Sağlam təhsillə bağlı
layihənin
fəaliyyəti müsbət qiymətləndirildi
Azərbaycan Tibb Universitetinin mütəxəssisləri
"Sağlam təhsil sinifləri"ndə
monitorinq keçiriblər
Tibbi monitorinqin birinci yarımilliyinin nəticələri "Sağlam təhsil sinifləri"ndə oxuyan şagirdlərin intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etdiyini üzə çıxartdı.
2015-ci ilin birinci yarımilliyinin nəticələri araşdırılarkən fiziki inkişafın qiymətləndirilməsi zamanı aşağıdakı nəticələr alınmışdır:
"Sağlam təhsil sinifləri"ndə normal fiziki inkişaflı şagirdlərin sayı oktyabr ayında 80,8% təşkil etdiyi halda, yanvar müayinəsi zamanı bu göstərici 86,1% olub. Normal fiziki inkişaflı oğlanlar oktyabrla müqayisədə yanvar ayında daha çox müşahidə edilib. Bu göstərici oktyabrda 80,5, yanvarda isə 86,5 faiz təşkil edib.
Yəni, "Sağlam təhsil sinifləri"ndə hərəki fəallığın artması şagirdlərin fiziki inkişafına müsbət təsir göstərərək fiziki inkişaf çatışmazlıqlarının azalmasına səbəb olub. Ənənəvi tədris üzrə təhsilalanlarda isə, əksinə, normal fiziki inkişaflı şagirdlərin sayı 0,3 faiz azalmışdır. Bu azalma əsasən qızların hesabına qeyd edilir. Həmin göstərici oktyabr ayında 80,8, yanvarda isə 79,6 faiz olub.
Azərbaycan Tibb Universitetinin hesabatına əsasən, ölkəmizin 6 ümumi təhsil məktəbində yaradılan "Sağlam təhsil sinifləri"ndə aparılan araşdırmalar əsasında ilkin olaraq belə nəticəyə gəlmək olar ki, bu siniflərdə yaradılan sağlam tədris şəraiti - uşaqların fizioloji xüsusiyyətlərinə uyğun olan mebel və digər avadanlığın istifadəsi, sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallıq, gigiyenik normativlərə uyğun işıqlanma təhsilalanların fiziki və psixi inkişafına müsbət təsir göstərərək, əvvəlcədən bu istiqamətdə yaranmış bir sıra sağlamlıq problemlərinin azalmasına zəmin yaradır. "Sağlam təhsil sinifləri"ndə tədrisin təşkili şagirdlərin iş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün əlverişli olub, onların intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etməsinə və emosional vəziyyətlərinin yaxşılaşmasına şərait yaradır.
"Qısa bir zamanda övladımda
baş verən
yaxşılaşmanı gördüm"
Valideynlər də
bu layihədən razılıq edirlər
Nazilə
BAXŞIYEVA,
Bakıdakı
114 nömrəli tam orta
məktəbin valideyni
- Qızım İlqarə Abdullayeva "Sağlam təhsil sinfi"ndə təhsil alır. Burada uşaqların təhsili ilə yanaşı onların sağlamlıqlarına da xüsusi diqqətin ayrılması bir valideyn kimi məni sevindirir. Məhz şagirdlərin sağlamlıqlarına göstərilən diqqətin nəticəsidir ki, qızımın təhsil aldığı müddətdə səhhəti ilə bağlı problemi tez bir zamanda aşkar edildi. Hazırda övladımda olan skolioz xəstəliyinin müalicəsini aparıram. Onu da qeyd edim ki, İlqarənin gözündə də zəiflik var idi ki, bu da həkim müalicəsi olmadan, sadəcə sinifdə tavanda olan göz trenajoru vasitəsilə keçirilən məşqlər nəticəsində tamamilə yaxşılaşıb. Mən bir ana kimi çox qısa bir zamanda övladımda bununla bağlı baş verən yaxşılaşmanı gördüm. Layihənin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm və onun davam etməsini arzulayıram.
Mərziyyə
ABDİNOVA,
Bakıdakı
214 nömrəli tam orta
məktəbin valideyni
- Mən oturaq həyat tərzinin sağlamlıq üçün nə qədər ziyanlı olduğunu yaxşı bilirəm. İnternetdə bu məsələləri diqqətlə araşdırmışam. Təhsil Nazirliyinin həyata keçirdiyi "Sağlam təhsil- sağlam millət" layihəsi haqqında da müəyyən məlumatım var idi. Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş "Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmə də baxmışam. Ona görə istədim ki, birinci sinfə gedən oğlum "Sağlam təhsil sinfi"ndə oxusun. Təhsilalanların sağlamlığına yönələn bu layihədə iştirak etmək, düşünürəm ki, uşağımın sağlamlığı baxımından əhəmiyyətlidir. İlkin təəssüratlarım qənaətbəxşdir. Seçimimdə səhv etmədiyimi düşünürəm.
Mehdi BABAZADƏ,
Bakıdakı
214 nömrəli tam orta
məktəbin I sinif şagirdi
- Müəllimimiz deyir ki, bizim sağlam böyüməyimiz üçün çoxlu hərəkət etməliyik. Burada həm dərs oxuyur, həm də idman edirik. Bir yerdə uzun müddət oturmaq adamı yorur. Yaxşı ki, bizim sinifdə belə deyil. İstəyəndə otururuq, istəyəndə ayaq üstə dayanırıq. Tənəffüsdə sinfimizdə quraşdırılan turnikdən dartınmaq mənim üçün xoşdur.
Moskvalı
mütəxəssislər monitorinq
aparıblar
5-15 aprel tarixlərində Milli Təhsil Texnologiyaları Mərkəzinin dəvəti ilə Moskva Ekoloji Təhlükəsizlik Mərkəzinin baş direktoru Yuri Anikin və həmin mərkəzin icraçı direktoru Alla Kosova "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində Bakı şəhəri məktəblərində yaradılmış "Sağlam təhsil sinif"ləri ilə tanış olub və monitorinq aparıblar. Moskvalı mütəxəssislər 5 məktəbdə şagirdlərin fiziki, psixoloji və intellektual vəziyyətini öyrənmək üçün özləri ilə gətirdikləri xüsusi aparat vasitəsi ilə onları müayinə ediblər. Aparılmış monitorinqlərdə "Sağlam təhsil sinif"lərində təhsil alan birinci sinif şagirdlərinin nəticələrini sağlam təhsil texnologiyaları tətbiq edilməyən siniflərin nəticələri ilə müqayisəli təhlil etmək üçün qeyri-pilot birinci siniflərdə də oxşar müayinələr edilib. Monitorinqin əsas məqsədi təhsilalanların sağlamlığını qoruyan innovativ texnologiyaların effektivliyinin yoxlanılması olub. Həmin müayinələrdən 200-ə yaxın şagird keçib.
Uşaqlar niyə yalan
danışır?
Aysel MAHMUDLU,
psixoloq
İnsanlar qorxu və narahatlıq hiss edəndə özünü müdafiə etmək üçün yalana əl atırlar. Ancaq səbəb nə olursa olsun, yalan danışmaq doğru davranış forması deyil, çünki yalan danışarkən insan həm özünü, həm də qarşısındakını aldadır. Yalanın yaranma səbəbləri isə müxtəlif yaş dövrlərində müxtəlif amillərdən qaynaqlanır.
Bəs uşaqlar
niyə yalan danışır? Ümumiyyətlə, valideynlər bəzən
uşaqların nələrisə
şişirtməsi ilə
yalan danışmaqlarını
qarışdırırlar. Uşaqların nələrisə şişirdərək danışması
yalan danışmaq deyil, əslində bu onların çox vaxt yaradıcı təxəyyüllərinin
inkişafı ilə
bağlıdır. Buna
görə də valideynlər öncə uşaqlarının yaşına,
dərketmə və başa düşmələrinə
xüsusi diqqət yetirməlidirlər.
Uşaqların yalan danışmalarına
səbəb əsasən
aşağıdakılardır:
* Ailədə və ətrafda tez-tez yalan danışılmasına
şahid olmaq - bəzən valideynlər istəmədən uşaqların
yanında yalan danışırlar. Uşaqlar valideynlərini
model seçdikləri üçün
qeyri-ixtiyari olaraq onların hər bir davranış və hərəkətlərini
özlərində eyniləşdirirlər.
Həmçinin valideynlərinin
danışdıqları yalanları
da...
* Cəzadan yaxa qurtarmaq, qorxu və həyəcan keçirdikləri vaxtlarda
- bu zaman uşaqlarda müdafiə mexanizmi işə düşdüyü üçün
onlar yalan danışaraq cəzadan yaxa qurtaracaqlarını düşünürlər.
* Diqqət çəkmək
üçün deyilən
yalanlar - uşaqlar ata-anadan və digər ailə üzvlərindən istədikləri
qayğı və sevgini görmədikdə
diqqət çəkmək
üçün söhbət
zamanı yalan danışırlar.
* Ata-ananın və ya yaxın dostlarının
sevgi və qayğılarını paylaşmamaq
üçün də
deyilən yalanlar - uşaqlar bəzən çox istədikləri insanların sevgisini paylaşmamaq üçün
yalan danışırlar.
* Həddindən çox mükafatlandırma və
rəğbətləndirmə - belə ki, evdə ailə tərəfindən həmişə müxtəlif səbəblərdən mükafatlandırılan
uşaq bağça,
məktəb kimi yerlərdə mükafatlandırılmadıqda qeyri-ixtiyari olaraq eyni münasibəti görmək üçün yalan danışmağa başlayır
və s.
* Qeyd olunanlar yalanın həm yaranma səbəbi, həm də yalanın aradan qaldırılma
yollarıdır. Buna görə
də uşaqlarımızı
tərbiyə
edərkən bunlara
xüsusi diqqət yetirməliyik.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2015.-
2 may.- S.9.