Dost itkisi
Dünyasını
vaxtsız dəyişmiş Sumqayıt Dövlət Universitetinin
prorektoru İbrahim Ömərovun əziz
xatirəsinə
Haqqında danışmaq nə qədər rahat olsa da, onu xatirələr işığında yada salmaq mənim üçün bir o qədər ağırdır. Qəfil açılan güllə kimi amansız ölüm onu gülə-gülə aramızdan vaxtsız apardı. Qapılarımızın Novruz müjdəsilə açıldığı bir yaz gecəsi ömür qapısı üzünə əbədi bağlandı.
2014-cü ilin 14 mart səhəri... O acı xəbəri eşidəndə sanki yerimdə donub qaldım. Bir anlıq yuxuda olduğumu zənn etdim. Telefonun uzaq məsafəsindən gələn aydın səs hələ də qulağımdan getmir: "Dünən gecə İbrahim rəhmətə gedib...". Nə etmək olardı? Bu, acı həqiqət idi. Təəssüf etməkdən, göz yaşımı içimdə boğmaqdan başqa əlimdən bir şey gəlmirdi.
Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən əsl dost kimi xatırlayıram onu. Müdriklərdən biri deyib ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O mənim üçün məhz belə bir dost idi.
İllər öncə "Xalq qəzeti"ndə tanışlığımızın qəribə tarixçəsi olmasa da o günü yaxşı xatırlayıram. Məzuniyyətdən yenicə qayıtmışdım. Redaksiyaya təzə bir işçinin - texniki direktorun gəlməyindən artıq xəbər tutmuşdum. Onunla ilk görüşüm də elə kompüter mərkəzində yaddaşıma köçdü. Əl uzadaraq nurlu çöhrəsi üzümə güldü: "Tanış olaq, İbrahim Ömərov", - deyə ədəb-ərkanla, yaşının az olmasına baxmayaraq əsl ziyalıya xas ehtiramla özünü təqdim etdi.
Bir redaksiyada çalışdığımız neçə illər ərzində bir-birimizi yaxından tanıdıq. Sevincimizi paylaşmağı, dərdimizə şərik çıxmağı bacardıq. Taleyin qismətindən "Xalq qəzeti"ndən "Azərbaycan müəllimi"nə pənah gətirəndən sonra da əlaqələrimiz kəsilmədi. Tez-tez görüşə bilməsək də bir-birimizdən hal-əhval tutardıq. Hər dəfə də "özündən muğayat ol", - deyə mənə ürək qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa çalışsaq da heyif ki, onu qoruya bilmədik.
Qısa bir ömür
yaşadı İbrahim Ömərov. Lakin şərəfli bir yol
keçdi. Bu qısa zaman kəsiyində isə
qazandıqları itirdiklərindən çox oldu.
Bir ayın
tamamında idi ki,
Sumqayıt Dövlət Universitetinə prorektor təyin
olunmuşdu.
Dostları, yaxınları hələ onu ürəklə təbrik
etməyə macal tapmamış əcəl ürəyinə
hakim kəsildi. Nə edək ki, təyinatının sevincini
onunla bölüşə bilmədik. Yoxluğu isə yaman
sarsıtdı bizi. Artıq bir ilə yaxındır ki,
İbrahim Ömərov aramızda yoxdur. Nə yaxşı ki,
onunla bağlı isti xatirələrimiz ürəyimizə
bir qədər təskinlik verir.
Həmişə tezliklə görüşərik
deyərdi. İndi isə nə vaxtsa
görüşəcəyimiz TANRININ qismətinə qalıb.
Görüşənədək deyirəm.
Ruhun şad olsun, əziz dost!
Sarvan İBRAHİMOV
Azərbaycan müəllimi.-
2015.- 7 mart.- S.9.