SABAH qruplarında təhsil alan
tələbələr
bir ili başa vurdu
Bu müddət ərzində
onları qane edən və etməyən
məsələləri
tələbələrin öz dilindən eşidək
"Savadlı",
"bacarıqlı", "hazırlıqlı"
sözləri bütünləşdi və Azərbaycan təhsilində
seçilmiş tələbələrin SABAH-nı
yaratdı. Pilot layihə olaraq start verilən SABAH fərqliliyi
ilə qısa müddətdə tələbə və
müəllimlərin diqqətini çəkə bildi.
SABAH-ın digər qruplardan fərqi həm müəllimlərin,
həm də tələbələrin xüsusi qaydalar əsasında
seçilməsi idi. Sosial həyatda fəal və akademik
göstəriciləri yüksək olan tələbələr
müəyyən mərhələlərdən ibarət
müsahibədən keçərək "SABAH-ın tələbəsi"
adını qazandı. Artıq SABAH qruplarına seçilən
tələbələrin tədrisinin bir ili arxada qalıb. Bəs
bu SABAH qruplarında təhsil onlara nə verib? Müxtəlif
ali təhsil ocaqlarının SABAH qruplarında oxuyan bir
neçə tələbə ilə əlaqə
saxlayıram. Onlardan birillik SABAH təhsilindən nə əldə
etdiklərini, adi qruplarda oxuduqları zamandan hansı fərqlər
olduğunu və SABAH-da hansı yenilikləri görmək istədiklərini
soruşuram.
Yeganə
İbadlı,
Bakı Dövlət
Universitetinin
coğrafiya fakültəsinin III
kurs tələbəsi
-
Universitet təhsilimdə iki, SABAH qruplarında bir ili geridə
qoydum. Bu tədris ili mənim üçün çox
yaddaqalan oldu. Bunun əsas səbəblərindən biri SABAH
qruplarına qəbul olmağım idi. İxtisasımla
bağlı SABAH qrupunun açılacağını öyrənəndə
ətraflı məlumat topladım və qərara gəldim
ki, müsahibədə iştirak edim. Nəticələr
açıqlananda qəbul olduğumu öyrəndim və
çox sevindim. Bəli! Mən artıq SABAH tələbəsi
idim.
Birinci
gündən etibarən SABAH bizi öz üstün cəhətləri
ilə qarşıladı. Burada daha təcrübəli müəllimlərlə
dərslər daha keyfiyyətli və səmimi olmağa
başladı. Daha tez öyrənmək və öyrəndiklərimizi
tətbiq etmək imkanımız oldu.
Lakin SABAH
tələbəsi olmaq sadəcə dərsləri
yaxşı oxumaq demək deyil. Dərslərdən geriyə
qalan zamanlarda bizim üçün müəyyən
inkişafetdirici təlimlər, ingilis dilini möhkəmləndirmək
üçün konverseyşnlər, məlumatlandırıcı
tədbirlər keçirilir. Bunun üçün xarici
qonaqlar, tanınmış şəxslər (yazıçılar, şairlər,
alimlər və s.) dəvət olunur. Biz də öz növbəmizdə
bu tədbirlərdə aktiv iştirak etməklə vətənimizin
gələcəyi üçün yararlı şəxslər
olmağa çalışırıq. Bu mənada sosial fəaliyyətimizin
ən önəmlilərindən biri könüllülük
hərəkatıdır. Bir çox SABAH tələbəsi
bu hərəkata qoşulmaqla akademik təhsildən
ayrılmadan özünün inkişaf və idarəçilik
qabiliyyətini yüksəltməyə
çalışır. "SABAH-ın
könüllüsü" olaraq bir çox işlər
görmüşük. Məsələn,
"Bakı-2015" I Avropa Oyunlarına dəstək verən
bir çox tədbirlər və müsabiqələr
keçirmişik.
Zənnimcə,
gələcəyimiz üçün SABAH-da müəyyən
dəyişikliklərin də olması zəruridir. SABAH
kitabxanasının yaradılması, tələbələrin
birgə çalışması üçün oxu
zallarının təşkili, laboratoriya və çöl
işi təcrübə mərkəzlərinin
yaradılması yaxşı olardı. Eyni zamanda təhsildə
interaktiv metodların tətbiqi tələbələrin dərsi
öyrənməklə yanaşı, öyrəndiklərini
uzun müddət yadda saxlaması və tətbiq edib,
müqayisələr apara bilməsi üçün müsbət
nəticələr verər.
Sonda bir də
demək istəyirəm ki, SABAH tələbəsi olmaq mənə
çox şey verib və SABAH ailəmi sevirəm.
Nilgün Aslanova,
Azərbaycan
Dövlət İqtisad Universitetinin III kurs tələbəsi
- Gələcəyə
dair böyük planlarım var, ona görə də
universitetdə baş verən hər bir yeniliyi maksimum dərəcədə
izləməyə çalışırdım, bu seçimdə
də ən böyük dəstəyim atam oldu.
Bəli,
bir il adi qruplarda təhsil almışam, həmişə
universitetimizdən razı olmuşam. Lakin özümü
orada görmürdüm, düşünürdüm mənə
uyğun deyil. Amma SABAH-da axtardığımı tapdım.
Tam fərqli mühit, ingilis dilində dərslər, aktiv
sosial fəaliyyət və gözəl yataqxana həyatı.
SABAH mənə
dünyagörüşlü, ingilisdilli insanlarla ünsiyyət
qurmaq üçün fürsət yaratdı. Təhsilimizin,
həyatımızın yazdığımız mühazirələrdən
ibarət olmayıb, dar düşüncələrdən
çıxıb, daha geniş düşünməyi öyrətdi.
Natiq Məmmədov,
Azərbaycan
Dövlət Neft Akademiyasında
neft-qaz mədən
fakültəsində neft-qaz
mühəndisliyi
ixtisası üzrə III kurs tələbəsi
- I kursun
sonunda Təhsil Nazirliyindən bizim universitetə nümayəndələr
gəlmişdi. Akademiyada tədbir keçirildi və burada
SABAH qrupları haqqında məlumat verildi. Buna görə də
məndə SABAH qruplarına çox böyük maraq
yarandı və nəticə olaraq bu qruplara sənəd
verdim. Artıq bir ildir ki, bu qruplarda təhsil alıram və
bu qruplarda təhsili seçdiyimə görə çox məmnunam.
SABAH qruplarının digər qruplardan fərqi- təhsilin
yeni üsullarla tədris olunması, xarici dil biliklərinə
üstünlük verilməsi, yeni və əlavə vəsaitlərdən
istifadə edilməsi və bizə dərs keçən
müəllimlərin kompüter biliklərinə əsasən
multimedia sistemində fənləri bizə tədris etmələridir.
Bu qruplarda bütün imtahanlar şəffaf şəkildə
keçirilir. Bundan əlavə onu da demək olar ki, tələbələrin
sosial aktivliyini artırmaq üçün "SABAH-ın
könüllüsü" proqramı da fəaliyyət
göstərir və mən də bu proqramın
iştirakçılarından biriyəm. SABAH qruplarında
oxuduğum bir il ərzində tələbələr pulsuz
yataqxana, gündə 3 dəfə yemək və əlavə
təqaüdlə təmin olundu ki, bu da biz tələbələrə
böyük maddi kömək oldu. SABAH-da birillik təhsil mənə
çox şey verdi, lakin ən əsası da mənə
böyük bir ailə- SABAH ailəsi verdi. Etdiyim bu seçimə
görə çox xoşbəxtəm və buna görə
SABAH ideyasını ortaya atıb reallaşdıranlara öz təşəkkürümü
bildirirəm.
Şahin Xəlilov,
Azərbaycan
Texniki Universitetinin III kurs tələbəsi
- Təhsil
və qeyri-təhsil həyatımda
yenilik, innovasiya, fərqlilik, zənginlik
axtarışında olan biriyəm.
I kursun ikinci semestrində
isə belə bir layihə haqqında eşitdim və
araşdırdım. Gördüm ki, axtardıqlarımın
hamısı bu layihədə var. SABAH-a seçildim, amma
maraqlı gəlirdi ki, məni nə gözləyir. SABAH-la
adi qruplar arasında inanılmaz fərqlər var. Ən bariz
nümunə hər bir tələbənin istədiyi kimi
müəllim ilə ünsiyyət qura bilməsidir. Müəllimlər
bizimlə övladları, dostları kimi davranırlar. Dərs
sistemi də çox fərqlidir. Ən son və yeni dərsliklərlə,
müasir avadanlıqlarla təmin olunmuşuq. İngilis dili
"British Council" tərəfindən tədris olunur.
Bu qruplara
qəbul olduqdan sonra bütün həyatım dəyişdi.
İngilis dilim son dərəcə inkişaf etdi. Sosial həyatda
aktiv olmağı öyrəndim.
İmtahanlar
yüksək səviyyədə və nəzarət
altında keçirilir. Hamımız imtahana var
gücümüzlə hazırlaşırıq.
SABAH-dakı
mövcud şərait yüksəkdir. Əlavə olaraq isə
tələbələrin təcrübə proqramlarına daha
sıx yiyələnməsi, hər bir kitab üzrə dərslik
və lazımi avadanlıqlarla təmin olunmasını,
SABAH-in öz kitabxanası və peşəkar, gənc müəllim
kadrlarının olmasını ürəkdən istərdim.
Sonda onu
da qeyd edim ki, mən həm də "SABAH-ın
könüllüsü" olaraq "Bakı - 2015" I
Avropa Oyunlarında fəaliyyət göstərirəm və
bununla qürur duyuram.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.7.