"O mənim müəllimimdir..."
Ötən günlərin söhbətidir. Qax Rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəsi, gənc olmasına baxmayaraq şəhərin abadlaşmasında, problemlərinin həllində məqsədyönlü işlər aparan Elbrus Tağıyevlə küçədə görüşdük. Söhbətimiz əsnasında E.Tağıyev küçənin qarşı səkisi ilə gedən qadını görcək:
- Məni bağışlayın, indi qayıdıram,- deyərək məndən aralandı.
Az sonra qayıtdı. "İncimədiniz ki?" - dedi: "O mənim həyatımda mühüm yeri olan, mənə valideynlərim qədər əziz bir insandır. Qazandığım uğurlara görə valideynlərimlə birgə həm də o xanıma borcluyam", - deyə əlavə etdi.
- Qax şəhər 4 nömrəli orta məktəbin 5-ci sinfinə keçmişdik. Sinfimizdə yaxşı oxuyan şagirdlər çox idi. Ona görə də məktəb rəhbərliyi sinfimizi diqqət mərkəzində saxlayırdı. Bir gün direktor sinfimizə tanımadığımız gənc bir müəllimlə daxil oldu. Hamımız həyəcanlı idik.
Direktor: -Məhruzə müəllim sizin sinif rəhbəriniz olacaq. Elə edin ki, müəlliminizlə birlikdə qazandığınız nailiyyətləri 11-ci sinfə qədər qoruya biləsiniz, - dedi. Direktor getdi. Amma bizim həyəcanımız keçmədi...
İlk baxışdan ciddi, sərt baxışlı Məhruzə müəllim sonradan bizim yaxın dostumuz, müəllimimiz, məsləhətçimiz, həm də böyük bacımız oldu. Sinfimizə yeni nəfəs gətirdi. Bizi daim ruhlandırdı, mübarizəyə, bir-birimizlə yarışa səslədi. Çətinə düşəndə köməyimizə yetdi. İxtisasca riyaziyyat müəllimi olsa da hər sahədə mükəmməl biliyə malik olması ilə bizim dadımıza çatdı. Əslində riyaziyyat fənnini mənə sevdirən də məhz Məhruzə müəllim oldu. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul imtahanı zamanı ən yüksək nəticəm də elə riyaziyyat fənnindən idi. Bu yalnız mənim deyil, həm də Məhruzə müəllimin uğuru idi. 2004-cü ildə universitetin maliyyə-kredit fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra ixtisasım üzrə rayonun müxtəlif təşkilatlarında çalışdım. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil aldım. 2013-cü ildən bu vəzifədəyəm. Və bütün bunlara görə o gözəl insana - Məhruzə müəllimə minnətdaram.
Elbrus müəllim bir anlıq
susdu. Sonra uzaqlaşan müəlliminin arxasınca baxaraq
gülümsündü:
- Axı,
o mənim müəllimimdir,- dedi.
E.Tağıyev
sanki mənə yeni bir mövzu verdi.
Mənim
Məhruzə Yusifova haqqında yazı yazmaq fikrim belə
yarandı.
Qax Rayon Təhsil Şöbəsinin
riyaziyyat fənni üzrə metodisti Təranə Həşimova
ilə görüşdüm. Məhruzə müəllimlə
bağlı yazı yazmaq istəyimi
bildikdə:
- Məhruzə
müəllim rayonumuzun savadlı, sənətinin vurğunu, fənninin
incəliklərini dərindən bilməklə bərabər
bir an belə öyrənməkdən və öyrətməkdən
yorulmayan bir pedaqoqdur. Rayon təhsil
şöbəsinin riyaziyyat fənni üzrə göstəricilərində
M. Yusifovanın xüsusi yeri vardır. O, yorulmaq bilməyən
müəllimdir. Məktəbdə və rayon miqyaslı
keçirilən tədbirlərdə, bilik
yarışlarında, olimpiadalarda... hər yerdə onun və
yetirmələrinin izi
görünür. Yalnız Qax şəhərində deyil,
rayonun bütün kəndlərində onun yetirmələri
var. Belə bir müəllim ilə fəxr etməyə dəyər.
Məhruzə xanımla Qax şəhər 4 nömrəli tam
orta məktəbdə görüşdük.
M.Yusifova
1961-ci ildə Qax şəhərində anadan olub. Şəhər 1 nömrəli
orta məktəbini əla qiymətlərlə bitirib. İlk
müəllimi Fatma Babayeva və
riyaziyyat müəllimi Müslümət Xəlilovanın
"sən yaxşı riyaziyyatçı olacaqsan,
qızım" ifadəsini bir an belə unutmayan
Məhruzə Yusifova sənədlərini 1978-ci ildə
N. Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetinə verir. Həmin il
imtahanlardan müvəffəq qiymətlər alan Məhruzə
riyaziyyat fakültəsinin tələbəsi olur.
- 1978-ci
ildə ADPU-ya qəbul olundum. Riyaziyyat müəllimi olmağın çətinliyi və
gözəlliyini müəllimlərimdən öyrəndim.
Başlıcası - riyaziyyatın
həyatın özü olduğunu anladım. 1982-ci ildə
ilk dəfə müəllim kimi rayonumuzun Almalı kəndində
əmək fəaliyyətinə başladım. Az sonra Qax
şəhər 4 nömrəli orta məktəbinə təyin
edildim.
Həm
sinif rəhbəri, həm də yuxarı sinif şagirdlərinin
müəllimi oldum. İllər çox sürətlə ötüb
keçdi... bu illərdə şagirdlərimlə
bağlı o qədər xatirələr qalıb ki...
Şagirdlərimdən "əla" alanları da olub, zəif
oxuyanı da...
Amma
xoşbəxt müəlliməm ki,
şagirdlərim şəxsiyyət kimi həyata
atılıblar. Hər dəfə onlarla rastlaşanda
qürur duyuram.
Müəllim
adı müqəddəsdir. Bu adın əzəmətini dərk eləmək
lazımdır. Müəllim öz biliyi, şəxsiyyəti
ilə şagirdlərinin qəlbinə
yol tapmağı bacarmalıdır.
Məktəblərimizdə
şəxsiyyətyönümlülüyün təbliğinə imkan verən
kurikulum sisteminin müsbət nəticələrini gələcək göstərəcək. Bəzi dərs
vəsaitlərində çatışmazlıqların
olmasına baxmayaraq bu sistemin üstünlükləri
çoxdur.
Məhruzə
müəllim qazandığı uğurlardan,
aldığı təltiflərdən, olimpiadalarda yetirmələrinin
uğurlarından danışmaq istəmədi. Zəng səsi
söhbətimizi sonlandırdı. Xudahafizləşib
ayrıldıq. Onun "Müəllim adı müqəddəsdir"
və E.Tağıyevin "o, mənim müəllimimdir"-
ifadəsi sanki bir-birini tamamlayırdı. Və bu tamlıq və
bütövlükdə şagirdlərinin sevimlisi - müəllim
şəxsiyyəti görünürdü.
Nadir Ziyadlı
Qıpçaq,
Qax şəhəri
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.14.