Təhsil Şurası yeni
metodik
vəsaitin təqdimatını keçirib
Heç kimə sirr deyil ki, təhsil sahəsində aparılan islahatların gözlənilən səmərəni verməsi, bütövlükdə təhsilin keyfiyyəti ilk növbədə müəllimdən asılıdır. Müəllimin fəaliyyətinin səmərəliliyini təmin edən amillər içərisində isə onun peşəkarlığı, xüsusən də metodik hazırlığı mühüm yer tutur. Məhz buna görə də ölkədə təhsil islahatları ilə bağlı sənədlərdə, eləcə də təhsilin inkişafı üzrə Dövlət Strategiyasında səriştəli təhsilverənlərin formalaşdırılması üçün müəllimin elmi-metodik hazırlığının yüksəldilməsi zəruri hesab edilir və bu istiqamətdə silsilə tədbirlər nəzərdə tutulur. Belə tədbirlərdən biri də öz metodik ustalığını artırması və dərslərində istifadə üçün müəllimin yeni elmi-metodik resurslarla, vəsaitlərlə təmin edilməsidir. Sevindirici haldır ki, son illər bu istiqamətdə aparılan işlər güclənmiş, yeni-yeni interaktiv tədris resursları, metodik vəsaitlər hazırlanaraq müəllimlərin istifadəsinə verilmişdir. Daha diqqətəlayiqi isə odur ki, müəllimlər, məktəb rəhbərləri özləri də bu sahədə axtarışlara qoşulur və yeni tədris resurslarının, metodik vəsaitlərin yaradılmasında fəal iştirak edirlər.
Bu sahədə növbəti yeni bir təşəbbüs Bakı şəhərindəki 230 nömrəli tam orta məktəbdə göstərilib. Belə ki, məktəbin direktoru Elşən Qafarov və direktor müavini Ləman Babayeva müəllimlər üçün "Həmkara dəstək" adlı yeni vəsait tərtib ediblər. Vəsaitdə bu təhsil ocağında "Həmkara dəstək" layihəsi çərçivəsində ötən ilin iyun ayında təşkil olunmuş məktəbdaxili təlimlərdə, eləcə də vaxtaşırı olaraq metodikadan və İKT-dən keçirilən monitorinqlərdə istifadə olunmuş materiallar, testlər toplanıb.
Respublika Təhsil Şurasının dəstəyi ilə bu yaxınlarda çapdan çıxmış metodik vəsaitin iyunun 19-da Bakı şəhər 6 nömrəli məktəb-liseydə təqdimatı keçirilib.
Təqdimat mərasimində Təhsil Şurası İdarə Heyətinin üzvləri və fəal, yaradıcı müəllimlər iştirak ediblər.
Mərasimi açan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev iştirakçıları salamlayaraq hazırda ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının hər bir Azərbaycan vətəndaşı üçün böyük qürurverici hadisə olduğunu bildirib və oyunlarda idmançılarımızın qazandıqları parlaq qələbələr münasibəti ilə toplantıya qatılanları təbrik edib. Vətəndaş cəmiyyətinin formalaşmasında ictimai təşəbbüslərin mühüm rol oynadığını qeyd edən Ə.Ağayev 230 nömrəli tam orta məktəbin rəhbərliyinin təşəbbüsünü də yüksək qiymətləndirib və metodik vəsaitin necə meydana gəlməsi barədə məlumat verib.
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Sevinc Əliyeva, Bakı şəhər 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, təhsil eksperti, professor Şahlar Əsgərov və b. çıxış edərək təşəbbüsü alqışladıqlarını bildirib, metodik vəsaitin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, 10 günlük (60 saat) kurikulum təlimi materiallarının, terminlərin kitabda sadə, lakonik şəkildə izahı verilib, cavabları ilə birlikdə 750 test toplanıb. Metodik vəsaitin müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıq və məktəbdaxili təlimlər, monitorinqlər xarakterli olmaqla müəllimlər üçün nəzərdə tutulduğu, lakin ondan eyni zamanda müəllimlərin işə qəbuluna hazırlaşanların və kurikulumu sərbəst öyrənmək istəyənlərin də istifadə edə bilməsi vurğulanıb.
Çıxış edənlər habelə təhsillə bağlı bir sıra aktual məsələlərə də öz münasibətlərini və təkliflərini bildiriblər.
Təqdimatda ölkəmizdə təhsilin inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2015.- 26 iyun.- S.10.