan olub. 68 kq çəki dərəcəsində
idmanın taekvando növü ilə məşğul olur.
Bakıdakı 53 nömrəli tam orta məktəbi
bitirib. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman
Akademiyasının tələbəsidir. "Neftçi" İdman klubunun
üzvüdür. Məşqçisi
atası Avaz Tağıyevdir. 2013-cü ildə
Portoda keçirilən Gənclər arasında Avropa
Çempionatında gümüş medal qazanıb. Qardaşı Fərid Tağızadə Azərbaycan
milli taekvando komandasının keçmiş
üzvüdür. Atası Azərbaycanın
Para-Taekvando üzrə Milli komandasının baş məşqçisidir.
"Məğlub olmağı
düşünmürdüm. Həmişə qələbə
üçün mübarizə aparırdım. Final qarşılaşmasında da belə oldu.
Sadəcə, hesabda 9:5 öndə olduğum
vaxt baş zərbəsi aldım və xallar bərabərləşdi.
Şükürlər olsun ki, qızıl xalla
qələbəyə nail oldum".
XETAQ GAZYUMOV
1983-cü ildə Rusiyanın Alaniya vilayətində
anadan olub. 97 kq çəki dərəcəsində güləşin
sərbəst növü ilə məşğuldur. "Ata Sport Baku" klubunun üzvüdür. Məşqçisi Marik Tedeyev və Məhəmməd
Əliömərovdur. Aktivində bir
çox qızıl və gümüş medal olan
idmançı həmçinin olimpiya oyunlarının ikiqat
bürünc medalçısıdır (2008, 2012).
Xetaqın dediklərindən: "Prezident İlham Əliyevin
final görüşümü izləməsi məni
qürurlandırdı. Bu, olduqca çətin və
məsuliyyətli görüş idi. Yarışın
əvvəlində həyəcanlı idim. Öz evimdə, doğma azarkeşlər
qarşısında uduzmaq mənim üçün çox
çətin olardı".
RƏSUL ÇUNAYEV
1991-ci ildə Balakən
rayonunun Qabaqçöl kəndində anadan olub. Orta məktəbi anadan olduğu kənddə bitirib.
Uşaqlıqdan idmana böyük həvəsi
olub. "Neftçi" İdman Cəmiyyətinin
üzvüdür. İlk məşqçisi
İsmayıl Çopsiyevdir. 2008-ci ildə
yunan-Roma güləşi üzrə Avropa çempionu və
Azərbaycan çempionu adlarını qazanıb. 17 yaşlı yeniyetmə olmasına baxmayaraq bu qələbəni
böyüklər arasında keçirilən yarışda
qazanıb. 15 iyul 2013-cü ildə Rusiyada
keçirilən yunan-Roma güləşi üzrə Tələbələrin
27-ci Ümumdünya Universiadasının qalibidir. Hazırda yunan-Roma güləşi üzrə Azərbaycan
milli komandasının üzvüdür.
"Özümə inanırdım ki, qızılı
qazanacağam.
Nə qədər medalımız olsa, bir o qədər
başımız ucadır, Azərbaycan adına
fəxrdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam,
mən fəxr edirəm ki, məhz qədim idman növü
olan güləşlə məşğulam". Bu sözləri I Avropa Oyunlarının qızıl
medalçısı Rəsul Çunayev deyib.
AYXAN MAMAYEV
1991-ci ildə Bakı şəhərində
anadan olub. 271 nömrəli tam orta məktəbi
bitirib. Ali təhsilini Bakı Dövlət
Universitetində başa vurub. 84 kq çəki
dərəcəsində idmanın karate növü ilə məşğuldur.
Azərbaycan, ingilis, rus və türk dillərini
bilir. "Qara Kaplan" klubunun
üzvüdür. Məşqçisi
Şahin Xudaverdiyevdir. 2011-ci ildə Malayziyada keçirilən 21
yaşına çatmış idmançılar arasında
dünya çempionatının qalibidir. Bundan başqa, 2012-ci
ildə Parisdə keçirilən
Dünya Çempionatında 3-cü yer, Tenerifede
keçirilən Avropa Çempionatında 2-ci yer, 2013-cü ildə Palembanqda
İslam Həmrəyliyi Oyunlarında 1-ci yer və 2015-ci ildə
Türkiyədə keçirilən Avropa
Çempionatında 2-ci yeri
tutub. Brus Li və keçmiş ağır
çəki üzrə boksçu Mayk Tayson onun qəhrəman
obrazlarıdırlar. O, Rəfael
Ağayevə hörmət bəsləyir və onunla eyni
komandada məşq etdiyi üçün fəxr edir.
MARİYA STADNİK
1988-ci ildə Ukraynanın Lvov şəhərində
anadan olub. 48 kq çəki dərəcəsində idmanın
güləş növündə sərbəst üsulla məşğul
olur. "Ata Sport Baku" klubunun
üzvüdür. Məşqçiləri
Andrey Stadnik və Əjdər Cəfərovdur. Naxışvurma və xizəksürmə ən
böyük hobbisidir. İki övladı
var- bir qız, bir oğlan. Həyat
yoldaşı Andrey Stadnik isə onun məşqçisidir.
2014-cü ildə Daşkənddə keçirilən
Dünya Çempionatında 3-cü yer, Vantaada keçirilən
Avropa Çempionatında 1-ci yer, 2012-ci ildə Londonda
keçirilən Olimpiya Oyunlarında 2-ci yer, 2011-ci ildə
İstanbulda keçirilən Dünya Çempionatı 2-ci
yer, 2011-ci ildə Dortmundda keçirilən Avropa
Çempionatında 1-ci yer, 2009-cu ildə Danimarkada
keçirilən Dünya Çempionatında 1-ci yer, 2008-ci
ildə Pekində keçirilən Olimpiya Oyunlarında
3-cü yer, Vilnüsdə keçirilən Avropa
Çempionatında 1-ci yeri tutub.
M.Stadnik:
"Avropa Oyunlarının qalibiyəm. Buna
görə çox xoşbəxtəm. Çox
razıyam ki, bu gün məni bu qədər
tamaşaçı dəstəklədi. Onlara
minnətdaram. İlk növbədə,
Prezident İlham Əliyev və onun ailəsinə minnətdarlığımı
bildirirəm".
MİLAD BEİQİ
HARÇEQANİ
1991-ci ildə
İranın İsfahan şəhərində doğulub.
80 kq çəki dərəcəsində
idmanın taekvando növü ilə məşğuldur.
"Gilan" Teakvando klubunun üzvüdür. Məşqçisi Rza Mehmandousdu. 2015-ci ildən etibarən Azərbaycan milli taekvando
komandasına cəlb olunub.
İdmançımız finaladək keçirdiyi
görüşlərdə serbiyalı Damir Fejziçə,
böyük britaniyalı Lutalo Muhammada və portuqaliyalı
Julio Ferreiraya qalib gəlib.
Miladın
dediklərindən: "Hələ yarışdan öncə
sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və
qızıl medalı qazandım. Hamınıza
təşəkkür edirəm".
TOĞRUL ƏSGƏROV
1992-ci ildə Gəncədə anadan olub. Gəncədə
7 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasında təhsil alıb. 65 kq çəki dərəcəsində güləşin
sərbəst növü ilə məşğuldur. "Neftçi" İdman klubunun
üzvüdür. Məşqçisi Elçin
Zeynalovdur. At çapmağa böyük həvəsi
var. 2003-cü ildə ilk dəfə özünü cüdo
yarışında sınayıb. Lakin məşqçisi
onu bir ildən sonra güləşə istiqamətləndirib.
Toğrul güləşin sirləri ilə tanış
olan kimi, bu idman növünə vurulub. Nəticədə,
bir neçə ay keçdikdən sonra o, ölkənin milli
çempionu olub. Bu sadəcə
başlanğıc idi. Ən böyük
uğurunu 2012-ci ildə London Olimpiya Oyunlarında qazanıb.
Bundan başqa bir sıra beynəlxalq
yarışların qalibi olub.
Toğrul Əsgərov qalib olduqdan sonra jurnalistlərə açıqlama verib: "Qazandığım bu qələbəni ilk növbədə dövlətimə həsr edirəm. Olimpiadadan sonra çıxışlarım uğursuz idi, buna görə çox şeyi dəyişmək istəyirdim. Xoşbəxtlikdən, qızıl medal qazana bildim".
ANJELA DOROQAN
1989-cu ildə Moldovanın Kişinyov şəhərində anadan olub. 53 kq çəki dərəcəsində güləşin sərbəst növü ilə məşğul olur.
Tamaşaçılara ona verdiyi möhtəşəm dəstəyə görə dərin təşəkkürünü bildirən A.Doroqan qalib elan ediləndən sonra hərəkətlərinin emosional olaraq baş verdiyini deyib: "Bu mənim karyeramda qazandığım ilk qızıl medaldır. Etiraf edim ki, əslində çempionluq haqqında düşünmürdüm. Ona görə də birinci yerə çıxanda sevincimdən heç bilmirdim nə edim. Sevincimdən atılıb düşürdüm".
Hazırladı:
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.5.