Şirməmməd Hüseynovun Bəxtiyar
Vahabzadə ilə bağlı xatirələri
"Mənim
rejimə qarşı yazdığım bir sıra əsərlərin,
o cümlədən "Bağışlayın, səhv
olub", "Mərziyə", "Ləyaqət",
"Dan yeri" və s.-in yazılmasının səbəbkarı
Şirməmməd müəllim olub. Daha doğrusu, mövzunu
o seçib".
Bəxtiyar Vahabzadə,
"İstiqlal" kitabı, 1999-cu il
Bu dəfə rubrikamızda Azərbaycanın
xalq şairi Bəxtiyar Vahabzadə ömrünün gizli səhifələrindən
söz açılacaq. Yaxın dostu, Bakı Dövlət
Universitetinin professoru, "Şərəf" ordenli Şirməmməd
Hüseynov böyük şairin keşməkeşli həyatı
ilə bağlı maraqlı xatirələrini bizimlə
bölüşəcək.
- Bəxtiyar müəllimlə tanışlığınız nə vaxta təsadüf edir?
- Mən Bəxtiyarla 1945-ci ildə tanış olmuşam, Bakıya oxumağa gələndə. Hər ikimiz Şəkidən olsaq da orada tanışlığımız olmayıb. Universitetə Bəxtiyar məndən 3 il qabaq daxil olmuşdu. Jurnalistika ixtisası da filologiya fakültəsinin nəzdində idi. O zaman fakültədə "Ədəbiyyat" dərnəyi var idi. Bir dəfə dərnək üzvləri getdik Yazıçılar İttifaqına. Hərə yazdığı bir şeiri oxudu, elə Bəxtiyar da. Səməd Vurğun onu saxladı, dedi, o şeiri bir də oxu. Oxudu. Dedi, ay arıq bala (çox arıq idi) yaxşı yazmısan. Bəxtiyarı o zamandan tanıdım.
- Hər ikiniz şəkili idiniz, amma Bakıda tanış olmusunuz?
- Bəli. Onun doğma anası ilə mənim anam bir yerdə Şəkidəki 3 nömrəli ipək fabrikində işləyiblər. Amma tanışlığımız olmayıb. Bəxtiyar Vahabzadənin tərcümeyi-halını hələ dəqiq yazan çox azdır. Bir zaman Bəxtiyara böhtan kampaniyası başladılmışdı. 1952-ci ildə bir şeir yazmışdı, şeirin məzmunu belə idi ki, oxucu gedir kitabxanaya deyir ki, sizdə Şirvanzadənin namusu var? Aleksandr Şirvanzadənin "Namus" əsəri nəzərdə tutulur. Ermənilər götürüb yazırlar ki, Bəxtiyar Vahabzadə erməni yazıçısı Aleksandr Şirvanzadəni namussuz hesab edir. Namus sözünü dırnaq içində yazmadığı üçün ona hücum çəkdilər. "Kirpi" jurnalı onun karikaturasını verdi... Hətta 5-6 il bundan əvvəl də bizim bəzi qəzetlər onunla bağlı böhtan kampaniyasını iyrənc formada davam etdirirdilər. O zaman mən mətbuatda çıxış etdim və ona qarşı olan hücumlara tutarlı cavablar verdim. Bəxtiyarı yaxından tanıyan adam kimi, onunla bağlı yazılan bəzi qaranlıq məqamlara da aydınlıq gətirdim.
- Bəxtiyar müəllim özü yazır ki, onun bir çox əsərlərinə Siz ideya vermisiniz...
- 1993-cü ildə "Əkinçi" qəzetinin "Körpü çaydan uzaq düşüb" məqaləsinə əsaslanaraq "Körpü çaydan yenə uzaq düşüb" adlı bir yazı yazdım. Bəxtiyar mənə zəng elədi ki, o nədir yazmısan, şərh elə. Mən də ona izah etdim. Gecə saat 4-ün yarısında ev telefonuna zəng gəldi. Açdım telefonu, dedi ki, al gəldi. Bu sözlərə şeir yazmışdı. Səhər gördüm "Kommunist" qəzetində də dərc olunub. "Dostum Şirməmməd Hüseynova "Körpü çaydan uzaq düşüb". Bəzən mən ideya verirdim, amma sənəti o yaradırdı. Bəxtiyarın hər poeması bir fakta əsaslanır. Məsələn, elə götürək "Ləyaqət" poemasını. "Komsomolskaya pravda" qəzetində böyük bir səhifə "Saşa" adlı yazı verilmişdi. Mən də oxudum, demək, 13 yaşında bir oğlan uşağı mağazaya gedir, kəsmik alır, pulu qoyur, amma mağazadakılar elə bilir ki, ödəməyib. Uşağı tuturlar ki, oğrusan, kəsmiyi oğurlamısan. Uşağın anası da xəstəxanada imiş. Uşaq oğru olmadığına onları inandıra bilmir, gedir axşam özünü asır ki, mən bu adı daşıya bilmirəm. Mən də bunu Bəxtiyara oxudum. O da poemanı yazdı.
Mən oxuduqlarımı ona şərh edəndə, həmişə qarşısında kağız-qələm olurdu, qeydlər aparırdı. O zaman bir qəzetdə "Bağışlayın, səhv olub" adlı yazını onun üçün oxudum. Gördüm həmin yazıya bir poema yazıb. Verdiyim bütün mövzulara yazılan əsərlərin ilk oxucusu mən idim. Deyirdi "fitvanı vermisən, gəl götür". Bəxtiyar həmişə deyirdi ki, Şirməmməd, mənə dayaq nöqtəsi ver, gör neynəyirəm.
- Söhbətinizdən çıxardığım nəticə o oldu ki, sizin əqidəniz eynidir. Bəs fərqli olan nə idi?
- Mənimlə heç kimin işi yox idi. Hələ bir dəfə də olsun məni DTK çağırmamışdı. İmkan verməmişəm ki, bir adam mənə nəsə eləsin. Amma Bəxtiyarı laxlatmaq, tərpətmək istəyənlər çox idi. O nüfuz adamı idi, onu millət tanıyırdı. Müstəqilliyin ilk illərində xalq onu əlləri üstündə "Azadlıq" meydanında tribunaya çıxarmışdı. İstedadı həmişə qorumaq lazımdır. Elə şəxslər var ki, onlar tarixdə qalır. Şirməmməd Hüseynovlar gəlib gedəcək, Bəxtiyar Vahabzadələr isə əbədi olaraq tarixdə qalacaq.
- Bəxtiyar Vahabzadə şair, müəllim və alim kimi - onun bu sahələrdə fəaliyyətini necə qiymətləndirirsiniz?
- Burda düzəliş lazımdır. Bəxtiyar müəllimdir, şairdir, sonra alimdir. Çünki özü də yazırdı "Qoyar dizinin altına, alim Bəxtiyarı şair Bəxtiyar". Bəxtiyar müəllimlikdən başqa heç bir yerdə işləməyib. 1947-ci ildən müəllim idi. Özü işdən çıxana qədər heç kim ona deməmişdi ki, çıx.
- Amma onun
universitetdən uzaqlaşdırılması barədə məlumatlar
da var idi...
- Bəxtiyar
bir gün də olsun universitetdən
uzaqlaşdırılmayıb. Mən filologiya fakültəsinin
partiya komitəsinin katibi olanda, 70-ci illərin əvvəlində
iki professor açıq imza ilə Mərkəzi Komitəyə
9 bənddən ibarət məktub göndərmişdi ki, onu
universitetdən uzaqlaşdırmaq lazımdır. Mərkəzi
Komitədən də məktubu tədbir görülməsi
üçün universitetə göndərmişdilər. Mən
də həmin o məktubda göstərilən bəndləri
sənədlərlə təkzib edən dəlilləri
toplayıb verdim Bəxtiyara. Çalışırdılar
ki, onu auditoriyadan uzaqlaşdırsınlar. Amma biz buna imkan vermədik.
Bəxtiyar bir gün də olsun universitetdən
çıxarılmayıb.
- Bəxtiyar
Vahabzadənin sevimli yazıçısı kim idi?
- Bəxtiyar
Səməd Vurğunun aşiqi idi. Namizədlik və doktorluq
dissertasiyasının hər ikisinin də mövzusu Səməddir.
Hətta 1952-ci ildə Mircəfər
Bağırov Səməd Vurğunu "İnsan"
poemasına görə cəzalandırmaq istəyirdi. Bəxtiyar
da Səməd Vurğun haqqında dissertasiya yazırdı.
"Kirpi" jurnalı da vermişdi ki, Bəxtiyar məddahlıqla
məşğuldur. Ona da hücum vardı. 1953-cü ildə
Stalin ölməsəydi Bağırov Səməd Vurğunun
axırına çıxacaqdı.
- Özü ən çox hansı əsərini
sevirdi?
-
Adamın çox uşağı ola bilər. Amma mən
görməmişəm ki, desinlər bu uşağımı
çox istəyirəm.
- Amma Bəxtiyar
Vahabzadə oğlu Azərdən daha ağızdolusu
danışırdı...
- Yox, yox.
Əgər övladın, ya da sənin işlədiyin yerdə
kimsə dediklərini qəbul edirsə, onu çox istəyəcəksən.
Kimsə sən deyənə qulp qoyursa acığın tutur.
- O nə
vaxt ailə qurmuşdu?
- 1952-ci
ildə.
- Necə
ailə başçısı idi?
- O nəinki ailə ilə, on pillə
uzaq olan qohum-qardaşlarla da məşğul idi. Məsələn,
gedib Şəkidə otururduq. Görürdük ki, biri gəldi:
"Bəxtiyar müəllim, mənə çörəkpulu
ver". Bu da pulları paylayırdı. Dedim, gözlə,
onların nəfəsini kəsəcəyəm. Şoferə
dedim ki, 20 dənə çörək al, qoy stola,
üstünü ört. Kim gəlirdi çörəkpulu
üçün, bir çörək verib yola
salırdıq. Onunla zarafat edirdim ki, deputat pulundan ora qoy, sənə
səsverənlərə ver. Deyirdi, onların nümayəndəsi
sənsən?
- Bir az da
90-cı illərdə xalqın önündə gedən Bəxtiyar
Vahabzadədən danışaq. O zaman Milli Məclisdə
ümummilli liderimiz Heydər Əliyevə böhtan atanlara Bəxtiyar
Vahabzadənin məşhur bir cavab çıxışı
olmuşdu. Xatırlayırsınızmı?
- Bəli,
yaxşı xatırlayıram. Bəxtiyar demişdi ki, vaxtilə
Heydər Əliyevə çay aparmaq üçün
növbə gözləyənlər, indi onun əleyhinə
çıxış etmək üçün növbə
gözləyirlər. Bəxtiyar siyasətçi deyildi,
şair idi. Amma mənəvi dəyərlərə çox
yüksək qiymət verən adam idi.
- Ancaq
Heydər Əliyev də Bəxtiyar Vahabzadəyə həmişə
diqqətlə yanaşıb. Hətta şair özü də
"Gülüstan" poeması və digər əsərlərinə
görə təqib olunanda, sovet rejiminin qanlı pəncəsindən
qurtulmağında Heydər Əliyevin əvəzsiz rolunu dəfələrlə
qeyd edib...
-Yaxşı
xatırlayıram, 1975-ci ildə Şəkidə idik. Bəxtiyarın
50 illik yubileyi idi. Mərkəzi Komitədən Heydər
Əliyevin köməkçisi zəng etdi ki, Bəxtiyar
müəllim, Heydər Əliyev sizinlə danışmaq istəyir.
Heydər Əliyev Bəxtiyarın yubileyini təbrik etdi. Dedi
ki, səni "Şərəf nişanı" ordeninə təqdim
etmişəm, veriblər. Təbrik edirəm.
- Onun
türk dünyasında da böyük hörməti var idi...
- Əlbəttə.
Təsəvvür edin ki,
Çingiz Aytmatov, Oljas Süleymenov Bəxtiyarı əsrin
şairi, türk dünyasının böyük şairi
adlandırırdı. Axı Bəxtiyar da təpədən
dırnağa qədər türk idi.
- Sizin ona
bu qədər köməkliyiniz dəyib, dəfələrlə
onu dardan qurtarmısınız. Onun necə, sizə köməkliyi
olubmu?
- Mən
ki, Bəxtiyarla durub-otururdum, onun ətrafı geniş idi. O
zaman yaxşı xatırlayıram, Sadıq Murtuzayev Şəki
Rayon Partiya Komitəsinin birinci katibi idi. Bəxtiyara ev tikmək
üçün yer verəndə, mənə də verdi. Mənim
ətrafımı genişləndirən Bəxtiyar idi. Biz Bəxtiyarla
məslək dostu idik, yemək yox.
- Necə
dost idi?
- Dahi
adamlar hər şeydə istedadlı olur. Məsələn, bizim
heç bir zaman boş söhbətimiz olmayıb. Məni
görən kimi dünyada nə var, nə yoxla
maraqlanırdı. Moskvada hansı qəzet
çıxırdısa və bizim tariximizi, mədəniyyətimizi
təhqir edən yalançı pəhləvanların
hamısına Bəxtiyarla birlikdə cavab yazırdıq.
Böyük istedadlarda maqnit var, eyni əqidəni
bölüşdükləri adamları özlərinə cəlb
edirlər. Mən Bəxtiyarın şəxsiyyətindən
daha çox əqidəsinin aşiqiyəm. İndi də bəzi
məsələlərdə mövqelərimiz düz gəlmir.
Hərəmiz bir cəbhədəyik. Amma bizi birləşdirən
bu torpağa, bu vətənə, onun istiqlalına olan məhəbbətdir.
-
İncidiyiniz zamanlar olub?
- Əqidəyə
sadiq adamdan incimək olmaz. Həm də Bəxtiyar heç
kimin sözünə
baxmırdı məndən başqa.
- Onunla
hardasa səfərdə olmusunuz?
-
Ağdam və Şəkidə olmuşuq. Ölkə xaricində
yox.
- Onun bir
müsahibəsini oxumuşdum. Deyirdi ki, "Füyuzat"
jurnalı yenidən dərc olunanda ağlayıb...
- Yox,
qızım, ağlamayıb. Burda ağlamalı nə var ki?
Amma Bəxtiyarın ağlamaq xasiyyəti var idi. Onu 4-5 dəfə
ağlayan görmüşəm. Şairlər hiss, alimlər
zəka adamıdır. Ağlamaq hisslə bağlıdır.
- Bəxtiyar
müəllimin son günlərini necə
xatırlayırsınız?
- Xəstəlik
həyatla mübarizədir. Şairlərdə maraqlı aludəçilik
olur. Məsələn, siqareti tərgitmədi. Deyirdi ki,
şair gərək siqaret çəkə ki, şeir
yazsın. Siqareti atmadı, ciyəri xərçəng oldu.
Normal iş və istirahət rejiminə əməl etmirdi. Gecə
saat 12-dən səhər saat 6-ya qədər işləyirdi.
Gərək o yazanda, yanında heç kim olmayaydı. Həyat
yoldaşı Dilarə xanım yeməkləri bişirib
qoyurdu soyuducuya. Gecə həm işləyirdi, həm də
yeyirdi.
- Onun
ölüm xəbərini kimdən eşitdiniz?
- Son
günlərində onlara həftədə üç dəfə
gedirdim. Dururdu, gəzirdi, amma hiss olunurdu ki, bədəni
çox zəifləyib, əsir. Təzyiqi çox yüksək
idi. Sonuncu gün Dilarə xanım mənə zəng etdi ki,
Şirməmməd müəllim, Bəxtiyar getdi, gəl.
Söhbətimiz
elə burdaca yekunlaşır, Şirməmməd müəllim
gətirdiyi kitabları, qəzet materiallarını mənə
təqdim edir. Sonda Bəxtiyar Vahabzadənin onun barəsində
dediyi sözləri oxuyuram:
- Şirməmmədi
yaxından tanıyanlar çox yaxşı bilir ki, onu
ömrü boyu tutduğu yoldan və
tapındığı əqidədən
qoparmaq, heç olmasa bir balaca laxlatmaq belə mümkün
deyil.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 14 mart.- S.7.