Düzgün kitab seçimi
mütaliədə əsas şərtdir
Şagirdlərdə
mütaliə mədəniyyətinin
formalaşdırılması və oxuya motivasiyanın
yüksəldilməsində kitab seçimi xüsusi əhəmiyyət
kəsb edir. Bu gün
uşağın nə oxuması ilə maraqlanmaq valideyn,
müəllim və kitabxanaçılar üçün
çox vacibdir.
Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, qorxu və təcavüzkarlıq oyadan, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar. Bu baxımdan düzgün kitab seçimi xüsusi önəm kəsb edir.
Yaxşı olar ki, kitab seçimində filoloq, kitabxanaçı və psixoloqların məsləhətlərindən, filoloqlar tərəfindən hazırlanmış tövsiyə siyahılarından istifadə edilsin.
Bu siyahılar isə necə gəldi yox, müəyyən tələblərə uyğun tərtib edilməlidir. Burada uşaqların dəyişən maraq sahəsi ciddi şəkildə nəzərə alınmalıdır. Çünki maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Oxucunun içində olduğu dairə, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti, mədəni faktorlar və s. bu səbəblərə daxildir. Siyahıya uşaqların maraq dairəsinə uyğun olmayan əsərlərin salınması onlarda oxuma həvəsini və alışqanlığını zəiflədə bilər. Ona görə də kitab seçimində uşaq, müəllim, kitabxanaçı və valideynlərin birlikdə qərar vermələri məsləhətdir.
Siyahıda milli-mənəvi və bəşəri dəyərləri təbliğ edən, uşaqların mədəni, intellektual, psixoloji və nitq inkişafına daha çox təsir göstərən tanınmış yazarların nüfuzlu nəşriyyatlar tərəfindən çap edilmiş əsərlərinə (xüsusən "Uşaq ədəbiyyatı seriyası"ndan) üstünlük verilməlidir. Tərcih olunan əsərlər uşağın insani duyğu və dəyərlərinin inkişafını təmin etməlidir.
Bu zaman həm bilik, həm psixoloji, həm də mütaliə xarakterinə görə müxtəlif yaş mərhələlərinin (2-7; 7-12; 12-17) xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Orada hər yaş qrupuna uyğun əsərlər ayrıca göstərilməlidir. Məlumdur ki, mütaliə edərkən kiçikyaşlı uşaqları əsasən hadisə və faktlar maraqlandırdığı halda, yeniyetmə yaşlı məktəblilər görüb duyduqları hər şeyin mahiyyətini bilməyə səy göstərir, əsərin fabulasına xüsusi ilə diqqətli olurlar.
Kiçikyaşlı uşaqlara, ilk növbədə, mövzular üzrə şəkli yazı ilə çap edilmiş kitablar, daha sonra kiçik hərflərlə yazılmış və qalın kitablar əvəzinə böyük şriftli və asanlıqla oxuna biləcək, şəkilləri əsərdəki duyğuları əyani olaraq canlandıran (çünki uşaqlar kəlmələrdən öncə rəsmləri oxuyurlar), səhifə düzəni, qrafik tərtibatı və istifadə edilən material cəhətdən özənli olan kitablar tövsiyə edilməlidir.
Yuxarı siniflərdə isə ədəbiyyat nümunələrinin seçimi müəyyən mütaliə vərdişlərinə malik şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir.
Tövsiyə olunan əsərlər dilimizin prinsiplərinə və qrammatik qaydalarına uyğun olmalı, bu əsərlərdə işlənən mövzular uşaqların yaş qruplarına uyğun gəlməlidir.
Seçilmiş əsərlər ədəbiyyatın nəzəri və praktiki prinsiplərinə uyğun olmalıdır. Unutmayaq ki, bədii əsər öz məzmunu, tərbiyəvi ideyası ilə yanaşı, növü, janrı, quruluşu, dili, üslubu və s. xüsusiyyətləri ilə də oxucuya təsir göstərir.
Siyahıların tərtibində oxucu tipləri də ciddi şəkildə nəzərə alınmalıdır. Hazırda uşaq və gənclər üçün dörd oxucu tipi (Başberger modeli) - romantik, realist, intellektual və estetik tiplər müəyyən edilir. Siyahıya bu tiplərin marağını təmin edəcək əsərlərin daxil edilməsi də vacibdir.
Bunlarla yanaşı, siyahıda cinslərin marağı da nəzərə alınmalıdır. Tədqiqatlar və müşahidələr göstərir ki, yeniyetməlik dövründə qızlar daha çox məhəbbət, oğlanlar isə detektiv və fantastik əsərləri oxumağa maraq göstərirlər.
Bizcə, uşaqların özlərinin doğru hesab etdiklərini və müsbət obrazları seçməyi öyrənmələri üçün oxunması tövsiyə olunan ədəbiyyat siyahısına ancaq müsbət deyil, mənfi xarakterlərin yaradıldığı əsərləri də əlavə etmək lazımdır.
Unutmaq lazım deyil ki, mütaliə ancaq bilgi almaq üçün olmayıb, həm də əylənmək üçündür. Ona görə də siyahıya müxtəlif ədəbi növlərdə, rəngarəng janrlarda və üslublarda, müxtəlif mətn növlərində olan, əyləncəli və komik əsərlərin daxil ediməsi də məsləhətdir.
Siyahıda dünya xalqlarının ədəbiyyatından nümunələrin, dünya miqyasında mükafatlar almış uşaq əsərlərinin nəzərdə tutulması da məqsədəuyğundur. Çünki bu əsərlər ciddi kriteriyalar əsasında müəyyən olunur, uşaqlara uluslararası bir baxış acısı qazandırır, fərqli mədəniyyətlərin tanınması üçün yararlı olur. Lakin belə əsərlər tövsiyə olunarkən onların hansı səviyyədə tərcümə olunduğu nəzərə alınmalıdır (Unutmayaq ki, indi kitab bazarı xeyli bərbad tərcümə olunmuş kitablarla doldurulub).
Bizcə, internet resurslarından müxtəlif mətn növlərində olan bədii, elmi, texniki və s. ədəbiyyatların mütaliəsini təmin etmək üçün nüfuzlu, uyğun görülən saytların ünvanları da siyahıya əlavə edilməlidir. Bu həm də şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılmasına kömək göstərər.
Yaxşı olar kitab siyahıları əhatəli tərtib edilsin ki, uşaqların seçim imkanları da geniş olsun. Siyahılar ədəbiyyat kabinetində və kitabxanada görməli yerdən asılmalı, valideynlərə və uşaqlara verilməlidir.
Yuxarıda da qeyd edildiyi kimi, uşaqlar tövsiyə olunan kitablarla yanaşı özləri də çoxlu kitab seçib oxuyurlar. Bunu onlara birmənalı qadağan etmək məsləhət deyil. Sadəcə olaraq bu işə ciddi nəzarət olunmalı və istiqamətləndirilməlidir. Bizcə, uşaqların necə oxumasından daha çox nə oxumaları ilə maraqlanmaq lazımdır. Onları çox kitab oxumaqdansa, yaxşı kitab oxumağa istiqamətləndirmək vacibdir. Çalışmaq lazımdır ki, uşaqlar nə isə müsbət bir şey verəcək kitabları seçib oxusunlar. Unutmayaq ki, "ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır" (Alcott).
İmran VERDİYEV,
Oğuz rayon
Yaqublu kənd tam orta
məktəbinin
dil-ədəbiyyat müəllimi,
əməkdar
müəllim
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.14.