Amerika Musiqili və Dramatik

Akademiyasının ilk azərbaycanlı tələbəsi

 

Beynəlxalq müsabiqələr  laureatı olan  18 yaşlı Emin Eminzadə bir il ABŞ Dövlət Departamentinin və Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı "Marshall High School"da musiqi təhsili  alıb.  Amerikada təhsil aldığı bir il müddətində o, sənədlərini AMDA-ya verib və  imtahanlardan uğur qazanaraq Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub. Qeyd edək ki, E.Eminzadə bu məşhur musiqi akademiyasına daxil olan ilk azərbaycanlı kimi  tarixə düşüb. O, Texas ştatında dəfələrlə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı təqdimatlarda fəallıq göstərərək  Azərbaycan mədəniyyəti  ilə amerikalıları yaxından tanış edib. Bu fəallığına görə E.Eminzadəyə Texas rəhbərliyi tərəfindən ştatın fəxri vətəndaşı statusu da verilib.   Xatırladaq ki, gənc vokalçı bu günədək İtaliya, İspaniya, Qazaxıstan və Hollandiyada keçirilən beynəlxalq musiqi müsabiqələrində böyük istedad nümayiş  etdirərək laureat adına layiq görülüb.

Emin Eminzadənin repertuarında türk, rus,  ingilis, italyan və ispan dillərində mahnılar  yer alır. O, bu dillərdə sərbəst danışır.

Bakıdakı  G. Şaroyev adına 35  nömrəli  Onbirillik Musiqi Məktəbinin vokal şöbəsini bitirən gənc vokalçı haqqında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan "Baku" jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində "Bolşie Nadejdı" adlı məqalə də dərc olunub. Həmin məqalədə Eminin musiqi sahəsində  qazandığı uğurlardan  ətraflı bəhs olunub.

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.14.