"Sağlam təhsil
- sağlam
millət" layihəsinin məqsədi
Ekoloji problemlərlə üz-üzə qaldığımız zamanda bizi daha çox bir məsələ düşündürür: Necə edək ki, ömür payımızı sağlam yaşayaq. Övladlarımız sağlam və gümrah olsun. Uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi amansız xəstəliklərdən necə qoruyaq? Qısa bir araşdırma apardıqdan sonra bizə məlum oldu ki, bütövlükdə bəşəriyyəti narahat edən bu məsələ ilə bağlı inkişaf etmiş ayrı-ayrı ölkələrdə müvafiq dövlət proqramları həyata keçirilir. İnkişaf etməkdə olan ölkələrdə isə aidiyyəti dövlət strukturları tərəfindən genişmiqyaslı layihələr reallaşdırılır.
Hər kəs bilir ki, insan xəstələnən zaman həkimə müraciət etməlidir. Hər kəs onu da yaxşı bilir ki, xəstə insan həkimin göstərişlərinə ciddi əməl etməlidir. İnsanların çoxu onu da bilir ki, xəstələnməmək üçün nələr etmək lazımdır. Amma, gəlin görək bildiklərini tətbiq edən insanlar da çoxdurmu? Düşünürük ki, bu həyat yüklü məsələ təkcə bir dövlət strukturunun vəzifəsi olmadığı üçün hər kəs özü öz sağlamlığına sahib çıxmalıdır.
Gənc nəslin sağlam və təhlükəsiz həyat fəaliyyətinin təmin olunması yalnız təhsil, səhiyyə, sosial təminat, yaxud ədliyyə strukturlarının vəzifəsi hesab edilə bilməz. Qabaqcıl dünya təcrübəsində də insanların sağlam və təhlükəsiz fəaliyyətini təmin etmək üçün adıçəkilən dövlət strukturları birgə fəaliyyət göstərirlər.
Təcrübə göstərir ki, gənc nəslin sağlamlığının keşiyində durmaq üçün yalnız ayrı-ayrı fənlər üzrə təhsil standartları hazırlayıb onların tədrisini təşkil etmək yetərli nəticə vermir. "Sağlam həyat tərzi keçir",-deməzdən əvvəl təhsil zamanı sağlam həyat şəraiti yaratmağın zəruri olduğu günün gerçəkliyinə çevrilib. Sağlam yaşamağı tərbiyə edən məktəb bunu necə etməyin yollarını da öz təhsil mühitində göstərməli, praktik şəraitdə bu məsələni hər bir gəncin əqidəsinə, inancına çevirməyin yolları üzərində düşünməlidir. Məhz bu və bu kimi digər ehtiyaclardan ümumtəhsil məktəblərində "Sağlam təhsil - sağlam millət" layihəsinin hazırlanmasına və tətbiqinə ehtiyac yarandı. İlk olaraq ölkənin 6 ümumtəhsil məktəbinin 15 birinci sinfində "Sağlam təhsil-sağlam millət " layihəsinin həyata keçirilməsinə başlanılıb.
Sağlam təhsil mühiti yaradılan bu siniflərdə təhsil alan şagirdlərin fiziki və psixoloji vəziyyəti həkim, psixoloq nəzarətindədir. İlkin səviyyədə irəliləyişlər müşahidə edilir. Məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün şagirdlərin sağlamlığını qorumaq, onları artıq dərs yükündən azad etmək və psixi streslərdən uzaqlaşdırmaqla yeni təlim modelləri üzərində də işlər davam etdirilir. Qeyd edilməlidir ki, bu model zəngin dünya təcrübəsinə əsaslanan və unikallığı ilə fərqlənən bir modeldir. Onu da deyək ki, layihənin ən böyük uğuru onun məqsədlərinin hər kəs tərəfindən arzuedilən olmasındadır. Hər bir valideyn sağlam övlad, dövlət isə sağlam vətəndaş arzulayır. Bu işdə hamımıza birlik arzulayıram.
Afət
SÜLEYMANOVA,
Təhsil Nazirliyinin Pilot layihələrlə
iş sektorunun
aparıcı məsləhətçisi
Uşaqlarda sağlamlıq və inkişafla
bağlı bəzi
problemlər
* Oturaq həyat tərzi uşaqların normal inkişaf etməsinə və sağlam böyüməsinə təsir göstərən ən birinci səbəbdir.
* Oturaq həyat tərzi sürən insanlarda ürək-damar xəstəliklərinə iki dəfə daha çox rast gəlinir.
* Fiziki fəaliyyətin azalması hipertoniya kimi xəstəliklərə səbəb olur.
* Oturaq həyat tərzi beyində qan dövranını zəiflədir, müxtəlif patoloji vəziyyətlərin, o cümlədən baş ağrıları, yaddaşın zəifləməsi və s. kimi problemlərin yaranmasına səbəb olur.
* Oturaq həyat tərzi insult kimi ağır xəstəliyin inkişafına yol açır.
* Uzun müddət oturaq vəziyyət kürək və boyun əzələlərinin yorulmasına və başın işçi səthə əyilməsinə səbəb olur ki, bu da görmə problemlərinin yaranması ilə nəticələnir.
* Oturaq həyat tərzi onurğa sütununda patoloji dəyişikliklərə səbəb olur ki, bu da skolioz, kifoz, lordoz kimi xəstəliklərlə nəticələnir.
* Oturaq həyat tərzi artıq çəkinin əsas səbəblərindəndir.
* 2014-cü ildə keçirilən monitorinqə cəlb edilmiş 2500 şagirdin təxminən 50 faizə qədərində qamət pozuntusu aşkar olunmuşdur.
* Oturaq vəziyyətdə başın aşağı əyilməsi boyun damarlarının sıxılmasına səbəb olur ki, bu da baş-beynin qan təchizatının pozulması ilə nəticələnir.
* Oturaq həyat tərzi orqanizmin oksigenə olan tələbatını azaldır ki, bu da tənəffüs sisteminin passivləşməsi və müxtəlif patologiyaların yaranması ilə nəticələnir.
* 2014-cü ildə 2500 şagirdin cəlb edildiyi monitorinqin nəticələrinə görə, yuxarı sinif şagirdlərinin 45 faizində görmə problemi aşkar edilmişdir.
* 2014-cü ildə 2500 şagird arasında keçirilən monitorinq göstərir ki, 11-ci sinifdə oğlanların 40 faizi normal fiziki inkişafdan geri qalır. Qızlarda bu rəqəm 2 dəfə azdır.
* Dünya təcrübəsinə görə, oğlanların sağlam olması üçün qızlardan 3-5 dəfə daha çox hərəkətə ehtiyacları var.
* Qızlar oğlanlardan 13 yaşadək 1,5 -2 dəfə tez inkişaf edir.
* Qızların və oğlanların maraq dairələri fərqlidir.
* Eyni sinifdə təhsil alan qızlar və oğlanlar məlumatı fərqli şəkildə qəbul edirlər.
Azərbaycan müəllimi.-
2015.- 14 mart.- S.9.