Şuşada ermənilərin törətdikləri

vəhşiliklərin canlı şahidiyəm

 

Qarabağ adlı Vətənimizin bir guşəsində Şuşa adlı bir şəhər yaşayır. Bu möhtəşəm Qala şəhərinin bünövrəsini böyük zəka və qüdrət sahibi olan Pənahəli xan Cavanşir öz əlləri ilə qoymuş, onun oğlu İbrahim xan və nəvəsi Mehdiqulu xan tərəfindən şəhər səviyyəsinə çatdırılmışdır. Odur ki, Qarabağa, nə də onun zümrüd tacı sayılan Şuşaya azərbaycanlılardan savayı kimlərinsə şərik çıxmalarına mənəvi hüquqları yoxdur. Bu həqiqəti tarixi sənədlər özündə qoruyub saxlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının topladığı məlumata görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 16 nəqqaş, 19 xəttat, 5 astronom, 18 memar, 42-dən çox müəllim və digər sənət sahibləri olmuşdur. Təkcə şuşalılar yox, digər yerlərin musiqiçiləri də Hacı Hüsünün, Məşədi İsinin, Keştazlı Həşimin, Əbdülbaği Zülalovun (Bülbülcanın), Cabbar Qaryağdıoğlunun, Məşədi Məmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin, Xarrac Qulunun, Segah İslamın, Zabil Qasımın, Malıbəyli Həmidin, Musa Şuşinskinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Üzeyir Hacıbəylinin, Zülfü Adıgözəlovun, Mütəllim Mütəllimovun, Rəşid Behbudovun, Sara Qədimovanın, Qədir Rüstəmovun və digərlərinin Qarabağdan - Şuşadan pərvazlandıqlarını çox gözəl bilirlər.

Şuşanın ədəbi mühiti və təhsil tarixi də olduqca maraqlıdır. Bu ədəbi mühit içərisində "Məclisi-üns" ("Dostluq-məclisi") və "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") xüsusi əhəmiyyət kəsb etmişdir. İftixarla deməliyik ki, Azərbaycanda ilk dünyəvi (qəza) məktəbinin bünövrəsi 30 dekabr 1830-cu ildə Şuşada qoyulmuşdur.

Şuşa yaddaşlara "Qafqazın İtaliyası" kimi də həkk olunmuşdur. Bu da səbəbsiz deyildir.

Şuşa bizim tariximiz, mədəniyyətimiz, mənəviyyatımız və son beşiyimizdir. Necə ki, ulu öndərimiz Heydər Əliyev demişdir: "Şuşanın tarixi, incəsənəti ilə bağlı hər bir sənət nümunəsini qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq bizim hər birimizin borcumuzdur".

Bu müqəddəs tapşırığı yerinə yetirmək bütün türk dünyasının borcudur.

Şuşa Qasım bəy Zakirin, Xurşidbanu Natəvanın, Nəcəf bəy Vəzirovun, Əbdürrəhman bəy Haqverdiyevin, Firidun bəy Köçərlinin, Süleyman Sani Axundovun, Yusif Vəzir Çəmənzəminlinin, Əhməd Ağaoğlunun, Xəlil Məmmədovun, Lətif Kərimovun,  Cəmil Quliyevin, Firidun Şuşinskinin, Validə Tutayuqun, Əhəd Əhmədovun, Qabil İsmayılovun və Nadir  Əlişovun beşiyi başında layla çalmış müqəddəs anamızdır.

1992-ci ildə erməni və rus hərbi birləşmələri tərəfindən işğal edilmiş 2 mədrəsə, 6 karvansara, 2 qəsr, 4 türbə, 18 bulaq, 8 hamam, 15 qala bürcü, 171 memarlıq abidəsi, 160 incəsənət abidəsi, muzeylər, kitabxana və klublar, məktəb və səhiyyə ocaqları, uşaq bağçaları, qalereyalar, 967 kvadratmetr daş döşənmiş küçə, 190 hektar mühafizə zonası, 870 kvadratmetr qala divarı, Yuxarı və Aşağı Gövhərağa məscidləri, "Əqsa-Hüsniyyə" məscidi, qəbiristanlıqlar, ocaqlar, pirlər, bir sözlə, dünyada analoqu olmayan zəngin flora və fauna aləmi, saraylar, malikanələr, içməli su hövzələri, tarixi şəxsiyyətlərin heykəl və büstləri, muzeylər, körpülər düşmən əlinə keçmişdir. İndi bunların çoxundan əsər-əlamət qalmamışdır.

Şuşa arının çiçəklərindən topladığı bal kimi şirin, Allahın Azərbaycana, bütün türk dünyasına əmanət etdiyi bir paydır. Şuşa başını göylərin dərinliyində mələklərin sinəsinə söykəmiş, Allaha daha yaxın zirvə şəhəridir.

Dodaqda nəğmədir, dillərdə dastan,

Harda var belə bir qənirsiz məkan?!

Şuşasız mümkünmü de, Azərbaycan?!

Eşidin Şuşanın Şuşa harayın!!!

Qədim Şərq aforizmində deyilir: "Hər şey yoldan başlanır". Şuşa harayı da bizim hər birimizin Qarabağa qayıdış arzumuzun yaralarını qaysaqlamağa qoymayan bir haraydır, yurdlarımıza uzanan yoldur. Amma hələ ki, Şuşaya arzularımızın qanadlarında, nə az, nə də çox, düz 23 ildir yol gedirik... Təəssüflər olsun ki, neçə-neçə işğalçıların - yadellilərin hücumlarına sinə gərən, fələyin mancanağından yağan daşların altında sınmayan Şüşə - Şuşa Azərbaycan torpaqlarını işğal etməklə özlərinə hətta Ermənistan adlı dövlət yaratmış xain və vətənsiz - işğalçı ermənilərin ayaqları altında viranəyə çevrilir.

Bu gün işğal altında olan Şuşa haqqında danışmağın, yazmağın nə qədər çətin olduğunu siz oxucular məndən də yaxşı bilirsiniz. Lakin ürək ağrısı ilə olsa da doğma vətənlə bağlı yaddaşımızda yaşayanları danışmaq borcumuzdur. Bu ötən illərdə neçə-neçə ağsaqqalımız, ağbirçəyimiz Şuşa deyə-deyə bu dünyadan köçdülər...

İşğal nəticəsində Şuşanın 26 min nəfərə yaxın əhalisi məcburi köçkün olmuş, respublikamızın ayrı-ayrı bölgələrinə pənah gətirmişlər... Şuşanın işğal gününə qədər şəhərdə 4 orta, 3 orta internat, 1 xüsusi internat məktəbləri, uşaq sağlamlıq məktəbi, meşə sağlamlıq məktəbi, gənc texniklər və gənc təbiətçilər stansiyaları, uşaq şahmat və idman məktəbləri, maşınşünaslıq məktəbi, 1 axşam əyani-qiyabi orta məktəb və kəndlərdə bu məktəbin 7 filialı, müəllimlər institutunun, pedaqoji institutun, neft-kimya institutunun filial və məntəqələri, orta ixtisas məktəbləri, musiqi məktəbləri, 4 uşaq bağçası, kitabxanalar və s. var idi.

Şuşa uzun illər Dağlıq Qarabağ Muxtar Vilayətinin tabeliyində olduğu üçün ermənilər bu şəhərin inkişafına hərtərəfli əngəl yaradırdılar. Hətta, yadımdadır, azərbaycanlıların təhsil aldıqları məktəblərin IX sinfini bitirən 20-25 şagirdin orta təhsil almalarına mane olaraq X sinfin yaranmasına imkan vermirdilər. Lakin erməni məktəblərində oxuyan 1-2 şagird üçün belə orta məktəb saxlayırdılar.

23 ildir yumruq boyda olan ürəyimdən qara qanlar axır. Ona görə ki, müqəddəs ocaqlarımız, ziyarətgahlarımız, dədə-babalarımızın məzarları, tarix və memarlıq abidələrimiz, anamızın  laylaları, bayatıları, zəngin folklorumuz Şuşa adlı şəhərdə qalıb.

İlk dəfə əllərimizdən tutub ana və Vətən sözləri yazdıran müəllimlərimizin sinif otaqlarında dolaşan ruhları qalıb...

Bu şəhərə uzanan yolları qısaltmağa, Şuşaya - dahi Üzeyir Hacıbəyliyə layla çalmış şəhərə çatmağa, diziüstə çöküb torpağı öpməyə tələsirəm.

1988-ci ildə Azərbaycanın qədim torpağı olan İrəvan mahalından başlayaraq Şuşanın işğalınadək olan illərdə Şuşaya pənah  gətirən soydaşlarımızla, xüsusən müəllimlərimizlə, özü də elə Şuşada, yanıb külə dönmüş təhsil ocaqlarımızda, kəndlərimizdə yenidən görüşməyi arzulamışam.

Erməni və rus hərbi birləşmələrinin törətdikləri qırğınların canlı şahidiyəm, yandırdıqları məktəblər gözlərimin önündə canlanır.

Bəli, Şuşa bizim Azərbaycanımızın yaralı ürəyidir. Bu müqəddəs Azərbaycan xalqının alın təri ilə, əllərinin qabarları ilə yaranıb. Şuşa itirilmiş Azərbaycan torpaqlarının bir parçasıdır. Şuşanın xilası digər işğal altında olan ərazilərimizin açarıdır. İtirilmiş tacı düşməndən qurtarmaq ən böyük qələbədir.

İnsan zəkası, insan ağlı hər şeyə qadirdir, təki ümidsiz olmasın. Ümidlə gedilən yolun sonu uğurludur. Mənim köksümdə iki ürək döyünür - biri işğal altında inləyən el-obalarımızın ağrılarını çəkən ürək, digəri isə o ümid çıraqlarını sönməyə qoymayan ürək.

Ümidi qoymuram puç ola gedə,

İçimdən kədəri, qəmi qovuram.

Sönmüş çıraqları yandırmaq üçün,

Gah alov oluram, gah od oluram.

Gənc nəsli bu ruhda böyüdürük, Vətənə sevgi aşılayırıq, onlarda qələbəyə inamı beləcə yaradırıq. Onların milli-mənəvi və bəşəri dəyərlər ruhunda tərbiyələnmələrinə borcluyuq.

 

Əyyub ƏBDÜLƏZİMOV (ŞIRLANLI),

Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı

məsləhətçisi, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 9 may.- S.11.