Riyaziyyatdan nümunəvi dərs

 

Riyaziyyat  fənni. IV sinif

Mövzu: "İkirəqəmli ədədi ikirəqəmli   ədədə vurma".

Məzmun standartı:

1.2.4. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini nümayiş etdirir.

1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı əlaqədən istifadə edir.

Dərsin məqsədi:

1) ikirəqəmli ədədlər üzərində vurma əməlini  vurmanın yerdəyişmə, qruplaşdırma, paylama xassələrini tətbiq etməklə yerinə yetirir.

2) ikirəqəmli ədədlər üzərində vurma əməlini şəbəkə üzərində modelləşdirir.

3) ikirəqəmli ədədlər üzərində vurma alqoritmini yazılı yerinə yetirir.

4)  vurma əməlinin yerinə yetirilməsini tələb edən situasiyaları məsələnin şərtində ayırır.

5) məsələ həll etmək bacarıqlarını nümayiş etdirir.

İnteqrasiya:  Həyat bilgisi: 2.1.4; 3.1.1

İnformatika: 1.1.2

Dərsin tipi:  İnduktiv.

İş formaları:  Bütün siniflə iş, böyük qruplarla iş, fərdi iş.

İş üsulları: Beyin həmləsi, problemli situasiyanın təhlili, modelləşdirmə.

Resurslar: Dərslik, iş vərəqləri, film biletləri, hesablama çötkəsi, kompüter, proyektor və s.

Motivasiya:  Müəllim dərsə qabaqcadan hazırlanmış səhnəciklə başlayır. Səhnəcik Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunur.  Xocalı faciəsinin qurbanları 1 dəqiqə sükutla yad edilir.

Tədqiqat sualı: Müxtəlif məsələlərin həllində ikirəqəmli ədədi ikirəqəmli ədədə vurma əməli necə tətbiq olunur?

Tədqiqatın aparılması: Tədqiqatı aparmaq üçün müəllim şagirdləri qruplara ayırır. Qruplar müəllim tərəfindən qabaqcadan hazırlanmış şəkli seçməklə adlandırılır. Bunun üçün müəllim hər masadan bir şagirdi lövhəyə çağırır. Şagirdlər onlara təqdim olunmuş şəkli seçib əyləşir. Bütün qrup seçdiyi şəkil haqqında məlumat toplayır.

Qrup tapşırıqları:

"Arximed"  komandası: Bir gün ərzində 70 inəyin hər birindən 13 l süd sağıldı. Sağılan südlə 21 ədəd 45 l-lik bidonu doldurmaq olarmı? Niyə?

"Aristotel"  komandası: Birinci sahədən 17 kisə, ikinci sahədən isə 13 belə kisə olmaqla iki sahədən cəmi 1200 kq soğan yığıldı. Birinci sahədən yığılan soğan ikinci sahədən yığılan soğandan nə qədər çoxdur?

"Tusi" komandası: Bir bağdan 84 səbət üzüm, o biri bağdan isə 90 belə səbət üzüm yığıldı. İkinci bağdan yığılan üzüm birinci bağdan yığılandan 150 kq çoxdursa, hər bağdan nə qədər üzüm yığılmışdı?

"Pifaqor"  komandası: Fəhlə hər günə bərabər sayda olmaqla 20 gün ərzində 640 detal hazırlamağı nəzərdə tutmuşdu. Lakin o, hər gün nəzərdə tutduğundan 6 detal çox hazırladı. Fəhlə 20 günə neçə detal hazırladı? Məsələni iki üsulla həll et.

Yarışma:  Müəllim bir az dincəlmək məqsədilə yarışma keçirir. Yarışmanın şərti belədir: verilən hər suala görə komanda 1 bal qazanır. Sonda ən çox bal qazanmış komanda yarışın qalibi hesab olunur. Onu da qeyd edim ki, yarışda ən tez vaxtdan istifadə etmiş komanda 1 bal qazanır. Suallar şifahi hesablamaya aiddir.

Nəticə: Müəllim slaydların köməyilə nəticəyə gəlir. Slaydlar ikirəqəmli ədədin ikirəqəmli ədədə vurulmasına aid olan məsələ və misallar şəklində verilir.

Yaradıcı tətbiqetmə: Şagirdlərə tapşırıqlar verilir və onlar bu tapşırıqları hesablama çötkələri ilə aparırlar. Sonda  hər qrup bir nümunəni maqnit çötkədə göstərir. Şagirdlər əvvəlcə ilk hesablama aləti haqqında məlumat verirlər. Sonra şagirdlərə hazır verilmiş ikirəqəmli ədədləri çötkə ilə hesablamaq tapşırılır. Ən tez hesablayan komandadan bir nəfər gəlib lövhədə izah edir.

Qiymətləndirmə:

Qiymətləndirmə meyarlar əsasında aparılır:

Ev tapşırığı: Dərslikdən səh. 108-də 4 və 5-ci məsələləri həll etmək.

Şagirdlər dərsin əvvəlində sözügedən "Xoca" filmi  haqqında dərsin sonunda   məlumat verirlər.

Müəllim: İstəməzdim dərsimin sonluğu hüznlə bitsin, amma onu deməliyəm ki, hər dəfə fevral ayının ilk günündən biz Xocalı soyqırımının qurbanlarını anmaya bilmərik. Xocalı faciəsi bizim hər birimizin matəminə çevrilməli, 26 fevral günü isə bu faciənin qurbanlarını hüznlə yad etməliyik. Bu faciə haqqında biz gələcəyimiz olan şagirdlərə də hər dəfə məlumat verməliyik.

 

Sona MƏMMƏDOVA,

Sumqayıt şəhər humanitar, təbiət-riyaziyyat

təmayüllü "İstedad" liseyinin müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.12.