Tələbələr arasında informatika üzrə ümumrespublika

olimpiadasının final mərhələsi

 

Mayın 2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan ali məktəb tələbələri arasında informatika üzrə X  Ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.

Tədbirdən öncə qonaqlar institutda yaradılmış innovativ şəraitlə yaxından tanış olublar, onlara institutun maddi-texniki bazası haqqında ətraflı məlumat verilib.

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə  təşkilatçılığı ilə keçirilən olimpiadanın açılış mərasimində  rabitə və yüksək texnologiyalar nazirinin  müavini Elmir Vəlizadə  çıxış edərək ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək ixtisaslı gənc mütəxəssislərə böyük ehtiyac olduğunu bildirib. Qeyd olunub  ki, İKT-nin dinamik inkişafı  geniş vüsət alması  dünyada informasiya cəmiyyətinin formalaşması, bəşəriyyətin inkişafı üçün böyük imkanlar yaradır. "Azərbaycanın gələcəyi olan gənclər də informasiya cəmiyyətinin  qurulmasında  yaxından iştirak etməlidirlər", - söyləyən E.Vəlizadə, sayca X olan olimpiadanın ilk mərhələsində respublikanın 16 ali təhsil müəssisəsindən 55 komandanın iştirak etdiyini  bunların arasından 12  komandanın  final mərhələsinə vəsiqə qazandığını deyib.

 Nazir müavini cari il mayın 17-də Cenevrədə Azərbaycanın Qızıl Tərəfdaşı olduğu Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illik yubileyinin və Azərbaycan rabitəsinin yaranmasının 134 illiyinin qeyd olunacağını əlamətdar hadisə kimi qiymətləndirib.

Olimpiadanın münsiflər heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı  tələbələrin aşkara çıxarılması  onlara dəstək vermək baxımından belə yarışların təşkilinin  böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq  yarışlara hazırlaşdırmaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.

AMEA-nın akademik-katibi, AMEA  İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev bu gün dünyada informasiya texnologiyaları üzrə yüksək ixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ  təfəkkürlü  kadrların, xüsusən də  proqram mühəndislərinin hazırlanmasına tələbatın olduğunu bildirib. Ölkəmizdə elm və təhsilin inkişafına ölkə başçısı  İlham Əliyev tərəfindən diqqət və qayğı göstərildiyini söyləyən akademik İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlara yol açdığını qeyd edib. Onun sözlərinə görə, son 10 ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sayəsində Azərbaycanda İKT sahəsində yüksək nailiyyətlər əldə olunmuşdur. Bu sahədə innovasiyaların daha sürətlə vüsət almasında gənc kadrların rolundan danışan R.Əliquliyev yeni imkanların meydana gəlməsi və innovasiyaların geniş tətbiqi prosesinə innovativ təfəkkürə malik gənclərin böyük töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, artıq 10 ildir keçirilən olimpiadada iştirak edərək yüksək nəticələr göstərmiş gənclər bu gün ölkəmizdə İKT-nin inkişafına böyük dəstək verən aparıcı qüvvəyə çevrilib. Olimpiadada iştirak etmiş bir çox gənclər hazırda dünyanın aparıcı universitetlərində magistraturadadoktoranturada təhsil alır, ölkənin nüfuzlu şirkətlərində fəaliyyət göstərir, dövlət idarəçiliyində yaxından iştirak edir, cəmiyyətdə yüksək mövqe tuturlar. Bu baxımdan olimpiadanı "qızıl fond" adlandırmaq olar.

Alim bu kimi tədbirlərin keçirilməsinin İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin seçilməsi və onların respublikamızda həmin  sahə ilə bağlı reallaşdırılan layihələrə cəlb edilməsinə, ölkəmizin beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə imkan yaratdığını önə çəkib.

Azərbaycanda qurulmaqda olan biliklər cəmiyyətinin əsas lokomotivinin proqram mühəndisliyi olduğunu söyləyən akademik  bu sahənin AMEA rəhbərliyinin daim diqqət mərkəzində saxladığı sahələrdən biri olduğunu vurğulayıb.

Sonra olimpiadanın final mərhələsi  onlayn rejimdə, www.e-olimp.com saytı vasitəsilə keçirilib. 12 komanda öz bilik və bacarığını sınayıb. Yarış zamanı hər komandaya 5 saat ərzində 9 məsələni həll etmək tapşırığı verilib.

Final mərhələsinin nəticələrinə görə, Qafqaz Universitetinin  "Qafqaz Programmers"  komandası  I, Azərbaycan Texniki Universitetinin  "AzTU1"     "ADA" Universitetinin  "ADA U4"  komandaları  II,  Milli Aviasiya Akademiyasının  "NAA50",  Azərbaycan  Dövlət Neft Akademiyasının  "ADNA1"    Bakı Ali Neft Məktəbinin "BHOS1" komandaları isə III yerə layiq görülüblər.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2015.- 9 may.- S.7.