"Oksford Universitetinin şərqşünaslıq
fakültəsinin ilk azərbaycanlı tələbəsi"
Böyük
Britaniyanın Oksford Universitetinin doktorantı Leyla Nəcəfzadə ilə
söhbət
Leyla Nəcəfzadə 1983-cü ildə Bakıda anadan olub. 2000-ci ildə
Bakıdakı 46 nömrəli tam orta məktəbi əla
qiymətlərlə başa vurub.
2004-cü ildə Ali
Diplomatiya Kollecini beynəlxalq
münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra
Böyük Britaniyanın Birmingem Universitetində ali təhsilini
davam etdirib. 2012- 2014-cü illərdə
Böyük Britaniyanın
Oksford Universitetində magistr təhsili alıb. Müxtəlif illərdə müvafiq olaraq Azərbaycan
və İngiltərədə dövlət və özəl
sektorunda çalışıb.
Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində şərqşünaslıq
ixtisası üzrə doktorantura təhsili alır. Ailəlidir.
Leyla Nəcəfzadə orta məktəbdə
bütün fənlərə maraq göstərib. Söhbətimizə
də elə bununla
başladıq:
- Orta məktəb
illərində bütün fənlərə diqqət yetirməyə
çalışırdım. Ancaq humanitar fənlərə,
o cümlədən xarici dillərə, xüsusilə ingilis
dilinə marağım daha
böyük olub. Məktəb proqramından kənar ingilis və
fars dillərini öyrənirdim. Tələbəlik illərində
fransız dilini də bu siyahıya əlavə edib öyrənməyə
başladım. Lakin ingilis dilini
daha dərindən öyrənmək istədiyim
üçün ABŞ Dövlət Departamentinin tələbə-şagird
mübadiləsi proqramına müraciət etdim və qəbul
olundum. Nəticədə ABŞ-ın Texas ştatında bir
il ingilis dilində təhsil aldım və proqramı
uğurla bitirərək vətənə qayıtdım.
- Bəs
sizdə xaricdə təhsil
almaq arzusu nə vaxt yarandı?
- Hələ
orta məktəb illərindən xaricdə təhsil almaq
arzusunda olmuşam. Ailə üzvlərim xaricdə təhsil
almaq istəyimi elə ilk gündən müsbət
qarşılayıb və bunun üçün mənə dəstək
verib. Ümumiyyətlə, bizim ailədə təhsil almaq,
elm öyrənmək deyərdim ki, hər şeydən əvvəl
gəlir.
- Dövlət
Proqramında iştirakınızı necə
xatırlayırsınız?
- Dövlət
Proqramına müraciət və iştirakımla
bağlı prosesə başladığım elə ilk gündən
təəssüratlarım müsbət olub. Öz təcrübəmdən deyə
bilərəm ki, istər sənədlərin qəbulu, istərsə
də tələbələrin seçim prosesi zamanı
yalnız şəffaflığın və obyektivliyin
şahidi olmuşam.
Sözsüz ki, mənim kimi yüzlərlə, minlərlə
azərbaycanlı gəncin Dövlət Proqramı vasitəsilə
xaricdə təhsil alması və ümumiyyətlə Azərbaycan
dövlətinin belə bir təşəbbüsü olduqca
mütərəqqi haldır və hər kəs tərəfindən
təqdirlə qarşılanır. Konkret olaraq təhsil
aldığım Oksford Universitetində Dövlət
Proqramı vasitəsilə təhsil aldığımı deyərkən,
istər professorlar, istərsə
də tələbə heyəti tərəfindən bunun
xüsusi məmnunluq və qibtə hissi ilə
qarşılandığını görmüşəm. Belə
ki, Oksford Universitetetində belə hallara (xüsusilə
dövlət hesabına təhsil almaqla bağlı) nadir
hallarda rast gəlmək olur. Bu isə o deməkdir ki, dövlət
proqramının həyata keçirilməsi ilə
bağlı irəli
sürülən təşəbbüs olduqca müdrik və
gələcəyə hesablanmış bir addımdır.
- Təhsil sistemimizdə aparılan
islahatlara münasibətiniz?
-
Xüsusilə, Oksford Universitetində təhsil almağa
başlayarkən Azərbaycan təhsil sistemi ilə
buradakı təlim-tədrisin fərqini tədricən hiss etməyə
başlayırsan. Bizim ali təhsil sistemində ümumi
xarakter daşıyan fənlərə üstünlük
verildiyi halda, burada daha çox dərin və dar
ixtisaslaşmaya xüsus diqqət yetirilir. Lakin bu dərin
ixtisaslaşmanın həyata keçirilməsinin özü
də bir neçə və çox yüksək peşəkarlıq
və bacarıq tələb edən mərhələlərdən
keçməlidir. Hesab edirəm ki, Təhsil Nazirliyinin son iki
il ərzində təhsil sahəsində apardığı
islahatlar və yeniliklər milli təhsilimizin inkişafı və
onun dünya standartlarına
uyğunlaşdırılmasına hesablanıb və tərəqqiyə
doğru aparır. Ümumiyyətlə, təhsil sistemi dinamik
bir sistemdir və daim yenilik və islahatlar tələb edir. Bu
gün dünyanın qabaqcıl təhsil ocaqlarından hesab
edilən və öz mühafizəkarlığı ilə
seçilən Oksford Universitetində də təlim-tədris
prosesi yerində dayanmır, daim islahatlara və yeniliklərə
məruz qalır.
- Tələbə
həyatınızdan məmnunsunuzmu?
- Oksfordda
tələbə həyatı olduqca maraqlı, dinamik, təlim-tədris
baxımından rəngarəng və deyərdim ki, müəyyən
mənada gərgindir. Təhsil yükü ilə bağlı
olan gərginlik xüsusilə tədris semestrinin sonunda
imtahanlar ərəfəsində daha da yüksəlir.
İmtahanlara qoyulan tələb yüksək olduğundan
bütün tələbələr səylə, gərgin
şəraitdə çalışırlar. Belə ki,
hamı imtahanlardan yaxşı nəticə əldə etmək
istəyir. Təbii ki, çalışqan, gecə-gündüz
səylə çalışan tələbələr zəhmətlərinin
bəhrəsini imtahanlardan yüksək nəticə əldə
etməklə alır. İmtahan nəticələrini isə
universitet tələbələri xüsusi zövq,
çal-çağır və canfəşanlıqla qeyd
edirlər. Belə "imtahan bayramları" bəzən bir
neçə gün davam edir.
Az da olsa
boş vaxtlarım təbii ki, olur. Adətən boş
vaxtlarımı mütaliəyə və Oksford Universitetinin məktəbəqədər
təlim-tərbiyə müəssisəsinə gedən 3
yaşlı qızıma həsr edirəm.
- Ölkənin
ən qədim universiteti barədə nə deyə bilərsiniz?
-
Bildiyiniz kimi, təhsil aldığım ali məktəb
İngiltərənin Oksfordşir qraflığında olan
Oksford şəhərində yerləşir. Tarixi qədim
olan Oksford şəhərinin demək olar ki, böyük qismi
universitetin tərkib hissəsi olan kolleclərdən ibarədir.
38 kollecdən ibarət olan Oksford Universitetinin hər bir
kollecinin öz yaranma tarixçəsi var və bunlar bir-birindən
maraqlıdır. Bəzi kolleclər vaxtilə dini, teoloji təhsil
vermək məqsədilə yaradılsa da, tədricən zamanın tələbi
ilə dünyəvi təhsil verməyə başlayıb.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda
islamşünaslıq sahəsi üzrə elmi tədqiqat
aparıram. Doktorluq işimin mövzuzu Azərbaycanla
bağlıdır və erkən orta əsrlər dövründə
İslam dininin bölgəyə gəlişi ərəfəsində
Qafqaz Albaniyasında ictimai-siyasi vəziyyət
haqqındadır. Elmi tədqiqat işimlə bağlı
hazırda universitetin Şərqşünaslıq
İnstitutunun yüksək ixtisaslı müəllimlərindən
ərəb dilini öyrənirəm.
- Oksfordda
tədris mühiti necədir?
- Oksford
Universitetində tədris mühiti və prosesi elmi fikir
baxımından sərbəst olduğu qədər tələbkar
olması ilə seçilir. Mühazirələrə
qatılmaq məcburi xarakter daşımasa da, həmin
mühazirələr nəticəsində əldə ediləcək
biliyin qiymətləndirilməsi baxımından davamiyyət
olduqca vacib hesab edilir. Belə ki, mühazirələrin
materialını sonradan da əldə etmək olar, lakin həmin materialların öyrənilməsinin
metodları və praktiki tətbiqini yalnız dərs prosesində
iştirak etməklə mənimsəmək
mümkündür. Əks halda,
həmin materiallar böyük həcmdə olduğundan
lazımi nəticəni imtahanlarda göstərməyə bilərsən.
İmtahanlar bir qayda olaraq mərkəzləşdirilmiş
qaydada keçirilir və müxtəlif ixtisasların tələbələri
eyni vaxtda universitetin "İmtahan Məktəbi" adlı
xüsusi binasında sınağa çəkilir. İmtahan
günü universitet üçün möhtəşəm və
yaddaqalan andır. Tələbələr imtahan keçirilən
binaya böyük izdihamla və onları kənarda seyr edən
yaxınlarının xeyir-duaları ilə böyük məsuliyyət
və həyəcan hissilə
daxil olurlar. Xüsusi ayrılmış zallarda imtahan
prosesi çox ciddi nəzarət altında keçirilir. Deyərdim
ki, imtahan həyəcanı Oksford tələbəsinin həyatının
bəlkə də ən çətin və məsuliyyətli
anıdır. Amma bütün bu gərginliklə
yanaşı Oksford Universitetinin ən maraqlı xüsusiyyəti
ondadır ki, burada tələbələrə (xüsusilə
doktorluq dərəcəsini almaq istəyən tələbələrə)
çox böyük azadlıq verilir. Burada professorlar (elmi rəhbərlər)
öz tələbələri ilə vaxtaşırı
qeyri-formal mühitdə söhbətlər aparır, biliklərin daha dərindən mənimsənilməsini,
eləcə də elmi fikir azadlığını təşviq
edirlər. Bu da, öz növbəsində, ruh yüksəkliyi yaradır və
tələbələrin tədqiq etdikləri mövzuya sevgi
hissini daha da artırır.
- Tələbələrin
elmi tədqiqatlarda iştirakı barədə...
- Bir qayda
olaraq, universitetdə tələbənin
elmi tədqiqat aparması üçün bütün zəruri
texniki imkanlar yaradılır və xidmətlər göstərilir.
Elmi rəhbərlər tələbəyə elmi
yaradıcılıq sərbəstliyi versələr də,
müntəzəm surətdə
məsləhət və tövsiyələrini təqdim
edir və demək olar ki, istənilən vaxt tələbənin onunla ünsiyyət
yaratmasına şərait yaradır və bunu təşviq
edir. Belə ki, tələbənin dəyərli və
sanballı elmi tədqiqat aparması elmi rəhbərin
universitetdə və ümumiyyətlə elmi ictimaiyyət
arasında nüfuzunun artmasına olduqca müsbət təsir
edən amildir.
- Britaniya
təhsil sistemində hansı xarakterik yenilikləri qeyd edə
bilərsiniz?
-
Ümumiyyətlə, Britaniya təhsil
sistemində təlim-tədris prosesi tələbəyə
xidmət üzərində qurulub. Bir növ, hamı və hər şey tələbəyə
xidmət üçündür. Hesab edirəm ki, Oksford
Universiteti timsalında Britaniya təhsil sistemində xüsusi
qeyd edə biləcəyimiz
müsbət xarakter bu və
ya digər elmi problemin dərindən,
obyektiv və köklü surətdə
araşdırılması zamanı tətbiq edilən
kriteriyalardır. Belə ki, araşdırma tənqidi, təhlil xarakteri daşımalı və
ən əsası isə
bu və ya digər
ideologiyanın təsirindən hər vəchlə kənarda
saxlanılmalıdır. Başqa sözlə, Oksford təhsil
sistemi araşdırmalar zamanı yalnız həqiqəti
üzə çıxarmağı qarşısına məqsəd
qoyur. Həqiqəti və
elmi
tarazlığı
heç bir şeyə qurban vermir. Başqa sözlə,
Oksfordun verdiyi bilik yalnız həqiqətə söykənməlidir.
-
Britaniyada tələbələr kreditlərdən yararlana
bilirlər?
- Oksford
Universitetinin nümunəsində deyə bilərəm ki,
yerli britaniyalı tələbələrin tələbə
kreditləri alması geniş xarakter daşıyır. Bir
qayda olaraq, xüsusi istedad və
bacarıqlara malik olan əcnəbilər universitetin müxtəlif
təqaüd proqramlarından yararlana və burada təhsil ala
bilərlər.
- Gənclərimizin
xaricdə təhsil almaq səylərinə necə
baxırsınız?
- Azərbaycanlı
gənclərin xaricdə təhsil almaq səylərini
alqışlayıram və mümkün qədər belə
imkanlardan yararlanmağa çağırıram. Bu, ən
azı bizim milli təhsil sistemi ilə xaricdəki təhsil
arasında müqayisə aparmağa, müsbət cəhətləri
mənimsəməyə imkan yarada bilər. Bu həm də nəticə
etibarilə ölkəmizin elmi potensialının beynəlxalq
aləmə çıxarılması istiqamətində
geniş imkanlar aça bilər. Hesab edirəm ki, xaricdə təhsilin
üstün cəhətlərindən bəhrələnmək
üçün gərək tələbə fərd olaraq həmin
prosesi keçsin.
Böyük
Britaniyada Azərbaycan diasporasının keçirdiyi tədbirlərdə
fəal iştirak edən L.Nəcəfzadə söhbətimizin
bu yerində Oksford Universitetinin
dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adını daşıyan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq
və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətinə
də toxundu.
- Yeri gəlmişkən,
Azərbaycanla bağlı tədbir və təşəbbüslərdən
söz düşmüşkən artıq bir müddətdir
ki, oxuduğum Oksford Universitetinin Nizami Gəncəvi adına
Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin
fəaliyyətini qeyd edərək ondan bəhs etmək istərdim.
Ötən il M.V.Lomonosov adına MDU-nun Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, professor
Nərgiz Paşayeva Oksford Universitetinə səfər
edərək belə bir Mərkəzin yaradılması təşəbbüsü
ilə çıxış etdi və universitetin rəhbərliyi
ilə anlaşma memorandumu imzaladı. Mən də Mərkəzin
fəaliyyətə başlaması münasibətilə
keçirilən açılış tədbirində
iştirak edərək özümü universitetin şərqşünaslıq
fakültəsinin yeganə azərbaycanlı tələbəsi
kimi professor N.Paşayevaya təqdim etdim. Belə bir təşəbbüsün
həyata keçirilməsinin sevindirici hal olduğunu söylədim.
Belə ki, Mərkəzin fəaliyyətə
başlamasına qədər universitetdə ölkəmiz və
yerləşdiyimiz Qafqaz bölgəsi dərindən öyrənilmirdi.
Beləliklə, Mərkəz vasitəsilə azərbaycanşünaslıq
da bundan sonra ayrıca elmi tədqiqat istiqaməti kimi öyəniləcək.
Bu, çox müsbət və
ölkəmiz üçün qürurverici haldır. Həmçinin
sevindirici haldır ki, artıq universitetin tərkib hissəsi
kimi fəaliyyətə başlayan Mərkəzin rəsmi
vebsaytı bir müddətdir fəaliyyət göstərir. Yeri
gəlmişkən, iyun ayının 6-da Mərkəz
universitetdə ilk tədbirini - elmi-praktiki konfrans keçirdi və
orada Britaniya ilə yanaşı, Avropanın bir sıra
aparıcı universitetləri, o cümlədən Azərbaycandan
olan tanınmış alim və professorlar iştirak edirdi.
Konfransın mövzusu isə yeni elmi tədqiqat istiqaməti
olan azərbaycanşünaslığa aid olduğundan
böyük maraqla qarşılanmışdı.
- Sizcə,
təhsildə uğur əldə etməyin sirri nədədir?
- Zənnimcə,
təhsildə uğur əldə etməyin əsas sirri həvəs
və çalışqanlıqdan ibarətdir. Əlbəttə
ki, ailədən gələn dəstək də vacib məsələdir.
Yaxın ailə üzvlərim mənə daim dəstək
olublar. Bu dəstək təbii ki, insanı ruhlandırır və
elmə, təhsilə həvəsi artırır. Belə olan
halda hər bir sahədə, o cümlədən təhsildə
də uğur əldə etmək olar.
- Gələcək
planlarınız?
- Əlbəttə
ki, ilk növbədə, ən böyük arzum Oksford
Universitetində başladığım doktorantura təhsilimi
başa vurmaq və Dövlət Proqramı vasitəsilə mənə
verilmiş etimadi doğrultmaqdır. Bundan əlavə, gələcəkdə peşəkar
bir şərqşünas alim kimi Azərbaycanı layiqincə
təmsil etməyi arzulayıram.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 26
iyun.- S.8.