Qeyri-adi istedad

sahibi uğurlarını artırır

 

Zərrin  Əliyevanın 14 yaşı var.  2008-ci ildən  Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində skripka  ixtisası üzrə Bakı Musiqi Akademiyasının professoru  Hökümə Əliyevanın  sinfində təhsil alır. Hazırda  paytaxtdakı   279 nömrəli tam orta məktəbin şagirdidir.  Bu illər ərzində  konsertlərdə, tədbirlərdə, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, festivallarda uğurla çıxış edib.  2012-ci ildə  bəstəkar  N.Paqanininin  anadan olmasının 230  illiyinə həsr olunmuş festivalın laureatı adını qazanıb.  2013-cü ildə Ü.Hacıbəyli adına IV-V-VI  və M.L.Rostropoviç festivallarının iştirakçısı olub.   Həmin ildə Belçikada keçirilən VI  Bravo beynəlxalq müsabiqəsinin,  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə  ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən  gənc ifaçıların II Respublika müsabiqəsinin laureatı adına layiq görülüb.  2014-cü ildə Praqa Yay Akademiyasının iştirakçısı diplomu ilə mükafatlandırılıb və   o, Akademiyanın professoru  Roman Fedçukdan   dərs  alıb.  Z.Əliyeva   Moskva  meriyasının beynəlxalq əlaqələr departamentinin  İ.N.Voronovoy  adına  "Yeni adlar"  fondunun təqaüdçüsüdür.  Yeniyetmə  istedadın  uğurları bununla  bitmir.  Kanada  Akademiyasının professoru Taras Qaboradan ustad dərsi  alan  Zərrin  2010-cu ildən  xalq artisti və dirijor Teymur Göyçayevin  rəhbərliyi ilə Uşaq-Gənclər Simfonik Orkestrinin solistidir.  Eyni zamanda xalq artisti, BMA-nın professoru Zəhra Quliyevanın rəhbərliyi  ilə yaranmış "İstedad mərkəzi"nin üzvüdür.

Qeyri-adi istedad sahibi  Z.Əliyeva 2015-ci ildə Moskvada  Kreml Sarayının  Georgiyevsk  zalında dünyanın 8 ölkəsinin iştirak etdiyi 1 İyun-Uşaqları  Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən  "Melodika pokoleniy" adlı III Beynəlxalq  musiqi festivalında Azərbaycanı təmsil edib və uğurla çıxış  edərək  diploma  layiq görülüb.   Festivalı  Rusiya prezidentinin simfonik orkestri müşayiət edib.   Həmin  ildə Samara şəhərində  Yuri Başmetin  rəhbərliyi ilə  Musiqi Akademiyasının təşkil etdiyi ustad dərslərində və konsertdə uğurla  iştirak edən yeniyetmənin ifaları  maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Zərrin  Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini qırmızı şəhadətnamə ilə  bitirib.

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.14.