I AVROPA OYUNLARINDA QIZIL
MEDAL QAZANMIŞ
İDMANÇILARIMIZ
Oleq STEPKO
1994-cü
ildə Ukraynanın Zaporojye şəhərində anadan olub.
İdman gimnastikası ilə məşğul olur. Oleq 2012-ci
il Yay Olimpiya Oyunlarında Ukraynanın milli komandasında
iştirak edib. İlk beynəlxalq uğurlarını 2010-cu
ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin Yay
Olimpiya Oyunlarında qazanan Oleq bu yarışlarda gimnastika
atı və paralel qollarda hərəkətlərə görə
2 qızıl medala, fərdi çoxnövçülükdə
və sərbəst hərəkətlərdə isə
gümüş medallara layiq görülüb. O, 2013-cü
ildə Avropa çempionatında paralel qollar üzrə
qızıl medal qazanıb. Həmin ildə Kazan şəhərində
keçirilmiş Yay Universiadasında Ukrayna komandası ilə
birlikdə komanda hesabında 2-ci yeri tutub. Eyni zamanda gimnastika
atı üzrə yarışlarda bürünc medal
qazanıb.
2014-cü
ilə qədər Ukraynanı təmsil edən Oleq Stepko
bundan sonra beynəlxalq yarışlarda Azərbaycanı təmsil
etməyə başlayıb. Oleq 2014-cü ildə Osijekdə
keçirilən Dünya Kubokunda
paralel qollar üzrə bürünc medal əldə
edib. Bu ilin martında Bakıda keçirilən turnirdə 5
qızıl medal qazanaraq Azərbaycan çempionu olan O.Stepko
2015-ci ildə Qətərdə keçirilən Dünya
Çellenc Kubokunda paralel qollar
üzrə qızıl medal qazanıb. Oleq Stepko 2015-ci ildə
Bakı şəhərində keçirilən birinci Avropa Oyunlarında
da uğurla çıxış edərək paralel qollarda
qızıl, fərdi çoxnövçülük və
gimnastika atı üzrə gümüş, komanda hesabı və
dayaqla tullanma üzrə isə bürünc medallar
qazanıb.
Avropa
Oyunlarındakı qələbəsi zamanı hisslərini
sözlə ifadə etməkdə çətinlik çəkdiyini
bildirən idmançı deyir: "Mən öz işimi həmişə
ən yüksək səviyyədə yerinə yetirməyə
çalışıram. Qazandığım medallar da bunun
sübutudur".
Radik İSAYEV
1989-cu ildə Dağıstanda anadan
olub. İdmanın taekvondo növü ilə məşğul
olur. Radik 2010-cu ildə 87 kq-dək çəki dərəcəsində
Rusiya çempionatının qızıl, 2011-ci ildə isə
gümüş medalını alıb. 2013-cü ildə
Pueblada keçirilən dünya çempionatında
bürünc medal qazanıb.
Radik son
iki ildə Avropa çempionatında fərqlənib. Belə
ki, 2014-cü ildə Bakıda keçirilən Avropa
çempionatında 87 kq-dək çəki dərəcəsində
çıxış edərək çempion olub. 2015-ci ildə
isə Nalçikdə keçirilən qitə
çemponatında 85 kq-dan
yuxarı çəki dərəcəsində
gümüş medal alıb.
2015-ci ildə
Çelyabinsk şəhərində baş tutmuş dünya
çempionatında da Radik qızıl medala layiq
görülüb.
"Bakı-2015"
I Avropa Oyunlarında ölkəmizin idman şərəfini qoruyan Radik
İsayev kişilər arasında
80 kq-dan yuxarı çəki dərəcəsində
yarışıb. Yarışların dörddə bir
finalında onun rəqibi Hollandiya taekvondoçusu Yeroen
Vanroiyunu 8:6 hesabı ilə məğlub edib. İkidə bir
finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə
qarşılaşan idmançımız yenə də
çətinlik çəkmədən qələbə
qazanıb. Radik İsayev ikinci hissənin gedişində 15 xal
fərqi ilə önə keçdiyindən döyüş
yarımçıq dayandırılıb və o, finala vəsiqə
qazanıb. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav
Larin olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən
Padik I Avropa Oyunlarının çempionu olub. Bununla da Azərbaycana
bu oyunlarda 13-cü qızıl medalı qazandırıb.
Qızıl medalı Radik İsayevə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Avropa Oyunlarında +80 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnən təcrübəli idmançı final matçının onun üçün çətin keçdiyini etiraf edib: "Final döyüşü çətin oldu. Çünki rəqib çox güclü idi. Amma şükür Allaha ki, qalib oldum".
Azərbaycan müəllimi.- 2015.-
26 iyun.- S.6.