Milli Qurtuluş Gününə həsr
olunmuş
"Heydər
Əliyev və milli dövlət quruculuğu"
mövzusunda tədbir keçirilib
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə "Heydər Əliyev və milli dövlət quruculuğu" mövzusunda tədbir keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, təhsil ictimaiyyətinin və KİV nümayəndələri iştirak edirdilər. Heydər Əliyev muzey-lektoriyasında təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra institutun rektoru, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında, inkişaf etdirilməsində və möhkəmləndirilməsində misilsiz xidmətlərindən danışdı.
Rektor qeyd etdi ki, iyirminci yüzilliyin sonunda SSRİ-nin süqutu yeni müstəqil dövlətlərin yaranması ilə nəticələnmişdir. Azərbaycan da bu müstəqil dövlətlər sırasında özünə yer tutmuşdur. Lakin o vaxtkı hakimiyyətin səriştəsiz idarəçiliyi sayəsində ölkəmiz parçalanmaq, dağılmaq həddinə çatmışdı. Belə bir mürəkkəb şəraitdə, 1993-cü ildə itaətsizliyin, anarxiya və xaosun ağlasığmaz dərəcədə olduğu vaxtda xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısı alındı, ictimai-siyasi sabitlik bərpa olundu.
Vurğulandı ki, ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi günü - Milli Qurtuluş Günü yaddaşlara əbədi həkk olunmuşdur. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra ölkəmizdə qanunçuluğun bərqərar olunması istiqamətində ciddi tədbirlər görüldü, xalqımızın vahid ideologiya - Azərbaycançılıq ideologiyası ətrafında birləşərək həmrəylik nümayiş etdirməsinə nail olundu.
Bütün həyatını öz xalqına xidmətə həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Gələcək nəsillər bundan sonra da bu böyük məktəbdən - Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Qeyd olundu ki, bu gün Azərbaycan dövləti dünyanın aparıcı ölkələri sırasında özünəməxsus yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu təşkilatda uğurlu fəaliyyəti, 2013-cü ildə kosmik ölkələr qrupuna daxil olması, 2014-cü ildə Dünya İqtisadi Forumunun hesabatında göstərildiyi kimi iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünyanın ən qabaqcıl ölkələri sırasında olması, I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bu böyük nailiyyətlərin məntiqi nəticəsi, Qurtuluşun növbəti zəfəridir.
Tədbirdə institutun tədris işləri üzrə prorektoru Məhəmməd Bayramov, təbiət elmləri kafedrasının müdiri Yusif Alıyev, Allahverdi Eminov və başqaları çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən və ümummilli liderin dövlətimiz və dövlətçiliyimiz, xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın böyük uğurlarından söz açdılar.
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.6.