İmtahanın xofu və demokratiyası

 

Bu gün ali və orta ixtisas təhsili müəssisələrində pedaqoji prosesi səmərəli etməyin mühüm amillərindən biri də təhsilalanların ideya-siyasi, əxlaqi-mənəvi hazırlıq səviyyəsini, intellektual bacarıq və vərdişlərini, peşə-ixtisas səriştəliliyini yüksəltmək üçün onlara fundamental nəzəri-elmi bilik və yüksək davranış  mədəniyyəti aşılamaqdan ibarətdir.

Ali təhsillə bağlı son illər qəbul olunmuş bir sıra sənədlərə, eləcə də Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartları və proqramı"na, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na, "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları"na əsasən imtahanların tətbiqi ilə əlaqədar mühüm didaktik tələblər sisteminin hazırlanması indi pedaqoji ictimaiyyətin diqqət mərkəzindədir.

Bu sənədlərdə tələbələrin ali məktəbdə qazanmış olduqları bilik, bacarıq, vərdişlər və mənəvi keyfiyyətlərin səmərəli tətbiqi istiqamətində təlimin (ümumilikdə pedaqoji prosesin) təşkili forması olan imtahanlara yeni münasibət, bu sahədə əsaslı dəyişikliklərin nəzərə alınması prioritet istiqamət kimi öz bariz ifadəsini tapmışdır.

İmtahan prosesinin təşkili ilə bağlı şərhlər onu deməyə əsas verir ki, hazırda bu işin elmi əsasları, nəzəri qanunauyğunluqları, praktik istiqamətləri, sosial həyati mündəricəsi maksimum səviyyədə humanist qayələr əsasında, ədalətli mövqe seçimi, obyektivlik prinsipi baxımından tam demokratik və şəffaf mühitlə hasilə gəlməlidir.

Bu gün ali təhsil ocaqlarının əksəriyyətində imtahanların açıq olması, şəffaf aparılması geniş ictimaiyyət arasında böyük maraq doğurur. Bu işə ictimai nəzarət gücləndirilmiş, xüsusən imtahanların valideyn müşahidəsi ilə, ictimai qurumların səy və qayğıları ilə əhatə olunmasına böyük diqqət yetirilir.

Bu cəhətdən imtahanlara yeni yanaşma baxımından dəyər verilməsi zərurəti yaranır. İmtahan tədris prosesinin elə bitkin kəsiyidir ki, bu zaman imtahan verənlərin təhsil mərhələlərində qazanmış olduqları biliklər sistemi daha səmərəli və effektiv nəticələrlə özünü büruzə vermiş olur. Xüsusən imtahan zamanı tələbələrdə təlaş, həyəcan, stres, psixi gərginlik yaranması səbəbindən onlarda "imtahan xofu" sindromu əmələ gəlir. İmtahan gedişində tələbənin öz psixoloji vəziyyətini tənzimləməyi bacarmaması təlim əməyini heç də səmərəli etmir. Nəticə olaraq bu işin təşkili prinsipləri nə qədər mükəmməl texnologiyalar və təşkilati prosedurlar əsnasında qurulsa da, yenə də "xof" deyilən bir hal tələbə psixologiyasında "lövbər" saldığı üçün o, özündə bu ziddiyyətli məqamları aradan qaldırmaq üçün daxili təpər hiss etmir.

Çox vaxt tələbələr tərəfindən pedaqoji fəaliyyətin imtahan prosesinə qanunauyğun olaraq təlimdə müvəffəqiyyətinə nəzarət, onun yoxlanılması, qiymətləndirilməsi və hesaba alınması üsulu kimi proqnoz verilmədiyindən, hazırlıq məqamlarında iradi səy azalır, vahimə buludu ətrafda sanki, qorxunc meyil, sağlam olmayan mənəvi-psixoloji mühitin yaranmasına gətirib çıxarır.

Dəfələrlə şahidi olmuşuq. Tələbə adətən imtahan ərəfəsində özünü daha çox səfərbər etməklə bu prosesə hazırlaşmağı qət edir. İmtahanlar üçün zəruri şərtin ideya və mənəvi istiqamətini gündəlik hazırlıqla yox, yalnız bu "finiş"də sınaqdan çıxarmaq üçün, sanki bu niyyət ilə öz iradəsini cilovlayır.

Bəs əslində imtahana aparan yol üçün həqiqi hazırlıq mərhələsi nədən nəşət götürməlidir?

Əlbəttə, adi bir  həqiqətdir ki, fənn üzrə biliklər mövcud proqram səviyyəsində məşğələ zamanı və gündəlik hazırlıq yolu ilə nə qədər məqsədyönlü, ardıcıl, planlı qaydada mənimsənilərsə, tələbələrə imtahanda bir o qədər asan olar.

Lakin bəzən tələbələr arasında imtahan prosesində "bilik yeganə meyardır" prinsipinə əməl etməyərək müxtəlif yollara əl atmağa  çalışanlar da olur. Bunun  da ən mühüm səbəbi, bizcə onların bu prosesə əksər hallarda xoflu məqam, gərginlik məkanı, təzadlı situasiya mühiti kimi qeyri-dəqiq halətlərlə yanaşmalarından irəli gəlir.

Tələbələr arasında imtahan xofu hətta bu zaman bəzi üzdəniraq əməllərə də əl atmağı onların "iş üsuluna" çevirir. İmtahan gedişində qulaqçıqlardan istifadə, telefon ismarıcı göndərmə, "şparqalka əməliyyatı" və digər bu kimi halların cərəyan etməsi əlbəttə yaxşı hal deyil. Tələbə imtahana yüksək şövq və nikbin əhvalla  girməlidir. O, il boyu qazanmış olduğu təlim nəticələri haqqında "dəsti-xəttini" görməli, hazırkı fəaliyyət məhsulunun xoş uğurundan sevinc, fərəh hissi tapmalıdır. Əfsuslar ki, ali məktəb astanasında gələcək nəsil formalaşdırmağın imtahandan keçən yolu xof zabitəsindən yan keçmədiyi üçün belə hallar tələbə dünyasında tam səmimiyyəti ilə müşahidə olunmur. Halbuki, imtahan da hər bir tələbə üçün şərəf və ləyaqət məsələsi olmalıdır.

Məsələnin digər bir tərəfi isə sırf imtahan prosesinə hazırlığı təmin edən fənn müəlliminin və yaxud digər iştirakçıların bu prosesdəki aydın və düşünülmüş mövqeyi ilə bağlıdır. Müəllim üçün imtahan demokratik bir imic olmalı, onda yüksək məsuliyyət hissi yaratmalıdır. Fənni tədris edən müəllim imtahan prosesini seyrçi mövqedən yox, vətəndaş-mütəxəssis münasibətindən həll etməyə çalışmalı, bu yolda əldə olunan nəticələri gələcək fəaliyyəti üçün stimul seçməli, çatışmazlıqları götür-qoy etməklə, öz peşə və sənət paradiqmasına, ixtisas fəaliyyətinə bir daha nəzər salıb, özü-özünə mənəvi-hüquqi cəhətdən hesabat verməlidir.

Lakin imtahan imicinin məqsəd və vəzifələrinin icra olunmasında təkcə müəllim və tələbə münasibətlərindəki gedişatla da kifayətlənmək olmaz.

Hazırkı şəraitdə "imtahanın xofu və onun demokratiyası" bu subyektlərin fərdi yanaşma manerasında olan bəzi çatışmazlıqlar heç də onların bu prosesə məsuliyyətsizliyindən irəli gəlmir. Avropa dəyərlərinə istinadən qurulan və yazılı formada həyata keçirilən imtahan prosesində üzə çıxan anlaşılmazlıqlara ciddi hüquqi-sosial münasibətin olmaması da, açığını deyək ki, qənaətləndirici hal deyil. Məsələn, ölkəmizin mövcud olan ən nüfuzlu ali məktəblərində belə, imtahan xofu, onu üstələyəcək demokratik təsir imkanları dəqiq müəyyənləşdirilmədiyindən, imtahan bir qism müəssisələrdə yazılı, digərlərində şifahi, başqalarında isə test texnologiyasına istinadən aparılır. Ali məktəblərarası münasibətlərdə imtahan hazırlığı və təcrübəsi üçün vahid şəbəkə, koordinasiyaedici qurum olmadığından bu sahədə müəllim və tələbə həmrəyliyinə də müəyyən cəhətdən xələl gəlir.

Doğrudur, bu sahədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq islahatçılıq fəaliyyəti mövcud reallıqlara aydın çıraq tuta bilir, lakin bu iş ictimai-dövlət qurumlarının digər səlahiyyətli məmurlarını da hərəkətə gətirməlidir. İmtahan proseslərinə ümumxalq və ümumdövlət səviyyəsindən, kütləvi sosial dəyər prizmasından yanaşılmalıdır.

Bilik nümayiş etdirməyin nəzəri-metodiki vəsiləsi olan imtahan prosesinin yeni milli-pedaqoji xüsusiyyətləri ilə dünya təcrübəsindəki mütərəqqi texnoloji çalarları üzvi surətdə vəhdətdə götürməklə, sağlam mənəvi-psixoloji mühit və maddi-texniki baza yaratmaqla imtahan ovqatına həm də ədalətli seçim, vicdanlı münasibət kredosundan yanaşılmalıdır.

Açığını deyək, hələ də bir çox ali təhsil ocaqlarında bu ümumxalq və ümumdövlət əhəmiyyətli işə novator ideyalar baxımından yox, köhnə ənənələr, şablon ehkamçılıq vərdişləri ilə yanaşılır. Tələbə yüksək şövqlə, şüurlu intizam əsasında, dinamik inkişaf cəhdi ilə imtahan auditoriyasına daxil olur. Müvafiq qaydada ya şifahi, ya da yazılı-test formasında təşkil olunmuş imtahan zamanı onun çöhrəsində sevinc, məmnunluq, nikbin ovqat əvəzinə, çox vaxt məyusluq, kədər, süstlük, bədgümanlıq müşahidə edilir. Çox vaxt tələbələri bu prosesdə dolğunlaşdırmaq, onlara yüksək mənəvi-estetik çalarlara söykənməyi təlqin etmək əvəzinə, imtahanın təşkilinə xof, həyəcan, həddən ziyadə qeyri-humanist tələblər şərti kimi baxırıq.

Tələbənin mobilliyi, işgüzarlığı, qətiliyi sanki buxovlanır. O, cansıxıcı, bürokratik, leqal olmayan imiclə karıxır, adi təbii hərəkətlərə belə ciddi "qadağalar" qoyulduğundan, mövcud stresdən çıxa bilmir. İmtahan isə, qəti inamla demək olar ki, sağlam mənəvi-psixoloji mühitdən nəşət almalıdır.

Yaxşı xatırlayıram... Qəbul imtahanlarında rəhbər kimi iştirak edirdim. İmtahan gedən zallardan birinə daxil olarkən bir nəzarətçi müəllimin abituriyentlə inadlı mübahisəsinin şahidi oldum. Mübahisənin səbəbini öyrəndim.

Məktəb məzunu, sən demə, ucqar bir dağ kəndindən olduğundan, yay vaxtı şəhər mühitində müdhiş istilərə dözümlü olmadığını əsas gətirib, oturduğu stulun bir az pəncərə önündən, aralı qoyulmasını nəzarətçi müəllimdən təvəqqe etmişdir. Nəzarətçi-müəllim sanki, bu "fəhmi" duyub, belə hərəkətin yolverilməz olduğunu ona bildirmişdi. Mən hüquqi cəhətdən məsələnin həllində nəzarətçi-müəllimi qınamadım. Amma mənəvi cəhətdən, humanist prinsip, heç bir maneə yaratmayan, bütövlükdə prosesə zərrə qədər xələl gətirməyən bu cür gözlənilməz hallarla həmkarımın "barışmazlığına" da haqq qazandırmadım. Xüsusən, bu cür hallarda imtahan prosesinin xofunu hələ ali məktəb tələbəsi olmağa çalışan gənc bir yeniyetmənin təbii qarşılanan "xahişi"ndə nəzərə almamaq, "təlimat buna yol vermir" təkəbbürü ilə icra etmək aludəçiliyi, əlbəttə, ədalətli qərar sayıla bilməz...

...Müasir dövrdə ali məktəblərdə imtahan prosesləri mövcud "Qaydalar"a (Bax: "Azərbaycan müəllimi" qəzeti, 24 yanvar 2014-cü il, ¹3) əsasən qurulur, müvafiq normativ-hüquqi sənədlər əsasında tənzimlənir. Bu sahədə milli və ümumbəşəri təcrübə standartları nəzərə alınır. İmtahan prosesi güzəştsiz və obyektiv təlim əməyinin təşkili formasıdır. Onun öz obyektiv və prinsipual qanunauyğunluqları vardır.

Lakin imtahan prosesindən əldə olunan nəticələri təkcə quru, bürokratik rəsmiyyətçi mövqeyi baxımından da dəyərləndirmək düzgün sayıla bilməz.

Bu gün Bolonya prosesi (sistemi yox - V.B.) təcrübəsi zəminində və kredit sistemi ilə müvazinətlənən imtahan kəsiyində tələbə-müəllim-mütəxəssis vəhdətinin xoş məramı, səmimi demokratizmi, humanist qayələri də unudulmamalıdır.

İmtahan prosesində cərəyan edən hadisələri ümumiləşdirərkən bu sahənin elmi əsaslarını hazırlayan milli pedaqogikanın elmi-nəzəri, təcrübi-metodik istiqamətlərindən də yetərincə faydalanmaq vacibdir. İmtahan prosesində milli xüsusiyyətlərin, bölgə prinsiplərinin, yeni ümumbəşəri pedaqoji texnologiyaların tətbiqi imkanlarını reallaşdıran amillərə də dəyər verilməlidir.

İndi imtahan məfhumunun sosial mündəricəsi də yeni pedaqoji təfəkkür imkanları ilə qavranılmalıdır. Bu yönümdən milli pedaqogikanın gəldiyi qənaət yeni münasibətlər zəminindən belə aşkarlanır: "İmtahanlar haqqında Əsasnamə imtahan üçün normal psixoloji mühit yaradılmasını və şagirdlərdə (həm də tələbələrdə - V.B.) qorxu hissinin aradan qaldırılmasını tələb edir.

İl boyu şagirdlərin (tələbələrin) təlim əməyinə məsuliyyətlə yanaşmaları və onların müntəzəm çalışmaları imtahanda gərginliyi xeyli azaldır.

...İmtahan - fənnin tədrisi başa çatandan sonra əvvəlcədən tərtib edilmiş biliklər üzrə şagirdlərin (tələbələrin) bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirərək mövcud ballar çərçivəsində qiymətləndirilməsi prosesidir" (Bax: Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı, "Çıraq", 2011, səh.213).

Göründüyü kimi, imtahan reallığı köklü pedaqoji problemlərdən biridir. Onun qoyuluş prinsiplərinə təhsil inkişafı tarixində münasibətlər də elə bu səbəbdən müxtəlif cür yanaşmalar əsasında olmuşdur.

Tarixən də imtahan zərurəti faktoloji hadisə kimi şagirdlər, tələbələr arasında vahiməyə, qorxuya səbəb olmuşdur. Buna görə də pedaqoji ictimaiyyətin qabaqcıl nümayəndələri imtahan prosesinin keçmiş və müasir mənzərəsinə də daim ciddi diqqət yetirməyin əhəmiyyətliliyindən bəhs edən konkret mülahizələr, pedaqoji düşüncələr üzərində çox dayanmışlar.

Tədrisin təşkili prosesində ali məktəblərdə imtahanların nümunəvi zəmində, optimal qaydada aparılmasına rəvac verən didaktik prinsipləri nəzərə almaq, onu elmi-nəzəri, metodiki-psixoloji meyarlar baxımından düzgün tənzimləməyin müasir paradiqmalarınıdan biri də məhz, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə təsbit olunan tövsiyələrdir.

Həmin sənəddə çox haqlı olaraq qeyd olunur ki, "Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticəsinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditlər qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri (yəni təhsil borcunu - V.B.) qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır.

Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla).

Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir".

Əlbəttə, bu mülahizələrdən irəli gələn nəticə odur ki, pedaqoji prosesin cövhərinə çevrilən imtahan gələcək inkişaf üçün daim sönməz məşələ çevrilməlidir. Bunu isə bizdən həyatın özü tələb edir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin pedaqogika

kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.10.