Adı "Qızıl
kitab"a yazılan rəqqasə
Çinarə Quliyeva 1994-cü ildə Bakıda anadan
olub. Paytaxtdakı 158 nömrəli
tam orta məktəbində
dörd il təhsil aldıqdan
sonra Bakı Xoreoqrafiya Məktəbinə
qəbul olub. 2013-cü ildə məktəbi fərqlənmə
diplomu ilə bitirərək Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə daxil olub və hazırda həmin ali təhsil
ocağında oxuyur. Çinarə ilə söhbətimiz
qısa olsa da çox maraqlı keçdi. O, bu günədək
qazandığı uğurlar barədə danışaraq
dedi:
- Oxumaqla
yanaşı, Bakı Xoreoqrafiya Məktəbində tarixi-məişət
rəqsləri üzrə dərs aparıram. Tələbələrimdə
rəqsə sevgi oyatmağa çalışıram. Onlar
bütün rəqsləri məharətlə ifa edirlər. 4
yaşım olarkən T.İsmayılov adına Uşaq- Gənclər
Yaradıcılıq
Sarayında "Cücələrim" ansamblına qəbul
oldum və ilk addımlarımı bu ansamblda atdım.
Səhnəyə ilk çıxışım 1999-cu ildə Heydər Əliyev Sarayında olub. Əlimdə gəlincik ulu öndərə şeir söyləyib, rəqs etdim. Səhnə həyatımda (fəaliyyətimdə) mən ulu öndəri bir neçə dəfə təbrik edib, gözəl anlar yaşamışam. Bu hisslər ürəyimdə böyük bir iz buraxıb. 6 yaşımda isə respublikanın xalq artisti Təranə Muradovanın rəhbərliyi altında "Səyyar" uşaq ansamblına getmişəm. 9 yaşında Türkiyədə keçirilən 23 Aprel uşaq bayramında iştirak etmişəm.
Bakı Xoreoqrafiya Məktəbində təhsil alarkən xalq artisti Yusif Qasımovun rəhbərliyi altında məktəbin nəzdində olan "Bakı ulduzları" ansamblına da yazılmışdım. Yusif müəllimdən rəqs dərsləri alırdım və onun rəğbətini qazanmağa çalışırdım. Məktəbdə hər il keçirilən Q.Almaszadə adına "Gənc xoreoqrafların müsabiqəsi"ndə hazırladığım rəqs nömrələri ilə fəal iştirak edirdim. 2010-cu il martın 12-də Bakı Xoreoqrafiya Məktəbində keçirilən gənc xoreoqrafların VII müsabiqəsində uğurlu çıxışıma görə I dərəcəli diplomla təltif olundum. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox xarici ölkələrdə - Fransa, Belçika, Avstriya, Hollandiya, Sloveniya, Slovakiya, Türkiyə, Rusiya və başqa ölkələrdə milli rəqslərimizi layiqincə təmsil edib, dünya xalqlarına tanıtmışam. UNESCO-nun təşkilatçılığı ilə keçirilən "Azərbaycanın Xoşməramlı Mələkləri" adlı konsertdə maraqlı və yaddaqalan çıxışlar etmişəm.
Həyatımda ən əlamətdar günlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 2009-cu ildə adımın Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılması və xüsusi aylıq təqaüdə layiq görülməyim olub. Bu, məsuliyyətimi daha da artıraraq böyük qələbələr naminə səylə hazırlaşmağıma geniş meydan yaratdı. Belarusun Mozır şəhərində keçirilən 26 dövlətin təşkil etdiyi rəqs müsabiqəsində iştirak edərək "Qran-Pri" mükafatı qazanmışam. 1-15 fevral 2015-ci il tarixlərdə biz rəqqaslar və rəssamlar Hindistanda XXIX Beynəlxalq "Surajkund" festivalında iştirak etmişik. Bu festivalda hind rəqslərinin necə zəngin olduğunu yaxından öyrəndik. Hindistanda olarkən dünya möcüzələrindən biri olan Tac-Mahal məbədini ziyarət etdik. Tac-Mahal məbədi öz gözəlliyi ilə bizi heyran etmişdi. Divarları bəzəyən brilliant qaşlar sanki göz yaşlarını xatırladırdı.
Bu il martın 17-də Fransada Azərbaycan səfirliyində Novruz bayramını qeyd etdik. Bu, çox maraqlı bir görüş idi. Parisin meri də həmin tədbirə qatılmışdı. Yarım saat davam edən milli rəqslərimiz fransızları heyran etmişdi. Onlar Azərbaycan rəqslərinin möhtəşəmliyinə və rəqqasların hərəkətlərinə olan heyranlıqlarını gizlədə bilmirdilər.
Rəqs mənim üçün həyatdır. Rəqs insana müsbət enerji verir. Rəqsin hərəkətləri ilə rəqqas öz daxili aləmini tamaşaçıya təqdim edir.
Arzum Azərbaycan milli rəqslərini daha da mükəmməl öyrənərək respublikamızdan kənarda, dünya səhnələrində nümayiş etdirməkdir.
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.10.