Təhsil işçilərindən Avropa Oyunlarına dəstək

 

Ölkəmizdə keçiriləcək "Bakı-2015" Birinci Avropa Oyunlarına sayılı günlər qaldı. Dövlətimiz tərəfindən yüksək səviyyədə hazırlıq işləri görülən bu mötəbər yarış  ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu möhtəşəm idman yarışının yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəmir. Təhsil işçiləri də bu mühüm idman yarışlarına böyük dəstək verirlər. Bunu həmin mövzuda onların bir neçəsi ilə etdiyimiz söhbətlərdən də görmək mümkündür.

 

Vəli ƏLİYEV,

 

Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar"

liseyinin kimya müəllimi, əməkdar müəllim:

- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız üçün böyük fəxrdir. Artıq bir neçə aydır ki, bütün dünyanın diqqəti Azərbaycandadır. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur. Son 20 ildə Bakı şəhəri və Azərbaycanın bütün regionları sürətlə inkişaf edir, lakin "Bakı-2015" Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar olaraq paytaxtımız inanılmaz dərəcədə gözəlləşmişdir. Yarış ilə əlaqədar Azərbaycana 50-yə yaxın ölkədən 6 minədək idmançının, 2 minə yaxın mətbuat nümayəndəsinin və çoxlu sayda turistlərin gəlməsi, milyardlarla insanın televiziya vasitəsilə idman oyunlarını izləməsi Azərbaycanımızın dünya ölkələrində daha yaxından tanınmasına, Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılmasına, iqtisadiyyatın gələcəkdə daha da inkişaf etməsinə, ümumiyyətlə Azərbaycanın bir sivil ölkə kimi inkişaf etmiş ölkələr sırasına qoşulmasına imkan yaradacaqdır. Son illər ərzində ölkəmizdə dünya miqyaslı tədbirlərin, xüsusən də idman yarışlarının keçirilməsi nəticəsində Azərbaycan özünü dinamik inkişaf edən müasir güclü ölkə, çox etibarlı tərəfdaş kimi təqdim edə bilmişdir. Azərbaycan bu gün dünyadaAvropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmış və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Bu gün "Bakı-2015" I Avropa Oyunlarının keçirilməsinin təşkilati işlərində gənclərin könüllü olaraq çox fəal iştirak etməsi sevindirici haldır. Bütün bu kimi möhtəşəm tədbirlərin ölkəmizdə keçirilməsi gənclərin idmana həvəsini artırır. Bu isə gənclərimizin sağlam böyüməsinə, onların ümumdünya tədbirlərinə qatılmasına, ölkəmizin daha böyük uğurlar əldə etməsinə şərait yaradır. 

 

Minayə NƏBBAQİ,

 

Bərdə şəhər 5 nömrəli tam orta məktəbin

tarix müəllimi, əməkdar müəllim:

- Bu gün bütün dünyanın gözü, diqqəti Azərbaycana dikilib. Bir neçə gündən sonra möhtəşəm idman oyunlarının keçirilməsinə ev sahibliyi edəcək Azərbaycan.

Dünyanın 50-dən çox ölkəsindən gələn qonaqları qarşılamağa hazırıq. Dədəm Qorqud demişkən: "Bizlər qonağı gülərüzlə qarşılayıb, gülərüzlə yola salanlardanıq".

Bu gün 60-dən çox ölkənin insanları gah xəritədə Xəzər dənizini axtarır, gah da Azərbaycan haqqında məlumat əldə etmək üçün internet saytlarını izləyir ki, Xəzərin sahilində yerləşən bu füsunkar, zümrüdə bənzər cənnətməkan ölkəni yaxından tanıyıb öyrənsinlər.

Bakıda ilk Avropa Oyunlarını 2015-ci ildə yüksək səviyyədə keçirmək məqsədilə hörmətli Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya komitəsinin icra komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsini yaratdı. Zərif çiyinlər bir Herakl gücü ilə həddən artıq ağır, həm də məsuliyyətli, dünya əhəmiyyətli bu çətin və şərəfli işin öhdəsindən layiqincə gəldi.

Bu gün Azərbaycan adlı bu evə artıq müxtəlif ölkələrdən saysız-hesabsız qonaqlar gəlməkdədir. Təsadüfi deyil ki, Bakıya gələn ukraynalı olimpiya çempionu - "Bakıdakı kimi Olimpiya kəndi görməmişəm" deyib.

Avropanın Olimpiya oyunlarının ilk məşəli hələ e.ə. 776-cı ildə qədim Ellada yurdu olan Yunanıstanda alovlanıb. Düz 2791 il sonra Avropa Oyunlarının ilk məşəli Odlar Yurdu Azərbaycanda alovlandı.

Şanlı Bakımızda hörmətli Prezidentimiz cənab İlham Əliyevin alovlandırdığı məşəl qarış-qarış bütün Azərbaycan torpaqlarında gəzdirilir. 2015-ci il 13 may da biz bərdəlilər üçün həm tariximizə, həm də yaddaşlarımıza həkk olunan tarixi bir gün idi. Bütün şəhər cah-cəlal içərisindədir. Yazı da, qışı da gül-çiçək olan Qarabağımızın bu dilbər guşəsi Olimpiya məşəlini qəbul edirdi. Biz müəllimlər, təhsil işçiləri, şagirdlər, bütün əhali sevinc içində idik. Bu sevinc hisslərini bizə yaşadan Prezidentimiz cənab İlham Əliyevə, "Bakı-2015" Birinci Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə başa çatdıran  Mehriban xanım Əliyevaya minnətdarıq.

 

Əbadət ƏHMƏDOVA,

Bakıdakı "Tərəqqi" liseyinin Azərbaycan dili

və ədəbiyyat müəllimi, əməkdar müəllim:

- Çox sevindirici haldır ki, "Bakı-2015"  I Avropa Oyunlarının ilk ünvanı Azərbaycan torpağı, qədim Bakı şəhəri olacaq. Dövlətimizin böyük dəstək verdiyi, vətəndaş cəmiyyətinin, insanların dəyərləndirdiyi Avropa Oyunlarının paytaxtımızda keçirilməsi böyük tarixi hadisədir. Bu bir tərəfdən Azərbaycan tarixinin, mədəniyyətinin, idmanının, inkişafının dünyada təbliği, tanıdılması, başqa bir tərəfdən, Azərbaycanın sülhpərvər, demokratik, tolerantlığın hökmran olduğu bir dövlət olduğunu sübut edir. Azərbaycan dövləti bu oyunların Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb və idmançıları, turistləri, qonaqları qarşılamağa hazırdır. Dünyanın ən tanınmış mütəxəssis və ekspertləri ölkəmizin I Avropa Oyunlarına hazırlıqlarını heyranlıqla izləyir, aparılan işlərin yüksək səviyyədə olduğunu bildirirlər. Bir təhsil işçisi kimi biz də bu yarışın yüksək səviyyədə keçirilməsi üçün öz dəstəyimizi əsirgəmirik. Şagirdlərə bununla bağlı söhbətlər edir, həmin ərəfədə daha diqqətli olmağı, davranış qaydalarına xüsusi fikir verməyi tövsiyə edirik. 

 

Bəxtiyar MƏMMƏDOV,

Azərbaycan Respublikasının əməkdar məşqçisi:

- Belə bir möhtəşəm yarışın ölkəmizdə keçirilməsi çox əlamətdar hadisədir. Uzun illərdir ki, idman sahəsində çalışıram. Bu illər ərzində, əsasən də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan idmanın müxtəlif növləri üzrə keçirilən bir çox mötəbər  yarışlara ev sahibliyi edib. Lakin I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi nəinki bizim idman tariximizin, ümumiyyətlə olimpiya oyunlarının tarixində ilk və əlamətdar hadisədir. I Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək minlərlə idmançı, nümayəndə heyəti və turistlərə daha da yaxşı xidmət göstərmək üçün Azərbaycanda nəinki idman sahəsi, bütün sahələrdə təkmilləşdirmə işləri aparılır. Bütün sahələrin dünya standartları səviyyəsinə çatdırılması üçün böyük islahatlar həyata keçirilir. Bir təhsil işçisi və idmançı kimi bu hadisədən böyük qürur hissi keçirirəm. Düşünürəm ki, hər bir şəxs bu möhtəşəm tədbirin yüksək səviyyətdə keçirilməsi üçün əlindən gələni əsirgəməməlidir. İnanıram ki, belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsi gələcəkdə ölkə idmanının inkişafını daha da gücləndirəcək.

Yetirmələrimdən bir çoxu yüksək səviyyəli yarışlarda respublikamızı təmsil edib. I Avropa Oyunlarında yetirmələrimdən cüdo üzrə 90 kq çəki dərəcəsində Kənan Qasımov ölkəmizi təmsil edəcək. Bu mənim üçün ikiqat sevincdir. Bütün idmançılarımıza, həmçinin Kənana bu yarışlarda uğurlar arzulayıram.  

 

Dilarə ƏHMƏDOVA,

Qax şəhər Uşaq-Gənclər  İdman Məktəbinin müəllimi,

respublikanın   əməkdar  məsqçisi:

- Hazırda I Avropa Oyunlarının keçirilməsinə çox az vaxt qalır. Azərbaycan idman ölkəsi kimi tanınır.  Sevinirəm ki,  ölkəmiz  ən mötəbər idman yarışlarından  birinə - Avropa Oyunlarına  12-28 iyun tarixində ev sahibliyi edəcək. I Avropa Oyunlarının Azərbaycanda  keçirilməsi tarixi hadisədir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxaracaq, ölkəmizə gələn idmançılar və turistlər xalqımızın qonaqpərvərliyinin şahidi olacaqlar. İnanıram ki, günü-gündən inkişaf edən Azərbaycan  müxtəlif yarışların təşkilini də uğurla  həyata  keçirəcək. Zaman keçdikcə və növbəti ölkələrdə bu tədbir keçirildikcə Azərbaycanın adı hallanacaq. Hər kəs bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirildiyini yada salacaq. Mən bir vətəndaş olaraq bu tədbirin keçirilməsindən fəxarət hissi duyuram.

 

Səbuhi ZÜLFÜQAROV,

Bakıdakı 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya

Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin

məşqçi-müəllimi, əməkdar məşqçi:

- Ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş müasir  Azərbaycanın hər sahədə inkişafı göz qabağındadır. Ölkəmizdə sosial-iqtisadi həyatın bir çox sahələrini əhatə edən tərəqqi tendensiyası idman sahəsindən də yan keçmir. Ümummilli liderimiz Heydər Əliyevin daimi qayğısı və diqqəti sayəsində hələ ötən əsrin sonlarından Azərbaycan idmanı yüksək inkişaf yoluna düşüb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra idmanımız inkişaf tempini daha da artırıb. "Əvvəl şərait, sonra nəticə" prinsipini əsas götürən cənab İlham Əliyev idmançıların uğur qazanması üçün mümkün olan hər şeyi edir. Bütün bunlar biz idmançıları çox sevindirir və qürurlandırır. Ən qürurverici hadisə isə  ilk Avropa  Oyunlarının  ölkəmizdə keçirilməsidir. Bu oyunların bizdə keçirilməsinin ölkəmiz üçün olduqca böyük  əhəmiyyəti var.  Bu münasibətlə başda ölkə başçımız İlham Əliyev olmaqla bütün xalqımızı təbrik edirəm. Şübhəsiz, biz idmançıların, məşqçi-müəllimlərin  da borcudur ki,  bu şərəfli idman oyunlarına öz dəstəyimizi verək. İnanırıq ki, bizim yetirmələrimiz də ilk  Avropa Oyunlarında uğurla iştirak edərək yüksək nəticələr qazanacaqlar.  İlk Avropa Oyunlarının Bakıda keçirilməsi  bir daha sübut edir ki, ölkəmiz bütün sahələrdə olduğu kimi idmanda da öz sözünü deyir.

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.5.