Müsabiqə və festivallar qalibi

 

Nərminə İsmayılova  2000-ci ildə Bakıda  musiqiçi ailəsində anadan olub. Musiqi sədaları altında böyüyən  qızcığaz  fortepianoda ilk dərslərini 5 yaşından almağa başlayıb.  2007-ci  ildə o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinin I sinfinə  daxil olub. Hazırda məktəbin VIII sinfində təhsil alır. Bu illər ərzində müxtəlif müsabiqə və festivallara  qatılaraq uğurlu  çıxışlar nümayiş etdirib.

2009-cu  ili Nərminə üçün daha əlamətdar saymaq olar. Çünki məhz həmin ildə o ilk uğuruna imza ataraq  Gənc ifaçıların  N.Əliverdibəyov adına Respublika müsabiqəsinin  laureatı  olub.   2013-cü ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb. 2014-cü ilin mayında ulu öndər  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.  2015-ci ilin aprelində  zəmanəmizin görkəmli pianoçusu Denis Matsuyevin təşkilatçılığı ilə Astana şəhərində keçirilən gənc pianoçuların  "Astana Piano Passion" III Beynəlxalq müsabiqəsində  də Nərminənin məharətli çıxışı  diploma layiq görülüb.

Hazırda gənc istedad  xalq  artisti Teymur Göyçayevin  rəhbərliyi ilə Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin solistidir. Anası,  əməkdar artist Nərgiz Kərimova Azərbaycan Dövlət Musiqili Komediya  Teatrının solistidir. Bu səbəbdən gənc fortepianoçu bir çox konsertlərdə səhnəni  anası ilə birgə  bölüşdürür. Artıq o, fortepianoda vokal əsərlərini  professional  musiqiçi kimi  ifa edir.

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.14.