"Heyif ki, ikinci
helikopteri vura bilmədim"
Cəbhədə
erməni helikopterini vuran İlkin Muradovun
yaşadığı evdən reportaj
"Vur, komandir, vur!".
Yəqin ki, ötən ilin sonlarında, bütün Azərbaycana,
hətta dünyaya yayılan bu nidanı hər birimiz
yaxşı xatırlayırıq. Torpaqlarımızın
üzərində havalanan düşmən helikopterini bir mərmi
ilə külə çevirən Milli Ordumuzun əsgəri
İlkin Muradov uzun müddət medianın gündəmində
qaldı. Bu dəfə də biz onunla
görüşüb, danışmaq istədik. İlkinin doğulub boya-başa
çatdığı Neftçala rayonunun Xolqarabucaq kəndinin
qarlı-palçıqlı yollarından keçib onun
yaşadığı evə gedirik. Bizi
İlkin və anası Rəşxəndə xanım
qarşılayırlar. Otağa diqqət edirəm,
divarda İlkinin hərbi geyimdə olan və üstündə
"Azərbaycanın fəxri" yazılan şəkillərini
görürəm. İlkinə görüşə
razılıq verdiyi üçün təşəkkür
edib, söhbətə başlayırıq.
Ondan özü barədə
məlumat verməsini xahiş edirəm. Elə bu vaxt
İlkinin atası Məmməd kişi
otağa daxil olur. Salamlaşır, gəldiyimiz
üçün bizə təşəkkür edir.
"Borcumuzdur", - deyib, müsahibimizlə söhbəti
davam etdiririk:
- Muradov İlkin Məmməd
oğlu. 1990-cı il iyunun 21-də
Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşam.
Orta təhsilimi Faiq Həziyev adına Xolqarabucaq
kənd tam orta məktəbində almışam. 2008-2010-cu illərdə Sumqayıt şəhərində
hərbi xidmətdə olmuşam. Hərbi
xidmətdən sonra mülki işlərlə məşğul
idim. 2014-cü il mayın 9-da iki
aylıq müddətə hərbi kursa getdim. Sonra
isə öz arzumla cəbhə bölgəsində hərbiçi
olaraq çalışmağa başladım. Daha tez getmək istəyirdim, bəzi işlərə
görə alınmırdı. Amma
2014-cü ildə istəyimə nail oldum. Təyinat
vərəqimi aldım və müddətdən artıq hərbi
qulluqçu kimi işə başladım.
- Niyə
məhz cəbhə bölgəsini, Ağdamı seçdin?
- Səbəbi
aydındır. Torpaqlarımız işğal
altındadır. Arxa cəbhədə də
qala bilərdim, amma seçimimi Ağdamda olan hərbi hissəyə
etdim. Çoxlu sayda dostlarım, sinif
yoldaşlarım orda xidmət edirdi. Dedim ki, gedib onlarla
çiyin-çiyinə verib qulluq edəcəyəm.
-
Düşmənlə sərhədə gedirdin, tərəddüd
etmirdin?
- Yox, qətiyyən.
Zərrə qədər qorxu hissi belə yox
idi. Mənim üçün bura daha yaxşıdır. Burada xidmət etmək daha şərəflidir.
- Sərhəd
zonasında hərbiçi olmağın hansı çətinlikləri
var?
- Vətənini,
işini sevən insan üçün heç bir çətinlik
yoxdur. İki-üç gündür evdəyəm,
artıq darıxıram, getmək istəyirəm.
- Hərbidə
heç çətin anların olmayıb?
- Olub, əlbəttə.
Elə vaxt olub ki, səhərə qədər
yatmamışıq, ya da 4-5 gün cəmi bir-iki saat
yatmışıq. Xidmət
aparmışıq.
- Gələk
həmin tarixi günə - "Vur, komandir, vur!".
O günü bizə bir təsvir elə.
- Həmin
gün Hərbi Hava Qüvvələrinin hissəsi olaraq müşahidə
aparırdıq. Təxminən gündüz saat 2 radələri
idi, gördüm əsgərlərdən biri
qaça-qaça gəlir: "Komandir, komandir, düşmən
helikopterləri mövqelərimizə tərəf
uçurlar". Fikirləşdim ki, yəqin
uzaq məsafədən uçub gedəcəklər
Müşahidə cihazı ilə baxdım ki, həqiqətən
üstümüzə doğru gəlirlər. Onlar bizdən təxminən 7-8 kilometr məsafədə
olardı. Dərhal komanda məntəqəsinə
xəbər verdim. Bildirildi ki, hazır ol,
sənə komanda veriləcək. Az
sonra mənə göstəriş verildi ki, əgər
mövqelərimizə yaxınlaşsalar, dərhal atəş
aç. Düşmən helikopterləri
mövqelərimizə hücum etdi. Nişan
aldım və arxadakını vurdum, ikincisi özünü
itirdi. Əvvəl yuxarı qalxdı, sonra
özünü topladı və sürətlə
aşağıdan uçmağa başladı. Məncə, o helikopterin də hansısa hissəsi zədələnmişdi.
- İkinci helikopteri necə, vurmaq olmazdı?
-
Olardı. Amma bu raketlər istilik istiqamətində
uçur. Bilirdim ki, vurulan helikopterin istisi
ikinci helikopterin mühərrikinin istiliyindən çox olacaq.
Azca zaman lazım idi ki, ikinci hədəfi də
sıradan çıxarım.
Amma artıq düşmənin ikinci
helikopteri sürətlə uzaqlaşmışdı. Aşağı məsafədə olan hədəfləri
də bu silahla vurmaq olmur. Heyif ki, ikinci
helikopteri vura bilmədim.
- Belə
fikirlər dolaşdı ki, İlkin tərəddüd
edirmiş, yanındakıların "Vur, komandir, vur"
sözündən sonra vurub...
- Yox, qətiyyən
tərəddüd etmirdim. Axı istifadə
etdiyim adi silah deyildi ki, əlinə alıb atəş
açasan. Orada bəzi proseslər var.
Raketi işə salandan sonra gözləməlisən. O
raket müəyyən vaxt üzərində hesablanıb. Yanımdakı bəzi əsgərlərin o raketdən
necə istifadə olunması ilə bağlı məlumatları
yox idi. Elə deyirdilər ki, vur. Mən isə dəqiq zərbə üçün
məqam gözləyirdim.
-
Düşmən helikopterini vurandan sonra nə hiss etdin?
-
Çox sevindim (Sanki o sevinci indi də hiss edir, dili
dolaşır danışanda). O boyda helikopteri bir atəşlə
vurmağım mənə yuxu kimi gəlirdi. Sevindiyimdən
necə qışqırdımsa, üç gün səsim
batdı. Elə bil ki, bu mərmi ilə
düşməndən Xocalının, şəhidlərimizin
qisasını almışdım. Düşünürdüm
ki, açdığım bu atəş bir dəmir
parçasına deyil, düşmənin ürəyinə
sancılıb.
- Həmin gündən sonra qəhrəmana
çevrildin. Necə hissdir qəhrəman olmaq?
-
Düşmənə böyük zərbə vurmaq
xalqımızın neçə vaxt idi gözlədiyi bir an
idi. Helikopteri vurmağım hamımızda
böyük ruh yüksəkliyi yaratdı. Yəqin artıq hamı düşünür ki,
ordumuz istəyəndə bir an içində düşmənin
helikopterini məhv edə bilirsə, demək
torpaqlarımızı azad edəcəyimiz gün
yaxındadır. Ali Baş Komandan əmr
etsə, əlimizdə silah vətənin müdafiəsinə
qalxarıq.
-
Helikopteri vurandan sonra hərbi hissədə ab-hava necə idi?
- Sanki
toy-bayram idi. Üç gün yata bilmədim.
Hər dəfə də yatmaq istəyəndə
gözlərimin qarşısına raketin arxasından
çıxan göy işıq görünürdü.
İndi də o işığı
xatırlayanda elə bil ki, mənə həyat verir
(Gülür).
- İlkin, düşmən helikopterini vurmağa yenə
hazırsanmı?
- Əlbəttə, mənim Vətənimə
yaxınlaşan düşmən dərhal vurulacaq. Böyütmək
üçün seçin
- Həmin
gündən sonra düşmən helikopterləri daha
görünmür ki?
- Yox, yəqin
ki, bundan sonra cəsarət etməzlər.
- Hərbiçilər
necə, o silahla maraqlanırlar?
- Hə,
indi hamı gəlir. Maraqlanır, öyrənməyə can
atırlar. Hər kəsdə maraq var. Məktəblilər
də hərbi formada görüşə gəlirlər.
-
Helikopteri vuran zaman yanında olan kim idi?
-
"Vur, komandir, vur!" deyən əsgərlərdən biri
iş yoldaşım idi.
- Sənə
şeirlər, mahnılar yazıldı...
-
Doğrusu, bu qədərini gözləmirdim. Şeirlər
yazıldı, kliplər çəkildi. Tez-tez
tədbirlərə çağırırlar. Açığını desək, mənə
münasibət tamamilə dəyişdi.
- Kəndinizdə
necə, əvvəlki İlkinə münasibət dəyişdimi?
- Əlbəttə. İndi məni görənlər
deyirlər ki, səninlə fəxr edirik.
- İlkin, sən hazırda gənclərə örnəksən,
onlara nə demək istəyərsən?
- Gənclərimiz
heç nədən çəkinməsin. Hamı
Vətənə olan borcunu verməyə
çalışmalıdır. Bax, mən
xidmət dövrünü də keçmişəm, indi də
könüllü şəkildə xidmət edirəm.
Heç kim deməyib ki, get xidmət elə.
Vətən sevgisi olan hər kəs onun
qulluğunda durmalıdır.
-
Hazırda rütbən nədir?
- Əsgər idim. O hadisədən sonra çavuş rütbəsi
aldım.
- İlkinin gələcək planları nədir?
- Ən böyük arzum zabit olmaqdır. Amma ali təhsilim
olmadığı üçün alınmır.
- Təhsilini
davam etdirmək fikrin yoxdur?
- Nə
bilim (hiss edirəm tərəddüd edir). Özlüyümdə
fikirləşirəm ki, bəlkə də gecdir.
- Amma bu
yaxınlarda mənim 53 yaşında tələbə
müsahibim olub. Bu yaşında təhsil almaq sənin
üçün gecdir?
- Mənim
bütün fikrim cəbhədədir. Ordudan
çıxmaq istəmirəm. Həyatımı
hərbiçi olaraq davam etdirmək istəyirəm.
- Hərbidən
kənarda hansı məşğuliyyətlərin var?
-
Günümün 24 saatı hərbi geyimdə, hazır vəziyyətdə
oluram. Başqa heç bir məşğuliyyətim
yoxdur.
Deyəsən, İlkinin bütün həyatı elə
hərbi rejimdə olub. Onda bu hərbiçinin bir az da ailəsi
barədə danışaq. İlkinin atası Məmməd
Muradov təsərrüfatla məşğul olur, anası Rəşxəndə
isə evdar xanımdır. İlkinin
özündən böyük iki bacısı var və hər
ikisi ailə həyatı qurub.
-
İlkin, valideynlərinə xəbəri ilk dəfə kim verdi?
- Zəng
vurdum. Amma telefonda tam açıqlaya bilmədim.
Sadəcə dedim ki, axşam televizora baxarsınız, məni
göstərəcəklər.
"Valideynlərini
efir vasitəsilə görmüşdüm, elə istəyirəm
onlarla da söhbət edim", - deyirəm. İlkinin
atasını söhbətimizə qoşulmağa dəvət
edirəm.
- İlkin iki bacının bir qardaşıdır. Adətən
valideynlər tək övladlarını hərbiyə
göndərmək istəmirlər. Siz necə?
- Onun
öz arzusu olub. Biz də dəstək
olmuşuq. Demişəm ki, madam sən istəyirsən,
get xidmət elə. Məktəb vaxtından hərbiyə
marağı var idi. Hərbi dərslərində
(Gənclərin çağırışaqədərki hərbi
hazırlığı), hərbi ilə bağlı məktəblərarası
yarışlarda həmişə yüksək yerlər
tuturdu.
Ötən
il hərbidə işləyən
qonşumuz zəng etdi ki, burda ştatda yer var. İlkini
qoyarsan burda işləməyə? Dedim ki, problem yoxdur,
özünə zəng elə, razıdırsa getsin. O zaman İlkin tikintilərdə
işləyirdi. Təyinatını aldı, sənədlərini
hazırladı və bir həftənin içərisində
getdi Bərdəyə kursa. İki ay kurs
keçəndən sonra getdi Ağdama. İlk
vaxtlar arada deyirdi ki, darıxıram. Biz də
təsəlli verirdik ki, ay bala, darıxma, təzəsən,
düzələcək. İndi burda saxlaya
bilmirik.
-
Çox maraqlıdır ki, o qədər uzun müddət
kurs keçməyib, amma dəqiqliklə helikopteri vurub.
-
Yaxşı oxuyub. Orada da hara göndərirdilər
gedirdi. Çalışqan olduğu
üçün komandiri kurslara onu göndərirdi. Hər yerdə də birinci yerə
çıxırdı. Həm də mən
ovçu olmuşam. Uşaqlıqdan o da
yanımda ovla məşğul olub.
- Sizə
zəng edəndə axşam televizorda necə xəbər
eşidəcəyinizi düşünürdünüz?
- Belə
bir xəbər eşidəcəyimi
düşünmürdüm. Baxdıq televizora,
xəbəri eşidəndə sevindiyimdən
ağlayırdım. Səhəri gün
komandiri mənə zəng vurdu, təbrik elədi. İki-üç gün sonra özüm də getdim
Ağdama. Vurduqları yerə baxdım.
Bu həqiqətən inanılmaz idi. Özü də deyir ki, ata, gərək orada
olaydın, o hissləri yaşayaydın.
İlkinin anası sakitcə kənarda durub bizə qulaq
asır.
"Ana, niyə kənarda durmusunuz, gəlin siz də söhbətə
qoşulun", - deyirəm. Utancaq-utancaq gəlib
masa arxasında oturur. Atası gülə-gülə
deyir ki, o danışmağa utanır.
- Ana, bir az İlkinin uşaqlığını dinləyək
sizdən...
- İlkin uşaqlıqdan ağıllı, sakit idi. Onu hamı
sevib. Amma bir az ərköyün
böyütmüşük. Biz
özümüz 6 bacı olmuşuq, qardaşımız
olmayıb. Bacılarıma qardaş, mənə
oğul olub. Ona görə bir dediyini iki
etməmişik.
-
Atası dedi ki, eşidəndə ağlayırdım. Bəs siz hansı hisslər yaşadınız?
- İnanmadım. Dedim təzədən öyrən. Bacılarına
zəng elədik ki, televizora baxın. Onlar
isə bizi səhv başa düşdülər. Orda ağlayırdılar ki, yəqin
qardaşımızı vurublar. Dedim, yox, qızım,
vurmayıblar, qardaşınız qəhrəman olub. Biz onunla fəxr edirik.
- Kənddə
sizi necə çağırırlar?
- Bizim kənddə
həmişə hörmətimiz olub. İndi məni
görəndə "İlkinin anası gəlir" deyirlər.
- Tək
oğul övladını hərbiyə göndərmək
ürək istəyir. Necə razı oldunuz?
- O istədi,
mən də atasına dedim ki, gəl xeyir-dua verək, getsin. Vətən gənclərinə də deyərdim ki,
qorxmasınlar.
-
Heç həyəcan keçirmirsiniz?
-
Keçirirəm. Hər gün gecə səhərə
qədər dua edirəm (gözləri dolur).
"Deyəsən sizi kövrəltdim", - deyirəm
və söhbəti dəyişirəm.
- Bəlkə
biz İlkinin təhsil aldığı məktəbə də
gedək?
- Hə,
olar, - deyib, İlkin həvəslə ayağa qalxır.
Bu səmimi söhbətə görə hər birinə
təşəkkür edirik və İlkinlə birlikdə məktəbə
yollanırıq.
Müəllimləri İlkini "fəxrimiz, qəhrəmanımız
gəldi" deyərək qarşılayırlar. İlkinlə
birlikdə məktəbi gəzirik. 850 yerlik kənd məktəbində
hazırda 249 şagird təhsil alır. Direktor
Etibar Quliyev deyir ki, bu məktəb Qarabağ müharibəsi
dövründə 13 şəhid verib. Direktor Xocalı
faciəsinin anım günü ilə əlaqədar
yaradılan köşə ilə bizi tanış
edir. Daha sonra isə İlkinin adına
yaradılmış köşəni göstərir. Məktəbin hərbi rəhbəri, gənclərin
çağırışaqədərki hərbi
hazırlığı müəllimi, baş leytenant
Ağagül Babayev bizi hərbi otağa aparır. Azərbaycan bayrağının rəngləri ilə
bəzənmiş partaları görürük. İlkin otağa daxil olan kimi gedib yerində oturur.
Biz də İlkinin məktəb illəri ilə bağlı
müəllimindən xatirələri dinləyirik:
- Şagird olanda verdiyim bütün
tapşırıqlara fəal riayət edirdi. Təkcə
İlkin yox, bütün şagirdlərim
tapşırıqlarımı yerinə yetirir. İlkin məktəbdə oxuyanda "Cəsurlar",
"Şahinlər" komandalarına rəhbərlik edirdi.
Həmişə də fəxri yerləri
götürürdülər.
Məktəbin
direktoru, həm də İlkinin fizika müəllimi Etibar
Quliyev deyir ki, İlkin prinsipial oğlan idi:
- Sözəbaxan
uşaq idi. Bütün hərbi
yarışlarda birinci olmağı arzulayırdı. Buna nail olurdu. İndi də
eşidəndə ki, helikopteri vurub, o qədər sevinc hissi
yaşadıq ki. Biz hamımız onunla fəxr edirik.
Vətən qəhrəmanlarının sayı bol olsun,
- deyib, Xolqarabucaqdan xoş hisslərlə ayrılırıq.
Rüfanə GÜNƏŞ, "Azərbaycan
müəllimi"
r.qurbanova@muallim.edu.az
Azərbaycan müəllimi.- 2015.- 7
mart.- S.7.