Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına

Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzi

rəsmən Oksford Universitetinin saytında yer alıb

 

Mayın 5-də M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti Oksford Universitetinin saytında rəsmən yerləşdirilməsi  ilə əlaqədar tədbir keçirilib.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbiri MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva açıb. Bildirib ki, tədbirin əsas məqsədi 2013-cü ildən başlanan çox uğurlu, məsuliyyətli, eyni zamanda, şərəfli bir layihənin - Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması ilə bağlı proqramın növbəti mərhələsini təqdim etməkdir. Mərkəzin rəsmi vebsaytının İngiltərənin Oksford Universitetinin saytına yerləşdirildiyini və bununla da rəsmən tanındığını deyən professor Nərgiz Paşayeva bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

Xatırladaq ki, proqramın ideyası 2013-cü ildə professor Robert Hoylandın Azərbaycana arxeoloji tədqiqat obyektləri ilə tanışlıq məqsədi daşıyan səfəri zamanı professor Nərgiz Paşayeva ilə görüşü nəticəsində meydana gəlib.

Mərasimdə Nərgiz Paşayeva mərkəzin fəaliyyətində nəzərdə tutulan beş əsas istiqamət haqqında geniş məlumat verib. Qeyd edib ki, birinci istiqamət onun hələ 2013-cü il dekabrın 28-də Oksford Universitetinin şərqşünaslıq fakültəsinin alimləri qarşısında çıxışı zamanı söylədiyi "Azərbaycanın iki qürur mənbəyi varsa, bunlardan biri Nizami Gəncəvidir" fikrinə sübut olaraq, Yevgeni Bertelsin "Nizami - böyük Azərbaycan şairi" əsərinin ingilis dilinə tərcüməsi və nüfuzlu elm ocağında nəşr edilməsi olacaq.

Rektorun sözlərinə görə, ikinci istiqamət kimi qədim xristian çarlığı - Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərində Oksford Universitetinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Layihənin rəhbəri - qədim islam tarixi üzrə dünyada tanınmış alimlərdən olan professor Robert Hoyland bu məsələyə xüsusi önəm verir. Qazıntıların nəticəsi beynəlxalq elmi ictimaiyyətə məhz Azərbaycanın qədim tarixi kimi təqdim ediləcək. Ermənistanın Dvin şəhərinin hələ 1937-ci ildən muzey kimi fəaliyyət göstərdiyini diqqətə çatdıran professor Nərgiz Paşayeva Bərdə və Qafqaz Albaniyasının başqa şəhərlərinin öz qədim irsi və zəngin tarixi ilə dünyanın elmi ictimaiyyətinə daha zəngin məlumat verə biləcəyini vurğulayıb.

Mərkəzin fəaliyyətinin üçüncü istiqaməti Azərbaycan ərazisində qədim şəhərlərin olduğu yerlərdə sovet dövründə və ondan sonra aparılan arxeoloji qazıntıların ilkin xəritəsinin hazırlanmasıdır. Xəritə mərkəzin rəsmi vebsaytında yerləşdiriləcək və elmi tədqiqatlar üçün dəyərli mənbə olacaq.

Dördüncü istiqamət Mərkəz tərəfindən ildə bir neçə dəfə konfransseminarlar keçirilməsidir. Bu barədə məlumat verən rektor Nərgiz Paşayeva deyib: "İlk konfransımız Oksford Universitetinin şərqşünaslıq fakültəsində iyun ayında olacaq. Bu tədbir ilk dəfə Oksford Universitetinin, habelə dünyanın aparıcı ali məktəblərinin qafqazşünas alimlərini bir araya gətirəcək. Məsələn, bu alimlərin sırasında Qafqaz Albaniyasının kilsə arxitekturası ilə bağlı dəyərli elmi işi olanlar var. Lakin onlar heç vaxt azərbaycanşünaslıq çətiri altına gətirilməmiş, öz işlərini daha çox Ermənistanın qədim tarixinə aid konfransseminarlarda təqdim etmişlər".

Mərkəzin fəaliyyətində beşinci istiqamət isə professor Nərgiz Paşayevanın yaratdığı Elmə və Təhsilə Dəstək Fondunun maliyyə vəsaiti ilə alimlərin Oksford Universitetinin şərqşünaslıq fakültəsində təhsili və tədqiqatı üçün imkanların yaradılmasıdır. Professor Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir. Bu təmsilçilik qədim tariximizin məhz müasir Azərbaycana məxsusluğunu göstərmək, elmi yolla sübut etmək məqsədi daşıyır.

Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi tərəfindən üç magistrüç aspirantı əhatə edən təhsil proqramı, habelə Nizami Gəncəvi adına təqaüdlərin verilməsi də nəzərdə tutulur.

Bu il Oksford Universitetinin elmi tədqiqata görə dünya universitetləri sırasında birinci yerə layiq görüldüyünü diqqətə çatdıran Nərgiz Paşayeva deyib: "Bu universitetin şərqşünaslıq fakültəsinin apardığı elmi tədqiqat dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qərb dünyasının bu ən nüfuzlu tədris ocağında hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən xalq, əvvəlcə öz qədim və zəngin keçmişini ortalığa çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməli və yalnız bundan sonra dünyada elm sahəsində mövqe tutub, söz deməyi bacara bilər".

Hələ ötən əsrin ortalarında Oksford Universitetində Qalust Gulbenkyan tərəfindən şərqşünaslıq fakültəsində erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi üçün maliyyə vəsaiti ayrılmışdı. Bunun nəticəsidir ki, bu gün erməni dili, tarixi və mədəniyyəti universitetdə dərindən öyrənilir, onun Bodleyn kitabxanasında müvafiq sahə üzrə zəngin materiallar mövcuddur. Həmçinin qədim tariximiz, xüsusilə Qafqaz Albaniyasının tarixi məhz erməni tarixi kontekstində öyrədilib və tədris edilib. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin bu yanlışlıqların aradan qaldırması, Azərbaycanın qədim və zəngin tarixinin dünyaya düzgün çatdırılması məqsədilə yaradıldığını vurğulayan Nərgiz Paşayeva deyib: "Biz, əlbəttə, XX əsrin ortalarında deyil, 2015-ci ildəyik və beləliklə, Oksford Universitetinə gəlişimiz yarım əsr gecikib. Lakin həqiqət bizim tərəfimizdədir və birgə səylərimiz nəticəsində bu işi tez bir zamanda görə bilərik".

Nizami Gəncəvinin Bodleyn kitabxanasının əlyazmalar fondunda saxlanılan "Xəmsə"sinin XVI əsrdə tərtib olunmuş əlyazmasının elektron versiyasından nəfis tərtibatda hazırlanmış nüsxə AMEA-nın kitabxanasına hədiyyə edilib. Xatırladaq ki, bu elektron versiya 2013-cü ildə professor Nərgiz Paşayevaya Bodleyn kitabxanasında verilib.

Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışlarında Azərbaycanın dünyada təbliğində Mərkəzin fəaliyyətinin əhəmiyyətini vurğulayıb və bu proqram üzrə çalışan alimlərə uğurlar arzulayıblar. Qeyd olunub ki, Kanadada və ABŞ-ın paytaxtı Vaşinqton şəhərində azərbaycanşünaslıq üzrə mərkəzlər yaratmaq cəhdləri olsa da, bu, uğursuzluqla nəticələnib. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi bu gün Azərbaycan ərazisində mövcud olan qədim mədəniyyət və dilləri öyrənmək məqsədilə yaradılmış yeganə elmi mərkəzdir.

Mərkəz haqqında ətraflı məlumatı Oksford Universitetinin şərqşünaslıq fakültəsinin www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/ saytından əldə etmək olar.

 

 Azərbaycan müəllimi.- 2015.- 9 may.- S.5.