Coğrafiyadan fəal dərs nümunəsi

 

VI SİNİF

COĞRAFİYA FƏNNİ

 

Mövzu: "Küləklər"

Standart: 2.1.3.Yerin hava qatını şərh edir.

Təlim nəticələri:

1. Külək anlayışını və yaranma səbəblərini şərh edir.

2. Küləyin növlərini müəyyənləşdirir.

3. Küləyin səciyyəvi xüsusiyyətlərini açıqlayır, "külək gülü"nü tərtib edir.Böyütmək üçün seçin

4. Küləyin əhəmiyyətini müəyyənləşdirir.

İnteqrasiya:

Həyat bilgisi, ədəbiyyat

Təlim forması:

Kollektiv , qruplarla .

Təlim üsulları: Böyütmək üçün seçin

Beyin həmləsi, anlayışın çıxarılması, Venn diaqramı.

Resurslar:

Dərslik, sxem, şəkillər, kompüter, proyektor, iş vərəqləri.

Vaxt bölgüsü:

Motivasiya - 5 dəq.

Təqdimatin aparılması -12 dəq.

Məlumatın mübadiləsi - 7 dəq.

Məlumatın müzakirəsi - 10 dəq.

Nəticələrin çıxarılması - 2 dəq.

Yaradıcı tətbiqetmə - 5 dəq.

Qiymətləndirilmə - 3 dəq.

Dərsin gedişi:

Salamlaşma. Əvvəlki dərsin bir neçə sualla təkrarı.

Motivasiya:

Mövzuya motivasiya yaratmaq üçün yazı taxtasında aşağıdakı tapmaca - şeir parçası slayd şəklində nümayiş olunur.

Uçan bir quş kəpənəkdir,

İşi tamam kələkdir.

Dəyirmana can verər,

Xırmana da gərəkdir.

Müəllim: Bu tapmacada nədən söz açılır, yəni tapmacanın cavabı nədir?

Cavab:  Külək

Müəllim: Burada küləyin hansı faydalarından danışırlar?

Cavab: Dəyirmanı işlətməsindən, xırmanda kəndlilərə kömək etməsindən.

Müəllim: Bu dərsdə əsas məqsədimiz elə küləyin faydasını, onun Yer kürəsində yayılma müxtəlifliyini öyrənməkdir.

Tədqiqat sualı:

Külək necə yaranır?

Küləyin Yer kürəsində yayılma müxtəlifliyi nədən ibarətdir?

Küləyin təsərrüfat əhəmiyyəti

Tədqiqatın aparılması:

Sinif 4 qrupa bölünür. Qruplar küləklərin növünə uyğun "Briz", "Fırtına", "Passat" və "Qasırğa" adlandırılır.

Müəllimin şərhi:

Mövzu haqqında qısa məlumat verilir. Qeyd olunur ki, külək insanların həyatında böyük əhəmiyyət kəsb edən təbiət hadisəsidir. Əsmə istiqaməti və sürətinə (şiddətinə) görə küləyin bir neçə növü vardır. Onlardan dördü sizin qrupların adlarında öz əksini tapıb.

Tədqiqatın aparılması:

Şagirdlərə qruplar üzrə vərəqləri paylanır.

"Briz" qrupu üçün tapşırıq:

Külək nədir? Küləyin yaranma səbəblərini açıqlayın.

(Bax: slayd 1)

"Fırtına" qrupu üçün tapşırıq:

Şəklə əsasən küləyin sutkanın vaxtından asılı olaraq əsmə istiqamətini və səbəblərini araşdırın.

Fəsillərdən asılı  olaraq külək necə dəyişir?

Bu fikri sxemlə ifadə edin.

Bəs sizin yaşadığınız zonada hansı küləklər əsir?

(Bax: slayd 2)

"Qasırğa" qrupu üçün tapşırıq

Verilən şeir parçalarından küləyin xüsusiyyətlərini aşkarlayın.

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!

 

Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!

 

Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni alınız, uçayım dağlara,

Könlümdə varsa, açayım dağlara!

 

Gurlayın, ilhamım, sənətim gurlasın!

Fırtınam, qasırğam, qüdrətim gurlasın!

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər!

 

Küləyin istiqamətinin təyin edilmə yollarını araşdırın.

"Passat" qrupu üçün tapşırıq:

Küləyin əhəmiyyəti nədən ibarətdir?

Bəs sizin yaşadığınız ərazi üçün səciyyəvi olan küləklərin mənfi və müsbət cəhətlərini sadalayın.

(Bax: slayd 3)

Qruplar müəyyən olunmuş vaxt ərzində  tapşırıqlar üzərində işləyir, verilən suallara cavablar hazırlayırlar.

Məlumat mübadiləsi:

Bu mərhələdə qruplar əldə edilmiş məlumatları təqdim edirlər.

Məlumatın müzakirəsi təşkili:

1. Əldə edilmiş məlumatlar müzakirə olunur.

2. Müxtəlif faktlar əlaqələndirilir və sistemləşdirilir.

3. Müəllim qrupların işinə nəzarət edir.

Ümumiləşdirmə nəticələrin çıxarılması:

Şagirdlərin diqqəti təqdimat sualına cəlb edilir və onun araşdırılması gedişində aşağıdakı nəticələrin əldə olunması diqqətə çatdırılır:

1. Külək atmosfer təzyiqinin müxtəlif paylanması nəticəsində yaranır.

2. Yer kürəsində küləyin yayılması müxtəlifdir.

3. Küləyin təbiətdə və insan həyatında rolu olduqca böyükdür.

Yaradıcı tətbiqetmə:

Qruplara yaradıcı tətbiqetmə üçün aşağıdakı tapşırıq verilir:

Məntiqi ardıcıllığı tapın

Venn diaqramı

(Bax: slayd 4)

Briz Musson küləklərinin oxşar fərqli cəhətlərini qeyd edin.

Qiymətləndirmə:  Qiymətləndirmə aşağıdakı şkala üzrə aparılır.

Ev tapşırığı:

"Külək olmasa idi yer səthində nələr baş verərdi?" mövzusunda esse yazmaq.

 

Sevinc QƏHRƏMANOVA,

Bakı şəhəri 6 nömrəli məktəb

-liseyin coğrafiya müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 2 may.- S.12.