Məqsədim Vətənə layiq

övlad yetişdirməkdir

 

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli təhsil siyasəti ölkəmizdə bu gün uğurla davam etdirilir. Xeyli müddətdir ki, ölkəmizdə təhsil sahəsində islahatlar aparılır. Məqsəd təhsildə keyfiyyətin  yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək, tənqidi düşünən, problemləri həll etməyə qadir olan, sərbəst fikir yürüdən istedadlı və qabiliyyətli gənc nəsil yetişdirməkdir. Şagirdləri dəyişən həyat şəraitinə uyğunlaşmağı bacaran şəxsiyyət kimi formalaşdırmaq bu gün hər bir müəllimin qarşısında duran əsas vəzifədir.

Pedaqoji fəaliyyətə 1983-cü ildə  Bakının Nərimanov rayonundakı 66 nömrəli məktəbdə başlamışam. 1988-ci ildən 1999-cu ilə qədər Bakı şəhəri 200 nömrəli orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişəm. Hazırda həmin məktəbdə (indiki məktəb-lisey kompleksi) rus dili və ədəbiyyatını tədris edirəm.

Fəaliyyət göstərdiyim kompleks yeniliklərlə nəfəs alır. Artıq 2008-ci ildən fənn kurikulumunu fəaliyyətimdə tətbiq edirəm. Kurikulumun tətbiqi müəllimlərdən dərslərini daha fəal qurmağı tələb edir. Fəal təlim metodları ilə işləyən bir müəllim kimi kurikulumu tətbiq etmək mənim üçün o qədər də çətin deyil.

Dərslərimdə İKT-nin imkanlarından da geniş istifadə etməyim şagirdlərdə idrak fəaliyyətinin artmasına, məntiqi düşüncənin, nəticə çıxarmaq bacarıqlarının formalaşmasına kömək edir.

Şagirdlərin keçilən mövzular ətrafında geniş məlumata malik olması üçün həmin mövzunu tədris etməzdən əvvəl ekskursiyalar təşkil etmək səmərəli nəticələr verir. Buna görə də mən "Şəhidlər ölmürlər" mövzusunu  keçməzdən əvvəl şagirdləri Şəhidlər xiyabanına aparıram. Şagirdlərə vətən uğrunda canlarını qurban verən oğul və qızlarımız haqqında məlumat verir, onların qorxmazlığından, şücaətindən danışıram. Onlara deyirəm ki, şəhidlər vətən uğrunda canlarını qurban vermişlər. Onların əziz xatirəsi heç vaxt unudulmayacaq. Vətən  onlarla hər zaman fəxr edir.

Şagirdlər də şəhidlərin qəhrəmanlıqlarını tərənnüm edən şeirlər söyləyir, qəhrəman oğullarımız haqqında bildiklərini danışırlar.

Bütün bunlar onların qəlbində vətən məhəbbətini, hərbi vətənpərvərlik ruhunu daha da dərinləşdirir və gücləndirir.

Keçmişimizlə və bu günümüzlə bağlı mövzuları keçərkən muzeylər, tarixi abidələr, görkəmli şəxsiyyətlər haqqında bilikləri genişləndirmək məqsədi ilə  Fəxri xiyabana, ev-muzeylərinə, təbiətlə bağlı müxtəlif guşələrə ekskursiyalar təşkil edirik. "Bura vətəndir", "Əgər əsgər olsam", "Biz xalqdan öyrənirik", "Bərəkətli payız", "Hərəyə bir ağac əkək" və s. mövzulu dərslərdə şagirdlər fəal iştirak edir, biliklərini dərinləşdirirlər.

Fəal təlim üsullarından istifadə etdikcə şagirdlərimin necə dəyişdiyinin şahidi oluram. Belə ki, onlarda fərziyyələr irəli sürmək, tədqiqat aparmaq, nəticə çıxarmaq, öz fikrini sərbəst ifadə etmək kimi bacarıqların formalaşdığını görmək məni sevindirir.

Dövlətimizin təhsilə, müəllimlərə göstərdiyi diqqət və qayğı bizi ruhlandıraraq, yaradıcılıq baxımından daha mükəmməl, araşdırmağı, müzakirə etməyi, müqayisə aparmağı bacaran, əzbərləyərək deyil, düşünərək və yaradaraq öyrənən yeni nəsil yetişdirilməsi yolunda  daha inamla irəliləməyə sövq edir.

 

Fayizə HACIYEVA,

Bakı şəhəri Məktəb-Lisey Kompleksinin

rus dili və ədəbiyyatı müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 20 iyun.- S.15.