700 bal toplayan
tələbələr imtahan
sessiyasını
hansı nəticələrlə
başa vurublar?
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən ali təhsil
müəssisələrinə keçirilən qəbul
imtahanlarında ən yüksək nəticə göstərərək
700 bal toplayanlar daim qəzetimizin diqqət mərkəzindədir.
İlk dəfə 2007-ci ildən başlayaraq
bu uğuru əldə
edən abituriyentlərin tələbəlik həyatı, ali məktəbi başa vurduqdan sonra cəmiyyətdə
tutduqları mövqe və sair məsələlərlə bağlı
yazılar qəzetimizdə tez-tez dərc olunur. Nəzərə çatdıraq ki, artıq ali və orta ixtisas təhsili müəssisələrində
tədris ilinin ən məsul dövrü - qış imtahan
sessiyası başa çatıb.
Qış imtahan sessiyasının həyəcan
dolu anlarını yaşayan
tələbələr bilik və
bacarıqlarını nümayiş
etdiriblər. Bəs, görəsən 700 bal
toplayan tələbələr ilk imtahan sessiyasını
necə başa vurublar?
Bu suala aydınlıq
gətirmək məqsədilə onlarla əlaqə
saxladıq.
Qoşqar Qədimbəyli,
"ADA" Universitetinin
dövlət və beynəlxalq
münasibətlər fakültəsinin I kurs tələbəsi
Qış imtahan sessiyasını yüksək nəticələrlə başa vurdum. İngilis dilindən üç istiqamət üzrə imtahanlar verdim. Qrammatika, şifahi və yazılı şəkildə olan imtahanlarda 85-90 faizlik nəticə göstərdim. İstəyirəm ki, qəbul imtahanlarında topladığım yüksək bala görə layiq görüldüyüm Prezident təqaüdçüsü adını doğruldum. Bunun üçün universitetimizdə hər cür şərait var. Burada yüksək bilikli müəllimlər dərs deyir. Yaradılan imkanlardan maksimum istifadə etməyi düşünürəm.
Samir Rzayev,
"ADA"
Universitetinin biznes
fakültəsinin I kurs tələbəsi
Universitetimizdə ali təhsilin ilk pilləsi demək olar ki, ingilis
dilinə həsr olunur. Bu baxımdan imtahanlarımız da
ingilis dilindən oldu. Üç istiqamət üzrə-
ingilis dilinin qrammatikası, danışıq dili və
yazı üzrə imtahanlar
verdim. Ümumi nəticədə maksimum 4 baldan 3.44 balla
imtahanları başa vurdum. Növbəti imtahanlarda
daha yüksək nəticələr əldə etməyi
qarşıma məqsəd qoymuşam.
İlkin Məmmədzadə,
Azərbaycan Tibb Universitetinin
müalicə
-profilaktika fakültəsinin
I kurs tələbəsi
Qış semestri müddətində
6 imtahan verdim.
Hər bir imtahanda qiymətləndirmədə ən yüksək
nəticə olan "a" qiyməti aldım. Bu nəticəni
əldə etdiyim üçün çox sevinirəm. İnanıram ki, orta məktəbdə
aldığım yüksək qiymətləri ali məktəbdə
də doğruldacağam. Prezident təqaüdçüsü
adımı sonuncu kursa kimi özümün yüksək
biliyim və bacarığımla qorumağı qarşıma
məqsəd qoymuşam.
Nurlan
Quluzadə,
"ADA"
Universitetinin informasiya
texnologiyaları
və mühəndislik
fakültəsinin I kurs tələbəsi
İmtahanlarda uğurlu nəticələr
əldə etdim. Mümkün 4 baldan 3.78 nəticə
göstərdim. Çalışıram ki, bizə
yaradılan imkanlardan maksimum istifadə edim. Yüksək
bilikli mütəxəssis olum. İmtahanlarımız elə
də çətin deyil. Çünki dərslərimiz
çox səmərəli keçir. Demək olar ki,
mövzuları dərs müddətində öyrənə
bilirik.
Nicat Qasımov,
Azərbaycan Tibb Universitetinin
müalicə
-profilaktika fakültəsinin
I kurs tələbəsi
Qış
imtahan sessiyasını uğurla başa vurdum. 7 imtahan verdim. Hər
birindən "A" qiyməti aldım. Anatomiyadan verdiyim
imtahan çox çətin keçdi. Lakin çətin
olmasına baxmayaraq yüksək nəticə əldə
etdim. Buna görə çox sevinirəm. Universiteti ən
yüksək qiymətlərlə bitirməyi
planlaşdırıram. Prezident təqaüdçüsü
adını layiqincə qorumağı qarşıma məqsəd
qoymuşam. Bunun üçün var gücümlə
çalışıram.
Könül Qurbanlı,
"ADA"
Universitetinin informasiya
texnologiyaları
və mühəndislik
fakültəsinin I kurs tələbəsi
İngilis dilindən 3 istiqamət
üzrə imtahan verdim. Ümumi 87-88 faizlik nəticə göstərdim.
Universitetimizdə çox yüksək ixtisaslı müəllimlər
dərs deyir. Dərslərimizi demək olar ki, elə sinifdəcə
öyrənirik. İmtahanlara çox ciddi şəkildə
hazırlaşdım. Prezident təqaüdçüsü
olmağım mənə ikiqat məsuliyyət verir. Bu
baxımdan mənə göstərilən etimadı daim
doğrultmağa çalışacağam.
Fatimeyizəhra Nəbizadə,
Qafqaz Universitetinin mühəndislik
fakültəsinin I kurs tələbəsi
İngilis dili üzrə 4 istiqamətdə
imtahanlar verdim.
Hər bir imtahanda yüksək nəticələr əldə
etdim. Qış imtahan sessiyasında elə çətinlik
çəkmədim. Müəllimlərimiz mövzuları
bizə dərindən mənimsədir və biz demək olar
ki, imtahan müddətinə qədər artıq proqramı
öyrənirik. Ona görə də imtahanlarda bir o qədər
də çətinliklərlə üzləşmirik. Düzdür,
ilk imtahanda bir az həyəcan var idi. Lakin bunu da normal hesab edirəm.
Eltun İbrahimov,
Bakı
Ali Neft Məktəbinin
proseslərin
avtomatlaşdırılması mühəndisliyi
fakültəsinin I kurs tələbəsi
Semestr müddətində
2 imtahan verdim. İngilis dilindən
"A", İKT ilə bağlı keçirilən imtahandan isə "b" qiyməti
aldım.
İmtahanlarda bir
az həyəcanlı
idim. Növbəti imtahanlarda bütün qiymətlərimin "A"
olması üçün
var gücümlə çalışacağam. Universitetimizdə yüksək səviyyədə
təhsil almaq üçün hər cür şərait mövcuddur. Bundan yararlanmağı
düşünürəm.
Məmməd Hacılı,
Qafqaz Universitetinin mühəndislik
fakültəsinin I kurs tələbəsi
İmtahanları yüksək səviyyədə
başa vurdum. 6 imtahan
verdim və hər birindən
"A" qiyməti aldım.
Etimadı doğrultduğum üçün çox sevinirəm. İmtahanlara çox yüksək əhvali-ruhiyyə ilə
hazırlaşırdım. Yüksək
nəticələr əldə
edəcəyimə inanırdım.
Bu inamla imtahanlara
qatıldım və şükürlər olsun
ki, imtahanlardan üzüağ çıxdım.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2015.- 7 mart.- S.8.