Təhsil Problemləri İnstitutunda
seminar keçirilib
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının seminarı keçirildi. "Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları" mövzusunda seminarı giriş sözü ilə institutun direktoru Qulu Novruzov açdı. Direktor çıxışında son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını, sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsinin orta ümumtəhsil məktəblərində daim diqqət mərkəzində olduğunu bildirdi. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında təhsil və tərbiyənin rolunun böyük olduğunu və bu uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən direktor ümummilli lider Heydər Əliyevin imzaladığı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş əsas tələblərin şəxsiyyətin inkişafına təkan verən amillərdən olduğunu söylədi. Qulu Novruzov qeyd etdi ki, qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" (2005-2009-cu illər) təsdiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanmışdır. Təhsilin normativ-hüquqi bazasının təkmilləşdirilmiş maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında geniş tədbirlər həyata keçirilmişdir. Qulu Novruzov təhsilin Böyütmək üçün seçinkeyfiyyətinin yaxşılaşdırılması üçün, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyini qeyd edərək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasının öz əksini tapdığını bildirdi. Direktor çıxışında seminarın "15 iyun - Milli Qurtuluş Günü" və "18 iyun -İnsan Hüquqları Günü"nə həsr olunmasını təqdirəlayiq hal olduğunu xüsusi olaraq vurğuladı.
Tədbirdə "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyinin sədri Ramilə Rasimqızı çıxış edərək seminarın təşkilinə göstərdiyi təşkilati dəstəyə görə Təhsil Problemləri İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirdi. O, seminarın əsas məqsədinin zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi prosesinin sürətləndirilməsi, mövcud problemlərin optimal həll yolları və qabaqcıl təcrübənin öyrənilməsi olduğunu vurğuladı. R.Rasimqızı rəhbərlik etdiyi təşkilatın əsas məqsədlərindən, həyata keçirdiyi tədbirlərdən danışdı.
Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov 18 iyun - İnsan hüquqları Günü və Ombudsman tərəfindən elan olunmuş "İnsan hüquqları aylığı" barədə ümumi məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova institutun direktoru Qulu Novruzova dəstəyə görə bir daha təşəkkür edərək təhsilin yeni məzmununda, təhsil standartlarında bu sahəyə xüsusi diqqət ayıracağına və inklüziyanın bütün təhsil pillələrində əks olunacağına inandığını söylədi və cəmiyyətdə həmin istiqamətdə maariflənmənin əhəmiyyətindən danışdı.
Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə rəhbəri Murad Şıxəliyev "Ağır dərəcəli eşitmə zəifliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasında koxliyar implantasiya (daxili qulağın protezləşdirilməsi) əməliyyatının rolu və əhəmiyyəti" mövzusunda geniş və maraqlı təqdimatla çıxış etdi. M.Şıxəliyev seminar iştirakçılarını maraqlandıran sualları da cavablandırdı.
Seminarda daha sonra TPİ-nin İnklüziv təhsil şöbəsinin aparıcı elmi işçiləri Elmira Kərimovanın "Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədəryaşlı uşaqlarda inklüziv təhsil: mövcud çətinliklər, səbəbləri və həlli yolları", Dilarə Dostuzadənin "Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədəryaşlı uşaqlar üçün tədris proqramlarının və dərs vəsaitlərinin hazırkı vəziyyəti", İnklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanovun "Məktəbəqədər inklüziya: reallıqlar və perspektivlər", AMEA-nın dissertantı, defektoloq-loqoped Şəfəq Məmmədovanın "Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədəryaşlı uşaqların reabilitasiyasında və inklüziv təhsil imkanlarının artırılmasında müəllim-valideyn əməkdaşlığının rolu" mövzularında təqdimatları dinlənildi.
Tədbirin davamında "Əlillərin Cəmiyyətə İnteqrasiyası" təşkilatı adından bir qrup fəala fəxri diplomlar və təşəkkürnamələr, TPİ-nin direktoru Qulu Novruzova isə xüsusi təşəkkürnamə təqdim olundu.
Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparıldı və bir sıra təkliflər səsləndi.
Seminarda Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi
olan şəxslərin hüquqları üzrə
müşaviri Müqalib Mahmudov, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının üzvü
Gülnarə Hüseynova, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası Katibliyinin məsul
nümayəndəsi Xanım Cəbrayılova, Təhsil
Nazirliyinin, ictimai təşkilatların və reabilitasiya mərkəzlərinin
nümayəndələri, TPİ-nin direktor müavinləri,
şöbə müdirləri və əməkdaşları,
bağça müdirləri, orta ümumtəhsil məktəblərinin
müəllimləri, mətbuat nümayəndələri iştirak edirdilər.
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.7.