Məktəb dərsliklərinin ekspertizası

keyfiyyətli təlimin mühüm şərti kimi

 

Böyütmək üçün seçinMüasir dərslik təhsil standartlarında nəzərdə tutulmuş bilik və bacarıqların reallaşmasını təmin edən ən mühüm informasiya qaynağı olub təlim prosesinin təşkilində başlıca vasitə rolunu oynayır. O, konkret fənn üzrə sistemləşdirilmiş təlim materialını özündə əks etdirməli, sinfin anlam səviyyəsinə uyğun olmalı və şagirdlərin özünütəhsilinə xidmət etməlidir. Dərsliyin strukturu məntiqi, məqsədyönlü ardıcıllıqla elə dəqiq qurulmalıdır ki, təlim prosesinin yaradıcı, motivasiyaedici və inteqrativ formada təşkilində müəllimin başlıca yardımçısı olsun. O, eyni zamanda şagirdlərin elmi dünyagörüşünün formalaşmasında və həyati əhəmiyyət kəsb edən praktik vərdişlərə yiyələnməsində müstəsna rol oynamalıdır. Bununla belə, nəzərə alınmalıdır ki, informasiya texnologiyasının yüksək sürətlə inkişaf etdiyi hazırkı mərhələdə dərslik biliklərin yeganə mənbəyi deyil, onların əldə olunmasında ötürücü funksiya daşıyan vasitələrdən biridir.

Məhz buna görə də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması ilkin strateji istiqamət kimi götürülmüş və konkret hədəflər göstərilməklə şərh olunmuşdur. Yaxın onillik üçün dəqiqliyi ilə müəyyənləşdirilən belə hədəflərdən biri də "kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması"dır.

Təhsil mühitinin məqsəd, prinsip, məzmun və texnologiyasından asılı olaraq dərsliklər bilikyönlü və şəxsiyyətyönlü olmaq üzrə təsnif edilir. Əgər bilikyönlü dərsliklər fənnin müvafiq elm sahəsinin məntiqinə uyğun informativ məlumatlar məcmusu kimi hazırlanırsa, şəxsiyyətyönlü dərsliklər  strukturca bu məqsədin həyata keçirilməsini təmin edən fəaliyyət növləri üzərində qurulub, keçilən fənnin, onun əhatə etdiyi hər bir mövzunun mahiyyəti, qaldırılan problemlərin həlli yollarını müstəqil fəaliyyət prosesində açıqlamağa, tədqiqatçılıq yolu ilə şagirdlərdə ümumiləşdirmə, sistemləşdirmə, tətbiqetmə bacarıqları formalaşdırmağa xidmət edir. Bu tipli dərsliklərdə müasir dərsin bütün mərhələləri praktik şəkildə əksini tapmalıdır.

Məktəbin şəxsiyyətyönlü dərsliklərlə təmin edilməsi bu sahədə xüsusi təcrübəsi olan nəşriyyatların peşəkar müəllif heyəti ilə səmərəli iş qurmasından əlavə,  pedaqoji ekspertizanın obyektiv aparılmasından asılıdır. Araşdırmalar göstərir ki, dərsliklərlə bağlı ekspert qruplarının təşkili müxtəlif ölkələrdə fərqli qurumlar tərəfindən həyata keçirilir. Qabaqcıl təhsil sisteminə malik bir neçə ölkənin təcrübəsini nəzərdən keçirək.

Rusiya Federasiyasında dərsliklərin elmi və pedaqoji  ekspertizası Rusiya Təhsil Akademiyası və Rusiya Elmlər Akademiyası tərəfindən keçirilir. Ekspert üzvləri konkret elm sahəsində tanınmış alimlər içərisindən seçilir. Məhz buna görə də dərsliklərin dövlət standartlarına nə dərəcədə cavab verməsi problemi çox zaman açıq qalır. Qiymətləndirmə mexanizminin bu formada təşkilinin effektli olmadığını söyləyən mütəxəssislər ekspert qrupunun Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən keçirilməsini məqsədəuyğun sayırlar (Bu mənada Azərbaycanda tətbiq edilən mexanizmi uğurlu saymaq mümkündür). Bundan əlavə, həmin ölkədə dərsliklərin ictimai ekspertizası da aparılır.

Ukrayna Elm və Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi ilə əlaqədar ekspert qrupları yaradılsa da, onların fəaliyyəti səmərəli hesab edilmir. Belə ki, dərsliklərin seçimi və keyfiyyət göstəricilərinin yüksəlməsində bu qurumun iştirakı lazımi nəticələrin alınmasına imkan yaratmır. Ona görə də həmin qurumun ləğv edilməsi şərtilə, dərsliklərin elektron variantının geniş ictimaiyyətə təqdim olunması və daha çox bəyənilən dərsliklərin nəşr edilərək məktəblilərin ixtiyarına verilməsi məsələsi qaldırılmışdır.

Belarusda dərsliklərin ekspertizası bu məqsədlə yaradılmış komissiya tərəfindən dərs ilinin başlanmasına 3 ay qalmış həyata keçirilir. Ekspert qrupunun tərkibi Dərslik və  dərs vəsaitləri Elmi-metodik  Mərkəzinin direktorunun əmri ilə müəyyənləşir. Ekspert qrupu bütün il ərzində fəaliyyət göstərir və onların fəaliyyət dairəsi daha geniş olub, həm də təlim-tərbiyə prosesini əhatə edir.

Moldovada dərsliklərin qiymətləndirilməsi ilə bağlı ekspert qruplarının təşkili hökumət tərəfindən təsdiq olunmuş Əsasnamə əsasında tənzimlənir.  Belə ki, həmin sənədin V bölməsi ekspert qrupunun təşkili, VI bölməsi isə müsabiqəyə təqdim edilən dərsliklərin qiymətləndirilmə meyarlarını açıqlayır. Qeyd edilir ki, ekspert qrupu tərkibində nəzəri və pedaqoji elm sahələrini təmsil edən 5 səriştəli mütəxəssis olmaqla təşkil olunur. Ən maraqlı fakt odur ki, həmin mütəxəssislər dərsliklərin ekspertizası ilə bağlı müəyyən hazırlıq kursundan keçməli və müstəqil olmalıdırlar.

Qazaxıstan Respublikasında dərslik və dərs vəsaitləri komplektinin ekspertizası "Dərslik" elmi-metodik mərkəzində yaradılan və Respublika  komissiyasına tabe olan ekspert qrupu tərəfindən aparılır. Dərsliklərin ekspertizası 60 təqvim günü müddətinə yerinə yetirilir, lakin bir dərsliyin ekspertizasına ən çoxu 30 gün ayrıla bilər. Bundan əlavə, dərsliklərin ekspertizası Milli Təhsil Akademiyası, Milli Elmlər Akademiyası, həmçinin Texniki və peşə təhsilinin inkişafı üzrə Respublika Elmi-Metodk Mərkəzində həyata keçirilir.

ABŞ-da tədris materiallarının seçilməsi 2 mərhələdə aparılır. Birinci mərhələ Daimi komitələrin səlahiyyətinə aiddir. Onlar dərsliklərin qəbul edilməsi prosesinin düzgün və qanuni olmasına nəzarət edirlər. İkinci mərhələyə xüsusi komissiyalar nəzarət edirlər ki, onlar tədris materiallarının seçimi, standartlara və digər meyarlara nə dərəcədə uyğun olması məsələlərinə baxan ekspertlərdən təşkil olunur.  Bu ekspertlər fənni, normativ sənədləri dərindən bilən mütəxəssislər arasından seçilir. Həmçinin buraya təhsil departamentinin mütəxəssisləri, tədris müəssisələrinin direktorları və ictimaiyyətin nümayəndələri də daxil edilir.

Cənubi Koreyada dərsliklərin ekspertizası Qiymətləndirmə və Rəyvermə Şurası tərəfindən aparıldıqdan sonra Elmi-Tədqiqat İnstitutunda yerinə yetirilir. Yalnız bundan sonra Təhsil Nazirliyi onların nəşrini həyata keçirir. Dərsliklər müəllimlərin təklif və rəyləri nəzərə alınmaqla mütəxəssis alimlər tərəfindən yazılır.

Avstriyada dərsliklərin ekspertizası və onların ödənişi federal nazirliklər tərəfindən həyata keçirilir. Müəllimlər üçün vəsait isə ekspertizadan keçmir, nəşriyyatlar onu pulsuz yayırlar. Bu ölkədə müxtəlif istiqamətlər üzrə 31 ekspert komissiyası mövcuddur. Hər bir fənn üzrə komissiya nazirlik tərəfindən dörd il müddətinə təyin olunmuş 5 əsas və 5 köməkçi ekspertdən ibarət olur. Dərsliklər üzərində dörd ay müddətində birgə iclaslarda ekspertiza aparılır və bunun nəticəsinə uyğun olaraq komissiya "bəyənilmişdir, dəyişikliklər nəzərə alınmaqla bəyənilmişdir (zəruri dəyişikliklər göstərilməklə), bəyənilməmişdir" qərarlarını verir. Yenidən işlənilmiş dərsliklər iki ay və ya bir il ərzində komissiyaya təqdim edilir.

Böyük Britaniya və Fransada dövlət ekspertizası yoxdur. Dərsliklərin ekspertizası müəllimlər və valideynlər tərəfindən yerinə yetirilir, yararsız dərsliklər istifadədən çıxarılır.

Ölkəmizdə bu sahədə müəyyən təcrübə əldə edilməsinə baxmayaraq, optimal variant müəyyənləşdirilməmişdir. Məhz buna görə də yeni dərsliklər Təhsil Nazirliyi nəzdində yaradılmış Dərslikləri Qiymətləndirmə Şurası ilə yanaşı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də bəzi ali məktəblərin müvafiq kafedraları tərəfindən ekspertizadan keçirilərək qiymətləndirilir. Bununla belə, hələ də müasir tələblərə cavab verməyən dərsliklərin məktəblərə yol açdığı müşahidə olunmaqdadır. Bu danılmaz faktdır və bir neçə amillə izah edilə bilər:

birincisi, dərslik müəlliflərinin peşəkarlıq səviyyəsi kifayət dərəcədə yüksək deyil və onlar qoyulan bütün göstəricilərə əməl etməkdə çətinlik çəkirlər;

ikincisi, dərslikləri ekspertizadan keçirən təcrübəli mütəxəssislərin indiki mərhələdə azlığıdır;

üçüncüsü, pedaqoji ekspertizanın aparılmasının işlək optimal variantının müəyyənləşdirilməməsidir.

Əgər bu sahədə xüsusi marağı olan nəşriyyatların maliyyə dəstəyi ilə təşkil edilən təlim kursları vasitəsilə daha keyfiyyətli mütəxəssis: müəllif və ekspert hazırlığına nail olmaq mümkündürsə, ekspertizanın artıq bir neçə ildir ki, fəaliyyət göstərən və təcrübədə müəyyən dərəcədə özünü doğruldan təşkili formasını qabaqcıl təhsil sisteminə malik ölkələrin təcrübəsinə uyğunlaşdırmaqla təkmilləşdirmək mümkündür. Ekspertizanın təşkili formasının təkmilləşdirilməsinə gəlincə, öncə dərsliklərin məzmun, struktur və metodik işlənilməsi ilə bağlı standartlar və hər bir standartın qiymətləndirilmə meyarları hazırlanmalıdır. Müəyyən işçi qrupu tərəfindən hazırlanan bu standartlar və qiymətləndirmə meyarları hər bir məktəb  dərsliyinin ümumi (didaktik) və xüsusi (metodik) tələblər baxımından obyektiv dəyərləndirilməsinə imkan yaratmalıdır. Bütün standartların qiymətləndirmə meyarlarının vahid şkala üzrə aparılması da dərsliyin elmi əsaslar üzrə təhlil edilib dəyərləndirilməsini təmin edərdi. Məsələn:

Standart: (məzmunu

¹

Qiymətləndirmə meyarları                                   

Bu şkalada hər bir bal müəyyən keyfiyyət göstəricisini əks etdirir. Məsələn:

0 - "qane etmir";

1 - "qismən qane edir";

2 - "müəyyən şərtlər daxilində qane edir";

3 - "əsasən, qane edir";

4 - "tam qane edir".

Hər bir standartın yekun balı qiymətləndirmə meyarları üzrə verilmiş balların toplanaraq onların ümumi sayına bölünməsi ilə çıxarılır. Məsələn, Standart 1-də 4 qiymətləndirmə meyarı varsa, onların balları toplanaraq 4-ə bölünür, yaxud Standart 2-də 6 qiymətləndirmə meyarı varsa, yenə də qiymətləndirmə meyarlarının balları toplanaraq alınmış cəm 6-ya bölünür. Dərsliklərin (və yaxud müəllim üçün metodik vəsaitlərin) ümumi balı hər bir standart üzrə alınmış balların toplanmasına əsasən çıxarılmalıdır. Belə olduqda bəzən subyektiv səciyyə daşıyaraq heç bir arqumentlə əsaslandırıla bilinməyən qiymətləndirmə nümunələrinə yol verilməz. Ekspertlərin verdiyi rəy isə konkretləşdirilmiş standartlar və qiymətləndirmə meyarlarına əsasən yazılıb yekun ballarla təsdiqlənər.

Deyilənlərə əsasən belə bir qənaətə gəlmək mümkündür ki, şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması müasir didaktik tələblərə nə dərəcədə əməl edilməsindən və pedaqoji ekspertizanın obyektiv aparılmasından  asılıdır.

 

Asif HACIYEV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent,

ARTPİ-nin Dərslik və dərs vəsaitlərinin

metodologiyası şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2015.- 20 iyun.- S.7.