İnformasiya Texnologiyaları İnstitutunda konfrans
Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktik konfrans keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən və Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş konfransda AMEA-nın prezidenti Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları üzrə mütəxəssisləri iştirak ediblər.
Öncə konfrans iştirakçıları Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib. Akademik müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini qeyd edib.
1865-ci il may ayının 17-də əsası qoyulmuş Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması və inkişafına xidmət etdiyini söyləyən A.Əlizadə 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu təşkilat müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən İnternetin inkişafında, qlobal informasiya cəmiyyətinin formalaşması və onun təhlükəsizliyinin təmin edilməsində, bu sahədə inkişaf konsepsiyaları, model qanunlar, standartlar və digər tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasında mühüm rol oynayır.
Akademik İKT sektorunun inkişafının və informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb.
Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsi olduqca vacibdir.
AMEA prezidenti, həmçinin çıxışında "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi yer ayrıldığını, bu məsələ ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələrin dayandığını deyərək akademiyada informasiya texnologiyalarının bir istiqaməti olan informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinin araşdırılmasına, bu sahə üzrə elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini bildirib.
İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən birinin də Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsi olduğunu deyən A.Əlizadə artıq bir ənənə halını almış və hər il təşkil edilən bu bilik yarışının əsas məqsədinin istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində yüksək mütəxəssis olmasına dəstək vermək olduğunu deyib.
Çıxışının sonunda AMEA-nın prezidenti Azərbaycanda informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yönəlmiş konfransın əhatə dairəsinin gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını və beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini söyləyib.
Sonra rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti" mövzusunda məruzə edib. Nazir informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və bu sahədə aparılan işləri diqqətə çatdırıb. Qeyd edilib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.
Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətindən söz açaraq, müasir dövrün ən aparıcı sahələrindən biri sayılan informasiya texnologiyalarının inkişaf etdirilməsinin hər bir ölkənin əsas hədəflərindən olduğunu deyib. Nazir müavini Azərbaycanda da informasiya texnologiyalarının inkişaf və tətbiqinə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini, ölkə başçısı İlham Əliyevin göstərişlərində, sərəncam və çıxışlarında, dövlət sənədlərində həmin məsələnin prioritet sahə kimi öz əksini tapdığını söyləyib.
Azərbaycanda informasiya texnologiyalarının inkişafının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən F.Qurbanov 1971-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun yaradılmasını bu sahənin inkişafına hələ o dönəmdə xüsusi önəm verilməsinin nəticəsi olduğunu deyib. Nazir müavini İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatların və burada formalaşan elmi potensialın sahənin inkişafında əvəzolunmaz rol oynadığını vurğulayıb. Çıxışında daha sonra Təhsil Nazirliyi tərəfindən informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirildiyini deyən, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda İKT-nin tətbiqinin genişləndirilməsi, təhsilin informatlaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışan F.Qurbanov bu istiqamətdə bir sıra məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Nazir müavini Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birgə belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları" mövzusunda məruzə edib. Bildirilib ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur.
Alimin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cəmiyyət həyatının bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.
Akademik qeyd edib ki, Azərbaycanda dövlətin informasiya siyasətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun strateji vəzifələri, istiqamət və resursları müəyyən edilmişdir. İnkişafın yeni mərhələsində Prezident İlham Əliyev informasiya təhlükəsizliyi siyasətini yüksək səviyyədə davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi yer ayırmışdır. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın da əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsidir.
R.Əliquliyev informasiya təhlükələri ilə mübarizə aparılması üçün müdafiə mexanizmlərinin yaradılmasının zəruriliyini vurğulayıb. Alim məruzəsində informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd edərək bunun üçün informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmasının, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmasının, müntəzəm olaraq konfransların, seminarların, "dəyirmi masa"ların təşkil olunmasının, kütləvi təbliğat işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin informasiya təhlükəsizliyi sahəsində multidissiplinar problemlərin araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi zəruriyyətindən də danışıb.
"Real dünyanın virtual problemləri, virtual dünyanın isə real problemləri həllini gözləyir", - deyə söyləyən R.Əliquliyev İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa dəvət edib.
Konfransın plenar iclasında həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov və digərləri də çıxış ediblər.
Sonra ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qalib komandalara diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Konfrans
3 paralel seksiya iclasında öz işini davam etdirib. "İnformasiya təhlükəsizliyinin humanitar
problemləri", "E-dövlətin
informasiya təhlükəsizliyi"
və "İnformasiya
təhlükəsizliyinin təmin
edilməsi texnologiyaları"
bölmələri üzrə
seksiya iclaslarında dövlət, elm və təhsil müəssisələrindən
informasiya təhlükəsizliyinin
müxtəlif aktual məsələlərini əhatə
edən 74 məruzə
dinlənilib.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-
2015.- 16 may.- S.3.