Bakı Slavyan Universiteti
"Mənim universitetim" layihəsinin
budəfəki hədəfi Bakı Slavyan Universitetidir
1946-cı ildə SSRİ Xalq
Komissarları Sovetinin sərəncamı və Azərbaycan
SSR Nazirlər Sovetinin qərarı əsasında ikiillik
M.F.Axundov adına Azərbaycan Dövlət
Müəllimlər İnstitutu yaradılıb. 1952-ci ildə
M.F.Axundov adına Müəllimlər
İnstitutu rus dili müəllimləri
hazırlığı üzrə dördillik tədris
müddətli pedaqoji instituta çevrilib. 1956-1957-ci
tədris ilində institut beşillik təhsil sisteminə keçirilib. 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutu yaradılıb. 1972-ci ildə
respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü
ilə M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutunun bazasında eyniadlı Azərbaycan
Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu bərpa
edilib. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F. Axundov
adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutunun bazasında Bakı Slavyan Universiteti
yaradılıb. 2000-2014-cü illərdə
universitetə akademik Kamal Abdullayev rəhbərlik edib.
Hazırda universitetdə bakalavriat pilləsi üzrə 33
ixtisasda 2911, magistratura pilləsi üzrə 32 ixtisaslaşmada
179 tələbə təhsil alır. Onlardan 199
nəfəri xarici tələbədir. Hazırda BSU-da 186
doktorant və dissertant təhsil alır. Fəlsəfə doktoru proqramı
üzrə 126, elmlər doktoru proqramı üzrə təhsil
alanlar 46, əcnəbi
tələbələr isə 14 nəfərdir. 2014-cü ildə 863 nəfər tələbə məzun
adını qazanıb. 2014-2015-ci tədris
ilində BSU-ya 736 tələbə qəbul olunub. Universitetin 1039 əməkdaşı var. 2014-cü
ildə universitetin 29 kafedrasında 520 nəfər professor-müəllim
heyəti fəaliyyət göstərib. Onlardan 1 nəfəri
AMEA-nın həqiqi üzvü, 39 nəfəri elmlər
doktoru, professor, 5 nəfəri
elmlər doktoru, dosent, 151 nəfəri fəlsəfə doktoru, dosent, 53 nəfər
fəlsəfə doktoru, 271 nəfər baş müəllim
və müəllimdir. Ali təhsil
ocağına 2014-cü ilin martından etibarən filologiya elmləri doktoru,
professor Asif Hacıyev rəhbərlik edir.
Fakültə
və şöbələr
Universitetdə tədris prosesi 5 fakültədə
(filologiya, pedaqoji, tərcümə, beynəlxalq münasibətlər
və regionşünaslıq, jurnalistika və Azərbaycan
dili və ədəbiyyatı), qiyabi, magistratura, əlavə
təhsil şöbələrində aparılır.
BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi, ictimai əsaslarla
fəaliyyət göstərən İctimai-Siyasi Elmlər
İnstitutu və Rus Dili İnstitutu mövcuddur.
Mövcud
ixtisaslarla yanaşı, növbəti tədris ili üçün "Təhsildə
sosial-psixoloji xidmət" ixtisası üzrə tələbə
qəbulu elan edilib.
Maddi-texniki
baza
Universitetin
iki tədris korpusu, 4 yataqxanası var. Kafedralarla yanaşı,
6 elmi-tədqiqat laboratoriyası,
7 tədris-mədəniyyət mərkəzi, idman və
akt zalları, tədris otaqları müasir kompüter, elektron
lövhə, proyektor və başqa lazımi avadanlıqlarla təchiz edilib.
Elmi-tədqiqat
laboratoriyaları ("Türk-slavyan əlaqələri",
"Folklor araşdırmaları", "Lüğət mərkəzi",
"Ölkəşünaslıq", "Tərcümə
problemləri" və "Azərbaycanşünaslıq
tədris-mədəniyyət mərkəzi") öz fəaliyyətini
universitetdə aparılan elmi-tədqiqat və tədris-metodiki
işlər istiqamətində qurur.
"Türk-slavyan
əlaqələri" elmi-tədqiqat laboratoriyası (ETL)
2001-ci ildə
yaradılıb. Laboratoriyanın işində
dil və ədəbiyyat məsələləri ilə
yanaşı, avrasiyaçılıq tədqiqatları da əsas
yer tutur. Türk-slavyan əlaqələri
(dil, ədəbiyyat, tarix, mədəniyyət), Şərq-Qərb
ədəbi-mədəni dialoqu problemi laboratoriya tədqiqatlarının
prioritet istiqamətidir.
"Lüğət mərkəzi" ETL. "Lüğət
mərkəzi" elmi-tədqiqat laboratoriyası 1971-ci ildən
fəaliyyət göstərir. Fəaliyyəti
dövründə bir sıra mühüm layihələr həyata
keçirilmişdir ki, bunlardan ilk növbədə dördcildli "Azərbaycanca-rusca
lüğət"in tərtibini göstərmək olar.
Ötən il Lüğət mərkəzi
respublika əhəmiyyətli layihə olan çoxcildli yeni
"Rusca-azərbaycanca lüğət" üzərində
işini davam etdirib.
Laboratoriyada ayda bir dəfə leksikoqrafiyadan seminar
keçirilir ki, burada lüğətçiliyin nəzəri
və praktik məsələləri müzakirə edilir, nəticələr "Rusca-azərbaycanca
lüğət"in tərtibi ilə əlaqələndirilir. Lüğət
mərkəzi elmi-tədqiqat laboratoriyasının hər
ayın sonunda keçirilən iclasında ay ərzində
görülən işlərə yekun vurulur, əldə edilən
nəticələr qiymətləndirilir. Həftədə
bir dəfə keçirilən işçi müşavirələrdə
isə həftəlik tapşırığın yerinə
yetirilməsi nəzərdən keçirilir.
"Tərcümə problemləri" ETL. 2003-cü ildə
yaradılıb. Laboratoriya fəaliyyətini
müxtəlif elmi istiqamətlər üzərində qurub.
Ötən
il laboratoriyanın fəaliyyəti əsasən
beş istiqamətdə olub. "Filoloqun
kitabxanası-100", "Türkologiya", "Dünya nəsri" və
"Azərbaycanşünaslıq" seriyalarından əsərlərin
seçilməsi, tərcümələrin təşkil edilməsi,
tərcümələrin yığılması, redaktə
olunub çapa verilməsi və Azərbaycan Tərcümə
Ensiklopediyasının çapa hazırlanması laboratoriya
qarşısında duran əsas məsələlərdir.
2014-cü ildə laboratoriya fəaliyyətini əsasən
"Filoloqun kitabxanası - 100" seriyasından olan əsərlərin
tərcüməsi üçün müqavilələr
bağlanmış kitabların tərcümə və redaktə
işlərinin sürətləndirilməsi üzərində
qurub.
Adıçəkilən seriyadan bir sıra kitabların:
F.Nitşenin "Zərdüşt belə söylədi",
B.Tomaşevskinin "Ədəbiyyat nəzəriyyəsi",
A.Losevin "İntibah estetikası", "XIX əsrin ikinci
yarısı - XX əsrin əvvəllərində rus fəlsəfi
fikri" toplusu üzərində tərcümə və
redaktə işi başa çatdırılıb.
"Ölkəşünaslıq" ETL 2003-cü ildə
yaradılıb. Elmi-tədqiqat laboratoriyasının məqsədi
slavyan ölkələri, həmçinin Azərbaycan,
Türkiyə, Yunanıstan və s. ölkələrə dair
sistemli şəkildə məlumat və elmi materiallar toplamaq,
onları təhlil etmək, əldə edilmiş nəticəni
"Regionşünaslıq" istiqaməti üzrə tədris
prosesinə tətbiq etmək, eyni zamanda göstərilən
ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq
münasibətləri, siyasi sistemi, ictimai-siyasi və fəlsəfi
fikri üzrə elmi-tədqiqat işləri aparmaqdır.
"Ölkəşünaslıq"
elmi-tədqiqat laboratoriyası BSU-da tədris edilən
regionların və ayrı-ayrı ölkələrin
coğrafiyasını, iqtisadiyyatını, sosial-mədəni
mühitini, konfessional şəraitini, geopolitikasını,
daxili və xarici siyasətini, həmin ölkələrin
qarşılıqlı əlaqələrini və s.
araşdıraraq onları kompleks şəkildə öyrənir.
BSU-da "Azərbaycanşünaslıq" ixtisası da tədris
edildiyi üçün laboratoriya öz elmi potensialından
istifadə edərək müxtəlif ölkələrin
xarici siyasətində Azərbaycanın yerini, ölkəmizin
digər dövlətlər və beynəlxalq strukturlarla
qarşılıqlı münasibətlərini, eyni zamanda Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də
daxil olmaqla Qafqazda baş verən münaqişələri də
araşdırır.
Laboratoriya əməkdaşlarının
elmi fəaliyyəti müxtəlif region ölkələrinin
tarix, etnomədəni, dil, konfessiya, iqtisadiyyat, xarici siyasət,
siyasi sisteminin araşdırılması və tədqiqi ilə
bağlıdır. 2014-cü ildə laboratoriya 4 elmi-nəzəri seminar
keçirib.
"Azərbaycanşünaslıq" tədris-mədəniyyət
mərkəzi.
Çağdaş Azərbaycanın və azərbaycanşünaslığın
öyrənilməsi, təbliği və tədrisi problemləri
mərkəzin fəaliyyətinin əsas istiqamətini təşkil
edir. Burada Azərbaycan dili, ədəbiyyatı,
mədəniyyəti və tarixi problemləri ilə məşğul
olan mütəxəssislər müasir azərbaycanşünaslığın
elmi prinsiplərini müəyyənləşdirir, tədrisdə
tətbiqi yolları üzərində
çalışırlar.
"Azərbaycanşünaslıq" tədris-mədəniyyət
mərkəzinin əməkdaşları 2014-cü ildə tədris
və elmi-tədqiqat sahələrində müvafiq işlər
həyata keçirib. 2014-cü ilin fevralında Ural Federal
Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin
açılışı olub. Laboratoriyanın
bazasında ulu öndərin anadan olmasının
ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın
aktual problemləri" V Beynəlxalq elmi konfransı
keçirilib. Konfransda 20 ölkədən
70 nəfərə yaxın xarici iştirakçı təmsil
olunub.
"Azərbaycanşünaslıq"
tədris-mədəniyyət mərkəzi əməkdaşlarının
hazırladıqları "Azərbaycanşünaslığa
giriş" tədris vəsaiti Təhsil Nazirliyi tərəfindən
təsdiq olunub və nəşr edilib. Laboratoriya
BSU-nun xaricdə fəaliyyət göstərən Azərbaycan
dili və mədəniyyəti mərkəzlərini lazımi
elmi, tədris-metodiki və sorğu ədəbiyyatları ilə
təmin olunmasına kömək edib.
Pedaqoji və
istehsalat təcrübəsi
Pedaqoji təcrübə. Universitetin pedaqoji və filologiya
fakültələrinin II, III, IV kurs tələbələrinin
pedaqoji təcrübə keçmələri
üçün Bakı şəhərinin müxtəlif məktəbləri
ilə ikitərəfli
müqavilələr bağlanmış və həmin məktəblərdə
pedaqoji təcrübə təşkil
olunur.
Artıq
uzun müddətdir ki, tələbələrin müəyyən
hissəsinin pedaqoji təcrübəsi qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları
müxtəlif rayonlarda fəaliyyət göstərən qaçqın orta məktəblərində
aparılır. BSU-da
keçirilən və ulu öndərin xatirəsinə həsr
olunan ənənəvi şagird-tələbə elmi
konfransına bu il də qaçqın və
köçkün məktəblərin istedadlı şagirdləri
dəvət olunub və onların elmi konfransa
hazırlığında universitetin professor-müəllim heyətinin
iştirakı təmin edilib. Pedaqoji təcrübə
zamanı orta məktəblərin şagirdlərindən ibarət
qrupların Bakı Slavyan Universitetinə ekskursiyaları təşkil olunur. Onlar
universitet həyatında baş verən yeniliklərlə
tanış olur, müxtəlif fənlər üzrə dərslərdə iştirak
edir və universitet haqqında geniş məlumat alır,
"Heydər Əliyev Məktəbi" Tələbə
Teleradio Studiyasında çıxışlar edirlər.
İstehsalat təcrübəsi. Universitetin Tərcümə, beynəlxalq
münasibətlər və regionşünaslıq, jurnalistika fakültələrinin II və III
kurs tələbələrinin müxtəlif müəssisə
və təşkilatlarda istehsalat təcrübəsi təşkil
olunur. Həmin müəssisə və təşkilatlarla
ikitərəfli müqavilə bağlanılır.
Folklor təcrübəsi. Universitetin Azərbaycan və rus filologiyası üzrə
təhsil alan II kurs tələbələrinin folklor təcrübəsi Azərbaycanın müxtəlif
bölgələrində təşkil olunur. Toplanmış orijinal materiallar
universitetin "Folklor araşdırmaları" laboratoriyasında mütəxəssislər tərəfindən araşdırılır,
yoxlanılır və rəy
verilir. Filoloq
tələbələrin İsmayıllı rayonunun
İvanovka kəndində topladıqları folklor nümunələri
kitab şəklində nəşrə
hazırlanmışdır.
Bağlanılmış müqavilələrə
uyğun olaraq tələbələr Türkiyə, Rusiya,
Ukrayna, Polşa, Çexiya, Almaniya, Bolqarıstan və digər
xarici ölkələrin nüfuzlu universitetlərində də
istehsalat təcrübəsi keçirlər.
"Heydər Əliyev Məktəbi" Tələbə
Teleradio Studiyası 2008-ci ildə yaradılıb. Studiyanın məqsədi
jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin
istehsalat təcrübəsinin səmərəli keçirilməsinə,
onların əyani vəsaitlərdən istifadə qaydalarına yiyələnmələrinə
və təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə
yardım etməkdir.
Radiostudiyanın
həftəlik proqramında bir çox verilişlərlə
yanaşı universitet xəbərləri yer tutur, klassik və
xalq mahnıları, slavyan xalqlarının folklor və estrada
musiqisi səsləndirilir.
Radioverilişlərin hazırlanması və efirə
verilməsində yalnız jurnalist tələbələr
deyil, həm də gələcəyin müəllimləri, tərcüməçiləri,
regionşünasları və filoloqları da fəal
iştirak edirlər.
Studiya
eyni zamanda universitetdə keçirilən görüşlərin
və tədbirlərin videolentə alınması, BSU-nun
videosalnaməsinin yaradılması, tələbə həyatından
bəhs edən filmlərin çəkilişi, müxtəlif
janrlı verilişlərin hazırlanması və s. ilə məşğul
olur.
Universitetdə keçirilən elmi konfransların, ustad
dərslərinin, rəsmi görüşlərin və digər
tədbirlərin iştirakçıları, xarici qonaqlar tələbə
radiosuna müsahibə verir və öz təəssüratlarını
bölüşürlər.
Elmi-tədqiqat işləri
Bakı Slavyan Universitetinin elmi fəaliyyəti
və aparılan elmi-tədqiqat işləri bu ali məktəbin
profilinə uyğun bir sıra
mühüm elmi problemlərin araşdırılması,
alınan nəticələrin tədrisə tətbiqi
yollarının müəyyən edilməsi istiqamətində
qurulub.
Universitetdə
elmi-tədqiqat və elmi-metodiki iş əsas etibarı ilə
kafedralarda cəmlənib. Bu işin əhəmiyyətli
bir hissəsi də burada fəaliyyət göstərən
elmi-tədqiqat laboratoriyaları tərəfindən yerinə
yetirilir. Elmi-tədqiqat fəaliyyəti
perspektiv və cari planlar əsasında aparılır. Həmin planlar kafedra və ya laboratoriya
iclaslarında, fakültə və universitet elmi
şuralarında təsdiq edilir. Kafedralarda və ETL-də
aparılan elmi-tədqiqat işlərinin koordinasiyası,
onların icrasının təmin edilməsi və
görülən işlərin ekspertizasının təşkili,
alınan elmi nəticələrin təbliği, universitetdə
istehsal olunan elmi məhsulların müasir standartlara
uyğunluğunun təmin edilməsi məqsədi ilə
universitetdə Elm və elmi-tədqiqat laboratoriyaları və
Elmi nəşrlər şöbələrinin bazasında Elmi
tədqiqatlar və innovasiyalar şöbəsi
yaradılıb. Doktorantura və dissertantura şöbəsi
isə fəlsəfə və elmlər doktoru proqramları
üzrə elmi-pedaqoji kadrların hazırlanması işini əlaqələndirir,
doktorant və dissertantların nail olduqları elmi nəticələrin
təşviqi sahəsində iş aparır. Ötən il
elmi-tədqiqat işləri 5 əsas istiqamət üzrə
aparılıb. Ümumilikdə 516 elmi-tədqiqat
işi barədə hesabat və ya nəticələr təqdim
olunub. Nəşr olunmuş elmi işlərin ümumi
sayı 818 , məqalələrin ümumi
sayı 350-dir. Onlardan 260-ı respublikada, 90-ı (o cümlədən
2-si impakt-faktoru olan jurnallarda - 2) xaricdə dərc olunub.
BSU-nun professor-müəllim heyətinin 2014-cü ildə
yerinə yetirdiyi ETİ-nin nəticələri bilavasitə tədris
prosesində tətbiq olunub. Hazırlanmış dərslik,
dərs vəsaitləri, metodik işləmələr və
tövsiyələr, müxtəlif tipli lüğətlər
universitetdə tədris olunan fənlərin tələbələr
tərəfindən daha dərindən və hərtərəfli
mənimsənilməsinə yönəlib. İl ərzində BSU-da 4 elmi konfrans keçirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunan "Azərbaycanşünaslığın aktual problemləri"
V Beynəlxalq elmi konfransı universitetin xarici əlaqələri,
elmi tədqiqatları və tədris fəaliyyəti
üçün müstəsna əhəmiyyət kəsb
edib.
Tələbələrin
elmi-tədqiqat işinin təşkili
Tələbə
Elmi Cəmiyyəti
(TEC) tələbələrin bilik və
bacarıqlarının, elmi-tədqiqat fəaliyyətinin
inkişafına təsir göstərən, müasir elmin
müxtəlif sahələrini əhatə edən tələbə
elmi konfransları, elmi seminarlar keçirir. Tələbə
elmi tədqiqatlarının nəticələri tematik məcmuələrdə
və tezis toplularında dərc olunur.
2014-cü ildə tələbələrin həm
Bakı Slavyan Universiteti, həm də digər universitetlərdə
təşkil olunmuş konfrans, forum, müxtəlif seminar və
"dəyirmi masa"larda iştirakı təmin olunub.
2014-cü
təqvim ilində universitetin magistratura pilləsində təhsil
alan tələbələr ixtisaslarına müvafiq
olaraq, magistr dissertasiyaları çərçivəsində
elmi-tədqiqat işini yerinə yetirməklə
yanaşı, universitetin elmi həyatında da fəal
iştirak ediblər.
2015-ci il 15-16 may tarixlərində Sumqayıt Dövlət
Universitetində keçirilən Magistrantların XIV Respublika
elmi konfransına BSU magistrantlarının 134 tezisi göndərilib
və bölmə iclaslarında maraqlı məruzələri
dinlənilib.
Tələbə Elmi Cəmiyyətinin üzvləri
universitetin təşkil etdiyi beynəlxalq elmi konfransların təşkilati
işlərinə fəal şəkildə cəlb edilirlər.
Kitabxana
1946-cı ildən fəaliyyətə başlayıb. Əsas tədris
korpusu ilə yanaşı, II tədris korpusunda da qiraət
zalı və tədris ədəbiyyatı şöbəsi fəaliyyət
göstərir. Kitabxananın ümumi fondu
- 411603 nüsxədir. 2014-cü ildə
buraya 3032 nüsxə kitab daxil olub. Bunlardan 554 nüsxə
elmi, 1423 nüsxə
dərslik, 780 nüsxə bədii ədəbiyyat olub. Kitabxana fondunun böyük hissəsi rus dilində
olan kitablardır. Burada həmçinin Azərbaycan,
ingilis, yunan, polyak, slovak, çex, türk,
alman, fransız, Ukrayna və s. dillərində olan ədəbiyyatlar
var.
Cari tədris ilində yeni ixtisaslar üzrə
elmi-metodiki ədəbiyyatlar əldə olunub, tədris
ehtiyacları üçün vacib olan xarici mətbuat
orqanlarının abunəsinə diqqət yetirilib.
Ədəbiyyat kafedraları ilə birgə kitabxana 10
ildən artıq bir müddətdə universitetdə
reallaşmaqda olan və bütün fakültələri əhatə
edən "Bədii oxu" layihəsinə də dəstək
verir.
Elmi
jurnalların nəşri
Elmi-tədqiqat
işlərinin informasiya təminatı Bakı Slavyan
Universitetində dərc olunan elmi jurnalların və
keçirilən elmi konfransların köməyilə, eləcə
də əməkdaşların BSU-nun tərəfdaşlıq
etdiyi ali məktəb və elmi müəssisələrə
elmi məzuniyyətləri, başqa informasiya mübadiləsi
imkanlarından istifadə yolu ilə həyata keçirilir.
Bu sahədə əhəmiyyətli vasitələrdən
biri də nəşriyyat fəaliyyətidir. BSU-da başqa
sadalanan və bundan sonra adları çəkiləcək nəşrlərlə
yanaşı, nəşri 2004-cü ildə bərpa
olunmuş "Bakı Slavyan Universitetinin Elmi əsərləri"
(bundan sonra "Elmi əsərlər") toplularıdır.
"Elmi əsərlər"in
həm "Dil
və ədəbiyyat" seriyasının, həm də
"İctimai və siyası elmlər" seriyasının
ildə 2 nömrəsi işıq üzü görür. BSU alimlərinin işləri ilə yanaşı, Azərbaycanın
digər elm və tədris ocaqları əməkdaşlarının,
xarici ölkələrdən, o cümlədən, Rusiya,
Ukrayna, Finlandiya, Polşadan olan tanınmış mütəxəssislərin
məqalələri də çap üçün qəbul
olunur.
"Elmi əsərlər"in
hər iki seriyası Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan
Respublikasında dissertasiyaların əsas nəticələrinin
dərc olunması üçün tövsiyə edilən
elmi nəşrlərin siyahısı"na
daxildir.
BSU-nun "Elmi əsərlər"inin əsas istiqamətlərindən
biri müxtəlif elmi təşkilat və dünya universitetləri
ilə birgə layihələrin həyata keçirilməsidir. Bununla əlaqədar
universitet dünyanın digər ali məktəbləri
ilə birlikdə müştərək elmi jurnallar nəşr
edir. Növbəti illərdə bu təcrübə
davam etdiriləcək.
Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının tövsiyə etdiyi nəşrlər
arasında universitetin "Tağıyev oxuları" elmi məcmuəsini,
BSU-nun iştirakı ilə buraxılan "Humanitar elmlərin
aktual problemləri" ali məktəblərarası
elmi məqalələr toplusunu qeyd etmək olar.
BSU tərəfindən nəşri həyata keçirilən
"Azərbaycanda rus dili və ədəbiyyatı"
elmi-metodiki və mədəni-ictimai jurnalı xüsusi əhəmiyyət
kəsb edir.
Beynəlxalq əlaqələr
Bakı Slavyan
Universiteti 21 ölkənin 85 universiteti ilə əməkdaşlıq
edir. 2014-cü ildə xarici ölkələrin 7 ali məktəbi ilə ikitərəfli
müqavilələr imzalanıb. 2014-cü ildə bir sıra
xarici ölkə universitetlərindən tanınmış
alimlər, xarici ölkələrin dövlət və
hökumət adamları, səfirlər Bakı Slavyan
Universitetinin qonağı olub, doktorant və dissertantlar,
magistrant və tələbələr üçün
mühazirələr oxuyub, elmi seminar və ustad dərsləri
keçiblər.
Xarici ali
məktəblərlə birgə həyata keçirilən
beynəlxalq proqramların sayı 7-dir. Bunlar TEMPUS (QATMİ, CURDEUS), Erasmus
Mundus (IANUS I, IANUS II), Youth in Action, Azərbaycanda
jurnalistikanın tədrisinin inkişafına dəstək,
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu, MDB-nin Şəbəkə Universiteti, "Mövlanə"
mübadilə proqramıdır.
2014-2015-ci tədris ilində IANUS I layihəsi üzrə BSU-nun 5 nəfər tələbəsi,
IANUS II layihəsi üzrə isə
6 nəfər tələbəsi xaricdə təhsil alır.
2014-cü
ildə tələbələrimiz Bolqarıstanın Müqəddəs
Kliment Sofiya Universitetində, Çexiyanın Olomouts
Universitetində və Çexoslavak Xarici Universitetində,
Yunanıstanın İoannina Universitetinin Yunan dili və Mədəniyyəti
Mərkəzində "Yay Seminar"larında iştirak
ediblər.
Tərəfdaş xarici universitetlərin tələbə
və müəllimləri (Rusiya, Ukrayna, Yunanıstan,
Polşa və s. ölkələrdən) BSU bazasında yay məktəblərinə,
stajkeçməyə, seminar-treninqlərə cəlb olunub.
Bakı
Slavyan Universiteti əməkdaşları da universitet
bazasında və xaricdə bir sıra elmi-tədqiqat, ixtisasartırma
və stajkeçmə kurslarında, seminar-treninqlərdə
iştirak ediblər.
1. Slavyan
dilləri, slavistika üzrə stajkeçmə,
ixtisasartırma kurslarında iştirak (Çexiya Respublikası, Ostrava
Universiteti, 2014; Çexiya, Karlov Universiteti, 2014);
2. Rus
dilinin tədrisi üzrə ixtisasartırma kurslarında
iştirak (Moskva, Puşkin adına Rus Dili
İnstitutu, 2014; Bakı Slavyan Universiteti bazasında Moskva
hökumətinin dəstəyi ilə elmi-praktik konfrans, 2014);
3. Xarici
dillər üzrə (Böyük Britaniya, London, 2014; Bakı
Slavyan Universitetinin bazasında AZETTA-nın təşkilatçılığı
ilə, 2014, 2015; Rumıniya, Yassı Universiteti, 2014);
4.
Germanşünaslıq üzrə layihələrdə
iştirakla bağlı seminarlarda iştirak, ixtisasartırma
kursları (Avstriya, Vyana və Leybnits şəhərləri
universitetləri, 2014 və s.);
5. Tərcüməçilik
üzrə (Moskva, Moskva Dövlət Linqvistik Universiteti, 2014);
6. Beynəlxalq
münasibətlər üzrə (Rusiya, Volqoqrad Dövlət
Universiteti, 2014);
7.
Jurnalistika üzrə (Bakı, Bakı Slavyan Universiteti
bazasında aparıcı Rusiya jurnalistlərinin
iştirakı ilə ustad dərsləri və seminar-treninq, 2014).
Tədris-mədəniyyət mərkəzləri
Rusiya Tədris-Mədəniyyət
Mərkəzi Rusiyanın Azərbaycandakı səfirliyinin
köməyi ilə
2002-ci ildə yaradılıb. Mərkəz
müasir texniki avadanlıqla - kompüterlər, mini-kinoteatr,
interaktiv lövhə, həmçinin zəngin kitabxana fondu ilə
təchiz olunub. "Moskva
auditoriyasında" tələbələrlə müntəzəm
olaraq rus dili, ədəbiyyatı və mədəniyyəti
ilə bağlı məşğələlər
keçirilir.
Mərkəzin kitabxanasından həm müəllimlər,
həm də tələbələr istifadə edir. Mütəmadi
olaraq kitabxana yeni nəşrlərlə təzələnir. Mərkəz bu ölkənin
dövlət xadimləri, ictimai və mədəni həyatının
nümayəndələri ilə hər il
keçirilən görüşlərin təşkilində
vasitəçi olan Rusiya Federasiyasının Azərbaycandakı
səfirliyi və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi
ilə daim sıx əlaqədədir. Mərkəz
səfirlik tərəfindən təşkil olunan bütün
tədbirlərdə fəal iştirak edir.
Ukrayna Tədris-Mədəniyyət Mərkəzi. 1998-ci ildən
etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris
olunur. 2001-ci ildən isə mərkəz fəaliyyət
göstərir.
Mərkəzin bazasında regionşünas tələbələr
Ukrayna dili və ədəbiyyatını öyrənirlər. Mərkəzdə
müxtəlif mədəni-kütləvi tədbirlər
keçirilir, Ukrayna tarixi və mədəniyyəti ilə
bağlı yubiley gecələri qeyd olunur.
Mərkəz
Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi, ölkəmizdə
T.Şevçenko adına Ukrayna icması, Azərbaycanın
Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq
edir.
Türkiyə
Araşdırmaları Mərkəzi Bakı Slavyan Universiteti
ilə Türkiyə Cümhuriyyəti Atatürk
Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk
Kültür Mərkəzinin maddi və mənəvi dəstəyi
və əməkdaşlığı ilə 2004-cü ildə
yaranıb. Mərkəzin açılmasında əsas məqsəd
Türkiyəni Azərbaycanda və universitetin əməkdaşlıq
etdiyi ölkələrdə ən doğru şəkildə
təqdim etmək, eyni zamanda Türkiyə və türk
dünyası ilə maraqlanan insanları, onların
araşdırmalarını Türkiyə elminə və
ictimaiyyətinə yaxından tanıtmaqdır. Hazırda
burada elmi seminarlar, müxtəlif aktual mövzularda "dəyirmi
masa"lar təşkil olunur. Mərkəz 500-ə yaxın kitabı olan kitabxana və
müasir texniki avadanlıqlarla təchiz olunub.
Universitetin Türkiyə və Balkan ölkələri üzrə
təhsil alan tələbələri,
Türkiyə, onun dünya sistemindəki yeri, Türkiyə və
Azərbaycanın tarixi və inkişaf perspektivləri ilə
maraqlananlar bu imkanlardan istifadə edirlər.
Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi
Yunanıstan hökuməti və Yunanıstanın Azərbaycandakı
səfirliyinin köməyi ilə
yaradılıb. Mərkəz 2004-cü il iyunun 22-də
açılıb. Mərkəz özündə
dörd tədris otağını birləşdirir. Yunanıstanın tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, müasir dövrdə Yunanıstan-Azərbaycan
əlaqələrinə dair 1000-ə yaxın qəzet, jurnal,
kitab, dərslik, audio-video materiallar mərkəzin
kitabxanasında cəmlənir. Mərkəz
mütəmadi olaraq Yunanıstanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfirliyi vasitəsilə
yeni kitablarla, jurnallarla, dərs vəsaitləri ilə təchiz
olunur. Tələbələrin mərkəzin
kitabxanasından istifadə qrafiki azaddır. Bundan başqa, mərkəzdən ölkələri
üzrə ixtisaslaşan tələbələr, Azərbaycan-Yunanıstan
əlaqələri ilə maraqlananlar istifadə edirlər.
Mərkəzdə mütəmadi olaraq mədəni-kütləvi
tədbirlər keçirilir.
Bolqar dili və Mədəniyyəti Mərkəzi
Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi
ilə 2004-cü ildə açılıb.
Mərkəzin əsas vəzifəsi Azərbaycan və
Bolqarıstan arasında mədəni əlaqələri
inkişaf etdirmək, gənclərin hər iki ölkənin
mədəniyyətinə, təhsilinə, maarifinə və
elminə marağını artırmaq və həmçinin
universitetdə bolqarşünaslıq istiqaməti üzrə
tədris prosesinin təkmilləşdirilməsinə kömək
etməkdir. Mərkəz bolqar dili, mədəniyyəti və
tarixinin yayılmasına geniş imkanlar yaradır. Mərkəz müasir texniki avadanlıqlarla təchiz
edilib. Bundan əlavə, mərkəzin nəzdində
kitabxana fəaliyyət göstərir. Hazırda
kitabxana fondu 300-ə yaxın kitabdan - bolqar dilində dərsliklər,
vəsaitlər, lüğətlər, bədii ədəbiyyat,
Bolqarıstan tarixi, dini, mədəniyyəti və
iqtisadiyyatı haqqında və bolqar dili üzrə
materiallardan ibarətdir. Mərkəzdə
oxucular bolqar dilində jurnallar və qəzetlər, video və
audio kasetlərlə də təmin olunur. Burada tədris-metodiki,
elmi-tədqiqat və mədəni-kütləvi bölmələr
fəaliyyət göstərir. Mərkəzin
nəzdində danışıq dilinin mükəmməlləşdirilməsi
məqsədilə bolqar dili dərnəyi yaradılıb.
V. Humbolt adına Alman Tədris və Mədəniyyət
Mərkəzi 2008-ci ildə fəaliyyətə
başlayıb. Mərkəzin əsas məqsəd və vəzifələri
Azərbaycan və Almaniya arasında elm və mədəni əlaqələrin
inkişafı, tələbələrin alman dilinə
marağının artırılması, həmçinin
almanların Azərbaycan mədəniyyəti və təhsili
ilə yaxından tanış olmasıdır. Mərkəzdə
həm alman dili, həm də alman filologiyası və mədəniyyəti
ilə bağlı dərslər keçirilir.
V. Hüqo
adına Fransız Dili və Mədəniyyəti
Mərkəzi də 2008-ci ildən fəaliyyət göstərir
və əsasən tədris ehtiyaclarına xidmət edir.
Azərbaycanşünaslıq
xarici
universitetlərdə
Moskva Dövlət Linqvistik Universiteti nəzdində Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzi. Bakı Slavyan
Universitetinin təşəbbüsü və dəstəyi ilə
2007-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan
dili tədris olunur. Azərbaycanşünaslığın
öyrənilmə səviyyəsini yüksəltmək məqsədilə
2009-cu ilin aprel ayında Moskva Dövlət Linqvistik
Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi
açılıb. Mərkəz BSU-nun birbaşa
yardımı ilə ən son texniki avadanlıqlarla, o cümlədən
kompüter dəsti, geniş ekranlı mini-kinoteatr, sənədli
və bədii filmlərdən ibarət disklər, Azərbaycanın
siyasi, fiziki və iqtisadi xəritələri,
yazıçı və şairlərimizin, mədəniyyət
xadimlərimizin portretləri, rusca-azərbaycanca lüğətlər,
milli geyim nümunələri, milli bayramlarımızı və
tarixi günlərimizi əks etdirən təqvim və s. ilə
təchiz olunub.
Mərkəzin fəaliyyəti tədris və mədəniyyət
istiqamətləri üzrə aparılır. Tədris
istiqaməti çərçivəsində mərkəzdə
Azərbaycan dili üzrə tədris-metodik vəsaitlər və
proqramlar hazırlanır. 2010-cu ildə Azərbaycan
dili üzrə praktik kurs, müntəxəbat və müəllimlər
üçün kitab olmaqla 3 hissədən ibarət dərs
vəsaiti nəşr olunmuşdur.
Mərkəzdə
təhsil alan tələbələr mütəmadi olaraq
Bakı Slavyan Universitetinin, eləcə də Moskva Dövlət
Linqvistik Universitetinin təşkil etdikləri beynəlxalq elmi
konfranslarda, müxtəlif yönümlü tədbirlərdə
iştirak edir, həmçinin universitetin "Azərbaycanşünaslıq"
tədris-mədəniyyət mərkəzində təcrübə keçmə imkanı əldə
edirlər.
Maksim Tank
adına Belarus Dövlət Pedaqoji
Universitetinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzi 2010-cu il dekabrın 9-da BSU-nun və BDPU-nun əməkdaşlıq
müqaviləsi əsasında rektorların iştirakı ilə
açılıb. Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin əsas vəzifəsi Azərbaycan və
Belarus arasında mədəni əlaqələri inkişaf
etdirmək, tələbələrin hər iki ölkənin mədəniyyətinə,
təhsilinə, maarifinə və elminə marağını
artırmaq və həmçinin universitetdə azərbaycanşünaslıq
istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə
kömək etməkdir.
Müqəddəs
Kliment Oxridski adına Sofiya Universiteti nəzdində
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi. Mərkəzin
yaradılması haqqında razılaşma 24 may
2013-cü ildə imzalanıb. 25 sentyabr 2013-cü ildə mərkəzin
açılışı olub.
Mərkəz Azərbaycan dili, mədəniyyəti və
tarixinin Bolqarıstanda yayılmasına geniş imkanlar
yaradır. 31
oktyabr 2013-cü il tarixindən Sofiya
Universitetinin Klassik və yeni filologiya fakültəsində
türkologiya ixtisasının tələbələri
üçün "Azərbaycan dili" seçmə fənni
üzrə dərslər keçirilir.
Mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti
və adətləri ilə bağlı tədbirlər, foto və
kitab sərgiləri, Azərbaycan haqqında filmlərin
nümayişi, bu ölkənin dövlət, mədəniyyət
və elm xadimləri ilə görüşlər təşkil
edilir. Mərkəz
Azərbaycanın dövlət xadimləri, ictimai və mədəni
həyatının nümayəndələri ilə hər il keçirilən görüşlərin təşkilində
vasitəçi olan Azərbaycan Respublikasının
Bolqarıstandakı səfirliyi ilə daim sıx əlaqədədir.
Poltava
İqtisadiyyat və
Ticarət Universitetinin Azərbaycan Mədəniyyət-Tədris
Mərkəzi. Mərkəzin
açılması ilə əlaqədar müqavilə
2008-ci ildə imzalanıb. Hazırda Mərkəz nəinki
Poltava İqtisadiyyat və Ticarət Universiteti, həmçinin
Poltavanın digər ali təhsil ocaqları tələbələrinin
beynəlxalq görüşləri, Poltava və Poltava vilayəti
məktəblərinin buraxılış sinif şagirdləri
üçün peşəyönümü işinin və
ekskursiyaların təşkili yerinə çevrilib. Mərkəz ən yeni avadanlıq, metodik və əyani
vəsaitlərlə təchiz edilmişdir. Mərkəzdə
kitabxana fəaliyyət göstərir.
014-cü
ildən fəaliyyətə başlayan Ural Federal Universiteti nəzdində
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi təkcə
bu ali təhsil ocağında deyil,
bütün regionda təhsil və mədəniyyət layihələri
həyata keçirir.
Tələbə Həmkarlar
İttifaqı Komitəsi
Hər
bir universitetdə olduğu kimi, bu ali təhsil
ocağında da Tələbə Həmkarlar İttifaqı
Komitəsi tələbələrin sosial problemlərinin həllinə,
tələbələr arasında maarifləndirmə istiqamətində
işin aparılmasına, tələbələrin asudə
vaxtının səmərəli təşkil edilməsinə,
tələbələrin hüquqlarının təmin edilməsinə
kömək edir. Respublikanın daxilində və xaricində
keçirilən müsabiqələrdə, olimpiadalarda,
festivallarda istedadlı və yaradıcı tələbələrin
iştirakının təmin edilməsi, tələbələr
arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər
neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata
keçirilməsi, tələbələrin iştirakı ilə
müsabiqələrin, seminarların, festivalların,
forumların, toplantıların, sərgilərin,
aksiyaların, "dəyirmi masa"ların, elmi
konfransların, təlim kurslarının, kütləvi təbliğat
kampaniyalarının, diskussiya klublarının, müzakirələrin,
simpoziumların, görkəmli şəxslərlə
görüşlərin təşkil edilməsi, ictimai işlərə
cəlb edərək bu istiqamətdə formalaşmasında,
yataqxana ilə təmin olunmalarında, ehtiyacı olanlara maddi
yardım göstərilməsində, universitetin yeməkxanasında
pulsuz yeməklə təmin edilməsində, istedadlı tələbələrin
üzə çıxarılmasında, ictimai işlərdə
və elmdə fərqlənən fəalların
mükafatlandırılmasında, asudə vaxtlarının,
yay istirahətlərinin təşkili istiqamətində fəaliyyət
göstərir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi
milli və dini bayramların, tarixi günlərin qeyd
olunmasında fəal iştirak edir, rayon, şəhər və
respublika səviyyəsində universitet tələbələrinin
iştirakı ilə təşkil olunan tədbirləri dəstəkləyir.
Bakı Slavyan Universitetinin könüllüləri
hazırda Azərbaycanda keçirilən birinci Avropa
Oyunlarında yaxından iştirak edirlər.
Tələbə
Gənclər Təşkilatı
Bakı Slavyan Universitetinin Tələbə Gənclər
Təşkilatı (TGT) "Ali və orta ixtisas təhsil
müəssisələrində fəaliyyət göstərən
Tələbə Gənclər Təşkilatının əsasnaməsi"nə
uyğun fəaliyyət göstərir. Əsas məqsədi
dövlət gənclər siyasətinin həyata keçirilməsi
istiqamətində tələbələrin və
ayrı-ayrılıqda hər bir tələbənin
maraqlarını təmsil və müdafiə etmək,
respublikanın ictimai, mədəni, sosial, elmi həyatında
onların fəal iştirakını təmin etməkdir.
Tələbə
Gənclər Təşkilatı "Heydər Əliyev dərsləri"ndə,
universitetdə keçirilən tədbirlərdə, elmi
konfranslarda, tələbələrin asudə vaxtının təşkilində,
tələbə özünüidarəetmə
gününün keçirilməsində fəal iştirak
edir, universitetdə təhsil alan hər bir
gəncin ölkənin layiqli vətəndaşı kimi
formalaşmasına təkan verir.
Tələbə
Gənclər Təşkilatının tədris və elm şöbəsi
öz işini Tələbə Elmi Cəmiyyəti və Tələbə
Gənclər Təşkilatı ilə birgə
planlaşdırır. Bu şöbənin əsas
fəaliyyəti universitetdə əla və yaxşı qiymətlərlə
oxuyan tələbələri elmi işlərə cəlb etməkdən
ibarətdir. İl ərzində universitetdə və
başqa ali məktəblərdə
keçirilən elmi konfranslarda iştirak etmək və
yaxşı nəticələrə nail olmaq hər bir əlaçı
tələbə üçün əsas meyardır. İdeoloji şöbə öz işini universitetin
tərbiyə işləri üzrə prorektoru və dekanlarla
planlaşdırır. Tədris ili ərzində
tələbələrin təlim-tərbiyəsi, dərsə
davamiyyətinə nəzarət edir, universitet daxilində və
xaricində, yataqxanalarda onların ictimai və siyasi fəallığını
artırmaqla məşğul olur.
Tələbə Gənclər Təşkilatı tələbələrin
idmanla məşğulluğu, onların universitet, şəhər,
respublika və beynəlxalq miqyaslı idman
yarışlarında iştirakına dəstək verir. BSU tələbələrinin
idman yarışlarındakı fəallığı təsadüfi
deyil.
Tələbə
Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər
Təşkilatı və s. tələbə təşkilatları
ilə yanaşı, 2014-cü ildən fəaliyyətə
başlamış Tələbə Müşavirlik Xidmətinin
də rolu xüsusilə qeyd olunmalıdır. Tələbə
Müşavirlik Xidməti sosial məsələlər,
İKT, kütləvi tədbirlərin təşkili istiqamətində
ciddi işlər görür.
Özfəaliyyət
Tələbələrin
asudə vaxtının səmərəli təşkili
üçün universitetdə dil kursları, kompüterlə
təmin olunmuş oxu zalları mövcuddur və onların tələbə
həyatını daha da maraqlı etmək
üçün intellektual
yarışlar, müxtəlif müsabiqə, idman
yarışları və viktorinalar təşkil olunur. Tələbələr
universitetin "Tələbə dünyası"
qəzetinin nəşrinə, "Heydər Əliyev Məktəbi"
Tələbə Teleradio Studiyasında proqramların
hazırlanmasına cəlb olunurlar. Tələbələr
üçün rəqs və özfəaliyyət dərnəkləri
fəaliyyət göstərir, yaradıcı tələbələr
yaradıcılıq fakültəsində təhsil ala bilərlər.
Universitet tələbələri Tələbə Gənclər
Təşkilatı, Tələbə Həmkarlar Təşkilatına,
Tələbə Elmi Cəmiyyətinə, Magistrantlar
Şurasına üzv ola və öz asudə vaxtlarını
Kölgə Kabinetinin nəzdində fəaliyyət göstərən,"İntellekt"
Tələbə Klubunda, Tələbə Xeyriyyə Fondunda, Tələbə
Ekoloji Klubunda keçirə bilərlər.
Universitetdə
"Sfera" Tələbə-Şagird Teatr Studiyası,
"Totem" Tələbə Teatr Dərnəyi, rəqs və
toxuculuq dərnəkləri, vokal və xor qrupları fəaliyyət
göstərir. Tələbələr Azərbaycan
və dünya yazıçılarının əsərlərini
səhnələşdirir, rəsm sərgiləri
keçirir, müxtəlif tədbirlərdə konsert
proqramları ilə çıxış edirlər.
"Sfera" Tələbə Teatrı universitet
yarandığı gündən fəaliyyət göstərir. Tələbələri
teatr sənətinin özəllikləri ilə tanış etməklə yanaşı,
onların nitq mədəniyyətinin inkişafı,
istedadlı gənclərin üzə
çıxarılması, onlara gələcək peşə
fəaliyyətlərində gərəkli ola biləcək bədii
zövqün aşılanması istiqamətində xüsusi
rol oynayır. Teatr kollektivinin məşğələləri
tələbələrin fəallığını
artırır, onları yaradıcı fəaliyyətə
sövq edir.
Yaradıcılıq
fakültəsi
Akademik təhsil aparılan fakültə olmayan
Yaradıcılıq fakültəsi unikallığı ilə
seçilir. Açıq və sərbəst təhsil
formasıdır və burada tələbələr yalnız
dinləyicidirlər. Burada iki il
boyunca təhsil alan şəxslərə "Ədəbi
işçi" sertifikatı verilir. 9 ildir fəaliyyət
göstərən fakültədə təkcə BSU-nun tələbələri
yox, orta məktəbi bitirənlər də təhsil ala bilər.
Burada oxumaq istəyən şəxslərin işlərinə
xüsusi komissiya tərəfindən baxılır və əgər
işləri bəyənilibsə, onlara iki il
boyunca xüsusi proqram əsasında dərslər
keçilir.
"Bir
günlük Xəlifə"
Bakı
Slavyan Universiteti tələbələrinin müstəqil idarəçilik
qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini,
işgüzar bacarıq və vərdişlərini yoxlamaq,
onlar tərəfindən verilən uğurlu təklifləri təhlil
edib həyata keçirmək məqsədilə gerçəkləşən
layihə ilk dəfə 2002-ci il dekabrın
13-də reallaşıb.
Tələbələr
"xəlifəlik" etdikləri bir gün ərzində
BSU-da həmişəki iş rejimi gözlənilir. Rəhbər vəzifələri icra edən 30 tələbə
gün ərzində öz vəzifələrini məharətlə
yerinə yetirməyə çalışır. Onların qəbul etdikləri qərarlar Elmi
şurada müzakirə və təsdiqdən sonra rektor tərəfindən
əmrləşdirilir.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.4-5.