"İlk Avropa oyunlarının
açılışını İtaliyada izlədim"
İtaliyanın La Sapienza Universitetinin
tələbəsi Fərid Abbasov ilə
söhbət
Fərid Abbasov
1989-cu ildə Şəmkir şəhərində anadan olub. İlk təhsilini Şəmkirdə alıb. VI sinfin sonunda imtahan verərək Gəncə Özəl Türk Liseyinə
daxil olub. Liseydə beşillik
təhsilini başa vuran
Fərid 15 yaşında Qafqaz Universitetinin beynəlxalq
iqtisadi münasibətlər fakültəsinə
daxil olub. Hazırda
"2007-2015- ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
İtaliyanın La
Sapienza Universitetində magistratura
dərəcəsi üzrə təhsilini davam
etdirir. Təhsil
aldığı müddət ərzində Fərid Abbasov Avropa Parlamentində təcrübə proqramında iştirak
edib. İtaliyada ölkənin ən nüfuzlu universitetində təhsil almaqla yanaşı fəal ictimai
fəaliyyətlə də məşğul
olan F.Abbasovla söhbətimizə
orta məktəb illərindən
başladıq.
- Orta məktəbdə təhsil aldığım dövrlərdə anam həm müəllimim, həm də sinif rəhbərim idi. Necə dəyərlər, daim anamın nəzarətində idim. Buna baxmayaraq uşaqlıqdan özümün də oxumağa böyük həvəsim var idi. Hətta yadıma gəlir, bəzən işıqlar olmayanda şam işığında belə, dərslərimi hazırlayırdım. Anam biologiya fənnini tədris edirdi, mənim isə marağım daha çox riyaziyyat, coğrafiya, ədəbiyyat fənlərinə idi. Həmçinin xarici dilləri də orta məktəbdən öyrənməyə başlamışam.
- Xaricdə təhsil almağa necə qərar verdiniz?
- Universitetdə oxuduğum dövrdən qarşıma xaricdə təhsil almağı məqsədi qoymuşdum və bunun üçün xarici universitetləri araşdırmağa başlamışdım. Bir neçə ölkənin universitetinə müraciət etdim. Onların arasında Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya və İngiltərə var idi. Demək olar ki, adlarını çəkdiyim bütün ölkələrdən ali məktəbə qəbul təklifi aldım və seçim qarşısında qalmışdım. İtaliyanın Tor Vergata Universitetini seçdim. Həmçinin İtaliyada təqaüd imkanları daha geniş idi və bundan başqa bir dil öyrənmək həvəsim də başlıca rol oynayırdı. Təbii ki, bütün bu prosesdə ailəmin mənə böyük dəstəyi oldu.
- Dövlət Proqramının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Dövlət Proqramına seçim prosesini yüksək qiymətləndirirəm. Təhsil Nazirliyinin əməkdaşları tərəfindən xaricdə təhsil alan tələbələrin oxuduqları ölkələrdə qarşılaşdıqları problemlərin operativ şəkildə həll edilməsi və öz köməkliklərini göstərməsi tələbələrə yaradılan ən gözəl xidmətlərdən biridir. Bununla da tələbələr təhsil aldıqları universitetlərdə dərslərinə yüksək səviyyədə hazırlaşa bilir və digər problemlər onların vaxtlarını almır. Dövlət Proqramına qəbul olunmağımı Təhsil Nazirliyinin veb-səhifəsindən öyrəndim və çox şad oldum ki, istədiyim sahə üzrə təhsilimi rahat şəkildə davam etdirə biləcəyəm. Xaricdə təhsil alan hər bir tələbə həmçinin Azərbaycanı təmsil edir. Azərbaycanlı tələbələr tərəfindən təşkil olunan Azərbaycan günləri xarici tələbələrin və universitet müəllimlərinin diqqətini cəlb edir. Hətta İtaliyada dostlarıma deyəndə ki, Dövlət Proqramı çərçivəsində təqaüdlə təhsil alıram, digər xaricdə təhsil alan tələbələr ölkələrində belə bir şəraitin olmadığını bildirirlər.
- İtaliya mühitinə alışmaq sizin üçün çətin olmadı ki?
- Yerli mühitə adaptasiya prosesi bir müddət davam etdi, lakin dərslərin çox olması və insanların xoş münasibəti adaptasiya prosesini tezləşdirdi.
Əsas çətinliklərdən biri tələbələrin italyan dilini bilməməsidir. Demək olar ki, italyanlar icimai həyatda ingilis dilindən istifadə etmirlər. İtaliyaya gəlmək istəyən tələbələrin sayı hər il getdikcə artır. Deyə bilərəm ki, İtaliyada gənc azərbaycanlı diasporası formalaşır. Bir çox universitetlərlə yaxından əlaqəmiz var və əməkdaşlıq edirik. İtaliyada tələbələrimiz əsasən iqtisadiyyat, beynəlxalq əlaqələr, dizayn, tibb, maliyyə, hüquq, biznesin təşkili və idarə edilməsi və digər fakültələr üzrə təhsil alırlar. Tədris həm ingilis, həm də italyan dillərində aparılır. Hazırda tələbələr tərəfindən seçilən ali məktəblər arasında La Sapienza, Milan Politexnik, Tor Vergata, Bocconi, Pisa, Bologna, Padova, Turin və digər universitetlər üstünlük təşkil edir. Bundan əlavə, qeyd etmək istərdim ki, İtaliyada təqaüd imkanları genişdir və universitetlərdə təhsil haqları digər Avropa ölkələrinin ali məktəbləri ilə müqayisədə cüzidir. Universitetə qəbul olma şərtləri daha sadədir və sənədləşmə prosesi digər ölkələrə nisbətən daha asandır. Bundan əlavə, italyan dilini öyrənmək istəyən tələbələr universitetin nəzdində olan kurslardan heç bir məbləğ ödəməyərək yararlana bilərlər. Bu da tələbələrin sosial həyata daha tez adaptasiya olunmasına kömək edir.
- Tələbə həyatınız necə keçir?
- Asudə vaxtlarım çox az olur və vaxt tapan kimi dostlarımla birlikdə İtaliyanın digər şəhərlərinə gəzməyə gedirəm. Bundan başqa, hər həftəsonu burada təhsil alan tələbələrlə futbol, üzgüçülük və digər idman növləri ilə məşğul oluruq. Kitab oxumağa ancaq nəqliyyatdan istifadə edərkən vaxt qalır. Çalışıram daha çox ixtisasım üzrə müxtəlif kitablar oxuyum.
- İtaliyanın təhsil sistemi, oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...
- Hazırda Avropanın ən qədim və ən çox tələbəsi olan La Sapienza Universitetinin iqtisadiyyat fakültəsində magistr dərəcəsi üzrə təhsil alıram. Ümumiyyətlə, İtaliyada orta məktəb 12-13 illikdir, daha sonra isə tələbələr üçillik bakalavr dərəcəsi oxumalı olurlar. Bakalavrlar öz istəklərinə müvafiq olaraq birillik və ya ikiillik magistr proqramlarına müraciət edirlər. Ümumi götürdükdə İtaliya Almaniya və İngiltərə təhsil sistemindən bir az geridə qalır, bunun da əsas səbəbi orta məktəblərdə təhsilin aşağı səviyyədə olmasıdır. Ancaq nəzərə alaq ki, Qərbdə ilk universitet məhz İtaliyada yaranıb və ilk universitet tədrisi Bolonya Universitetində verilib. Universitetin yaranma tarixi dəqiq bilinməsə də 1088-ci ildə əsasının qoyulduğu iddia olunur. Hazırda isə İtaliya universitetlərində müasir standartlara cavab verən texniki baza mövcuddur, burada Amerika və İngiltərənin qabaqcıl universitetlərində doktorantura təhsili almış müəllim və professor heyəti çalışır. Bir çox universitetlərdə məzun olan tələbələr üçün iş yarmarkaları keçirilir və tələbələr həm staj, həm də iş imkanlarına malik olurlar.
Bütün dərsliklər online şəkildə universitetin bazasında yerləşdirilir və istənilən yerdə asanlıqa dərs vəsaitlərindən istifadə etmək mümkündür. Həm universitetdə olan kitabxanadan, həmçinin də şəhərin müxtəlif yerlərində olan kitabxanalardan yararlanmaq olar. İtaliyada müəllim və professor heyəti də tələbələrlə daim maraqlanır və görüş təyin edərək dərsdə anlaşılmayan mövzuları və ya hər hansısa bir sual yarandıqda onlardan öyrənmək mümkündür. Ümumiyyətlə, professorlar tələbələrə kömək etməkdə maraqlıdırlar və tələbələrin akademik həyatda daha uğurlu olması üçün lazım olan bütün köməkliyi göstərilər. Təhsil aldığım universitetin bir çox məzunları beynəlxalq təşkilatlarda və universitetlərdə fəaliyyət göstərirlər.
- İlk Avropa Oyunlarının açılışı İtaliyada necə qarşılandı?
- İlk Avropa Oyunları İtaliya ictimiyyəti tərəfindən çox maraqla qarşılandı. Mən də ilk Avropa Oyunlarının möhtəşəm açılışını İtaliyada izlədim. İtaliya idmançıları say tərkibinə görə Rusiya və Azərbaycandan sonra 283 idmançı ilə yarışlarda iştirak edirlər. İdmançılar İtaliyanı 23 fərqli idman növündə təmsil edirlər. Bu da İtaliya Olimpiya Komitəsinin Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına necə ciddi maraq göstərdiyini nümayiş etdirir. Oyunların açılışı İtaliyada "Sky" televiziyası ilə canlı yayımlanırdı. Mən də vaxt olan kimi burada oyunların icmalını canlı şəkildə izləyirəm. Buradakı italiyalı dostlarım mənə oyunların çox yaxşı təşkil olunduğunu və Azərbaycanın bu işin öhdəsindən çox yaxşı gəldiyini bildirirlər. Həmçinin Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və digər diaspora təşkilatları da Avropa Oyunlarının tanıdılması üçün öz əməklərini əsirgəməyiblər. Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən Avropa Oyunlarının tanıdılması ilə bağlı ölkənin gənclər təşkilatları arasında Avropa Oyunlarına həsr olunmuş mini-futbol turniri də təşkil olunmuşdur.
- İtalyanlar və azərbaycanlılar arasında hansı oxşarlıqları qeyd edə bilərsiniz?
- Demək istərdim ki, İtaliya ilə Azərbaycanın bu gün əldə etdikləri
uğurların bəlkə də əsas səbəbi iki ölkənin xalqları arasında olan qarşılıqlı simpatiya
və anlayışdır. Bu, yəqin ki, iki xalq arasında olan
oxşarlıqlardan irəli gələn bir
haldır. Hər iki xalq
çox istiqanlı, gülərüz, səmimi
və qonaqpərvərdir. Bu məqamda azərbaycanlılar
ilə italyanların adət-ənənələri, mətbəxi
və düşüncə tərzində olan
oxşarlıqları da unutmamaq
lazımdır. Xüsusən cənubda yaşayan
italyanlar da biz azərbaycanlılar kimi
ailəyə çox yüksək önəm
verir, ailə qurduqdan sonra belə valideynləri ilə yaşamaqda davam edirlər. Bizim kimi bütün italyanlar da milli
bayramları və xüsusi günləri
ənənəvi olaraq ailələri ilə birlikdə tipik
italyan yeməkləri ilə bəzədilmiş
süfrə arxasında keçirirlər. Romada italyan dostlarımla bir arada olanda onlarla
necə də oxşar
olduğumuzu hiss edirdim.
Hətta bizim mətbəximizin nümunəsi
olan düşbərə
ilə onların
ravioli adlanan yeməyinin
eyni olduğunu kəşf edəndə isə özümü lap
Azərbaycandakı kimi
hiss etmişdim.
- Azərbaycan diasporası ilə əlaqələriniz.
Ölkəmizi, mədəniyyətimizi təmsil edə bilirsinizmi?
- İtaliyaya ilk dəfə
2011-ci ildə gələndə
demək olar ki, çox az sayda azərbaycanlı
tələbə tanıyırdım.
Fərqli bir mühit
və fərqli bir ölkəyə alışmaq çox vaxtımı almadı və qısa müddətdə yaşadığım
mühitə uyğunlaşdım.
Lakin ilk günlərdə təcrübəsizlik
və dil problemi kimi çətinliklər
var idi. Daha sonra isə bütün tələbələri
bir araya toplamağa çalışdım.
Burada olan tələbələrlə
birlikdə Azərbaycan-İtaliya
Gənclər Assosiasiyasını
təsis etdik. Gənclər təşkilatı olaraq əsas məqsədimiz iki ölkə arasında körpü rolunu oynamaq və Azərbaycandan İtaliyaya
gələn tələbələrə
köməklik göstərməkdir.
Bununla yanaşı, Azərbaycanın
mədəniyyətini, incəsənətini,
musiqisini və milli adət-ənənələrini
İtaliya ictimaiyyətinə
çatdırmaq və
iki ölkə arasında şaxələnən
inkişafa öz töhfəmizi verməkdir.
Həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətləri
İtaliya ictimaiyyətinə
çatdırmaqdır. Təşkilatımız bir ilə yaxın təsis olunsa da bu
günə kimi bir çox işlər görmüşük.
Bunlara misal olaraq Roma və Napoli şəhərlərində
Azərbaycan mədəniyyəti
günü və Roma
Tor Vergata Universitetində
Azərbaycanın tanıdılması
və təhsil perspektivi adlı "dəyirmi masa" təşkil olunmuşdur.
Bundan əlavə, İtaliyanın
ən böyük qeyri-hökumət təşkilatı
olan Giovano nel Mondo və
Sapienza Movimento təşkilatı ilə
sıx əməkdaşlıq
edirik və birgə layihələr üzərində
calışırıq. Hazırda Assosiasiyanın
İtaliyanın Turin, Napoli, Milan, Florensiya və Perugia şəhərlərində koordinatorları
var və çalışırıq ki,
həmin şəhərlərdə
də tədbirlər
həyata keçirək.
Bundan başqa, təşkilatımız
"Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı həqiqətlərinin
İtaliya ictimaiyyətinə
və İtaliyada yaşayan digər xalqların diqqətinə çatdırılması yönündə
silsilə tədbirlər həyata keçirir. Əlbəttə ki, Azərbaycan Respublikasının
İtaliyadakı səfirliyi
tələbələrlə yaxından maraqlanır və onların problemlərinin həllində öz
köməkliyini göstərir. Mütəmadi olaraq cənab səfir Vaqif Sadıqov
tələbələrlə görüşür və
onların fikirlərini
və təkliflərini
dinləyir. Bundan əlavə qeyd etmək istərdim ki, səfirlik həmçinin Azərbaycan-İtaliya
Gənclər Assosiasiyasının
bütün tədbirlərində
həm maddi, həm
mənəvi cəhətdən
öz köməkliyini
göstərir.
- Gələcək planlarınız?
- Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb sahəm üzrə çalışmaq
istəyirəm. Təbii ki, hər bir
insan kimi mən də öz qarşıma maksimum hədəflər
qoyuram və mükəmməl, peşəkar təhsil almaq istəyirəm. Hədəflərim məni
lazım olan istiqamətə aparır. Təhsil
aldığım müddət ərzində Avropa Parlamentində
təcrübə proqramında
iştirak etmişəm. Hazırda isə IFAD-da (kənd təsərrüfatının
inkişafı üzrə Beynəlxalq Maliyyə Təskilatında)
təcrübə proqramında iştirak edirəm. Bundan əlavə,
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasında tələbələrlə
birlikdə müxtəlif tədbirlər təşkil edirik və
bu işi, ilk növbədə, özümə borc bilirəm
və bundan zövq alıram.
Sonda
öz adımdan və Azərbaycan-İtaliya Gənclər
Assosiasiyası adından "Azərbaycan
müəllimi" qəzetinə
dərin minnətdarlığımı bildirmək istəyirəm.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 20
iyun.- S.10.