Bakı Dövlət Universiteti
"Mənim universitetim" layihəsinin
budəfəki hədəfi Bakı Dövlət Universitetidir
Bakı Dövlət Universitetini
1919-cu ildə Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti təsis edib və ölkəmizin
ilk ali təhsil ocağıdır. 1930-cu ilin
iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı
ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti
dayandırılıb, onun ayrı-ayrı fakültələrinin
bazası əsasında yeni müstəqil institutlar
yaradılıb. 1934-cü ilin may ayında Azərbaycan
SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət
Universiteti yenidən işə başlayıb. Universitetin
müxtəlif illərdə adı dəyişdirilsə də,
1999-cu ildən etibarən Bakı Dövlət Universiteti kimi fəaliyyətini
davam etdirir. Ali təhsil ocağı fəaliyyət göstərdiyi
dövr ərzində yüz əlli
minə yaxın mütəxəssis, o cümlədən
dünyanın bir çox dövlətləri - Orta Asiya və
Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri
üçün yüzlərlə ixtisaslı kadr
hazırlayıb. Hazırda universitetin humanitar və sosial elmlər,
fundamental və təbiət elmləri sahələrini əhatə
edən 17 fakültəsində bakalavriat səviyyəsində
60 ixtisas, magistratura səviyyəsində 199 ixtisaslaşma,
doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə
yaxın tələbə, magistrant və doktorant təhsil
alır. Təhsil 3 dildə - Azərbaycan,
rus və ingilis dillərində aparılır. Universitetdə
dünyanın bir çox ölkələrindən bakalavriat,
magistratura və doktorantura səviyyələrində 600-ə
yaxın xarici tələbə də təhsil alır.
Universitet tələbələrinin təlim-tərbiyəsi ilə
125 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti məşğul
olur ki, onlardan 32 nəfəri AMEA-nın həqiqi və
müxbir üzvü, təxminən 300-ə qədəri elmlər
doktoru, professor, 1000-ə yaxını fəlsəfə
doktoru, 600-dən çoxu dosentdir.
Elmi işçilər və köməkçi
heyətlə birlikdə bu gün BDU-da 3 mindən çox əməkdaş
çalışır. 2014-cü ildə universitetdən 4000-ə yaxın tələbə
məzun olub. 2014-2015-ci tədris ilində
BDU-ya 4269 bakalavr, 600-ə yaxın magistr qəbul olunub. BDU məzunlarından təxminən 800-ü
2014-cü ildə magistr adını qazanıb. Hazırda BDU-da 1500-dən
çox magistrant, 700-dən çox doktorant və dissertant təhsil
alır. 2014-2015-ci tədris ilində respublika üzrə
cəmi 300 nəfər "Gələcəyin
müəllimi" təqaüdü alır ki, onların da 142-si (47%) BDU-nun tələbəsidir.
Universitetə 1999-cu ildən Milli Məclisin deputatı, akademik,
kimyaçı alim Abel Məhərrəmov rəhbərlik
edir.
Maddi-texniki baza
Son illər ərzində BDU-nun maddi-texniki
bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin
abadlaşdırılması, tədrisin texniki vasitələrlə
təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə
tətbiqi, yeni cihazların alınması sahəsində
müxtəlif işlər görülüb. BDU-nun 4 tədris
korpusu, 2 elmi-tədqiqat institutu, 80-ə yaxın elmi-tədqiqat
və tədris laboratoriyası fəaliyyət göstərir.
Hazırda ali
təhsil ocağının 2 yataqxanası istifadədədir.
Digər yataqxanalar sökülüb və yeni,
müasir yataqxana kompleksinin inşası nəzərdə
tutulur.
Universitetin Quba şəhərində tədris-təcrübə
və istirahət mərkəzi fəaliyyət göstərir.
8 hektar ərazisi olan tədris-təcrübə
və istirahət mərkəzinin həyətində 2 idman
stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi
qazanxana və su anbarı, zövqlə bəzədilmiş
park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə
tutulan tədris və istirahət korpusunda universitetin müəllim
və tələbələri üçün hər cür
şərait yaradılıb. Burada müxtəlif tədbirlərin
keçirilməsi üçün 30 nəfərlik konfrans
zalı, 300 nəfərlik böyük akt zalı,
professor-müəllim heyəti üçün nəzərdə
tutulmuş 2-3 otaqdan ibarət 5 VİP mənzil var. 200 nəfərlik
yeməkxana müəllim-tələbə heyətinə xidmət
edir. Mərkəzdə yaradılmış
elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə
ədəbiyyat toplanıb. Bundan əlavə, tədris-təcrübə
və istirahət
mərkəzində müxtəlif elmi istiqamətlər
üzrə laboratoriyalar, elektron lövhə və digər
müasir avadanlıqlarla təchiz edilmiş tədris auditoriyaları
təşkil olunub.
Qubadan başqa universitetin Altıağac tədris-təcrübə
bazası da var. 1990-cı ildən fəaliyyət göstərən
bazada 2001-ci ildə əsaslı təmir işləri
aparılıb.
BDU-nun tərkibində həmçinin "Gənc
istedadlar" liseyi var. 2007-ci ildən fəaliyyət göstərən
liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək
gənc istedadları üzə çıxarmaq, onların
inkişafına hərtərəfli şərait yaratmaq, gələcək
inkişaflarını düzgün istiqamətləndirmək,
dərin biliyə, həmçinin yüksək mənəvi
keyfiyyətlərə malik gənclər yetişdirməkdən
ibarətdir. Liseydə təlim-tədris bir növbədə, Azərbaycan
və rus dillərində aparılır.
Universitetin ayrıca poliklinikası var. Burada
professor-müəllim heyəti, əməkdaşlar və tələbələrə
22 həkim, 20 tibb bacısı xidmət göstərir.
Gələcək alimlər SABAH
qruplarında
2014-2015-ci tədris ilindən BDU-da savadlı,
bacarıqlı və hazırlıqlı tələbələrdən
ibarət SABAH qrupları fəaliyyət göstərməyə
başlayıb. BDU-da 12 ixtisası əhatə edən
SABAH qruplarında 249 tələbə təhsil alır.
Fizika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi,
kimya, hüquqşünaslıq, beynəlxalq münasibətlər,
kompüter elmləri, geologiya, coğrafiya, coğrafiya müəllimliyi,
tarix və tarix müəllimliyi ixtisasları üzrə
xüsusi tərtib olunmuş tədris planları əsasında
təhsil alan tələbələr
müasir avadanlıqlarla təchiz olunmuş auditoriya və
laboratoriyalarda dərs keçirlər. Eyni
zamanda kimya və beynəlxalq münasibətlər və
iqtisadiyyat fakültələrində SABAH qrupunun ingilis
bölməsi də fəaliyyət göstərir. SABAH qruplarının koordinasiyasını təmin
etmək məqsədi ilə universitetdə SABAH Mərkəzi
yaradılıb. Mərkəz tərəfindən Azərbaycan
gənclərinə yeni imkanların yaradılması,
onların fərdi və peşəkar inkişafına dəstək
vermək məqsədilə tələbələr
üçün mütəmadi olaraq konfranslar, görüşlər,
yerli və əcnəbi müəllimlərin mühazirələri
təşkil olunur, əmək bazarı ilə daimi
bağlılıq yaradılması üçün biznes
nümayəndələrinin iştirakı ilə "dəyirmi
masa"lar keçirilir.
İmtahan
sessiyasının təşkili
Bakı
Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində
(əyani və qiyabi şöbələr üzrə)
imtahanlar, bir qayda olaraq, yazılı formada həyata
keçirilir, zərurət yarandığı hallarda
rektorluğun qərarı əsasında bəzi fənlər
üzrə şifahi-dialoq və ya test üsulu ilə
aparılır. Sessiyanın gedişi zamanı
imtahanların nəticəsindən yarana biləcək
narazılıqların mövcud qaydada
araşdırılması və həll edilməsi məqsədi
ilə Qərargah və Qərargahın nəzdində
universitet üzrə "Qaynar xətt" yaradılır.
Bu məqsədlə universitetin əsas
binasında və tədris korpuslarında şikayət, təklif
və məlumatlar üçün hər gün mövcud
qaydada möhürlənməklə xüsusi qutular
asılır. Qərargahın sədri
sessiya müddətində imtahanların gedişi ilə əlaqədar
ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"
xidmətinə daxil olmuş şikayətlərin
araşdırılmasını təmin edir və bu barədə
tədbir görülməsi məqsədilə müvafiq təkliflər
verir. İmtahanların nəticələri
barədə şikayətlərə baxmaq və aşkar
edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə
Qərargahın nəzdində təbiət və humanitar
fakültələr üzrə apelyasiya komissiyaları
yaradılır.
Kitabxana
Universitetdə ümumi kitab fondu 3 milyon nüsxəyə
yaxın Elmi kitabxana var. 4 korpusun hər birində
kitabxananın filialları fəaliyyət göstərir. 5
abonement, 14 oxu zalı, 30 kabinet kitabxanası olan Elmi Kitabxana
dünyanın 15 ölkəsinin 30 universiteti ilə kitab,
jurnal və qəzet mübadiləsi aparır. Elmi-tədqiqat
laboratoriyasının köməyi ilə respublikamızda ilk
dəfə olaraq kitabxananın kompüterləşdirilməsi
işinə başlanıb, elektron kataloq yaradılıb.
Kitab, jurnal və qəzet fondunun böyük
hissəsi elektron kataloqa salınıb.
Elmi-tədqiqat
Bakı Dövlət Universitetində 2014-cü ildə
81 istiqamətdə 156 problem və 200-ə qədər
mövzu üzrə 1000-dən çox elmi-tədqiqat işi
aparılıb. İl ərzində 130-a qədər kitab
və monoqrafiya, 200-dən çox dərslik və dərs vəsaitləri,
2600 elmi məqalə və 1400-ə qədər konfrans
materialı, tezisi çap olunub.
Professor-müəllim heyətinin maddi-rifah halının
yüksəldilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir. BDU Elmi
Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların
əməkhaqlarının artırılması ilə
bağlı qərar qəbul edib. Qərara
əsasən, BDU-da inzibati idarəetmədə
çalışan rəhbər heyətin, dekan, dekan
müavinləri, kafedra müdirləri, professor və dosentlər,
baş müəllim və müəllimlər, o cümlədən
digər əməkdaşların əməkhaqları
artırılıb. Hazırda dekanların
əməkhaqları 1400, kafedra müdirlərinin 1200,
professorların 1000, dosentlərin isə 830 manat civarında
müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək
əməkdaşına şamil edilib. Bundan əlavə,
Bakı Dövlət Universitetində fəaliyyətlərinə,
peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə
görə fərqlənmiş bir qrup əməkdaşın
da əməkhaqqı
diferensasiya yolu ilə müəyyən qədər
artırılıb.
Gənc Alimlər Şurası gənc alim və tədqiqatçıların
elmi-tədqiqat işlərinin təşkili sahəsində
BDU-nun ayrı-ayrı fakültə və elmi
qurumlarının fəaliyyətini koordinasiya edir, onların
respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar,
qurultay, forum, sərgi və digər tədbirlərdə
iştirakına şərait yaradır. AMEA-nın ayrı-ayrı
institutları, həmçinin digər ali
təhsil müəssisələri və elmi təşkilatlarda
fəaliyyət göstərən gənc alimlər
şuraları ilə əlaqə yaradır, birgə tədbirlər
keçirir. BDU-da respublikanın və xarici
ölkələrin elm və tədris müəssisələrində
elmi tədqiqat və innovasiya fəaliyyəti üzrə
müsbət təcrübələri öyrənir, təhlil
edir, ümumiləşdirərək yayılmasını, tətbiqini
reallaşdırır.
Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra BDU-da təhsildə
yüksək göstəricilər əldə etmiş və
ictimai işlərdə fərqlənən tələbələr
üçün adlı təqaüdlər - Heydər
Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya
Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla
Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa
Əliyev, Mirəli Qaşqay, Nizami Gəncəvi, Mir Cəlal
Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən
Əliyev, Zeynalabdin Tağıyev, Məmməd Xələfov,
Məmmədəmin Rəsulzadə, Murtuz Ələsgərov və b.
adına adlı və xüsusi təqaüdlər təsis
olunub.
Universitetin institut və mərkəzləri
Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu 1991-ci ildə
yaradılıb. İnstitutun əsas tədqiqat obyekti
"dinamik proseslər, idarəetmə və iqtisadi sistemlərin
riyazi modelləşdirilməsi, aktual nəzəri, tətbiqi
məsələlərin həlli və informasiya
resurslarının hazırlanması" problemidir. İnstitutun əməkdaşları İngiltərənin
"Gordon and Breach" nəşriyyatında "Optimization
of Linear Control Systems Analytical Methods and Computational Algorithms"
adlı monoqrafiyanı nəşr etdiriblər. İnstitutda 2002-ci ildən başlayaraq ildə iki
buraxılış olmaqla "Applied and Computational
Mathematics" adlı beynəlxalq elmi jurnal nəşr olunur.
Dünyanın 12 ölkəsindən görkəmli
riyaziyyatçı alimlər həmin jurnalın redaksiya heyətinə
daxildirlər. İnstitutda bir çox layihələr
həyata keçirilir. Xarici universitetlərlə
elmi əlaqələr genişlənməkdə və
möhkəmlənməkdədir.
Fizika
Problemləri Elmi-Tədqiqat İnstitutu 2005-ci ildə BDU-nin
fizika fakültəsindəki "Yarımkeçiricilər
fizikası", "Kvant kimyası", "Amorf təbəqələr
fizikası", "Bərk cisim elektronikası",
"Makromolekul məhlullarının fiziki-kimyası",
"Molekulyar biofizika", "Yüksək enerjilər
fizikası", "Maye kristallar", "Günəşin
Fraunhofer spektri" və "Ozon generatorları" elmi-tədqiqat laboratoriyalarının bazasında
yaradılıb. Burada BDU-nun kafedralarının
müəllimləri, tələbə və magistrləri,
aspirant və dissertantları elmi-tədqiqat işləri
aparır, ayrı-ayrı sahələr üzrə təcrübə
keçirlər. İnstitutda "Elektronika
üçün perspektivli olan material və strukturların
alınması və tədqiqi", "Bioloji proseslərin
molekulyar təşkilinin fiziki əsasları",
"Yüksək enerjilər fizikası", "Bioloji
sistemlərin təşkilinin fiziki-kimyəvi əsasları"
istiqamətləri üzrə tədqiqatlar aparılır və
bu mövzular ətrafında mütəmadi olaraq seminarlar
keçirilir. Əməkdaşların əldə etdikləri
nəticələr mötəbər elmi jurnallarda çap
olunub, ABŞ, Fransa, İtaliya, Türkiyə, Rusiya, İran,
Pakistan və s. kimi ölkələrdə keçirilmiş
beynəlxalq konfrans, simpozium və seminarlarda dəfələrlə
məruzə edilib. İnstitutun
İngiltərənin İmperial Kolleci və Durham Universiteti,
Almaniyanın Boxum, Regensburq, Vuppertal, Kayzerslautern universitetləri,
Fransanın Ecole Polytechnique Məktəbi və Nüvə Tədqiqatları
İnstitutu, Moskva Dövlət Universitetinin "Molekulyar
biologiya və bioüzvi kimya" kafedrası, Rusiya EA-nın
Yüksək Enerjilər Fizikası İnstitutu, Türkiyənin
İstanbul və Erciyez universitetləri, İran İslam
Respublikasının "Riyaziyyat və Fizika" İnstitutu,
Sankt-Peterburq Fizika Texniki İnstitutu, AMEA-nın Fizika və
Radiasiya Problemləri İnstitutları ilə elmi əməkdaşlıq
əlaqələri var.
Yunus Əmrə İnstitutu 2012-ci ildə
yaradılıb. Təhsil və tədris fəaliyyətləri
ilə yanaşı, elmi tədqiqat və tətbiqlərini
icra etməkdədir. İnstitut türk mədəniyyətinin,
tarixinin, dilinin və ədəbiyyatının daha
yaxşı təbliği və öyrədilməsi məqsədi
ilə tədqiqatlar aparmaq, fərqli təşkilatlarla əməkdaşlıq
edərək elmi işləri dəstəkləmək və əldə
edilən nəticələri müxtəlif qəzet və
jurnallar vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədinə
nail olmaq üçün müxtəlif fəaliyyətlərə
imza atır. Yunus Əmrə İnstitutu habelə
türk dili, tarixi, mədəniyyəti və musiqisi sahəsində
bacarıqlı alim və tədqiqatçıların
yetişməsinə kömək etməyi, sertifikat
proqramları ilə təhsil və tədris işlərini
reallaşdırmağı əsas hədəf kimi
götürür. Həmçinin hər il
başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə
Respublikasının Xaricdə Yaşayan Türklər və
Türkdilli Birliklər Nazirliyi ilə birlikdə Türk dili
Yay Məktəbləri çərçivəsində Azərbaycandan
Türkiyəyə tələbə göndərir. Bu layihə çərçivəsində tələbələr
Türkiyədə davamlı olaraq türk dili kurslarına
qatılmaq imkanı əldə edir və Türkiyənin
müxtəlif bölgələrində təşkil edilən
mədəniyyət gəzintilərində iştirak edirlər.
Proqram ödənişsizdir, proqrama qatılan tələbələrə
250 dollar təqaüd verilir.
Konfutsi İnstitutu 2011-ci ilin aprel ayında Bakı
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin əsasında yaradılan - Azərbaycan-Çin
Təhsil və Araşdırma Mərkəzidir. İnstitutun
yaradılmasının təşəbbüsçüsü Çin hökuməti nəzdində Çin dilinin
yayılması üzrə dəftərxana nümayəndələri
olub. İş partnyoru isə BDU ilə möhkəm iş əlaqəsi
olan ÇXR-in ən tanınmış universitetlərindən
biri Anxoy Universitetidir. Artıq iki universitet arasında "Təhsil
əməkdaşlığı
haqqında memorandum" və
"BDU ilə Anxoy Universiteti arasında BDU nəzdində
Konfutsi İnstitutunun
yaradılması haqqında saziş " imzalanıb. Dördüncü ildir ki, fəaliyyət göstərən
Mərkəzin hazırda müxtəlif elm və təhsil
müəssisələrində 8 filialı
açılıb.
Nanoaraşdırmalar mərkəzi. 2004-cü ildə
Bakı Dövlət Universiteti ilə o zaman bu sahə üzrə
dünyanın qabaqcıl elmi mərkəzlərindən hesab
edilən Rumıniyanın bir neçə universiteti
arasında nanotexnologiya üzrə əməkdaşlıq
haqqında müqavilələr imzalanıb. 2005-ci ildə
"Nanoaraşdırmalar mərkəzi" yaradılıb,
bir il sonra- 2006-cı ildə isə bu istiqamətdə təhsili
təşkil etmək məqsədi ilə
"Nanomaterialların kimyəvi fizikası" kafedrası
açılıb və bir sıra istiqamətlərdə
uğurlu tədqiqat işləri aparılmağa
başlanılıb. Universitetdə nanotexnologiya
istiqamətində elmi tədqiqat işlərini inkişaf
etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi
və beynəlxalq qrant layihələri hesabına müasir
avadanlıqlar və cihazlar alınıb. Belə ki, son illərdə Furye
spektrometri, tədris üçün atom qüvvət
mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq
üçün İNTECRA PRİMA atom qüvvət mikroskopu,
spektroflüorimetr, nüvə maqnit rezonansı, xromatoqraf, kütlə spektrometri,
ultrabənövşəyi spektroskop, atom adsorbsiya analizatoru,
rentgen difraktometri, skanedici elektron mikroskopu, istilik fiziki
spektroskopiya avadanlıqları alınıb. Universitetdə
nanotexnologiya istiqamətində aparılan tətbiqi xarakterli
fundamental elmi tədqiqat işləri dünyanın və
ölkəmizin bir sıra istehsal müəssisələrində
sınaqdan çıxarılaraq uğurla tətbiq edilir.
Yüksək Texnologiyalar Mərkəzi 2014-cü ildə
BDU Elmi Şurasının qərarı əsasında
yaradılıb. Eyni zamanda Azərbaycandan kənarda yaşayan elm
adamlarını bir araya gətirmək, onları Azərbaycana
tanıtmaq və bu elm adamları vasitəsi ilə Azərbaycan
həqiqətlərini və Azərbaycan elmini dünyaya
çatdırmaq məqsədi ilə BDU-da virtual Beynəlxalq
Elmi Araşdırma Mərkəzi yaradılıb və
artıq müxtəlif xarici ölkələrdə yaşayan
7 elm adamı bu mərkəzdə virtual olaraq işə qəbul
edilib.
Universitetdə
kompüter texnologiyasının tətbiqi sahəsində
böyük işlər görülüb, ayrıca İnformasiya Texnologiyaları
Mərkəzi (İTM)
yaradılıb. Bu gün 20 elmi-tədris sinfini,
4 imtahan zalını özündə birləşdirən
İTM ən müasir kompüter avadanlıqları və
proqram vasitələri ilə təchiz olunub. Hər bir fakültənin kompüter sinfində lokal
şəbəkə yaradılıb və həmin
kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi
vasitəsilə internetə çıxışı təmin
olunub. Universitetin lokal şəbəkəsi
özündə 1200-dən çox kompüteri birləşdirərək,
onların hər birini sürətli internet xətti ilə təmin
edir.
Mərkəzin əsas məqsədlərindən biri də
Azərbaycan təhsilinə Bolonya Bəyannaməsinin prinsiplərinin
tətbiqində professional köməkliyin göstərilməsi,
habelə informasiya texnologiyalarının istifadəsi ilə tədris
prosesinin və təhsilin idarəedilməsi üçün
virtual universitetin və e-kontentin yaradılmasıdır. Hazırda mərkəzdə
tyutor hazırlığı və multimedia vəsaitlərinin
yaradılması üzrə ixtisaslaşmış kadrlar fəaliyyət
göstərir. 2008-ci ildən etibarən
kurslarda Azərbaycanın digər təhsil ocaqlarını da
əhatə etməklə 221 tyutor hazırlanıb.
Ali təhsilin
bakalavriat və magistratura səviyyələri üzrə tədris
prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil
keçirilməsinə, ayrı-ayrı fənlər üzrə
kreditlərin yerinə yetirilməsinə, distant təhsilin tətbiqinin
genişləndirilməsinə və tədrisin keyfiyyətinin
yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi
məqsədilə 2010-cu ildə BDU Elmi Şurasının qərarı
əsasında Tədris Elektron Mərkəzi yaradılıb.
Karyera Mərkəzi Bakı Dövlət Universiteti tələbələrinin
gələcək karyera qurmalarında yardımçı
olmaq məqsədi ilə yaradılıb. Ölkəmizdə
fəaliyyət göstərən dövlət və özəl
müəssisələrin universitetlə sıx əməkdaşlığı
bu işin reallaşmasına müsbət təsir edir. Belə ki, həmin müəssisələrin məsul
əməkdaşları mütəmadi olaraq universitetdə tədbirlər
təşkil edir, müxtəlif ixtisaslara uyğun vakansiyalar
barədə məlumatlar verirlər. "Karyera Planlama Mərkəzi"
bölməsində Bakı Dövlət Universitetində
təşkil olunan bütün bu tədbirlər və iş
elanları barədə ətraflı informasiyalar əksini
tapır. Bu imkanlardan yararlanmaq istəyən müəssisələr
BDU-da iş təklifləri ilə bağlı tədbirlər
təşkil edə bilir və ixtisaslarına uyğun işlə
təmin olunmaq istəyən tələbələrimiz bu xidmətdən
faydalanırlar.
Koreya Mərkəzi.
Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi
2008-ci ilin dekabrın 17-də Koreya dövlətinin birbaşa
dəstəyi ilə xarici və daxili rəqəmsal sistemləri
hərtərəfli təmin etmək məqsədilə
yaranan KADO-nun (Korean Agency for Digital Opportunities and Promotion)
yardımı ilə açılıb. 2012-ci ilin may ayında Koreya Milli
İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha
Hongun Bakı Dövlət Universitetinə səfəri zamanı
Mərkəzin yenilənməsinə dair müqavilə
imzalanıb. Yenilənmə işlərinə mərkəzin
kompüter sisteminin əvəzlənməsi, videokonfrans və
virtual universitetin yaradılması daxil edilib. Azərbaycan-Koreya
İnformasiya Təminatı Mərkəzinin yenilənmə
prosesindən sonra açılışı 2012-ci ilin avqust ayında keçirilib.
Azərbaycan-Koreya
İnformasiya Təminatı Mərkəzində Seminar-room,
İT training laboratory və internet lounge fəaliyyət
göstərir. İT Training Laboratory 90 ədəd
kompüter və iki genişekranlı proyektor ilə təchiz
olunub. İnternet lounge room isə öz növbəsində
tələbələrin və tədqiqatla məşğul
olan şəxslərin internet vasitəsilə lazımi məlumatları
əldə etmələri məqsədinə xidmət edir. Mərkəz KADO-nun birbaşa dəstəyi ilə fəaliyyət
göstərir.
Rus Mərkəzi "Rus dünyası"
Fondu tərəfindən dünyanın aparıcı beynəlxalq
təhsil və tədris strukturları ilə birgə yerinə
yetirilən beynəlxalq mədəniyyət layihəsidir. "Rus
dünyası" Fondu tərəfindən BDU-da
açılan Rus Mərkəzinin məqsədi rus dili və
mədəniyyətini təbliğ etmək, xaricdə rus
dilinin tədris olunması proqramlarını dəstəkləmək,
mədəniyyətlərarası dialoqun inkişafı və
xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi
istiqamətində müxtəlif fəaliyyətlərə
imza atmaqdır.
Abay Mərkəzi. 2011-ci ilin may ayında qazax şairi,
yazıçısı, ictimai xadimi, müasir qazax
yazılı ədəbiyyatının banisi Abay Kunanbayev
adına Qazax Mərkəzi fəaliyyətə
başlayıb. Azərbaycan və qazax
xalqları arasındakı mədəni əlaqələri
daha da inkişaf etdirmək məqsədilə
yaradılıb. Mərkəzin məqsədi Azərbaycan
və Qazaxıstan arasında mədəni və sosial əməkdaşlığın
inkişafına yardım göstərmək,
Qazaxıstanın mədəniyyəti, tarixi ilə tanış olmaq istəyənləri lazımi
materiallarla təmin etməkdir. Mərkəzin əsas
fəaliyyət sahəsinə mədəni və sosial tədbirlərin
keçirilməsi daxildir.
Muzeylər
Heydər Əliyev muzeyi 1997-ci ildə ulu öndərin
şəxsi razılığı ilə yaradılıb və
fəaliyyətə başlayıb. Muzeydə BDU-nun
dünya şöhrətli məzunu və fəxri doktoru olan
böyük şəxsiyyətin həyatının müxtəlif
dövrlərini əks etdirən fakt və sənədlər
saxlanılır.
Universitetin tarixi muzeyi özü ilə
yaşıddır. Təxminən 1920-ci ildə fəaliyyətə
başlayan muzeydə görkəmli ictimai-siyasi xadimlər,
alimlər haqqında sənədlər və fotomateriallar
saxlanılır. 2010-cu ildə Azərbaycanın ilk ali təhsil ocağının tarixini hərtərəfli
tərənnüm etmək məqsədi ilə muzeydə
yenilənmə işlərinə başlanılıb və o
daha da zənginləşdirilib. Muzeydə 17
fakültənin hər birinə ayrıca sahə
ayrılıb.
Faydalı qazıntılar muzeyi Geologiya fakültəsi
yarandığı gündən etibarən akademik Mirəli
Seyidəli oğlu Qaşqayın və professor Əziz Həmzə
oğlu Əsgərovun təşəbbüsləri ilə
yaradılıb. İlk dövrlərdə 500-ə
yaxın eksponatı olan muzeyin hazırda eksponatlarının
sayı 6000-i keçib.
Tələbələrin geologiya və geologiya mühəndisliyi
ixtisaslarına dərindən yiyələnmələri
üçün bu muzeydə mineralogiya, kristalloqrafiya,
petroqrafiya, faydalı qazıntılar və digər fənlər
üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər
və ekspozisiyalar təşkil edilir.
Həmin
ekspozisiyalar ölkənin Göygöl, Qazax, Daşkəsən,
Gədəbəy, Kəlbəcər, Şəmkir filiz
rayonlarını təmsil edir, xüsusilə Naxçıvan
Muxtar Respublikasının ərazisində olan faydalı
qazıntı yataqlarından götürülmüş
nümunələr öz əksini tapır.
Təkamül təlimi muzeyi Zaqafqaziyada ilk və yeganə,
keçmiş Sovetlər birliyində isə bu sahədə
mövcud olan bir neçə muzeydən biridir. Bu muzey ali
məktəblərdə "Təkamül təlimi" fənninin
zəngin əyani vasitələr əsasında tədrisinə
xidmət edir.
Muzeydə
mövcud olan üzvi aləmin əcdad ağacı sxemi
filogenezin iki istiqamətdə - bir tərəfdən
birhüceyrəlilərdən ali
çiçəkli bitkilərə, digər tərəfdən
isə məməlilərə qədər necə baş
verdiyini hərtərəfli dərk etməyə imkan verir.
M.Hüseynov
adına Arxeologiya və etnoqrafiya muzeyi
1976-cı ildə tələbələrin arxeologiya və
etnoqrafiya sahəsində dünyagörüşünü
genişləndirmək məqsədilə yaradılıb. Muzeydə Azərbaycanın bütün tarixi
inkişaf mərhələləri maddi mədəniyyət
nümunələri əsasında öz əksini tapıb.
Muzey 2 hissədən ibarətdir: arxeologiya bölməsi və
etnoqrafiya bölməsi.
Velosiped idman muzeyi Bakı Dövlət Universitetində
40 ilə yaxındır ki, fəaliyyət göstərir. Muzey velosiped
tarixinə aid olan materiallar və velosipedlə bağlı
hadisələrlə zəngindir. Muzeydə
Leonardo da Vinçinin ilk modelindən ən son unikal və
bahalı modellərə qədər velosipedlər təqdim
edilib. Eyni zamanda muzeydə velosiped
idmanı ilə məşğul olan məşhur
insanların fotolarından ibarət stend də
hazırlanıb. Burda Napoleon Bonapart, Lev Tolstoy, Mark Tven,
Emil Zola, Ernest Heminquey, Konstantin Tsiolkovski və sair adlara rast gəlmək
olar. Muzeydə dünyanın böyük velosipedçiləri
olan Tomas Simpson, Bernard Hinault, Viktor Suhoruçenkov, Fausto Koppi,
Fred Rommelberg, Francesco Moser, Rick Van Loi, Federico Martin Bamontes,
Bernard Renaud, Eddie Merkes və sair haqqında geniş məlumat
əldə etmək olar.
Beynəlxalq əlaqələr
Bakı Dövlət Universiteti dünyanın 70-dən
çox ölkəsinin 300-dən artıq universiteti və
elmi müəssisələri ilə əməkdaşlıq
edir. 1991-ci
ildən Avrasiya, 1996-cı ildən Xəzəryanı Ölkələr,
1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən
Avropa, 2010-cu ildən Qafqaz Universitetləri
assosiasiyalarının üzvüdür. Artıq
dördüncü ildir ki, BDU "QS World University Rankings"
reytinqinə görə dünyanın 20 min universiteti
arasında 700 top universitetinin, həmçinin Beynəlxalq
Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən
dünyanın 2000 ən yaxşı universitetinin
siyahısına daxil edilib. Ötən il
BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet
arasında aparılan sorğuya əsasən 40-cı pillədə
qərarlaşıb. Reytinq siyahısına Azərbaycan
universitetlərindən yalnız BDU düşüb.
"QS"
təşkilatı 2014-cü il dekabrın
17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinq cədvəlində universitet 39.4 balla
Çexiyanın Palacky-Olomous Universiteti ilə 72-73-cü yerləri
bölüşdürüb.
BDU Avropa
Birliyinin layihələri - TEMPUS-TASİS, ERASMUS MUNDUS, Erasmus+,
türkdilli ölkələri əhatə edən
"Mövlanə" Mübadilə Proqramı və
DAAD-ın proqramlarında, Koreya, Yaponiya Fondlarının,
Konfutsiya İnstitutunun layihələrində iştirak edir, tələbə-müəllim
mübadiləsi aparır.
Son illər Bakı Dövlət Universitetinin alimləri
tərəfindən elm və təhsil sahəsində
ümumi dəyəri 5-6 milyon ABŞ dolları olan 80-dən
çox layihə həyata keçirilir. Universitet alimlərinin
apardığı bu işlər dünyanın bir sıra
qabaqcıl universitetləri ilə bərabər yerinə
yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək
qəbul edilir. Bunların
50-dən çoxu Avropa Birliyi,
Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq
Nəzəri Fizika Elmi Mərkəzi, Amerika
Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli
Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən
maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir.
Elmi layihələr daha çox fundamental elmlər
sahəsində, əsasən kimya, biologiya, fizika və
riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən
həyata keçirilir. Layihələr
sırasında nonotexnologiya sahəsindəki layihələr də
xüsusi yer tutur. Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində
ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri
yerinə yetirilib. Bu layihələr çərçivəsində
universitetə ən müasir cihazlar və avadanlıqlar
alınıb. Universitet alimlərinin
nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi
Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən
artıq məqalə isə digər elmi jurnallarda dərc
edilib. Azərbaycan alimlərinin
apardığı tədqiqatların nəticələri
dünyanın inkişaf etmiş ölkələrində
keçirilən bir sıra beynəlxalq konfranslarda,
simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində
nəşr edilib.
Bakı Dövlət Universiteti bu ilin
başlanğıcında da yeni beynəlxalq layihələrin
qalibi olub.
Avropa Birliyinin TEMPUS layihəsi çərşivəsində
BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə
birlikdə qalib
olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni ilin başlanğıcında biologiya fakültəsində
4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da
ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.
Son illər
universitet elminin və əldə edilən uğurların
nümayişi və beynəlxalq aləmdə təbliği
sahəsində "XXI əsr: ümidlər,
çağırışlar" devizi altında keçirilən
Beynəlxalq Humanitar Forumların da böyük əhəmiyyəti
olub. Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü
ilə keçirilən 4 Bakı Beynəlxalq Humanitar Forumunun
hər birinin bir "dəyirmi masa"sı Bakı Dövlət
Universitetində təşkil edilib.
Tələbələrin iş təcrübəsi
BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi,
elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi,
birgə elmi tədqiqatların aparılması məqsədi
ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və
institutları arasında əlaqələr gücləndirilib
və birlikdə tədbirlər həyata keçirilib. Elm-təhsil-istehsalat
əlaqələrinin qurulması istiqamətində bir
sıra istehsalat birlikləri-Müdafiə Sənayesi Nazirliyi,
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti,
Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, "BP" və
digər şirkətlərlə əməkdaşlıq əlaqələri
qurulub.
Son illər Bakı Dövlət Universitetində tələbələrin
nəzəri biliklərlə yanaşı,
dünyagörüşlərini zənginləşdirmək,
auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə
möhkəmləndirmək üçün çöl-tədris
təcrübələri imkanları da genişləndirilir. BDU-nun tələbələri
hər il tədris planına və tədris
qrafikinə uyğun olaraq tədris və istehsalat təcrübələrində
iştirak edirlər.
İstehsalat təcrübələri də müqavilə
əsasında müəyyən edilmiş baza müəssisələrində
aparılır. İstehsalat təcrübələrində
hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər,
biologiya, kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və
kibernetika, kitabxanaçılıq-informasiya, coğrafiya,
geologiya və b. fakültələrin tələbələri
iştirak edirlər. Biologiya fakültəsinin
tələbələri Coca-Cola şirkətində, ekologiya və
torpaqşünaslıq fakültəsinin tələbələri
Azərbaycan Dövlət Neft Şirkətinin elmi-tədqiqat
laboratoriyalarında istehsalat təcrübəsi keçirlər.
Mexanika ixtisası üzrə təhsil alanlar üçün
təcrübələr BAKMİL Birgə müəssisəsində,
kimya fakültəsinin tələbələri
üçün Dərman Preparatları Zavodunda, Neft və
Yanacaq İstehsalat Birliyində və Neftayırma zavodunda
keçirilir. Biologiya və coğrafiya
fakültələrinin tələbələri isə
Altıağac və Quba Tədris-təcrübə və
İstirahət mərkəzlərində təşkil olunan
istehsalat təcrübəsində iştirak edirlər.
Universitetdə dərnəklər
Universitetlə yaşıd olan qurumlardan biri də onun
klubudur. Müxtəlif formalarda fəaliyyət göstərən
klub 1966-cı ildə universitetin əsas binası istifadəyə
verildikdən sonra tam formalaşmış şəkildə, bədii
özfəaliyyət ansamblı kimi işini davam etdirib. Klubda qızlardan və oğlanlardan ibarət
instrumental və rəqs ansamblı, xor kollektivi, "Break
dance" qrupu və dram dərnəyi fəaliyyət göstərir. Hər yeni tədris ilində klub əməkdaşları
birinci kursa daxil olan xüsusi istedadlı tələbələrin
özfəaliyyətə cəlb olunması istiqamətində
iş aparırlar. Klub həmçinin BDU-nun akt zallarının və konfrans
otaqlarının texniki təchizat
işlərini həyata keçirir, universitetin, o
cümlədən Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının təşkilatçılığı
ilə keçirilən bütün əlamətdar tədbirlərdə,
Gənclər və İdman Nazirliyinin "Tələbə
baharı" və digər festivallarında, milli bayramlarda,
xarici ölkələrdə keçirilən tədbirlərdə
iştirak edir.
Rəqs ansamblı oğlanlardan və qızlardan ibarət
25 nəfərlik qrupla "Səda" adı altında fəaliyyət
göstərir. "Səda" rəqs ansamblı
universitet və respublika əhəmiyyətli tədbirlərlə
yanaşı, dəfələrlə qastrol səfərlərində
olub, o cümlədən Türkiyə Respublikasında
festivallara qatılaraq diplom və müxtəlif mükafatlara
layiq görülüblər.
Tələbə Həmkarlar Təşkilatı
Bakı Dövlət Universitetində bir neçə tələbə
təşkilatı fəaliyyət göstərir. Universitetin
ictimai həyatında yaxından iştirak edən bu təşkilatlar
arasında Tələbə Həmkarlar İttifaqı Komitəsi
(THİK) öz uğurlu fəaliyyəti ilə diqqəti cəlb
edir.
BDU THİK-i ötən dövr ərzində dövlət
gənclər siyasətinin əsas prinsiplərinin
reallaşması istiqamətində kompleks tədbirlər həyata
keçirib və bu gün də fəaliyyətini qeyd olunan
istiqamətdə uğurla, məhsuldar formada davam etdirir.
BDU
THİK-in və idman kafedrasının birgə təşkilatçılığı
ilə start götürən "Fakültələrarası
futbol çempionatı" keçirilir.
BDU
THİK-nin tələbələrin asudə vaxtlarının
səmərəli təşkili yönündə həyata
keçirdiyi "Şənbə filmləri" layihəsi də var ki, hər
həftənin şənbə günü ölkə kinoteatrlarında
olan yeni filmlər universitetin zallarında tələbələrə
pulsuz nümayiş etdirilir. Bundan əlavə, əlamətdar
günlərdə universitetdə müxtəlif əyləncəli
gecələr (Party) də təşkil edilir. Bu tədbirlər tələbələrin daha da
sosiallaşmasına xidmət edir. BDU THİK-nin milli-mənəvi
dəyərlərin qorunması, adət-ənənələrin
yaşadılması istiqamətində həyata keçirdiyi
tədbirlərdən ən yaddaqalan "Novruz süfrəsi"
milli müsabiqəsidir ki, bu müsabiqədə həm tələbələr
milli ənənələri nümayiş etdirir, həm də
qabiliyyətlərini sərgiləyərək birincilik
uğrunda mübarizə aparırlar.
THİK-in
nəzdində fəaliyyət göstərən "Mənim
Klubum" adlı intellektual klubun mütəmadi olaraq təşkil
etdiyi intellektual oyunlar savadlı, bilikli, zəngin
dünyagörüşünə malik tələbələrin
müəyyənləşdirilməsi, onların
mükafatlandırılması və beləliklə, tələbələrin
elmə, təhsilə marağının
artırılması məqsədi daşıyır. THİK tələbələrin sosial
durumunun yaxşılaşdırılması, onlara istər
maddi, istərsə də mənəvi dəstəyin göstərilməsi
sahəsində də inamla iş aparır.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.-
14 mart.- S.4-5.