Beynəlxalq uşaq "Eko rəsm gündəliyi

2013" müsabiqəsinin qalibi

 

2013-cü il noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında "Eko  rəsm gündəliyi 2013" beynəlxalq müsabiqəsinin təqdimat mərasimi  keçirilib.   Məqsəd gənc nəslin nümayəndələri arasında ekoloji mədəniyyətin təbliği, fauna və floraya qayğının aşılanması olub.  Bu layihə   eyni zamanda ətraf mühitin və insan sağlamlığının  qorunmasında fəal vətəndaş mövqeyinin formalaşmasına xidmət edib.

Müsabiqənin milli mərhələsi IDEA ekoloji şirkəti, UNESCO-nun təşkilatçılığı və  Heydər Əliyev Mərkəzi, "Panasonic Marketing" (PMCIS) şirkətinin dəstəyi ilə keçirilib. Bakı və Gəncə şəhərlərindən olan 5000 iştirakçının  gündəliyi  tərkibinə  IDEA,  Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, UNESCO, PMCIS, SMİ və NPO şirkətlərinin nümayəndələri daxil olan  münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti 20 finalçıdan 1 qalib seçib. Sevindirici haldır ki,  bu müsabiqənin qalibi Bakı Avropa Liseyinin 11 yaşlı şagirdi Fuad Sultanov olub.

Fuadın eko-gündəliyi layihənin beynəlxalq münsiflər heyətinin  müzakirəsinə göndəriləcək. Müxtəlif ölkələrin milli qalibləri arasından 6 finalçı seçiləcək. Bu qaliblər Paris şəhərində keçiriləcək müsabiqənin nəticələrinin elan edilməsi mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, Beynəlxalq "Eko rəsm gündəliyi" müsabiqəsi 6 ildir ki, keçirilir və artıq 50-dən çox ölkəni əhatə edir.

 

Azərbaycan müəllimi.- 2015.- 20 iyun.- S.10.