Təhsil Nazirliyi cavab verir
Hüquqi məsələlər
Hörmətli
oxucular! Bu sayımızdan qəzetimizdə "Hüquqi məsələlər"
rubrikası fəaliyyətə başlayır. Bu rubrika
altında vətəndaşların təhsil hüquqları
ilə bağlı Təhsil Nazirliyinə
ünvanladıqları və nazirliyin Hüquqi ekspertiza və
lisenziyalaşdırma şöbəsi tərəfindən
ümumiləşdirilmiş sual-cavab mətnlərinin dərc
olunması nəzərdə tutulur.
Sual: Vətəndaşların müraciətlərinə hansı müddət ərzində cavab verilməlidir?
Cavab: "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.
Sual: Ərizə, şikayət və təklif nədir?
Cavab: Vətəndaşların dövlət orqanlarına müraciətləri ərizə, təklif və şikayət formasında ola bilər.
"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət - ərizə, dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət - təklif, dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət isə şikayət hesab olunur.
Sual: Kimlər təhsil haqqından azaddırlar?
Cavab: Qüvvədə olan qanunvericilikdə təhsil haqqından azadolma anlayışı yoxdur. Lakin sualın bu redaksiyada yazılması təsadüfi deyildir. Belə ki, bu gün insanlar arasında bəzi kateqoriyaya aid şəxslər təhsil haqqından azad olunanlar kimi adlandırılırlar. Ancaq qeyd edirik ki, müəyyən kateqoriyaya aid şəxslər təhsil haqqından azad deyil, onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış şəxslərin, həmçinin aşağıda göstərilən kateqoriyaya aid şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
- Azərbaycan Respublikası Prezidentinin "Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə" 04.08.2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
- "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri;
- Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli 347 nömrəli Sərəncamına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb sahəsi təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.
Sual: Valideyn himayəsindən məhrum olmuş uşaqlara təhsil aldıqları müddətdə təqaüd ödənilməlidirmi? Akademik borcu olan tələbələrə bu təqaüdün ödənilməsi dayandırılırmı?
Cavab: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir.
Sözügedən Qanunda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə həmin təqaüdün ödənilməsi ilə bağlı hər hansı məhdudiyyət (dövlət büdcəsi hesabına təhsil alması, akademik borcu olmaması və s.) müəyyən edilməmişdir.
Sual: Lisenziya hansı təhsil müəssisələrinə
verilir? Xarici dil, ayrı-ayrı peşələr, kompüter
və s. hazırlıq kurslarının fəaliyyəti
üçün xüsusi razılıq (lisenziya) tələb
olunurmu?
Cavab: Azərbaycan Respublikası
Prezidentinin 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Xüsusi razılıq
(lisenziya) tələb olunan fəaliyyət növlərinin
siyahısı və həmin fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) verilməsinə görə
ödənilən dövlət rüsumlarının məbləği"nə
əsasən Təhsil Nazirliyi tərəfindən xüsusi
razılıq (lisenziya) məktəbəqədər təhsil
müəssisələri, ümumtəhsil müəssisələri
(liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri
və peşə liseyləri, orta ixtisas təhsili müəssisələri,
ilk peşə-ixtisas təhsilini həyata keçirən təşkilatlar,
müəssisələr, əmək birjaları, məşğulluq
idarələri və digər müvafiq qurumlar, ali təhsil
müəssisələri, əlavə təhsili həyata
keçirən ixtisasartırma və yenidənhazırlanma
qurumları və digər müəssisələr, dini orta
ixtisas və ali dini təhsil müəssisələrinin fəaliyyətinə
verilir.
Qanunvericilikdə
ayrı-ayrı peşələrin və ya biliklərin
öyrədilməsi üçün fəaliyyət göstərən
qısamüddətli kurslara xüsusi razılıq (lisenziya)
verilməsi nəzərdə tutulmamışdır.
Təhsil
fəaliyyəti ilə məşğul olmaq üçün
lisenziya almaqla bağlı müraciət edən hüquqi şəxs
mütləq təhsil müəssisəsi olmalıdır və
onun maddi-texniki, elmi-pedaqoji və elmi-metodik bazası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 03.08.2012-ci il tarixli 171
nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil
müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına
dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri,
şagird yerləri ilə təminat normativləri"nə və
07.11.2002-ci il tarixli 174 nömrəli qərarı ilə təsdiq
edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən
asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi
üçün tələb olunan əlavə şərtlər"ə
uyğun olmalıdır.
Hüquqi ekspertiza və
lisenziyalaşdırma şöbəsi
Azərbaycan müəllimi.- 2015.-
2 may.- S.5.