Təhsilimizin bu
gününə
müəllim baxışı
Hər bir millətin dirçəlişi və onun digər millətlər içərisində özünütəsdiqi təhsilinin inkişafından asılıdır. Gənc, müstəqil dövlətimiz artıq yeni əsrin 15-ci ilini yaşayır. Son illər cəmiyyət həyatının müxtəlif sahələrində çox ölkələr üçün əlçatmaz sayılan uğurlara imza atmışıq. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar da nəticə etibarı ilə dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı, düşünülmüş siyasi kursu bütün sahələrdə olduğu kimi təhsildə də müasirləşdirilməyə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların uğurlu tətbiqinə geniş şərait yaradır.
Yeni təhsil sisteminin məzmunu, vəzifələri, strateji istiqamətləri bir ali məqsədə, ölkədə səriştəli təhsilverənlərə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmağa xidmət edir. Təhsilimizdə yeniləşmə siyasəti köklü dəyişikliklərlə deyil, indiyə qədər özünü doğrultmuş məsələlərə dünya təhsili standartları ilə ayaqlaşa biləcək yeni ab-havanın gətirilməsi ilə müşayiət edilir. Konfutsinin sözləri ilə desək, "Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər". Bu gün bizim tələbyönümlü kurikulum islahatları gələcəkdə özünün və başqalarının həyat tərzini yaxşılaşdıra biləcək, cəmiyyətə yararlı şəxsiyyət yetişdirməyə yönəlib. Bu, zamanın tələbidir. Təhsil sahəsində aparılan dəyişikliklər haqqında qərarların mütəxəssislər tərəfindən hərtərəfli öyrənildikdən sonra tədricən verilməsi yeni sistemin korporativ iş birliyinə və kompetensiyasına işarədir.
Dünya siyasət elitasının ən parlaq nümayəndəsi, ulu öndərimiz Heydər Əliyev hələ ötən əsrin sonlarında təhsilimizdə islahatlara başlanılarkən demişdi:
"Biz təhsil sahəsində
bütün yeniliklərin tərəfdarıyıq,
dünya təcrübəsindən səmərəli
istifadə etməyi tələb edirik. Ancaq bu işlər gərək
sistemli olsun. Bu işləri
görərkən, qurarkən siz
onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə
almalısınız. İndiyə qədər yaranmış
təhsil, bilik, elm
potensialından, həm də bütün
ölkələrlə hazırkı əlaqələrdən
istifadə edərək inkişaf etmiş ölkələrin təcrübəsini
təhsil sahəsində tətbiq etmək mümkündür...
Mənim sizə tövsiyəm ondan ibarət
olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz,
Azərbaycanın milli ənənələrinin
üstündən keçməyəsiniz... Təhsil sistemi elə bir sistemdir
ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz.
Ümumiyyətlə, bizim həyatımızın
bütün sahələrində
dəyişikliklər təkamül
xarakteri, tədrici dəyişikliklər xarakteri
daşıyır".
Məhz bu tövsiyə bu gün respublikamızda həyata keçirilən təhsil islahatlarında əsas götürülür. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planında islahatlara məhz belə yanaşma əks etdirir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, müxtəlif müsabiqələrin təşkil edilməsi, müəllimlərin diaqnostik qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması sahəsində son dövrlər həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar bu baxımdan xüsusilə diqqətə layiqdir. Müsabiqədə zəif iştirak edən müəllimlər üçün təlim kurslarının keçirilməsi, dəfələrlə yenidən müsabiqələrə qatılmaq şansının yaradılması Təhsil Nazirliyi tərəfindən atılan humanist addımlardır. Qeyd etdiyim fikirləri işlədiyim məktəb-lisey kompleksinin böyük müəllim ordusu da dəstəkləyir. Təhsil Nazirliyinin təhsilalanların və təhsilverənlərin nəzəri-praktiki biliklərinin reallaşdırılması üçün təşkil etdiyi kurslara kontingent seçimi, yaradıcılıq müsabiqələri və bilik olimpiadalarının şəffaf keçirilməsi təqdirəlayiqdir.
2014-cü ilin dekabr ayında böyük rus şairi M.Y.Lermontovun 200 illiyinə həsr edilmiş müsabiqəyə Bakı məktəblilərinin böyük həvəslə qoşulmalarını xüsusi vurğulamaq istərdim. Rəssamlıq, teatrlaşdırılmış səhnələr və bədii qiraətdən ibarət olan bu müsabiqə iştirakçılarını qiymətləndirmək üçün tanınmış lermontovşünaslarla bərabər mən də münsiflər heyətinə cəlb olunmuşdum. Bütün heyət üzvləri ilə birgə müsabiqədən xüsusi zövq aldıq. Bu müsabiqə hələ XIX əsrdə Azərbaycanı qarış-qarış gəzmiş polyak səyyahı Stşelnitskinin "azərbaycanlılar çox istedadlı xalqdır. Burada yalnız lallar oxuya bilmir" sözlərini bir daha təsdiqlədi. Keçirilən müsabiqə qeyri-adi istedadları üzə çıxardı. Səhnədə özünüifadə edən məktəblilərin fərəh hissini görməmək mümkün deyildi. Müsabiqə qaliblər müəyyən olunduqdan sonra Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində "M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi" mövzusunda "dəyirmi masa" və konsert proqramı ilə yekunlaşdırıldı. Respublikamızda həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyatı xadimlərinin yaradıcılığına həsr edilmiş müsabiqələrin keçirilməsi ədəbi əlaqələr ənənəsini davam etdirməklə bərabər, məktəblilərin bədii qiraətə həvəs göstərmələrini də stimullaşdırır.
Ümumiyyətlə, təhsil sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş hər bir iş xalqımızın yüksək rifahı naminə atılmış addımdır. Son illər Azərbaycanda məhz Prezidentimizin və Heydər Əliyev Fondunun dəstəyi ilə 3000-ə yaxın məktəb tikilib xalqımızın balalarının istifadəsinə verilmişdir. Bu gün respublikamızda qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan metodlarla elmlərə yiyələnən potensialı yetişdirmək üçün lazımi şərait yaradılır.
Xanım SULTANOVA,
Bakı şəhəri
MLK-nın direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan müəllimi.- 2015.-
16 may.- S.15.