Respublika fənn olimpiadalarının qalibləri
Ötən həftə
təhsil ictimaiyyəti üçün daha bir sevincli hadisə
ilə yaddaqalan oldu. Aprelin 18-dən start
götürən respublika fənn olimpiadalarının final mərhələsi aprelin 20-də qaliblərin
mükafatlandırılması ilə yekunlaşdı. Təhsil
Nazirliyinin verdiyi məlumata əsasən, əvvəlki illərdən
fərqli olaraq bu il fənn olimpiadalarının keçirilməsində
bir sıra yeniliklər tətbiq
olunmuşdu. İlk dəfə
olaraq 3 mərhələdə keçirilən olimpiadanın I- rayon (şəhər)
mərhələsində 8 fənn üzrə 22000
şagird iştirak edib. 3700
şagirdin iştirakı ilə bu ildən təşkil edilən
yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə,
Şirvan, Şəki, Mingəçevir, Lənkəran,
Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda
yerləşən 11 mərkəzdə təşkil olunub. Fənn olimpiadalarının final mərhələsində
Azərbaycanın 58 müxtəlif şəhər və rayon
məktəblərindən 450 şagird qatılıb. Əvvəlki
illərdən fərqli olaraq yoxlamada şəffaflığı
və ədalətli qiymətləndirməni təmin etmək
üçün olimpiada sualları açıq şəkildə
deyil, ilkin mərhələdə test sınağı
formasında tətbiq olunub. Bu il olimpiada fənləri
sırasına coğrafiya da əlavə edilib. Yarış
boyu olduqca gərgin və məsuliyyətli anlar yaşayan
şagirdlər öz bilik və bacarıqlarını
nümayiş etdiriblər. Onlar arasından yüksək
biliyi, intellektual səviyyəsi ilə daha çox fərqlənən 240 nəfər mükafatçılar
sırasına daxil olub. Daha bir yenilik isə ilk
dəfə olaraq iştirakçılar arasında hər bir fənn üzrə
"Birincilərin birincisi" nominasiyası üzrə də
qaliblərin müəyyənləşdirilməsi və beynəlxalq
fənn olimpiadalarında iştirak edəcək namizədlərin
seçilməsi idi.
Aprelin
20-də "Kempinski Badamdar" otelində təhsil naziri Mikayıl Cabbarovun,
ali məktəb rektorlarının, millət vəkillərinin
, nazirliyin struktur bölmə rəhbərlərinin, təhsil ekspertlərinin, məktəb direktorlarının, qabaqcıl müəllimlərin,
valideynlərin və media
nümayəndələrinin
iştirak etdikləri respublika fənn olimpiadalarının final mərhələsi
qaliblərinin mükafatlandırılması mərasimində
onlarca yeniyetmə oğlan və
qızın ömür səhifələrinə sevincli və
qürurverici anlar yazıldı.
Aşağıda
respublika fənn olimpiadalarının ən yüksək nəticəyə
-I yerə layiq görülən qaliblərindən bir qrupu haqqında məlumatı və
onların təəssüratlarını təqdim edirik.
"Birincilərin birincisi"
olduğuma görə çox sevinirəm"
Şahverdiyev Sirac Mübarız
oğlu
2000-ci il noyabrın 1-də
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində
anadan olub. 2007-ci ildə Cəbrayıl rayonu Vüqar
Hüseynov adına Daşkəsən kənd
tam orta məktəbinin I sinfinə gedib. Hazırda
həmin məktəbin VIII sinfində təhsil alır.
Bu il keçirilən
respublika fənn olimpiadalarında IX
siniflərlə birlikdə iştirak edərək
yüksək nəticə göstərib. Tarix fənnindən I yerə, eyni
zamanda "Birincilərin birincisi" adına layiq görülən
Sirac bunları qeyd edir:
-
Qızıl medal qazandığıma və "Birincilərin
birincisi" olduğuma görə çox sevinirəm. Bu
uğurumda təhsil aldığım məktəbimin əvəzsiz
rolu var. Mən üstümdə əməyi keçən
bütün müəllimlərimin, o cümlədən də
tarix fənnini bizlərə tədris edən Aynur Həşimovanın, yüksək
təlim-tərbiyə almağımız üçün
yaradılmış şəraitə görə Vüqar
Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin
direktoru İlqar Rüstəmovun əməyini xüsusi
vurğulamaq istəyirəm.
Biz
yeniyetmələrə göstərilən diqqət və
qayğıya görə cənab Prezident İlham
Əliyevə minnətdarlığımı bildirirəm. Təhsil aldığım orta məktəb Heydər
Əliyev Fondu tərəfindən təmir edilərək biz
şagirdlərin istifadəsinə verilmişdir. Buna
görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya çox sağ ol deyirik.
Bizə göstərilən etimadı hər zaman
doğrultmağa, Azərbaycanımıza layiq övlad
olacağımıza çalışacağıq.
"Özümü
şanslı şagirdlərdən
biri hesab edirəm"
Əliyev Tural İqlam oğlu
1997-ci il yanvarın 24-də Bakıda anadan olub. I-VI sinifləri paytaxtdakı 165 nömrəli tam
orta məktəbdə, VII-X sinifləri "Dədə
Qorqud" Özəl Türk
Liseyində oxuyub. Hazırda Bakı "İstək" liseyinin XI sinif şagirdidir. Fizika fənninə
böyük marağı var, VII sinifdən bu fənni daha ətraflı, dərindən və
mükəmməl şəkildə öyrənməyə
başlayıb. Fənn olimpiadalarında IX sinifdən etibarən iştirak
edir. IX sinifdə
respublika fənn olimpiadalarında
III, X sinifdə I yerlərə layiq
görülüb. Tural xarici ölkələrdə
keçirilən bir neçə
beynəlxalq olimpiadalarda da iştirak edib. Belə ki, X sinifdə oxuyarkən Qazaxıstanda
keçirilən məktəblilərin X beynəlxalq fizika-riyaziyyat və informatika
olimpiadasında
gümüş, Sinqapurda təşkil olunan fizika olimpiadasında isə IV yerə
layiq görülüb. Bundan başqa Tural 86 ölkənin
iştirak etdiyi və
ötən il 45-cisi keçirilən İPhO-da
(beynəlxalq fizika olimpiadası) da bürünc medala layiq
görülüb. Sevinc hissini paylaşan Tural bildirir:
- Belə
bir olimpiadada iştirak etdiyimə görə özümü
şanslı şagirdlərdən biri hesab edirəm. Çoxlu sayda şagirdin içərisindən
seçilib tanınmaq hər bir kəsə müyəssər
olmur. Bu işdə müəllimlərimin
və valideynlərimin rolu danılmazdır. Məhz
onların yaratdığı şərait, verdikləri dəyərli məsləhətlər,
eyni zamanda zəhmətim sayəsində
uğur əldə etdim. Mən bütün
qalib şagirdləri əldə etdikləri nailiyyət
münasibəti ilə təbrik edirəm.
Ən böyük arzusu yüksək
nəticə
göstərərək ali məktəbə daxil olmaqdır
Hacılı Nərmin Fərman
qızı
1997-ci il
avqustun 24-də Bakıda anadan olub. 2004-cü ildə
Bakıdakı 240 nömrəli tam orta məktəbin I sinfinə gedib. Hazırda həmin
məktəbin XI
sinfində təhsil alır. Dərs əlaçısı
olan Nərmin hər zaman fəallığı ilə də
seçilir. Bu yeniyetmə qız 2014-cü ildə
"Azərbaycan Hüquq İslahatları Mərkəzi"
İctimai Birliyi və "Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti"nin (GİZ) birgə həyata keçirdiyi
"Hüquq və mən" layihəsi çərçivəsində
təşkil olunan hüquqi təlimlərdə xüsusi fərqləndiyinə
görə fəxri fərmanla təltif olunub.
Respublikamızda keçirilən fənn
olimpiadalarında da öz bilik və bacarığını
sınayan Nərmin 2011-ci ildə biologiya, 2014-cü ildə isə
coğrafiya fənləri üzrə rayon turlarının
qalibi olub. Bu il isə onun üçün
daha uğurlu və
yaddaqalan oldu. Belə ki, Nərmin respublika fənn
olimpiadalarında coğrafiya
üzrə I yer tutmaqla bərabər
"Birincilərin birincisi" adına da layiq
görülüb.
Nərmin
fənn olimpiadalarının tam şəffaf və obyektiv keçirildiyini
xüsusi qeyd edərək,
biliyinə belə yüksək qiymət verdiklərinə,
onu birincilərin birincisi seçdiklərinə görə əməyi
keçən münsiflər heyətinə və bilik yarışını
gözəl səviyyədə keçirən Təhsil
Nazirliyinə təşəkkürünü bildirdi.
Qarşıda Nərmini daha bir sınaq gözləyir. II ixtisas qrupu üzrə
TQDK-nın keçirəcəyi qəbul imtahanına
hazırlaşan yeniyetmənin ən böyük arzusu yüksək
nəticə göstərərək
seçdiyi ali məktəbə qəbul
olunmaqdır.
"Sözün düzün desəm,
birinci olmağı gözləmirdim"
Əliyev Cavad Əbdülhəsən
oğlu
2000-ci il
sentyabrın 20-də
Bakı şəhərində anadan olub. İbtidai
təhsilini Bakıdakı 145 nömrəli tam orta məktəbdə
alıb. Daha sonra V sinifdə Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyinə qəbul olunub. Hazırda IX
sinifdə oxuyur.
- İlk dəfə idi ki, belə bir mötəbər
olimpiadada iştirak edirdim. Coğrafiya ən
çox sevdiyim fəndir. Belə bir
olimpiadanın keçirildiyini biləndə orada iştirak etmək
qərarına gəldim. Sözün
düzün desəm, 1-ci olmağı gözləmirdim və
nəticələr elan olanda, adımı birincilər
siyahısında eşidəndə çox sevindim. Buna gorə, ilk növbədə, məni dəstəkləyən
valideynlərimə, təhsil aldığım liseyin müəllimlərinə
minnətdaram. Olimpiada sualları həqiqətən
də çətin idi və cavab verərkən bir qədər
düşünməli olurdum.
Bu olimpiada mənə bir sıra məqamlara xüsusi
diqqət yetirməyi öyrətdi. Gələcək illərimdə də belə
olimpiadalarda iştirak etməyi çox istəyirəm.
"Mənə olan bu yüksək
etimadı
doğrultmağa çalışacağam"
Qaralova Nərgiz Bəhram qızı
1999-cu il
martın 3-də Bakıda anadan olub. 2005-ci ildə 112 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Hazırda X sinifdə təhsil alır.
Bu il keçirilən
respublika fənn
olimpiadalarında Azərbaycan
dili üzrə yüksək nəticə göstərərək
I yerə layiq
görülüb. Nərgiz Qaralova builki
respublika fənn olimpiadalarının yüksək səviyyədə
keçirildiyini söyləyir:
- Fənn
olimpiadalarının bütün mərhələləri
obyektiv və aşkarlıq şəraitində təşkil
olunmuşdu. Təşkilati işlər də çox
yaxşı idi. Bizim üçün yaradılan şəraitə görə Təhsil Nazirliyinin nümayəndələrinə təşəkkür
edirəm.
Əldə etdiyim uğur mənim üzərimə daha
bir məsuliyyət qoydu. Mənə olan bu yüksək etimadı
doğrultmağa çalışacağam.
"Həqiqətən
də olimpiada
yüksək səviyyədə təşkil olunmuşdu"
Səmədov
İlham Hacıbala oğlu
1997-ci il
dekabrın 17-də
Neftçala rayonunun Kürkənd kəndində
anadan olub. Hazırda Nizami Gəncəvi adına Neftçala şəhər 3
nömrəli tam orta məktəbin
XI sinif şagirdidir. Dərs əlaçısı
olmaqla bərabər müxtəlif bilik yarışlarında
iştirak edərək uğurlar qazanıb. Respublika fənn
olimpiadalarının final turunda coğrafiya üzrə I yeri tutaraq qızıl
medala layiq görülüb.
İlham
Beynəlxalq Təhsil Mərkəzinin "Araz" kurslarının
2012-ci ilin aprelində keçirdiyi bilik
yarışlarında zona
birincisi, 2012-ci ilin noyabr və 2013-cü ilin mart
aylarında respublika birincisi
olub. Hər zaman fəallığı
ilə seçilən yeniyetmə 2014-cü ilin avqustunda "Ölkəmizi
tanıyaq" layihəsi çərçivəsində Gəncə-Şəmkir
şəhərlərində keçirilən tədbirdə
fəal iştirak etdiyinə görə Mədəniyyət və
Turizm Nazirliyinin xüsusi sertifikatına layiq
görülüb.
İlham
keçirilmiş bilik yarışının və
qazandığı uğurun onun həyatında unudulmaz iz
qoyduğunu söyləyir:
- Həqiqətən
də olimpiada yüksək səviyyədə təşkil
olunmuşdu. Biz şagirdlərə tam obyektiv və şəffaf bir mühitdə öz biliyimizi
nümayiş etdirmək
üçün geniş
imkan yaradılmışdı. Bilik və
bacarığımızı nümayiş etdirməklə bərabər
oteldə qaldığımız müddətdə asudə
vaxtımızı da səmərəli və mənalı keçirdik. Bir
şagird kimi belə bir yüksək nəticə əldə
etməyimlə qürur və sevinc hissi duyuram. Nə yaxşı ki, belə bir nüfuzlu olimpiadada
iştirak etmək mənə də nəsib oldu.
"Sevinirəm ki, müəllimlərimin
çəkdiyi zəhmət hədər getmədi"
Muradov
Fərid Cavanşir oğlu
1998-ci il
avqustun 19-da
Ağdam rayonunda anadan olub. 2004-cü
ildə Bakı şəhərindəki 17 nömrəli məktəbin
birinci sinfinə gedib. 2011-ci ildən Avropa Azərbaycan Məktəbində təhsil
alır. XI sinif şagirdidir.
Avropa Azərbaycan
Məktəbində oxuduğu illərdə bir sıra
uğurlara imza atıan yeniyetmə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
keçirdiyi qrant müsabiqəsinin qalibi olub. Rusiyada
riyaziyyat üzrə beynəlxalq distant olimpiadasında II yer
tutub. 2013-cü
ildə məktəblilərarası keçirilən
İnformatika Layihə Olimpiadasında iştirak edib. 2014-cü ildə
"Məqalələr silsiləsi" adlı ilk kitabı
işıq üzü görüb.
2014-cü
ildə respublika fənn olimpiadalarında tarix üzrə IV yeri tutub. Bu il
isə respublika fənn olimpiadalarında tarix fənni üzrə
I yerə layiq görüldü. Fərid fikirlərini bizimlə
bölüşür:
-
Keçən il yığdığım
təcrübə builki olimpiadada köməyimə
çatdı. Əmin idim ki, olimpiadada qalib
olacağam. Məqsədimə nail olmaq üçün
biliklərimi daha da artırmağa başladım, tarixlə
bağlı çoxlu
kitablar oxuyurdum və məktəbdə keçirilən
materialları tez-tez təkrarlayırdım. Onu da qeyd edim ki, olimpiadaya
hazırlıqla bağlı məktəbimizdə xüsusi
proqram hazırlanmışdı. Həmin proqrama
uyğun olaraq şagirdlərin fənn olimpiadasında
iştirak edəcəyi fənlər üzrə intensiv
hazırlıqlar aparılırdı.
Oxuduğum təhsil ocağında mənə tarix fənnini
tədris edən Namiq Məmmədovun olimpiadada uğur
qazanmağımda müstəsna rolu vardır. Sevinirəm
ki, müəllimlərimin çəkdiyi zəhmət hədər
getmədi.
Builki olimpiada öz möhtəşəmliyi ilə daha
yaddaqalan oldu.
Mükafatlandırma mərasimində təhsil nazirinin olimpiada
qaliblərinə səmimi münasibəti, orada iştirak edən
millət vəkillərinin, tanınmış alimlərin, digər
nüfuzlu insanların ünvanımıza xoş sözlər söyləməsi bizi daha da ruhlandırdı. Bizə etimad göstərən bütün şəxslərə
öz minnətdarlığımı bildirirəm. Fikrimcə, fənn olimpiadalarında əldə
etdiyimiz təcrübə gələcək fəaliyyətimizdə
mühüm rol oynayacaq.
"Oxuduğum liseyə
başucalığı
gətirdiyim üçün fərəh duyuram"
Ağayev İsmət Fabil oğlu
1998-ci il
yanvarın 8-də
Quba rayonunun
Çağacıq kəndində anadan olub. Quba "İstək" liseyinin
XI sinif şagirdidir. 11 il ərzində
savadlı, hazırlıqlı, nümunəvi bir şagird
kimi tanınıb. Dərs əlaçısıdır.
Ən çox sevdiyi fənn riyaziyyatdır.
VII sinifdən respublikamızda təşkil olunan olimpiadalara,
IX sinifdən isə bir sıra
xarici ölkələrdə keçirilən beynəlxalq bilik yarışlarına qatılan
və müvafiq yerlərə layiq görülən İsmətin bu sahədə kifayət qədər
təcrübəsi var. O, VIII sinifdə fənn
olimpiadalarının respublika turunda I, IX sinifdə II, X sinifdə
III yerləri tutub. Bu il isə İsmət
üçün daha uğurlu olub. Belə ki, istedadlı yeniyetmə
yüksək bilik nümayiş etdirərək həm
riyaziyyat fənni üzrə I yerə, həm də
"Birincilərin birincisi" adına
layiq görülüb. İkiqat sevinc hissi yaşayan İsmət
deyir:
-
Sevincimin hədd-hüdudu yoxdur. Çəkdiyim
zəhmətin bəhrəsini gördüm. Çoxlu
sayda şagird içərisindən
I yerə layiq görülməyimlə bərabər "Birincilərin birincisi"
adını qazanmaq mənim üçün qürurvericidir. Təmsil etdiyim rayona, oxuduğum liseyə
başucalığı gətirdiyim üçün fərəh
duyuram.
Olimpiadanın
keçirildiyi 3 gün ərzində qaldığımız "Kempinski Badamdar" otelində
bizim rahat işləməyimiz, eyni zamanda asudə
vaxtımızın səmərəli təşkili
üçün hər cür şərait
yaradılmışdı.
Qəzetinizin mənə verdiyi
imkandan istifadə edərək bütün şagirdlər
adından olimpiadanın belə gözəl və möhtəşəm
təşkili
üçün təhsil naziri Mikayıl Cabbarova
minnətdarlığımı bildirirəm. Qarşıda məni
daha bir sınaq
gözləyir. Yunanıstanın paytaxtı Afinada keçiriləcək
olimpiadada iştirak edəcəyəm. İnanıram
ki, mənə olan ümidləri doğruldaraq Vətənimə
qələbə ilə dönəcəyəm.
"Hər bir şagirdə mənim
qazandığım uğuru arzu edirəm"
Əfəndiyev
Eldar İlqar oğlu
2000-ci il mayın 14-də Sumqayıt şəhərində
ziyalı ailəsində anadan olub. Sumqayıt şəhər
Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinfində təhsil
alır. Eldar VII sinifdə oxuyarkən riyaziyyat fənni
üzrə şəhər ikincisi, VIII sinifdə isə
biologiya fənni üzrə şəhər birincisi olub.
İlk böyük
uğuruna isə bu
il imza atıb. Belə ki, respublika fənn
olimpiadalarında biologiyadan həm
I yerə, həm də olimpiadanın xüsusi nominasiyası olan "Birincilərin birincisi"nə
layiq görülüb. Yeniyetmə
əldə etdiyi nailiyyət barədə belə deyir:
- İlk
növbədə, valideynlərimə, yaxınlarıma, təhsil
aldığım gimnaziyanın müəllim kollektivinə bu sevinci yaşatdığım
üçün sevinir və qürur hissi keçirirəm. Təbii ki, əldə etdiyim nailiyyət, eyni zamanda
doğma təhsil ocağımın uğurudur. Bu bilik yarışına məni
hazırlayan biologiya müəllimi Sevil Ağayevaya, sinif rəhbərimiz
biologiya müəllimi Aygün Əhmədovaya minnətdarlığımı bildirirəm. Hər
bir şagirdə mənim qazandığım uğuru arzu edirəm.
Belə olimpiadalar biz yeniyetmələrə öz
istedadımızı və yüksək biliyimizi nümayiş etdirməyə
gözəl şans yaradır.
Azərbaycan
müəllimi.- 2015.- 2 may.- S.7.