Bu, indiyədək qalib gəldiyim
3-cü erməni güləşçi
idi
Təhsil
Nazirliyinin tabeliyində olan Abşeron Uşaq-Gənclər
İdman Məktəbinin yetirməsi, Avropa Oyunlarının
bürünc medalçısı Hacı Əliyevlə
söhbət
Böyüklərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü, 3 dəfə ölkə çempionu, dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev Bakıda keçirilən I Avropa Oyunlarında 61 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. O, həm də Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Güləş Federasiyasının nominasiyası üzrə İlin idmançısı seçilib.
- Hacı, I Avropa Oyunlarında əldə etdiyin uğura görə səni təbrik edirik. İstərdim ki, özün haqda məlumat verəsən. İdmana necə gəldiyindən danışasan.
- 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Uşaqlıqda çox dəcəl idim, bir yerdə durmazdım. Güləşlə 8 yaşımdan məşğul oluram. Bu idman növünə marağı məndə atam oyadıb. O, bir müddət Naxçıvanda fiziki tərbiyə müəllimi işləyib. Eyni zamanda sərbəst güləşlə məşğul olub. Atam qardaşım Yaşarı da, məni də körpəlikdən güləşə yönəldib. Valideynlərimə çox minnətdaram. Atamın da, anamın da bizim tərbiyəmizdə, əsl vətəndaş kimi yetişməyimizdə Böyütmək üçün seçinvə formalaşmağımızda böyük əməyi vardır. Atamın arzusu olub ki, mən və qardaşım sərbəst güləş üzrə məşhur, tanınmış idmançı olaq. Bu gün biz onun arzusunu reallaşdırmaq uğrunda çalışırıq. O, bizim uğurlarımıza çox sevinir. Mən 4-5-ci siniflərdə oxuyanda ailəmiz Naxçıvandan Bakıya köçdü. Paytaxta köçdükdən sonra qardaşım Yaşar da, mən də Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinə yazıldıq. Mənim ilk məşqçilərim Elman Əzimzadə və Qırxlar Bədəlovdur. Peşəkar idmanda qazandığım nailiyyətlərə görə mən bu insanlara minnətdaram. Güləşdə uğur qazanmağımda məşqçilərimizin çox böyük rolu var. Yaşar da, mən də 14 ildən çoxdur ki, bu insanların yanında məşq edirik.
- Neçə yaşından uğurlara imza atdın?
- 17 yaşımda yeniyetmələr arasında Avropa çempionatının ikincisi olmuşam. Amma sevincim çox çəkməyib. Çünki bir müddət iştirak etdiyim yarışlarda medalçılar sırasına düşə bilməmişəm. Nəhayət, 2011-ci ilin iyununda gənclər arasında Avropa çempionatının gümüş medalına layiq görüldüm və bundan sonra karyeramda, demək olar ki, yüksəliş dövrü başladı.
- Ailədə neçə övladsınız?
- Ailədə iki övladıq. Mən və qardaşım Yaşar Əliyev. O da sərbəst güləşlə məşğul olur. Biz uşaqlıqdan gözümüzü açıb evdə ancaq güləş görmüş və güləşçilər haqqında söhbət eşitmişik. Atam körpəlikdən qardaşımla məni evdə biri-birimizlə güləşdirib və bizə güləşin sadə fəndlərini öyrədib. Həmişə atamla evdə televizorun qarşısında oturub güləş yarışlarına tamaşa edirdik. Anam evdar qadındır. Düzdür, qardaşımla mən yarışlarda iştirak edəndə anam çox narahat olur, özünə yer tapmır. Amma bilir ki, bu iş bizim ürəyimizcədir. Məndən iki yaş böyük olan qardaşım Yaşar 57 kq çəkidə çıxış edir. Heç yadımdan çıxmır. 2013-cü ildə Avropa çempionatına gedəndə hamı məndən qələbə gözləyirdi. Amma elə oldu ki, Yaşar bu yarışda bürünc medal qazandı, mən isə medalsız qaldım. Yaşar 2014-cü ildə keçirilən Azərbaycan çempionatının qalibidir.
-
Hacı, kimi özünə ideal seçmisən?
- Bizim yaşımızda olan uşaqlar cizgi filmlərinə baxanda Yaşarla mən güləş yarışlarını, Azərbaycan güləş ustalarının çıxışlarını izləyirdik. Atlanta-1996 Olimpiadasının gümüş, Sidney-2000 Olimpiadasının isə qızıl mükafatçısı Namiq Abdullayev bizim idealımız idi. Onun iştirak etdiyi yarışları video ilə izləyir, Olimpiya çempionumuza bənzəməyə çalışırdıq. Namiq Abdullayevin bir idmançı kimi məşq rejimi məni həmişə özünə çəkib. Həmişə Olimpiya çempionumuzu özümə örnək, nümunə götürmüşəm. O, müstəqil Azərbaycanın ilk Olimpiya çempionlarındandır.
- Güləşdən başqa, hansı idman növlərinə maraq göstərirsən?
- Futbolu çox sevirəm. Güləşçi olmasaydım, çox güman ki, futbolu seçərdim. Boş vaxtımız olanda uşaqlarla həvəslə futbol oynayırıq. Yeri gəlmişkən deyim ki, məhz Kriştano Ronaldoya görə "Real Madrid"ə azarkeşlik edirəm.
- İlk Avropa Oyunlarında iştirak edəndə hansı hissləri keçirirdin?
- Avropa Oyunlarında mən çox həyəcanlı idim. Şübhəsiz, oyunların özü çox maraqlı idi və bu oyunların ölkəmizdə keçirilməsi hər bir idmançı kimi mənim də məsuliyyətimi birə-beş artırırdı. Eyni zamanda bu oyunların Bakıda keçirilməsi olduqca qürurvericidir. Mən bir idmançı kimi dövlətimlə, xalqımla fəxr edirəm. Dövlət başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə ölkəmizin bu oyunlara uğurla ev sahibliyi etməsi çox sevindirici oldu. Sevinirəm ki, medalsız qalmadım. Mənim bu yarışda qızıl medal qazanmaq şansım çox böyük idi. Ancaq nədənsə belə alındı. İnşallah, qarşıdan gələn yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq. Çalışacağıq ki, burada buraxdığımız səhvləri orada buraxmayaq və qızıl medal qazanaq.
- Oyunlarda qızıl medal qazana bilməsən də erməni idmançısı üzərində qələbən səni xeyli populyarlaşdırdı. Bu necə oldu?
- Erməni idmançıya qalib gəlməyimi elə özüm üçün də böyük uğur sayıram. Bu oyunlara qədər iki dəfə erməni idmançısıyla üz-üzə gəlmişəm. Bu görüşlərin ikisi də ötən illərdə olub. Bolqarıstanda keçirilən Avropa çempionatının yarımfinalı və Almaniyada təşkil edilmiş Qran-pri yarışlarının finalında. Onların hər ikisinə qalib gəlmişəm. İkinci görüş daha çox yadımda qalıb. Belə ki, yarışda çəkimdən artıq çıxış edirdim. Erməni rəqibim Avropa və dünya birincisi idi. Məşqçilərim yarışdan əvvəl çəkimi aşağı salmağa icazə vermədilər və mənə dedilər ki, uduzsan da, eybi yoxdur, onunla mübarizə apar. Düzü, bu sözlər mənə çox ağır gəldi. Güləş xalçası üzərinə çıxıb erməni rəqibimin əlini sıxanda əmin oldum ki, onu mütləq məğlub edəcəyəm. Belə də oldu. Ona 7:2 hesabı ilə qalib gəldiyim an gözlərimin önünə düşmən tapdağı aldında qalan torpaqlarımız, evindən, elindən-obasından didərgin düşən soydaşlarımız gəldi. Bu dəfə də həmin hissləri keçirərək erməni güləşçisi Valodya Franqulyanı 7:0 hesabı ilə məğlub etdim. Qardaşım Yaşar da bu yarışlarda erməni idmançısı ilə güləşib və onu məğlub edib. Bu bizim üçün böyük uğurdur. Yarımfinalda rus idmançısına uduzmağımın səbəbi də ondan zəif olmağım deyil. Mən bundan əvvəl də həmin rus idmançısı ilə başqa çempionatlarda qarşılaşıb qalib gəlmişəm. Amma bu dəfə sağlamlığımda müəyyən problemlər oldu, ona görə, xüsusən, dizimdən zədə aldığım üçün möhkəm ağrıyırdım. Bu da özünü görüşdə göstərdi. Əlbəttə, qarşıdakı çempionatlarda bunun əvəzini çıxmağa çalışacağam.
Fürsətdən istifadə edib bir şeyi də qeyd etmək istərdim. Biz idmançıların yetişməsinə yaradılan bu şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. İdmançı kimi formalaşmağımda məşqçi müəllimlərimin zəhməti böyükdür. Buna görə Qırxlar Bədəlov və Elman Əzimzadəyə minnətdaram. Gərək biz idmançılar da etimadı doğruldaraq daha böyük qələbələrə imza ataq.
- Bildiyimə görə ölkə başçısı ilə görüşmüsən. O görüşü necə xatırlayırsan?
- Prezidentlə mən bir deyil, bir neçə dəfə görüşmüşəm. Onunla görüşü və o həyəcanı, keçirdiyim o hissləri indi də sözlə ifadə edə bilmirəm. Ömür boyu o anlar mənim yadımdan çıxmayacaq. Mən ölkə başçımız İlham Əliyevlə görüşəndə çox xoşbəxt və sevincli idim. Keçən il mən böyüklər arasında Avropa və dünya çempionu oldum. Bu uğurlarıma görə cənab Prezident mənə mənzil hədiyyə etdi. Bu il isə mənə pul mükafatı təqdim etdi. Qarşıdan bizi Braziliyada təşkil ediləcək XXXI Yay Olimpiya Oyunları gözləyir. Olimpiya çempionu olmaq ən böyük arzumdur. İnşallah, bu hədəfə doğru gedirəm.
- İdmana gəlmək istəyən yeniyetmələrə nə tövsiyə edərdin?
- Böyük uğurlar və nailiyyətlər əldə etmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi idmanda da böyük irəliləyiş var. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi öz köməyini bizdən əsirgəmir, məşq etməyimiz və yarışlarda yaxşı nailiyyətlər qazanmağımız üçün əlindən gələni edir. İdman bazası var, məşqçi var, hər bir şərait yaradılıb. İdmançıya bundan artıq daha nə lazımdır? Yeniyetmə idmançılara onlar üçün yaradılan şəraitdən yaxşı və səmərəli istifadə etməyi tövsiyə edərdim. Əziyyət çəkməkdən qorxmasınlar. Unutmasınlar ki, Allah zəhmət çəkən insanı geci-tezi qiymətləndirir. İdmanda böyük nailiyyətlər qazanmaq üçün zəhmət çəkmək lazımdır. Mən inanıram ki, Azərbaycan idmançıları ildən-ilə idmanın bütün növləri üzrə böyük qələbələr qazanaraq medalların sayını artıracaqlar.
Rəşad RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.6.