12 illik təhsilə keçid
bizə nə vəd edir?
Son illər
ölkəmizdə təhsil sahəsində, xüsusən də
ümumi təhsilin məzmununda aparılan islahatlar 12 illik
ümumi təhsilə keçidi aktuallaşdırıb. Nəticədə
bu məsələ Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il
24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda öz əksini
tapıb. Dövlət Strategiyasında 12 illik
ümumi təhsilə keçidin zəruriliyi əsaslandırılaraq
qeyd olunub ki, qloballaşan dünyamızda təhsilin və
elmin sürətli şəkildə inkişafı, bununla
bağlı mövzuların, informasiyanın çoxluğu
bu məsələnin vacibliyini ön plana çıxarır. Nəzərə
çatdıraq ki, dünyanın təhsil sahəsində
inkişaf etmiş ölkələrində də təhsil müddətinin tədricən
artırılması istiqamətində addımlar çoxdan atılmağa
başlanıb. İndi artıq bir çox ölkələrdə
12 illik ümumi təhsil mövcuddur. Bəzi ölkələrdə
isə hətta 13-14 illik ümumi təhsil tətbiq olunur.
Ölkəmizdə də yeniliyin tətbiqi üçün
artıq qərar verilib. Bəs 12 illik umumi təhsilə
keçid bizə nə vəd edir? 12 illik təhsildə
ümumi təhsilin pillələri necə olmalıdır?
Hazırda təhsil ictimaiyyətini maraqlandıran və
geniş müzakirə olunan bu məsələlərə
aydınlıq gətirmək üçün mütəxəssislərin
fikirlərini öyrəndik.
Əjdər AĞAYEV,
Qafqaz Universitetinin kafedra müdiri,
pedaqoji elmlər doktoru,
professor, əməkdar müəllim
Dünyanın inkişaf etmiş ölkələrində
ümumi təhsilin müddəti və pillələrinin
müxtəlif olduğu bəllidir. Lakin ölkələrarası
əlaqələr inkişaf etdikcə digər sahələrdə
olduğu kimi, təhsil sahəsində də qarşılıqlı
münasibətlər artır və bir-birinin təcrübəsindən
istifadə genişlənir. Düşünürəm
ki, Azərbaycanda ümumi təhsilin 12 illik müddətdə
başa çatdırılması ideyası da inkişaf
etmiş ölkələrin təcrübəsinə inteqrasiya
məqsədi daşıyır.
Qeyd etməliyəm ki, bu ideya ilə əlaqədar
ölkəmizdə müxtəlif fikirlər mövcuddur. Valideynlərin
bir qrupu ilə söhbətdən bəlli olur ki, onlar 12 illik
təhsilə keçilməsini istəmirlər. Ziyalıların bir qrupu ilə söhbətdən
aydınlaşır ki, əvvəlcə respublikanın hər
yerində mövcud ümumtəhsil məktəblərində
təlim-tədris işlərini müasirləşdirmək,
keyfiyyət göstəricilərini artırmaq, dərs deyən
müəllimlərin ixtisasartırmadan bütünlüklə
keçməsini təmin etmək lazımdır. Onlar bildirirlər ki, hazırda lisey və
gimnaziyaları çıxmaq şərtilə, digər adi
ümumtəhsil məktəblərində tədris səviyyəsi
aşağıdır. Müəllimlərin
əksəriyyəti bacarsa da, bacarmasa da məktəbdəki səthi
məşğələsindən sonra evində ödənişli
repetitorluqla məşğul olur. Yuxarı
sinif şagirdlərinin məktəblərə davamiyyətləri
normal deyil. Ona görə də 12 ildə
tam orta təhsilə mükəmməl yiyələnmək
üçün ümumtəhsil məktəblərindəki
mövcud qüsurlar aradan qaldırılmalı, 12 illik yeni
sistemə keçilməlidir.
Düşünürəm ki, 12 illik tam orta təhsil
sistemini bərqərar etmək üçün ciddi
sistem-struktur işi aparılmalıdır. Bunun
üçün sivil ölkələrin təcrübəsindən
istifadə etmək fayda verər. Eyni
zamanda milli-mənəvi xüsusiyyətlər,
fizioloji-intellektual imkanlarımız da unudulmamalıdır.
Mənə belə gəlir ki, Azərbaycanda tam orta təhsilin
4+5+3 sistemini tətbiq etmək olar. Əgər biz Türkiyədə
olduğu kimi 4+4+4, yaxud Ərəb Əmirliklərindəki
6+3+3 və digər buna bənzər sistemlərə
uyğunlaşmaq istəsək, mövcud təhsil sistemi təcrübəmizdən
çox uzaqlaşmış olarıq. Ona görə də
biz 4+5+3 sistemi ilə 12 illik tam orta təhsili tətbiq edərək,
tədris planı, proqram və dərslikləri ona uyğun
hazırlamalıyıq. Düşünürəm
ki, 12-ci ilin tədris planının məqsədəuyğun
müəyyənləşdirilməsi çox vacibdir. Təhsi
işçilərindən bəziləri elə
düşünürlər ki, guya 12-ci tədris ili repetitorluq məktəbini əvəz edəcək
və evlərdə repetitorluq fəaliyyəti zəifləyəcək.
Mənə görə bu, düzgün
yanaşma deyil. 12-ci ildə müəyyən
peşəyönümü imkanlarını artırmaq olar.
Lakin tədris planı üzrə dövlət
standartları bütün fənlər üzrə yerinə
yetirilməlidir. "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda göstərilir ki, təhsilin məzmunu
(tədris planı, standartlar və dərsliklər)
uşaqların yaşına və təcrübəsinə,
anlaq imkanlarına uyğun olaraq yenidən işlənməlidir.
Burada siniflər üzrə proqramların
yüngülləşdirilməsi və inteqrasiyadan istifadə
etməklə fənlərin tədrisini sona qədər
davamlı, məntiqi əlaqəli, varislik və müasirlik nəzərə
alınmaqla tətbiq etmək olar. Hər
halda bu barədə həvəskarlar deyil, mütəxəssislər,
bu işlərlə məşğul olan alimlər ciddi
düşünməli, 12 illik tam orta təhsilin sistem-strukturu
və mahiyyətini, məzmununu əks etdirən layihə
meydana qoymalıdırlar. İctimai fikrin nəzərə
alınması da faydalı ola bilər...
Ümumtəhsilin 12 illik tam orta təhsil səviyyəsində
nəzərdə tutulması və tətbiqinin faydalı
olacağı fikrindəyəm.
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun
direktor müavini, dosent
Azərbaycanda təhsil standartlarının prioritet
istiqamətlərindən birini 12 illik təhsilə keçid
təşkil edir. Məlum olduğu kimi, bu məsələ "Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasında müasir təhsil sisteminin
formalaşdırılmasının komponentlərindən biri
kimi qeyd olunmuş, daha sonra "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
mühüm strateji məsələ kimi nəzərdə tutulmuşdur.
Bu məsələnin hazırkı zamanda zəruri
ümumi təhsil problemi kimi meydana çıxması
heç də təsadüfən yaranmamışdır.
Azərbaycanda sosial inkişafın müasir səviyyəsi
Avropa, bütövlükdə dünya təhsilinə
inteqrasiya özünün bir sıra məzmun və struktur tələbləri
səviyyəsində bu ehtiyacı doğurmuşdur. Ölkələr arasında təhsil əlaqələrinin
daha mobil və uğurlu qurulması zərurəti belə bir
tələbatı meydana çıxarmışdır. Bundan əlavə, məktəbin humanist tələblər
əsasında inkişaf etməsində şagirdin təlim
maraqlarının nəzərə alınması, onların
gündəlik dərs saatlarının, o cümlədən dərs
yükünün yüngülləşdirilməsi istiqamətində
normallaşdırılması da ümumi təhsilin müddətinin
uzadılaraq 12 illik olmasına rəvac vermişdir.
Ümumi təhsilin 12 illik olması ilk növbədə
yeni strukturun formalaşmasını tələb edir. Bunun
üçün onun yeni optimal modelinin müəyyənləşdirilməsi
zəruri hesab olunur. Hökumətin təhsil
siyasətində icbari təhsilin on, təmayüllər
üzrə təhsilin isə ikiillik müddəti müəyyənləşdirilmişdir.
Bununla yanaşı, ibtidai və ümumi orta təhsil
səviyyələrini əhatə edən icbari təhsilin
yeni modelinin konkretləşdirilməsi hazırda öz həllini
gözləyir.
İlkin
araşdırmalar belə qənaətə gəlməyə
imkan verir ki, ümumi təhsilin hər hansı modelinin qəbul
olunmasında ciddi araşdırmalar aparmaqla dünyanın mövcud təcrübəsini
öyrənmək, bununla da
yalnız vəziyyəti müəyyənləşdirmək
mümkündür. Lakin Azərbaycan üçün yeni ümumi təhsil
modelinin müəyyən olunmasında xarici təcrübənin
öyrənilməsi ilə yanaşı, yerli şərait,
potensial imkanlara, ümumi təhsil sahəsində əldə
olunmuş çoxillik təcrübələrə də
istinad edilməlidir. Əslində ümumi
təhsilin strukturunun müəyyənləşdirilməsi
onun fəaliyyət imkanlarının müəyyən
olunması deməkdir. Təhsilşünaslar
ümumi təhsilin strukturunun müəyyənləşdirilməsində
didaktikaya aid araşdırmalara daha çox yer ayırmaqla onun
nəzəri-pedaqoji əsasda müəyyənləşdirilməsinə
önəm verirlər. Şübhəsiz,
Azərbaycanda da ümumi təhsilin səviyyələr
baxımından struktur komponentlərinin müəyyən
olunmasında elmi-pedaqoji tədqiqatların aparılmasına,
hər hansı qənaətlərə gəlinməsinə və
müəyyənliyin yaradılmasına ehtiyac vardır.
Ona görə də bu istiqamətlərdə də tədbirlərin
görülməsi bir zərurət kimi aydın hiss edilir.
Ümumi təhsilin yeni strukturu yeni mahiyyət və məzmun
daşıdıqda daha faydalı olmaqla effektiv təsir
bağışlayır. Bu mənada respublikamızda ümumi təhsilin
12 illik strukturunda mahiyyət etibarı ilə yeni məzmunun
ehtiva olunması nəzərdə tutulur. Ümumiləşmiş
şəkildə bu məzmun şagird şəxsiyyətində
formalaşacaq zəruri bilik və bacarıqlar əsasında
səriştələrdən ibarət dəyərləri,
başqa sözlə, mədəniyyətləri əhatə
edir. Bu isə o deməkdir ki, ümumi təhsil
məktəbi özünün fəaliyyətini humanitar məqsədlərə
yönəltməklə yeni bir missiya daşıyır.
Eyni zamanda ümumi təhsil şəxsiyyətyönlü
fəaliyyətində şagirdin hərtərəfli
inkişafını təmin etməklə onun şəxsiyyət
kimi formalaşmasını önə çəkir. Məntiqi, tənqidi və yaradıcı təfəkkürün
formalaşmasında yeni imkan yaradır. Təcrübələr
də onu göstərir ki, şagird idrakının, eləcə
də təfəkkürünün inkişaf etdirilməsi
yalnız düşüncə, təfəkkür məktəbində
mümkündür.
Bu gün Azərbaycanda 12 illik təhsil sahəsində həyata
keçirilən ilkin tədbirlər, atılan perspektiv
addımlar düşüncə məktəbindən xəbər
verir.
İntellektual potensialın inkişafına doğru istiqamətlənmiş
fəaliyyətlərin start götürdüyünu diktə
edir.
12 illik
ümumi təhsilin üfüqlərində şagirdə daha
çox sərbəstlik veriləcəyi, onun bacarıq və
qabiliyyətlərinin inkişafına, düşüncə mədəniyyətinin
formalaşmasına, kreativ bir şəxsiyyət kimi yetişəcəyinə
imkan yaradılacağı aydın
görünür.
12 illik ümumi təhsilin daha çox inteqrativ xarakter
daşıması da mühüm keyfiyyətlərdən
biridir. Bunun təmin olunması üçün birinci
növbədə məktəbin məzmununu inteqrativ müstəvidə
təhlil etmək lazım gələcəkdir. Bu zaman həm təcrübədə mövcud olan vəziyyət
meydana çıxarılacaq, həm də fənlərarası
və fəndaxili inteqrasiya əsasında gözlənilən
əlaqələrin müəyyən olunması rəsmi
inteqrasiyanın yaranmasına təminat verəcəkdir. Eyni zamanda müəllimin
təlim prosesindəki interaktiv fəaliyyəti istiqamətləndiriləcəkdir.
Vidadi BAĞIROV,
təhsil eksperti
Əslində ümumtəhsil məktəbində təhsil
səviyyələrinin neçə illik olması tapmaca
xarakterli olmamalıdır. Yəni dünyada bu qədər
müddətdir, bizdə də belə olsun yanaşması həmişə faydalı
olmaya da bilər. Təbii ki, dünya təcrübəsindən
yararlanmadan, ondan istifadə etmədən, dünyaya inteqrasiya
olunmadan uğur qazanmaq, inkişaf etmək mümkün
olmadığı kimi,
dünyada olanları yerli şərait nəzərə
alınmadan, uyğunlaşdırmadan, olduğu kimi tətbiq
olunması da həmişə yaxşı nəticələrə
gətirib çıxarmaya da bilər. Respublikamız
müstəqillik qazandıqdan sonra təhsillə bağlı
atılan addımlara nəzər saldıqda görürük
ki, nə qədər faydalı işlər
görülmüş, dünyanın qabaqcıl ölkələrinin
təcrübəsindən bəhrələnilmiş, təhsilimizin
səviyyəsi xeyli yüksəlmişdir. Digər tərəfdən də illərin təcrübəsi
göstərir ki, tətbiq olunan yeniliklər yerli şəraitə
uyğunlaşdırılaraq tətbiq olunarsa, həm vaxt
baxımından, həm də keyfiyyət baxımından daha
uğurlu nəticələrə nail olunar.
12 illik ümumi təhsildə
pillələrin neçə ildən ibarət olması ilə
bağlı dünya təcrübəsində müxtəlif
variantlar var. Bu variantlar artıq təcrübədən
çıxıb. Buna baxmayaraq bizim ölkəmizdə
hansı variantın üzərində durulması barədə elmi
araşdırmalar aparılaraq uğurlu bir qərar verməyə
ciddi ehtiyac duyulur. Düşünürəm ki, hazırda bu həm rəsmi
qurumları, həm də mütəxəssisləri
düşündürür. Bir neçə
ildir ki, ölkəmizdə dünya təcrübəsinə əsaslanan
yeni kurikulum tətbiq edilir və bu haqda müəyyən ilkin
təsəvvürlər də yaranıb. Hətta
ibtidai təhsil pilləsindən artıq ikinci
buraxılış olacaq.
Deməli, bu
pillə ilə bağlı
fikirlərin söylənilməsinə daha real zəmin
də vardır. Müəllimlərin də,
mütəxəssislərin də, valideynlərin də fikirlərini
ümumiləşdirsək görərik ki, cəmiyyətin
xeyli hissəsi ibtidai siniflərdə yeni kurikulumun tətbiqindən
o qədər də razılıqla danışmırlar və
səbəb kimi də əsasən ibtidai təhsil kurikulumunun
çətin və mücərrəd olması,
uşaqların yükünün artdığını
göstərirlər. Bu gün məktəbdə
oxumağa başlayan uşaqların qamət əyriliyinin,
fikir yayğınlığının, əsəbiliyinin və
digər fəsadlarının olmasında ibtidai təhsil səviyyəsinin
4 il olmasının və müəllim tərəfindən
müəyyən materialların fiziki olaraq həddən
çox yüklənməsinin rolu az deyildir. Bu baxımdan
yanaşdıqda bizim şəraitimizdə (müəllimlərin,
valideynlərin, ümumən cəmiyyətin
hazırlığı baxımından )
ibtidai təhsil səviyyəsinin vaxtının 5 il olması başa
düşülən, məntiqi və ümumi işin xeyrinə
olardı. Hər kəsə bəllidir ki, ibtidai təhsil səviyyəsində
keyfiyyətli təhsil verilməsi uşaqların məktəbdə
sonrakı səviyyələrdə uğur
qazanmalarının əsasıdır. Bütün hallarda bu
müddətin bir il artırılması bünövrənin
möhkəmlənməsində həm keyfiyyət
baxımından öz müsbət təsirini göstərəcək,
həm də
uşaqlarımızın həddən çox
yüklənməsinin müəyyən mənada
qarşısını alacaq, onların
sağlamlıqlarına ciddi fayda verəcəkdir.
Bəs
tam orta təhsil səviyyəsi neçə il
olmalıdır?
Uzun illərin
təcrübəsi də, repetitorların da, ali
məktəblərə hazırlıq kurslarının da təcrübəsindən
demək olar ki, hazırkı vəziyyətdə iki il
uşaqların ali məktəblərə istiqamətlənməsi,
konkret olaraq sahə ilə bağlı bilik və
bacarıqların əldə edilməsində kifayət edir.
Həm də repetitorluğun ciddi şəkildə ortada
olduğu bir şəraitdə
tam orta təhsil səviyyəsində illərin
uzadılması valideynlərin büdcəsinə də təsir
edə bilər ki, bu da cəmiyyətdə heç də birmənalı
razılıqla qarşılanmaz, narahatlıqlara da səbəb
ola bilər. Bu məntiqlə yanaşdıqda tam orta təhsil
səviyyəsinin
2 il olması məqsədəmüvafiqdir.
Ümumi
orta təhsil səviyyəsi şagirdlərin bilik və
bacarıq əldə etməsində, həmçinin bir
şəxsiyyət kimi formalaşmasında, cəmiyyətə
tamhüquqlu bir vətəndaş kimi qoşula bilməsində
çox vacib bir mərhələdir. Bu baxımdan bu mərhələnin
elə indiki kimi 5 il qalması məntiqi və
real olardı. Bütün bunları nəzərə alaraq 12
illik ümumtəhsil məktəbinin təhsil səviyyələrinin
aşağıdakı kimi olmasını məqsədəmüvafiq
hesab edirəm:
-
İbtidai təhsil səviyyəsi - 5 il
- orta təhsil səviyyəsi - 5 il
- tam orta təhsil səviyyəsi - 2 il
Burada
vacib bir məqam da diqqətdə saxlanılmalı,
mümkün qədər yaxın müddətdə ciddi
addımlar atılmalıdır. Bu, orta təhsil səviyyəsini bitirən
və təhsillərini ali və orta ixtisas məktəblərində
davam etdirməyən uşaqlarla bağlıdır. Bu
uşaqların yaşı 16 ətrafında olur ki, bu
yaşda onların yaşlarına və
sağlamlıqlarına uyğun iş tapmaq ehtimalı
çox aşağıdır. Belə olan təqdirdə bu uşaqların
peşə liseylərinə cəlb olunması ən aktual məsələlərdəndir.
Bu yolla onlar sadə peşə sahibləri kimi formalaşarlar
ki, gələcəkdə əmək bazarında peşəkarlıqlarına
görə iş tapa bilərlər. Deməli, uğurlu nəticə
əldə etmək üçün həm iri şəhərlərdə,
həm də bölgələrdə peşə liseyləri şəbəkəsinin
yaradılması çox vacibdir.
Əlbəttə ki, bu bir subyektiv fikirdir. Bəlkə də
bu variant bir keçid müddəti üçün olar, sonra
dəyişdirilər, yaxud da ki, mərhələlərlə
həyata keçirilə bilər. Ola bilər ki, əvvəlcə
pilot layihələr kimi reallaşdırılsın və s.
İstərdik ki, sözügedən məsələ ilə
bağlı daha çox fikirlər öyrənilsin, təkliflər
araşdırılsın. Yeri gəlimişkən,
"Azərbaycan müəllimi" qəzetinin bütün
aktual məsələlərdə olduğu kimi bu məsələyə
də diqqətlə yanaşması, müzakirə müstəvisinə
çıxarması təqdirəlayiqdir.
Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru, professor
Dünya ölkələrinin əksəriyyətində
çoxdan tətbiq olunan 12 illik təhsil sistemi,
inanırıq ki, təhsilimizə yeni-yeni nailiyyətlər gətirəcəkdir. Onu da qeyd edək
ki, 12 illik ümumi təhsil 170-dən çox ölkədə
tətbiq olunur. Bunların sırasında
ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və digər
ölkələr seçilir. Bu da məlumdur
ki, bəzi ölkələrdə 14 illik təhsil də
mövcuddur. Məsələn, Kanada, Fransa, Niderland,
Çexiya və digər ölkələr bu qəbildəndir.
Bir qism ölkələrdə, o cümlədən
Azərbaycanda təhsilin müddəti 11 ildir. Azərbaycanda 12 illik ümumi təhsilə
keçildikdən sonra 10 illik icbari ümumi orta təhsil və
2 illik tam orta təhsil modeli tətbiq olunacaqdır. Bu model mərhələli şəkildə həyata
keçiriləcəkdir. Hazırda 9 illik icbari təhsil
pilləsinə 1 il artırmaqla 10 illik
icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil pilləsi
yaradılacaqdır. Bu təhsil modelinə
keçmək təhsilin keyfiyyətinin yüksəlməsinə
xidmət edəcəkdir. Azərbaycanda 12
illik təhsilə keçid bir sıra nailiyyətlərə
və yeniliklərə gətirib çıxara bilər.
Bizcə, yüksək səviyyəli, yetkin və
kamil vətəndaş hazırlamaq üçün təhsilin
bu modelinə keçmək vacibdir. Başqa
bir cəhətdən onu da qeyd edək ki, təhsil
proqramlarını yüksək səviyyədə yerinə
yetirmək üçün 12 illik təhsil lazımdır.
Ona görə lazımdır ki, 11 illik təhsildə
təhsil proqramının məzmunu 12, 14 illik təhsildəki
proqramı əhatə edə bilmir və 12, 14 illik təhsilin
məzmununa cavab vermir. Biz dünya ölkələri
və dünya ölkələrindəki təhsillə
ayaqlaşmaq üçün 12 illik təhsilə keçməyi
zamanın tələbi kimi qəbul etməliyik. Bu mənada 12 illik təhsilə keçid Avropaya inteqrasiya
etmək üçün yeni imkanlar açacaqdır. Bundan başqa, şagirdlər müasir
dünyanın tələblərinə uyğun bilik,
bacarıq və vərdişlər əldə edəcəkdir.
Daha doğrusu, bilik, bacarıq və vərdişlər
dərinləşəcəkdir. Dərin bilik, bacarıq
və vərdişə yiyələnmiş şagirdlər ali təhsil aldıqda peşəkarlıqlarını
daha da inkişaf etdirə biləcəklər. Ancaq
12 illik təhsilə keçid yeni təcrübə olduğu
üçün buna tədricən keçmək
lazımdır. Bu təhsilə keçid
üçün yeni-yeni proqramlar hazırlanmalıdır.
Bu da vaxt tələb edir. Bu
istiqamətdə görüləcək hazırlıq işlərinə
ehtiyac böyükdür.
Bu gün dünyanın bir real mənzərəsi də
ondan ibarətdir ki, elm, texnika sürətlə inkişaf edir. Elmi-texniki tərəqqinin
nailiyyətləri informasiya bolluğunu və yenilikləri
gün-gündən artırır. Bunları
isə şagirdlərə aşılamaq, mənimsətmək
o qədər də asan olmur. Ona görə
də 12 illik təhsilə keçid elmi yenilikləri,
informasiyaları, texniki tərəqqinin nailiyyətlərini
şagirdlərə aşılamaqda geniş imkanlar
yaradacaqdır. Təbii ki, dərsliklər,
onların məzmunu dəyişəcəkdir. Yeni hazırlanacaq dərsliklər şagirdə təkcə
bilik yox, həm də əsl vətəndaş kimi fəaliyyət
göstərmək prinsiplərini öyrədəcəkdir.
Başqa sözlə, həm də şagirdlərin
dünyagörüşünü formalaşdıracaqdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, 12
illik təhsilə keçid mərhələ-mərhələ
həyata keçməlidir. Bu prosesə
keçid cəmiyyətin kifayət qədər maariflənməsi,
bilgilənməsi yolu ilə daha çox fayda verə bilər.
Bir həqiqəti də demək lazımdır. Bu da odur ki,
valideynlər istəyirlər onların övladları tez
oxuyub qurtarsın. Yəni orta məktəbi
11 ilə bitirsin. Ancaq bəzən fikirləşmirlər
ki, onların övladlarının 11 illik təhsildə
aldıqları biliyin, bacarığın, vərdişin səviyyəsi
nə dərəcədədir? Yaxud
onların övladlarının vətəndaşlığı
hansı səviyyədədir? Bu mənada
da 12 illik təhsil təhsilin keyfiyyətinə və
şagirdlərin inkişafına müsbət təsir
göstərəcəkdir. Biz bir məsələni
də nəzərə almalıyıq. Bu
da odur ki, 11 illik təhsil proqramı çox yüklənmişdir.
Şagirdlər bu ağır proqramdan əziyyət
çəkirlər. Ən azı psixoloji
gərginlik keçirirlər, bəzən fiziki
sağlamlıqlarını təhlükə altına
atırlar. Ona görə ki, fiziki
baxımdan proqramı çatdıra bilmirlər. Bu mənada da 12 illik təhsil əhəmiyyətli
rol oynaya biləcəkdir.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.- 2 may.-
S.6.