Lütfi Zadənin yüksək qiymət
verdiyi Azərbaycan
alimi
"Mənim Dr.Şahnaz
Şahbazova ilə tanışlığım 15 il bundan
öncəki zamana təsadüf edir... Dr.Şahbazova
bacarıqlı tədqiqatçı və istedadlı
araşdırıcıdır.
...Dr. Şahnaz
Şahbazovanın Berklidə olan müddətdə
və Azərbaycanda fəaliyyəti zamanı qüsursuz
işi, ədalətli proqram
rəhbəri olmağına məmnunam". Bu sözləri
qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,
dünyaşöhrətli alim, azərbaycanlı,
həmyerlimiz olmasından hər birimizin böyük qürur duyduğumuz Lütfi Zadə
Azərbaycan Texniki Universitetinin
professoru Şahnaz Nadir qızı Şahbazova
haqqında deyib. Nəzərə
alsaq ki, böyük zəka sahibləri, dünyaca tanınan şəxsiyyətlər
kimə isə qiymət verərkən dilin
lüğət ehtiyatından o qədər
də səxavətlə istifadə etmirlər, deyilən
sözlərdən həmyerlimizə necə böyük
bir dəyər verildiyini
aydın görmək olar.
Amma o da faktdır ki, Lütfi Zadə kimi nəhəng alimlər hər adam haqqında da, lap az da olsa, xoş sözlər demirlər. Bunun üçün gərək ortada sanballı fəaliyyət, böyük elmi uğurlar, alim nüfuzu olsun. Bunlar isə professor Şahnaz Şahbazovada var.
Şahnaz xanım Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Elə o vaxtdan da özünü elmə həsr edib, karyerasını Azərbaycan Texniki Universiteti ilə bağlayıb, buradakı "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında çalışır.
Professor Ş.Şahbazovanın seçdiyi elmi-tədqiqat istiqaməti böyük müəllimi və hamisi Lütfi Zadənin məşhur nəzəriyyəsinin tətbiqi sahəsi ilə bağlıdır.
1979-1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olub. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıb. 1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olub. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib.
1992-1995-ci illərdə baş müəllim vəzifəsində çalışan Ş.Şahbazova "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub. 1995-ci ildə AMEA-nın Kibernetika İnstitutunun ixtisaslaşdırılmış şurasında "Relyasiya tipli verilənlər bazasında dinamikli qeyri-asılılığı təmin edən anomaliyasız emalın əməli-assosiasiv fiziki-modeli" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, bir il sonra isə işlədiyi kafedrada dosent vəzifəsinə seçilib. Tədqiqat işlərini davam etdirən Şahnaz xanım "Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları" mövzusunda doktorluq dissertasiyası işləyib hazırlayıb. Dissertasiya mövzusu üzrə 94 məqaləsi və 1 monoqrafiyası çap olunub.
Şahnaz Şahbazova fəal, daim axtarışlar aparan, necə deyərlər, elmi yeniliyin dalınca Çinə getməyə hazır olan alimlərdəndir. Məhz buna görə də onun sorağı tez-tez tədqiqat apardığı sahə ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən elmi məclislərdən gəlir, müxtəlif qrant proqramlarında iştirak edir. Udduğu qrantlar hesabına xarici ölkələrin nüfuzlu elmi-tədqiqat mərkəzlərində araşdırmalarını davam etdirir, kurslarda, konfranslarda olur, maraqlı məruzələr edir. Təkcə bir neçə faktı qeyd etmək kifayətdir ki, Şahnaz xanımın bu istiqamətdəki zəngin fəaliyyəti barədə təsəvvür yaransın.
Şahnaz Şahbazova 1998-ci ildə Hindistanın Yeni Dehli şəhərində "Proqram təminatı" kursunun qrantını qazanaraq orada yanvarın 5-dən aprelin 5-dək iştirak edib və beynəlxalq standartlı sertifikata layiq görülüb.
1999-cu ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) fondunun təqaüdünü qazanaraq sentyabr ayının 20-dən üç ay müddətində Almaniyanın Zigen Universitetində "Lokal şəbəkələrdə informasiyanın qorunması və mühafizəsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirib. İstedadlı tədqiqatçı sonralar - 2003, 2010-cu illərdə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) müvafiq proqramlarının qalibi kimi hər dəfə üç ay müddətində sözügedən universitetdə tədqiqatlarını davam etdirib. Müxtəlif illərdə dünyanın ayrı-ayrı ölkələrində keçirilən Beynəlxalq Fazi Sistemlər və Soft Computinq konfranslarında fəal iştirak edib.
Şahnaz Şahbazova 2000-ci ilin iyununda UNESCO Beynəlxalq Kadrlar Akademiyasının fəxri texnika elmləri fəlsəfə doktoru adına layiq görülüb. 2002-ci ildə Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib.
Alimin fəaliyyətinin böyük bir hissəsi ABŞ-ın Kaliforniya ştatının Berkli Universiteti ilə bağlıdır. 2007-ci ildə ABŞ-ın Fulbright proqramını qazanaraq Kaliforniya ştatının Berkli Universitetində professor Lütfi Zadənin rəhbərliyi ilə "Xaos mühitli tədris prosesinin öyrədici sistemləri üçün hibrid neyro-qeyrisəlis arxitektura əsasında qərarların qəbul edilməsi alqoritminin tətbiq edilməsi və modelləşdirilməsi sahəsinin tədqiq edilməsi" mövzusunda elmi-tədqiqat işini yerinə yetirib.
Artıq 15 ilə yaxındır ki, dünyaşöhrətli alim Lütfi Zadə ilə çalışan Şahnaz xanım hər il bu böyük alimin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi kimi çıxış edir.
Bu baxımdan, Lütfi Zadə irsinin öyrənilməsində onun xidmətləri xüsusilə böyükdür. İndiyədək bu dahi riyaziyyatçı haqqında yazılan saysız-hesabsız məqalələrin müəllifləri sırasında Şahnaz xanımın da adına tez-tez rast gəlmək mümkündür.
2014-cü ildə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti seçilən Ş.Şahbazova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə keçirilən qrant müsabiqələrində iştirak edir. 2013-cü ildə birgə müsabiqənin "Sosial şəbəkə modelində qeyri-səlis çoxluqlar əsasında çoxmənbəli informasiyaların intellektual birləşməsi problemi" adlı layihənin qalibi olub.
Şahnaz xanım getdiyi ölkələrdə fəal elmi-tədqiqatlar aparmaqla, dərs deməklə Azərbaycan elmini ləyaqətlə təmsil edir, həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşür, onların ehtiyacları ilə maraqlanır. Təbiətən vətənpərvər olan bu istedadlı alimin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Dağlıq Qarabağ dərdimizin uzaq ellərdə duyulmasında da mühüm xidmətləri vardır.
Professor Şahnaz Şahbazova
məhsuldar alimdir. Onun indiyədək müxtəlif
elmi jurnallarda 110 elmi məqaləsi dərc olunub, 1 monoqrafiyası, 8 metodik göstərişi, 3 kitabı
işıq üzü
görüb. Doğma dili
ilə yanaşı rus, türk, ingilis və alman dillərini də yaxşı bilən bu istedadlı
tədqiqatçının həmmüəllifliyi ilə
xarici dillərdə çap olunmuş iki kitabı isə xüsusi qeyd etmək lazımdır. Bunlar
"Soft Computinq: Yaradıcı
nəzəriyyələrin vəziyyəti və yeni əlavələr"
və "Soft Computinq
üzrə yeni istiqamətlər və
son nəticələr" kitablarıdır.
Springer-Verlaq, Berlin Heidelberq
nəşriyyatında 2013-cü ildə çapdan çıxmış birinci
kitabda Soft Computinq üzrə Birinci Ümumdünya Konfransında
iştirak etmiş alimlərin məruzələri
əsasında hazırlanmış
genişləndirilmiş məqalələri
dərc olunmuşdur. Kitabın
digər müəllifləri
professor Ronald R.Yager (ABŞ-ın Nyu-York ştatının İONA kollecinin
direktoru), akademik Əli Abbasov (Azərbaycan Respublikası
rabitə və yüksək texnologiyalar naziri) və professor Marek Z.Reformatdır (Kanada,
Edmonton Universiteti).
Həmin
alimlərlə bərabər
Lütfi Zadənin də müəlliflər
sırasında olduğu
və 2014-cü ildə
Spinger Beynəlxalq İsveçrə nəşriyyatında
çap olunmuş ikinci kitabda isə Soft Computinq üzrə İkinci Ümumdünya Konfransına
dəvət olunmuş
alimlərin seçilən
əhəmiyyətli məruzələr
əsasında hazırlanmış
genişləndirilmiş məqalələri
toplanıb.
Hər iki kitabda informasiya
nəzəriyyəsi, qeyri-müəyyənliklər,
Bayes və ehtimal metodları, faktiki məlumatlar və nəzəriyyənin
imkanları, faydalılıq
nəzəriyyəsi, Fazi
şəbəkə və
Fazi məntiq, yaxınlaşdırılmış fikirlər, qeyri-klassik məntiq, susmaya görə olan fikirlər, dəyişikliklərin əminliyi,
əsaslandırma, biliklərdə
qeyri-müəyyənlik, qrafiki
modellər və s. kimi məsələlər
üzrə məqalələr
yer almışdır.
Kitablardakı məqalələr Soft Computinq sahəsində yeni işləmələr,
əlavələr və
nəticələr olmaqla
aspirantlar və gənc alimlər üçün çox dəyərli vəsaitlərdir.
Şahnaz
xanımın professor Lütfi
Zadə ilə birgə rəhbəri
olduğu "Sosial şəbəkə modelində
qeyri-səlis çoxluqlar
əsasında çoxmənbəli
informasiyaların intellektual
birləşməsi problemi"
adlı layihə də çox maraqlıdır.
2014-2015-ci illərdə reallaşdırılması
nəzərdə tutulan layihənin
məqsədi sosial şəbəkə konsepsiyasının
təqdimatı üçün
qeyri-səlis çoxluqlardan
istifadə etməkdir.
Berkli Kaliforniya
Universitetində çalışdığı
illərdə Şahnaz
Şahbazova böyük
alim Lütfi Zadədən çox şey öyrənib. Öyrəndiklərini
vətənin xidmətinə
vermək, vətən torpağına,
elminə təmənnasız
xidmət etmək, dünya alimlərinin diqqətini Azərbaycana cəlb etmək isə yorulmadan çalışan, elm yolunda
özünü fəda
edən bu vətənpərvər alimin
əsas idealıdır.
Ş.Şahbazova fədakar alim,
nümunəvi pedaqoq olmaqla yanaşı, həm də qayğıkeş anadır.
İki qız övladını da özütək elm fədaisi, vətən təəssübkeşi kimi
yetişdirib, hər birinə mükəmməl
təhsil verib. İxtisasca hüquqşünas
olan böyük qızı Çimnaz
da, kompüter proqramları üzrə mütəxəssis olan kiçik qızı Səbinə də hazırda ABŞ-da təhsillərini davam etdirirlər.
Şahnaz xanım biliklərini və təcrübəsini
hazırda dərs dediyi Azərbaycan Texniki Universitetində tələbələrə həvəslə
öyrədir.
Böyük alim Lütfi Zadənin onun haqqında dediyi "Mən əminəm ki, o Azərbaycana döndüyündə, gələcəkdə
də həm tədrisdə, həm də tədqiqatda çox güclü və aktiv olacaq
və elmin, texnologiyanın inkişafına
gözəl töhfələr
verəcəkdir" qiymətini
öz elmi-pedaqoji fəaliyyəti ilə tam
şəkildə doğruldan
Şahnaz Şahbazovanın
bu günlərdə
60 yaşı tamam olub. Bu münasibətlə
Şahnaz xanımı
təbrik edir, ona möhkəm cansağlığı və
elmi axtarışlarında,
vətən elmini dünyada təmsil etməkdə daha böyük uğurlar arzulayırıq.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2015.- 7 mart.- S.10.