On səkkiz günün
gəlininin acı taleyi
Azərbaycan Dövlət Neft
Akademiyasında terror zamanı həyatını itirən
Şəfa Məmmədovanın anası Xuraman xanımla
söhbət
Həmin
terror hadisəsindən 6 il ötür, hər
il o qurbanlar anılır,
anaların, doğmaların
qaysaq bağlayan yarası qanayır, göz yaşları sel
olur. Yenə o ildönümlərindən birini
qarşılayırıq. Nə qədər çətin
olsa da həyatını itirənlərdən
birinin doğması ilə
söhbətləşmək istəyirəm. 18 günün gəlini olan Şəfanın
anası Xuraman xanımla əlaqə saxlayıram. Deyir,
qızım, mən heç vaxt bu məsələdə
danışa bilmirəm. Jurnalistliyimə salıb israr edirəm. Nəhayət, səhəri gün zəng edir və bir saat
sonra onun iş yerindəyəm. Qarşımda
ağsaçlı, gözlərində kədər olan bir
ana dayanıb. Görüşə
razılıq verdiyi üçün təşəkkür
edirəm. Yanında əyləşirəm, bir
kitab uzadır mənə, üstündə ağ
gəlinlikdə bir qız durub, mənə baxır. Şəfadır. Xuraman xanım deyir ki,
qızım, mən indiyə qədər bu haqda heç kimə
danışmamışam. Amma səni əliboş
qaytarmaq istəmirəm. Mənimlə danışa-danışa kitabı vərəqləyir.
"Vəfatından
sonra birinci doğum
gününü uşaq evində keçirdik"
-
Doğum evində uşağın qoluna bağlayırlar ha,
bax, ona qədər saxlamışdım. Doğum
kağızından tutmuş, institut, aspirantura sənədlərinədək
hamısı burda var. Onun vəfatından sonra birinci doğum
gününü 2 saylı uşaq evində
keçirmişik. 100 nəfər uşaqla bir yerdə. Apreldə öldürüldü. İyulun 5-də onun doğum günü idi. Hər şeyi hazırladıq getdik uşaq evinə.
Hadisədən
6 il keçir, amma özümü
heç toplaya bilmirəm.
Xuraman xanımın göz yaşları dayanmaq bilmir. Bir az
sakitləşən kimi söhbətimizə yenə davam
edirik.
-
Naxçıvanda "Şərq qapısı" qəzetində
işlədiyim zamanlarda şəhidlər çox olurdu. Yaslara gedəndə, anaların fəryadını
eşidəndə deyirdim, Allah, buna necə dözmək olar?
Bir də ən çox qəzetlərdə
birinci səhifədə "bu gecə atəşkəs
pozulub" xəbərini oxuyanda tez xəbərin sonluğuna
baxırdım. "İtki yoxdur"
cümləsini görəndə dərin nəfəs alırdım
ki, hansısa ana gözüyaşlı qalmadı, hansısa
evə qara xəbər getməyəcək.
Birdən-birə həmin gündən
danışmağa başlayır.
"Əllərinin
xınası da getməmişdi"
- Səhər evdə oturmuşduq,
onun toyuna görə aprelin birindən məzuniyyətdə
idim. Aprelin 12-si toyu olmuşdu. Fikirləşdim ki, evlərindədir. Çörək yeyim, zəng edərəm. Stolun üstünü yığışdıranda
gördüm baldızı zəng edib ki, xəbərin var,
ADNA-da belə hadisə olub, Şəfaya zəng edirəm, zəng
çatmır. Qardaşı ilə mən
qaçdıq akademiyaya. Onda artıq yolu
bağlamışdılar. Ondan sonra təcili
yardımlar bir-bir keçirdi. Biri də
keçəndə qabaqda oturan tibb bacısının surəti
yadımda qaldı. O yasdan sonra mən 40 gün
özümdə olmamışam. Hər gün
təcili yardım gəlib iynə vurub yatırdırdı məni.
Bir gün təcili yardım yenə də gəldi.
Qardaşı Şəfanın şəklini
böyüdüb qoymuşdu. Tibb bacısı şəklinə
baxdı dedi ki, bu qızı biz apardıq. Təkcə
yadımda qalan bu olub. Bir də dedi ki, əllərinin
xınası da getməmişdi.
Bir dənə ona heyfslənirəm ki, evini
tanımadım, indi də bilmirəm ki, o hansı evə gəlin
gedib. Hadisədən bir neçə gün əvvəl zəng
etdi ki, ana, şənbə günü sizi qonaq
çağırırıq. Deyəsən,
4-cü gün bu hadisə oldu. Bizdə belə
adət var, nişanlı qızlara, təzə gəlinlərə
ilaxır çərşənbədə xonça
aparırlar. Onun ölümündən sonrakı ili oğluma dedim ki, evin sən
tanıyırsan, apar məni, heç olmasa pəncərədən
baxım, görüm işıq yanır? Dedi, ana, otur yerində,
deyərlər dəlidir (yenə göz yaşlarına
boğulur). İndi də qoymurlar gedim baxım
ömrünün son günlərində harada yaşayıb.
- Sonuncu dəfə
nə vaxt danışmışdınız?
- Həyat
yoldaşının dayısı onları Ağcabədiyə
qonaq çağırmışdı. Gecə gəlib
bizdə qalıb səhər Ağcabədiyə yola
düşdülər. Ondan sonra bilmirəm...
Xına günündən sonra elə bil uşağa əyan
olmuşdu. Evdə hər şeyə o baxırdı. Şkafı da qaydaya
salmağa çıxmışdı. Hər
şeyin yerini bir-bir mənə deyirdi. Dedim ki, ay Şəfa,
lazım olanda ya gələrsən, ya da ki, telefonla
soruşaram. Dedi, mama, o qədər həsrətimi çəkəcəksən
ki. O sözü indi də qulağımdadır.
"Hamı
deyirdi ki, bunun kimi qız nəsildə yoxdur"
- Xasiyyəti
necə idi?
- Hamı
deyirdi ki, bunun kimi qız yoxdur nəsildə. Kitabın
üstündə gəlinlikdə olan şəklini göstərir.
Saat dörd idi, iki saat sonra oğlan evi gələcəkdi.
Paltarın bir hissəsi bir az açıq
qalmışdı. Məni qaçırtdı, getdim nə qədər
sancaq aldım,
paltarı düzəltdi. Dedi ki, mama açıq olmasın,
utanıram, mən böyüklərin qarşısına
çıxacağam.
Ondan sonra bir qardaşı da var idi. Qardaşı
anadan olanda Şəfanı bağçadan
çıxartdıq. O uşağa bu baxırdı. Oğlanlarıma deyirdim ki, iki qardaşsınız,
Şəfanı heç vaxt yaddan çıxarmayın, mən
olmasam da arayın-axtarın. Haradan biləydim
ki, Şəfa gedəcək, qalmayacaq.
Allaha çox
bağlı idi, namaz qılıb, oruc tuturdu. Hər imsaka qalxanda deyirdi ki, mama, sən 5 dəqiqə
də yat, hər şeyi mən hazır edəcəyəm.
Orta məktəbi, musiqi məktəbinin fortepiano sinfini fərqlənmə
ilə, bakalavr, magistraturanı qırmızı diplomla
bitirmişdi.
Uşağım gözə gəldi. Toyuna bir-iki
gün qalırdı. Bir həftəlik
icazə almışdı. Deyirdi, mama,
professorlar elmi işlərini tərcümə etmək
üçün mənə gətirirlər. Rus dilində təhsil almışdı deyə
yaxşı tərcümə edə bilirdi. İşlərin yarısını yazmışam,
yarısını da toydan sonra yazaram.
"Elmi rəhbəri həmişə
onun biliyinə güvənirdi"
Şəfanın elmi rəhbəri Əli müəllim
həmişə onun biliyinə güvənirdi. Hətta
magistrlərın işlərini oxumaq, rəy bildirmək
üçün Şəfaya verirdi. Ölüm
xəbəri gələndə müəllim dərsdə
imiş, elə uşaqların içində oturub
ağlayıb ki, mənim sağ qolum kəsildi. Magistrlərdən biri hamilə imiş. Onun müdafiə vaxtına iki gün qalırdı.
Müəllim zəng elədi dedi ki, Şəfa, sən o
qıza işini tamamlamağa kömək elə. Səhəri gün xınası olacaqdı, durdu
getdi qıza kömək eləməyə. Dedi ki, mama, o
qızın işi hər şeydən vacibdir. Getdi
onun sənəd işlərini hazır etdi.
- Həyat
yoldaşı ilə necə tanış olmuşdu?
-
Yoldaşımın əmisi qızının vasitəsi ilə.
Şəfadan sonra iki il evlənmədi.
Axırda özüm anasına dedim ki, oğlunu evləndir. İndi evlənib. Onunla belə hər
ad günü, bayramlarda, ölüm günündə gedib
görürük ki, artıq onlar məzar
başındadırlar. O iki ildə də işdən
çıxandan sonra gəlib bizdə qalırdı. Anası
dedi ki, bu uşaq necə bağlanıbmış Şəfaya.
Gətirmişik əşyaların, evin zirzəmisinə
qoymuşuq. 6 ildir tozlanıb.
- Yəqin
ki, kitabları çox olar?
- Eh... O qədər.
Hətta yazdığı elmi işin
yarısı da qalır. Deyirdi ki, bu
mövzunu 1958-ci ildə kimsə müdafiə edib, bir də
indi mən edəcəyəm.
Özü kitab yazmışdı. Deyirdi ki, dərsliklərin
çoxu rus dilindədir, uşaqlara çətin olur. Qəflətən vəfat edən kafedra müdirləri
var idi, onun da, kitab üçün kompüterdə sxem
hazırlayan qızın da adını kitaba əlavə
etmişdi ki, əlinin zəhməti var. Heç qismət
olmadı kitabı görmək. Gətirib
bizə verdilər, mən də apardım verdim universitetə
ki, paylayın uşaqlara. Öz
maaşı ilə çap etdirmişdi.
Bir anaya bundan artıq əziyyət verməyə
haqqım yoxdur, deyə düşünürəm. Kitabı da
götürüb, sağollaşıb çıxıram.
Kitabda onun barədə olan xatirələrin bir
neçəsini sizinlə də bölüşmək istəyirəm.
"Sərçəyə dəymə,
anası gələr dişləyər"
Atası
Afət Məmmədov Şəfanın
uşaqlığını belə xatırlayır: Hər səhər
Şəfanı və böyük qardaşı Anarı
Naxçıvan şəhərində yerləşən rus
bağçasına aparırdım. Körpə
olduğu üçün onu qucağıma
almışdım. Bir gün eşitdim ki,
üzü arxaya olan Şəfa kiməsə deyir ki, sərçəyə
dəymə, anası gələr dişləyər. Elə bildim ki, öz-özünə
danışır. Məcbur qalıb arxaya
çevrildim. Gördüm ki, iki
kiçikyaşlı oğlan hələ qanadlanmağa macal
tapmamış balaca sərçəni o tərəf-bu tərəfə
atır. Elə o vaxtdan hiss etdim ki, onda təbiətə,
canlılara maraq daha çoxdur.
"Biz üç
qardaşıq"
Böyük qardaşı Anar Məmmədov deyir ki,
Şəfanı ya mətbəxdə, ya da masa arxasında dərs
hazırlayarkən tapmaq olardı. Namusu, qeyrəti ilə
həmişə başımızı uca edib. "Ailədə
neçə uşaqsınız" sualına cavabım həmişə
belə olub: biz üç qardaşıq.
"Mənə
toy xonçasından olan bir neçə konfet verdi"
Şəfanın
kiçik qardaşı Aran Məmmədov deyir ki, o,
bacısına layiq olmağa çalışıb: Onun mənim
yolumda çəkdiyi əziyyətlərinin, az
bir hissəsinin də olsa, əvəzini qaytarım. Ancaq arzum ürəyimdə qaldı.
Axırıncı
dəfə onunla ADNA-da, hadisədən bir gün öncə,
elə iş yerində görüşdük. Hələ
baxmağa imkan tapmadığımız toylarının
kasetini almağa getmişdim. Beş dəqiqə
ayaqüstü söhbət etdik, zarafatla "mənsiz
darıxmırsan ki?" söylədi, evdəkiləri
soruşdu. Həmin gün çox şən,
gülərüz idi. Otaqdan çıxanda mənə
toy xonçasından olan bir neçə konfet verdi,
bərk-bərk qucaqlayıb öpdü. Həmişə məni
oxşayıb, əzizlədiyi sözlərini bir daha təkrarladı:
"sağ ol cici bala, özündən muğayat ol, mamaya
kömək elə, qoyma mənsiz darıxsın".
"Aldığım
qara xəbər mənim də dünyamı qaraltdı"
Tələbə
yoldaşı Elnarə inanmırmış ki, ölən
onların sevimlisi Şəfadır: Neft Akademiyasındakı
hadisə barədə xəbəri Moskvada eşitdim, həlak
olanlar arasında Şəfanın adını oxuyanda
inanmadım. Çox narahat olduğumu görən həyat
yoldaşım dedi ki, o qədər Şəfa var ki... Amma Bakıda yaşayan qrup yoldaşlarımdan
aldığım qara xəbər mənim də
dünyamı qaraltdı.
Həmişə şirin zarafatları, mehriban xarakteri ilə
diqqət çəkən Şəfa xərəkdə sakit
halda yatmışdı.
Bir
gün dedi ki, qardaşımı evləndirmək istəyirik.
Yarı zarafat, yarı gerçək hamı dedi ki, bizdən
yaxşı gəlin olar, seç birimizi qurtarsın getsin.
Gülə-gülə dedi ki, hamınız xoşbəxt
olmağa layiq qızlarsınız. Qisməti
Tanrı yazır. Görək də...
"Şəfa
mənim ən istəkli yetirməm idi"
Şəfanın
elmi rəhbəri, professor Əli Əliyev: Bizi vaxtsız tərk
edən Şəfa Məmmədova mənim ən istəkli
yetirməm idi. Hərdən ona "sən mənim
sağ əlimsən" deyərdim. Hadisəni
auditoriyada, dərs zamanı eşitdim. Şəfanın
adını həlak olanların arasında eşidəndə
qəhər məni boğdu. İçin-için
ağladım...
ADNA qurbanlarının
əziz xatirəsini daima anacaq və qəlbimizdə əbədi
yaşadacağıq.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 2 may.- S.10.