"Bahar, istəklimsən
başdan, binadan"
Böyük şairimiz Səməd Vurğunun incə rübabından süzülmüş bu misra ilin ən gözəl fəsli olan bahar haqqında çoxumuzun fikir, hiss və duyğularımızı sərrast ifadə edir. Doğrudan da bahar hamının xoşladığı fəsildir. Onun hər gəlişini hamımız sevinclə, toy-bayramla qarşılayırıq. Görünür, elə Novruzu da baharın müjdəsi olduğu üçün çox sevirik. Baharın, Novruzun gəlişini ömürlərinin bahar çağını yaşayan uşaqlar daha böyük sevinc hissi ilə qarşılayırlar. Bunu təhsil aldıqları müəssisələrdə onların hər il keçirdikləri bir-birindən maraqlı, rəngarəng bayram şənlikləri də sübut edir. Belə bayram tədbirlərindən biri martın 9-da Təhsil Nazirliyinin birbaşa tabeliyindəki İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində düzənlənmişdi. Şənliyi təşkil edənlər də, öz çıxışları ilə ona rövnəq verənlər də liseyin 2-ci "B" sinfinin şagirdləri idi.
Tədbirin gedişi göstərdi ki, uşaqlar sinif müəllimi və rəhbəri Aygün Baxışovanın köməyi ilə ona çoxdan və yaxşı hazırlaşıblar. Yaradıcı müəllim Aygün xanımın şənlik üçün tərtib etdiyi ssenari də maraqlı və orijinal idi.
Tədbir liseyin geniş foyesində keçirilirdi. Burada Novruz ruhunda tərtibat işləri aparılmışdı: yerə
xalılar, xalçalar
döşənmiş, onların
üzərində mütəkkələr
qoyulmuş, bayram xonçaları, səmənilər
düzülmüşdü. Bir tərəfdə rəmzi
bayram tonqalı "yanırdı".
Mərasim rəqslə başladı. Şagirdlərdən biri "Şuşanın
dağları" mahnısının
sədaları altında
rəqs etdi. Aparıcılar Əli və
Nuray şənliyə
toplaşmış müəllimləri,
valideynlərini qarşıdan
gələn Novruz bayramı münasibəti
ilə təbrik etdilər. Sonra əllərində bayram xonçaları tutmuş qızlar gəlib dövrə vuraraq əyləşdilər.
Əli hamının gəldiyini görüb:
"çay gətirilsin",
- dedi. "Çay"
mahnısı ifa olundu. Elton, Ayan
rəqs etdilər və əllərində çaynik dövrə vurmuş, uşaqlara "çay" süzdülər.
Sonra milli geyimli uşaqların rəqsi təqdim olundu, iki qız
bahar, Novruz haqqında şeirlər söylədi. Novruz bayramı, çərşənbələr,
xalqımızın Novruzla
bağlı adət-ənənələrindən
söz açıldı.
Sonra aparıcıların dəvəti ilə Bahar qız - Xədicə Aslanlı şənliyə gəldi,
Novruz haqqında mahnı oxudu, şeir söylədi. Uşaqlar da Bahar qıza qoşulub Novruz, çərçənbələr haqqında şeirlər ifa etdilər, "ağırlığım, uğurluğum
odlara", - deyərək
"tonqalın" üstündən
atıldılar.
Bahar qızın
Novruza, onun
atributlarına aid tapmacalar söyləməsi, bir qrup
şagirdin fala baxması səhnəsi şənliyin ən
maraqlı anları kimi yadda qaldı. Sonra meydan "Rep"
musiqisinin ifaçılarına verildi. Uşaqlar
bu musiqi janrının oynaq, ritmik sədaları altında
bayrama aid maraqlı proqram təqdim etdilər.
Bütün Novruz şənlikləri
kimi bu mərasimdə də ən şən
anlar Keçəllə Kosanın
çıxışları oldu. Novruz personajlarını Rəvan,
Eldar, Əlihüseyn və Səbuhi ifa etdilər. Onlardan ikisi müasir, ikisi isə ənənəvi
Keçəl və Kosa idi. Uşaqların
duzlu-məzəli çıxışları tədbir
iştirakçıları tərəfindən
alqışlarla qarşılandı. Keçəl
və Kosa yumurta döyüşdürdülər. Kosa məclisi
dolanıb bayram payını yığdı. Beləcə
şənlik mahnı və rəqslərin ifası ilə davam etdi. Uşaqlar
rəmzi "Qarabağ torpağı"nda məşəl
yandırdılar.
Sonda "Dədə
Qorqud" gəlib
öyüdlərini, alqışlarını söylədi. Mərasim uşaqların
müəllimləri ilə birgə rəqsilə başa
çatdı.
Liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova mərasim
iştirakçılarını əziz bayramımız
Novruz münasibəti ilə təbrik etdi, ikinci sinif
şagirdlərinin öz məharətli
çıxışları ilə hamıya xoş anlar
yaşatdığını, təkcə öz siniflərini
deyil, bütövlükdə liseylərini çox uğurla təqdim
etdiklərini bildirdi. Uşaqların
çıxışlarını yüksək qiymətləndirən
M.Məmmədova onların bu hazırlığında
Aygün müəllimin, Lalə müəllimin böyük
rolu olduğunu söyləyib, onlara təşəkkür
etdi.
Direktor uşaqlara
bayram alqışlarını
və arzularını da çatdıraraq onlara yaxşı
oxumağı tövsiyə etdi, valideynlərə tədbirə
qatıldıqları üçün minnətdarlığını
bildirdi.
***
Martın
10-da liseydə daha bir tədbir - dahi bəstəkar Üzeyir
Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr
olunmuş "O olmasın, bu olsun" komediyasının səhnələşdirilmiş
tamaşası oldu. Novruz ruhlu bu tədbiri liseyin II "a"
sinif şagirdləri sinif müəllimi İradə
İsmayılovanın rəhbərliyi və köməkliyi
ilə hazırlamışdılar.
Tamaşadan öncə şagirdlər
Aydan, Zəhra, Lalə əllərində
Novruz xonçası şeirlər söylədilər. Kosa (Ziyadxan) və Keçəl
(Emin) maraqlı çıxışları ilə tədbir
iştirakçılarına xoş ovqat bəxş etdilər.
Sonra "Almanı atdım
xarala" xalq mahnısı xorla ifa olundu, Zəhra və
Ələsgər rəqs etdilər, 6 qız "fala"
baxdı, Kosa və Keçəl onlara papaq atıb bayram
paylarını aldılar. Bir qrup qız "Bənövşə"
oyununu oynadı, digər uşaqlar bahara, Novruza aid şeirlər
söylədilər, mahnı və rəqslər ifa etdilər.
Tədbirin Novruza həsr olunmuş hissəsi başa çatdıqdan sonra şagirdlər Azərbaycan musiqisinin korifeyi Üzeyir Hacıbəylinin həyat
və yaradıcılığı
haqqında məlumat verib, "O olmasın, bu olsun" komediyasının səhnələşdirilmiş
tamaşasını təqdim
etdilər. Balaca Tunar (Məşədi
İbad), N.Zəhra (Sənəm), E.Adilə (Gülnaz), Ələsgər
(Sərvər), Kənan
(Rüstəm bəy),
Teymur (qoçu Əsgər), Muhəmmədhüseyn
(Rza bəy), Əli (Həsən bəy) öz rollarının öhdəsindən
məharətlə gəldilər. Sərvərlə
Gülnazın görüşü,
Rüstəm bəylə
Məşədi İbadın
razılaşması, Məşədi
İbadın Gülnazla
tanışlığı, qonaqlıq, dava səhnəsi və s. kimi ayrı-ayrı səhnələr şəklində
təqdim olunan tamaşa tədbir iştirakçılarının çox xoşuna gəldi və alqışlarla qarşılandı.
Tamaşadan sonra çıxış
edənlər tədbirin
hazırlanmasında İradə
müəllimin böyük
rolu olduğunu qeyd edib, şagirdlərə
maraqlı bayram proqramı üçün
minnətdarlıqlarını bildirdilər.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2015.- 14 mart.- S.8.