Kukla Teatrının uşaqlara yay
sürprizləri
Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrının
baş rejissoru
Qurban Məsimovla söhbət
Kuklalar, onların arxasında gizlənən böyük adamlar, müxtəlif heyvanların dilindən deyilən sözlər, uşaqlara, hətta böyüklərə verilən maraqlı mesajlar. Bütün bunlarla tanış olmaq istəyənlər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına üz tuta bilərlər. Elə onların fəaliyyəti ilə tanış olmaq üçün biz də teatrın hər kəsə açıq olan qapısını döyürük. Teatra daxil olanda böyük kuklalarla, xalq nağıllarını oxuyanda təsəvvürümüzə gətirməyə çalışdığımız obrazlarla qarşılaşırıq.
Bizi teatrın baş rejissoru Qurban Məsimov qarşılayır. Qurban müəllim deyir ki, hazırda zalda quruluşçu rejissor Anar Məmmədovun səhnələşdirdiyi Şarl Perronun "Çəkməli pişik" əsərinin məşqləri gedir. Zala daxil oluruq. Səhnədə aktyorlar əllərində kuklalarla məşq edirlər. Anar müəllim deyir ki, hazır səhnələrimiz də var və tamaşadan bir neçə səhnəni bizim üçün göstərirlər.
Yay mövsümündə olan kiçikyaşlı məktəblilərə hansı tamaşaların nə zaman göstəriləcəyi ilə bağlı ilk sualımıza Qurban müəllim cavab verir:
- Bunu iyunun 20-dən sonraya nəzərdə tutmuşuq. Adətən tamaşalar cümə, şənbə və bazar günləri göstərilir. Valideynlərin də istirahət vaxtı olsun, uşaqları gətirə bilsinlər deyə. Tamaşaları iş günlərinə salanda tamaşaçı az gəlir. Bir tamaşaya 10, digərinə 200 tamaşaçı gəldiyi zamanlar da olur. Hazırda Avropa Oyunları ilə əlaqədar bəzi tamaşalarda daha çox xarici tamaşaçıları görürük.
Söhbətimizin bu yerində teatrın direktoru Rəşad Əhmədzadə gəlir, salamlaşırıq, məşq prosesi ilə bağlı məsləhətlərini verir və gedir.
Biz də aktyorlara təşəkkür edirik və Qurban müəllimin otağına qalxırıq ki, söhbətimizi orada davam etdirək:
- Bir az teatrınızın fəaliyyəti barədə məlumat verərdiniz:
- Bizim yaradıcı heyətimizdə elə aktyorlarımız var ki, artıq 40 ildir teatrda çalışırlar. Elə aktrisamız var ki, teatrı yaradan Molla ağa Bəbirlini görüb.Teatrın ilk tamaşası 1932-ci ildə "Sirk" tamaşası olub. Ən gənc aktyorlarımız iki ildir çalışırlar. Aktyorlarımız bura ilk gələndə "Oyuq" teatrında məşqlərə başlayırlar ki, kukla texnikasına bələd olsunlar. Əvvəlcə tamaşalarda kiçik, sonra isə böyük rollar oynayırlar. Yaşlı aktyorlarımız da öz təcrübələrini gənclərlə bölüşürlər. Kukla teatrı elə bir yerdir ki, nə qədər yaşlı olursan ol, içindəki uşağı saxlamağı bacarmalısan.
- Hazırda hansı tamaşalar üzərində məşqlər gedir?
- Bir neçə ay öncə bir tamaşa təhvil vermişəm. "Qoca və şir", Azərbaycan xalq nağılının motivləri əsasında "Ağbabanın nağılı" tamaşasını hazırlamışam. Bu tamaşada ilk dəfə böyük kuklalarla işləmişik. Aktyor özü bu halda paltarı bütöv geyinir və maskanı başına taxır. Necə deyərlər, aktyor özü kuklaya çevrilir. Bu paltarın bir çox çətinlikləri olur. Geyim ağırdır, istidir. Obrazı yaxşı yaratmaq aktyorun peşəkarlığından asılıdır. Aktyor Rəhman Rəhmanov Ağbabanı oynayır, eyni zamanda Tamilla xanım onunla dublyordur. Növbəti tamaşada Ağbabanı Tamilla Bünyatova oynayır. Bütün tamaşaçılar elə bilir ki, bu kişidir. Amma sonda maskanı çıxaranda qarşılarında qadın görən tamaşaçılar çox təəccüblənir. Bu tamaşanı bir neçə dəfə oynamışıq. Yəqin ki, növbəti mövsümdən yenidən səhnələşdirəcəyik. Anar Məmmədov Şarl Perronun "Çəkməli pişik" tamaşası üzərində işləyir. Özünüz də gördünüz ki, kuklalar yekunlaşıb. Müəyyən dekor işləri qalıb. Onlar da tamamlanandan sonra tamaşa göstəriləcək.
- Valideyn və uşaqlar başqa hansı tamaşalara baxa bilərlər?
- Birinci Avropa Oyunları getdiyi ərəfədə teatrın ən maraqlı tamaşaları oynanılır. Bu "Karlson", "Çipbollino", "Pinokkionun sərgüzəştləri", "Qoçaq Əhməd", "Məlikməmməd", "Tıq-tıq və Taq-Taqın nağılı"dır. Məşhur "Tıq-Tıq xanımı götürüb, ona yeni obraz Taq-Taqı əlavə etdik. Uşaqlar bu obrazı çox sevib. "Qoğal" tamaşası gedir, onu Sankt-Peterburqdan dəvət olunmuş rejissor qurub. Anar Məmmədov "Sehrli üzük" tamaşasını işlədi. Çox maraqlıdır ki, teatr olaraq biz bəzən uşaqların istəyinə uyğunlaşmağa çalışırıq.
- Daha çox hansı
tamaşalar sevilir?
- Deməzdim
ki, biri digərindən çox sevilir. Amma bəzən fərq
də olur. "Göyçək Fatma" uşaqlar tərəfindən
çox sevilir. Biz tamaşa quranda artıq uşaqlarla
yanaşı böyüklərin də istəyini nəzərə
alırıq. Tamaşa zalının yarısı
böyüklər olur. Buna görə də səhnədə
bütün zövqlər üçün tamaşalar var.
"Ağbabanın nağılı"na 2 yaşdan
yuxarı uşaqlar baxa bilər.
Səhnədə elə ab-hava yaratdıq ki, hər yer
yumşaq oyuncaqlarla dolu idi.
-
Hansı ölkə nağıllarına üstünlük
verilir?
- Paralel
götürürük. Həm yerli, həm xarici. Bəzən
elə nağıllar olur ki, bilinmir, Azərbaycandır, ya rus.
Ortaq xüsusiyyətlər çox olur. Müasir
tamaşaçıya o nağılları sevdirmək
lazımdır. Elə tamaşalarımız olur ki, müasir
texnologiyalardan istifadə edirik. Bəzən də
texnologiyanın müəyyən zərərlərini
vurğulamaq üçün mesajlar veririk. Küpəgirən
qarının mobil telefonu yoxdur, ona zəng elə. "Xeyr, o
canını çox istəyir. Teatrın gücü də
ondadır ki, mesaj vermək olur".
- Bəzən
teatrlar tamaşaçı azlığından şikayətlənirlər,
sizin də belə bir probleminiz varmı?
- Necə
deyim, teatr var, gəlmək istəyən də gəlir.
Yaxşı tamaşa olanda gəlirlər.
- Zalın
həmişə dolu olduğu vaxtlar olur?
- Elə
günlər olur ki, valideynlər qapını
sındırırlar. Zala əlavə oturacaqlar qoyulur.
Tamaşaçı istəyirsə şərait
yaradırıq. Yay mövsümündə turistlər də
teatrımızın qonağı olur. Amma bəzən
çox isti olanda uşaqlar şəhərə az
çıxırlar. Birdən olur ki, bayırda qar, boran, çovğundur, amma zal
doludur.
Bizdə
gün ərzində 3 seans Azərbaycan,
bir seans (saat 6-da olan) isə rus dilində oynanılır.
- Yay
mövsümü nə zamana qədər davam edəcək?
- İyul
ayının ortasına qədər, yeni mövsüm
sentyabrdan başlanacaq.
- Bəs
uşaqları cəlb eləmək üçün
hansısa kampaniyalardan istifadə edirsinizmi, bu məqsədlə
təhsil müəssisələrində görüşləriniz
olur?
- İndi
bir layihə üzərində iş gedir. Müəyyən təşkilatlarla
danışıqlar aparırıq. Alınsa, bütün Azərbaycan
boyu səyahət planlaşdırırıq. Bizdə tez-tez
fiziki imkanları məhdud olan, talassemiyadan əziyyət
çəkən uşaqlar üçün "Oyuq"
teatrında konsert proqramı olur.
- Yeni
mövsüm üçün hansı fərqli
planlarınız var?
- Kukla
teatrı bizdə daha çox uşaq teatrı kimi
tanınıb, yeni mövsümdən böyüklər
üçün də tamaşalara quruluş vermək istəyirik.
Tamaşaçı elədir ki, səhnədə 10 saniyə
içərisində nəsə baş verməsə, o dəqiqə
darıxacaq. Və yaxud tamaşaçı interaktivliyi
xoşlayır. Kukla tamaşaçı ilə, xüsusilə
uşaqlarla birbaşa ünsiyyətə girirsə, bu
onların xoşuna gəlir. Uşaq özünü
tamaşanın bir hissəsi hesab edir. Tamaşaçı hər
dəfə fərqli olur.
-
Uşaqların sizin teatra ekskursiya etdiyi zamanlar olub?
-
Ayrıca məktəblər olub ki, müəllim gəlib,
şagirdlərini gətirib. Onları pərdə arxasına
aparmışıq. Hər şeyi göstərmişik.
-
Tamaşaçılarınız adətən neçə
yaşlı uşaqlar olur?
- Azərbaycanda
bunun fərqi yoxdur. Uşaq dünən doğulub, amma valideyn
səhəri gün onu qucağına götürüb
tamaşaya gələ bilər. Bəzən uşaqların
çoxluğu bizim üçün problem olur. Bəzən səhnə
tamamilə qaranlıq olur. Bunu hər bir uşaq bir cür qəbul
edir. Bəziləri çox qorxur. Elə uşaq var ki, birinci
dəfə gəlir, çoxlu uşaq görür, təəccüblənir.
Məktəblilər qaranlıq olanda zarafatyana qışqırırlar.
Çalışırıq ki, qaranlıq olmasın. Başqa
səhnəyə keçidi elə verək ki, qaranlıq tam
zülmət olmasın. Bəzən dekorun necə dəyişdiyini
real göstəririk.
- Siz
uşaq psixologiyasını da gözəl bilməlisiniz...
- Təbii.
Onu bilmək məcburiyyətindəyik. Baxın, stolumun
üstündəki kitablara. Bəzən valideynlər gözləyirlər
ki, uşağı teatr tərbiyə etsin. Edirik. Amma
uşağın tərbiyəsi evdən başlayır. Bizim
böyük məsuliyyətimiz var. Eyni zamanda həm gələcək
vətəndaşları, həm də gələcəkdə
digər teatrlar üçün tamaşaçılar yetişdiririk.
Teatr uşaq
bağçasıdır, həm məktəbəqədər
təhsil müəssisəsidir, həm də uşaqlar
üçün əyləncə məkanıdır.
Göstərilən tamaşalar tərbiyəvi əhəmiyyəti
ilə də diqqət çəkir. Səhnədə
kuklanın hərəkətinə görə valideyn
uşağına tərbiyə verə bilir: "bax, görürsən,
kukla nə edir, sən belə etmə".
- Sonda
valideynlərə nə demək istərdiniz?
-
Uşaqların tərbiyəsi ilə ciddi məşğul
olsunlar. Onlara diqqət etsinlər.
Rüfanə GÜNƏŞ, "Azərbaycan
müəllimi"
r.qurbanova@muallim.edu.az
Fotalar Rəşad RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.16.