Xəlil Rza Ulutürklə bağlı
xatirələr
Bu
dəfə "Ömrün gizli səhifələri"ndə
həyatını bir amala, Azərbaycanın
bütövlüyü və müstəqilliyi uğrunda
mübarizəyə həsr etmiş, övladını vətən
yolunda qurban vermiş istiqlal şairimiz Xəlil Rza Ulutürkdən
danışacaq, ömür kitabını həyat yoldaşı Firəngiz Ulutürklə
birlikdə vərəqləyəcəyik. Redaksiyamızın
qonağı olan Firəngiz xanımla çay süfrəsi
arxasında söhbətə başlayırıq.
- Bir insan və müəllim olaraq Xəlil Rzanı necə təsvir edərsiniz?
- Xəlil gözəl insan, gözəl həyat yoldaşı idi. O, mənə bir dəfə də olsun səsini qaldırmayıb. Onda o qədər nəzakət var idi. O həm də çox gözəl müəllim idi. Tələbələri hər gün onu evə qədər ötürürdü. Dərs keçdiyi zaman İsmayıl Şıxlı öz tələbələrini onun auditoriyasına gətirirdi. Ədəbiyyatla məşğul olan uşaqların hamısı Xəlilin dərsinə tələsərdi.
- Necə tanış olmusunuz?
- Tibb Universitetində təhsil alırdım, amma qandan qorxurdum. 6 ay sonra atamdan xahiş etdim ki, ixtisasımı dəyişsin, tarix fakültəsində oxuyum. O da mənim həkim yox, siyasətçi olmağımı istəyirdi. Nəticə etibarı ilə atam razılaşdı və imtahan verib, keçdim tarix fakültəsinə. Bacım o zaman filologiyanın nəzdində olan jurnalistika fakültəsində Xəlillə bir yerdə oxuyurdu və nəşriyyatda işləyirdi. Günortadan sonra dərsə gəlirdi. Anam bacım üçün yemək qoyurdu. Mən də gedirdim onların auditoriyasına, yeməyi verib, qaçırdım öz dərsimə. Bu gediş-gəlişdə Xəlil məni görmüşdü. Həmişə dostları ilə məni güdürdü. Bir dəfə tənəffüsə çıxanda rəhmətlik Qulu Xəlilov yaxınlaşdı mənə. Dedi, az nə istəyirsən bu gədədən, niyə imkan vermirsən bir kəlmə söz desin.
Xəlilin bizim auditoriyaya tez-tez gəlməsi qrupdakı oğlanların xoşuna gəlmirdi və onlar Xəlillə bəzən mübahisə də edirdilər. Hətta bir dəfə Xəlil də dostları ilə birləşib (Bəkir Nəbiyev, Qulu Xəlilov hamısı bir kursda oxuyurdu) qrup yoldaşlarımdan birini döymüşdü. Bu da böyük problemlər yaratmışdı, onun universitetdən qovulması məsələsi gündəmə gəlmişdi. Sonra rektor Əlövsət Quliyev hər iki tərəfi barışdırıb məsələni həll etmişdi.
Xəlil mənim ürəyimcə idi, məktublar yazırdı mənə, oxuyurdum. Onun mənəvi dünyasını mənə yazdığı məktublardan tanıdım. O zaman cavab yaza bilmirdim. İndiki İqtisad Universitetinin korpusunda oxuyurduq. Universitetin qarşısında böyük tut ağacı var idi. Dərsdən çıxanda hamıdan qabaq görürdüm dayanıb orda. Valideynlərimə hörmət edirdim, onların istəmədiyi birinə hə deyə bilməzdim. Amma sonra atam Xəlillə görüşdü, onu tanıdı və razı oldu.
- Toyunuz nə vaxt oldu?
- 1956-cı ildə toyumuz oldu, 1957-ci ildə Xəlili göndərdilər Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna. Anama dedi ki, narahat olma özümə yer edim, gəlib Firəngizi də aparacağam. O zaman Nəriman Həsənzadəni də Xəlillə bir yerdə göndərmişdilər oxumağa. Onun həyat yoldaşı da Sara xanım idi. Dedilər ki, siz sonra birlikdə gələrsiniz. İki ay sonra Sara və mən bunlara demədən getməyə qərar verdik. İnstitutun yataqxanasını gedib tapdıq. Onlar bizi görüb necə sevindilər. Dedim ki, belə alacaqdın məni, elə oturmuşdum atamın evində də. Saranı Nərimanın yanında qoyduq yataqxanada, bizim üçün də ora yaxın bir evdə otaq tutdular. Xoş günlərimiz olub orda. Şeirlər yazırdı, mən də onun şeirlərinə irad tuturdum. Deyirdim Xəlil, səni tutacaqlar.
- Uşaqlığından nə danışırdı?
- Kitabdan əl çəkməyib, bütün vaxtını kitaba həsr edib. Mirzə Cəlili, Sabiri oxuyub. Atası deyirdi ki, çox zəhmətkeş uşaq idi. Həyətimiz gül-çiçəklə, mer-meyvə ilə doludur, hamısını Xəlil əkib.
- İlk şeirini nə vaxt yazmışdı?
- Yaradıcılığa "Kitab" şeiri ilə başlayıb 1948-ci ildə (qeyd dəftərini götürür və şeiri oxuyur).
Ey mənim dostum, ey bilik xəzinəsi.
Sənsən
körpə qəlbimin ilhamı, təranəsi
Doğma
ana məktəbə, qədəm qoyduğum gündən,
Ömrümün
yollarına çıraq etdim səni mən
-
Oxuduğum qədəri ilə, o, Yazıçılar
Birliyində çıxış edəndə bir
çoxları salondan qaçırmış...
- Sabir Rüstəmxanlının bir məqaləsi var,
deyirdi ki, Xəlili başa düşən çox idi, amma
ondan qorxan da çox idi. Elə ki, eşidirdilər ki, Xəlil Rza
çıxış edəcək, çoxu o iclasdan
qaçırdı ki, görməsinlər ki, o da ordadır.
Qəsbkarlara qarşı vuruşurdu. Mübarizliyinə görə onu bütün xalq
sevirdi. Oğlum deyirdi ki, atamızı
güllələyəcəklər. Xəlil
Rza əsas etibarı ilə Lefortovo həbsxanasından gələndən
sonra Ulutürk adını aldı. 1960-cı
illərdən başlayaraq onu inqilab şairi kimi
tanıyırdılar.
Azadlığı
istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı
zəncirləri qıram gərək, qıram, qıram!
Belə şeirlərinə görə istiqlal şairi
adını aldı, Lefortovodan qayıdanda isə
Ulutürkü də əlavə etdilər. Düzdür
o, 1990-cı ildə tutulmuşdu, amma artıq 1988-ci ildən
deyirdilər ki, sən Ulutürksən. Adını
xalq qoydu onun. Yadıma gəlir ki, Rəfiq
Zəka öz yazdığı şeirində Xəlilə
Ulutürk kimi müraciət edib.
-
60-cı illərdə onu işlədiyi Pedaqoji Universitetdən
uzaqlaşdırırlar. O günləri necə
xatırlayırsınız?
-
Universitetin rektoru Xəlili çağırıb dedi ki, bizə
tapşırıq verilib ki, səni tələbələrin
içinə buraxmayaq. Ən yaxşı müəllimlərimdən
birisən, ürəyim ağrıyır. O zaman rektor
deyir ki, səni birdəfəlik çıxara bilmərəm.
Sənə kömək edə bilərəm ki,
sən doktorluq ezamiyyətinə gedirsən. Belə bir ərizə yaz mənə. Xəlil də ərizəni yazdı.
- İşdən çıxarılandan sonra çətin
günləriniz olub?
- Çox olub, amma mən hökumətə minnətdar idim ki, Xəlili işdən çıxardılar. Ona deyirdim ki, ay kişi, mənim də savadım var, apar məni işə qoy. Sən otur yaz. Qoy onlar yalvarsın sənə. Sən doktorluğunun üstündə işlə. Nəhayət, doktorluğunun üstündə işlədi və bitirdi. Amma müdafiə etməyə imkan vermədilər. Yazırdılar ki, müdafiə etməyə qoyulmasın, çünki o millətçi şairdir. O zaman da xəlilsevərlər ərizə yazıb, müraciət etmişdilər ki, Xəlilə Dövlət mükafatı verilsin. İclas keçirildi, amma verilmədi.
1986-cı ilə qədər Xəlil müdafiə edə bilmədi. 1986-cı ildə kiçik oğlum əsgər idi. Moskvaya onu görməyə getdik. Oteldə qalanda mərhum Heydər Əliyevə zəng etdik. Danışdılar, Xəlil dedi ki, sizin üçün kitablarımdan gətirmişəm. Amma bilin ki, mən müdafiə edə bilmirəm. Məni dərs deməyə də qoymurlar. Dedi, Xəlil, narahat olma, Bakıya qayıdan kimi doktorluğunu da müdafiə edəcəksən, mən də sənə əməkdar incəsənət xadimi adını indidən verirəm. Sən millətçi şair deyilsən, millətini sevən şairsən. Təki Azərbaycanın sənin kimi 10 şairi ola. Sevinə-sevinə qayıtdıq Bakıya, gördük ki, qapımıza teleqramlar qoyulub. Xəlili müdafiəyə çağırırlar. Həm müdafiə etdi, həm "Əməkdar incəsənət xadimi" adını aldı. Xəlil əqidə şairi idi, onu heç bir var-dövlətlə aldatmaq olmazdı.
- O zaman
DTK evinizə gəlmişdi?
-
Özü evdə olmayanda, telefonumuzu düzəltmək
adı ilə gəlib dinləmə cihazı qoyublar.
Yazıçılar İttifaqından bir nəfər dedi ki,
Firəngiz, ehtiyatlı olun, sizin bütün danışdıqlarınızı
dinləyirlər. "Əməkdar incəsənət
xadimi" adı veriləndən sonra, həmin telefonu düzəldən
adam gəldi dedi ki,
bağışlayın, Xəlil müəllimdən üzr
istəyirəm, məni məcbur elədilər.
-
Neçə övladınız var?
- İki.
Biri şəhid olan oğlum Təbriz, digəri
isə hazırda Fövqəladə Hallar Nazirliyində
işləyir. Onlar balaca olanda futbola
baxıb, səs-küy qaldırırdılar. Xəlil də digər otaqda işləyirdi.
Çağırırdı məni, Firəngiz, sən
uşaqlara de ki, bir az sakit olsunlar. Mən xətirlərinə dəymək istəmirəm.
Deyirdim ki, özün de. Deyirdi,
yox. Biz indidən onların
qabağını alsaq, onlar nə vaxt xoşbəxt olacaqlar.
Nə bilirsən onlar necə olacaq, həyat necə
olacaq. Qoy ata evində olan o sevinci
görsünlər. İnanın
uşaqlar o qədər çoxbilmiş idi ki, onu
aldadırdılar.
- Millətçi
şair idi Xəlil bəy. Evinizə şairlərin,
ya mübariz insanların toplandığı vaxtlar olub?
- Bəlkə
mənə görə gətirmirdi (gülür). Çünki mən ictimai elmlərdən dərs
deyirdim. Bəlkə də fikirləşirdi
ki, arvadı işə düzəltdirmişəm bunu da
çıxarıb atarlar bayıra.
- Xəlil
bəy günün hansı saatlarında yazırdı
şeirlərini?
-
Sağlam vaxtı olanda gecələr də işləyirdi. Amma xəstələnəndən, onda şəkər
əmələ qələndən sonra ayaqları
kösöy kimi olurdu. Amma yenə otururdu
stolun qırağında yazırdı. Deyirdim
ona həmişə, Xəlil, tutacaqlar səni. Bu
cümləni bir az yumşaq yaz. Deyirdi ki, onun canı elə bu cümlədədir də.
- Yazandan
sonra şeirlərini ilk kimə oxuyurdu?
-
Özü həmişə mənə müraciət edirdi. Sonra deyirdi ki, gərək sənə deməyəydim.
Oxuduqca misraların yanında sual işarəsi
qoyurdum. Məndən sonra sual işarələrini
pozurdu. Deyirdi, Firəngiz, qələmi bu qədər bərk
basma, redaktorun yanına aparanda dördgözlə baxır. Arada bir deyirdi ki, Firəngiz, vaxtın olanda bu
şeirləri yazarsan. Mənə verdiyi
şeirlər məhəbbətə aid olurdu. Oxumurdum axı, başım qalmışdı öz
dərslərimin, kitabların yanında. Amma
indi bəzi məhəbbət şeirlərini oxuyuram. Ürəkdən ağlayıram. Deyirəm,
can ay Xəlil, səni heç sevindirmədim, təşəkkür
etmədim ki, mənə bu cür yüksək qiymət verirsən.
Məhəbbət şeirlərini, o vəfat edəndən
sonra oxumuşam. İndi oxuyanda çox əzab
çəkirəm. Çox qəribə
xüsusiyyəti var idi. Cəmiyyətə
çıxanda bəzənib-düzənməz,
sığallanmazdı.
- Ən
yaxın dostu kim idi?
- Ən yaxını Qulu Xəlilov idi.
-
Özünün sevimli yazıçı-şairi kimi idi?
- 55 kitab
çıxarmışam Xəlil barədə. Bax Xəlil kimləri oxumayıb ki.
Söhbətin bu yerində meydanlarda, xalqın
önündə olan Xəlil Rzadan danışmaq istəyirəm. Axı o gecə-gündüz
ölümün gözünə dik baxan insan idi.
- O
meydanlara gedəndə mənim müəllim
yoldaşlarımın çoxu gəlib deyirdi ki, ay Firəngiz,
Xəlili bir az geri çək, hökumətə
qarşı gedir. Tutacaqlar. Axşam
gəlirdi evə. Deyirdim, Xəlil, yenə nə oyun
çıxarmısan? Deyirdi ki, neyləmişəm?
Xalqa qurtuluş yolunu göstərmək
lazımdır. Xalqa dostu da, düşməni
də tanıdıram.
Xalq onu necə qarşılayırdı. "Azadlıq",
"Silahlan", "Dəli dağ" kimi şeirləri
dillər əzbəri idi. Vəfatından əvvəl mənə
dedi ki, ay Firəngiz, başqa maşına heç vaxt minmə,
mənim düşmənlərim çoxdur. Səni
də məhv edərlər.
-
1990-cı ildə həbs olundu. Nə qədər
həbsdə qaldı?
- 8 ay 16
gün. Sumqayıtda Svetlana Məmmədovanı, Mursakulovu
öldürmüşdülər. Akademiyada
onların 7-ni verirdilər. Yanvarın
26-sı idi. Xəlil də orda
çıxış etməyə getmişdi. Xəlil çıxış edəndə,
iki-üç nəfər əllərində onun şəkli
girib zala baxırlar. Bir nəfər gəlir
ki, Xəlil müəllim, yaxşı olar
çıxasınız. İki nəfərin
əlində sizin şəkilləriniz var. Dedi ki, mən həmin
adamın sözünə qulaq asmadım, davam etdirmək istədim.
Sonra başqa adam da gəldi ki, Xəlil
müəllim, arxa qapıdan çıxın ki, sizi
tutmasınlar.
Bunu arxa qapıdan çıxarırlar. Minir
Mikayıl Mirzəyevin maşınına. Mikayılla
Gəncliyə qədər gəlirlər, amma maşın
bunları izləyir. Gəncliyin kuruqunda
bunu saxlayırlar. İki nəfər əlində
tapanca düşürürlər maşından. Soruşurlar ki, silahın varmı? Əllərin qaldırır yuxarı, deyir ki,
silahım əllərimdir. Mikayılı
da, Xəlili də tuturlar. Bunları gətirirlər
DTK-ya. Mikayılı gecə saat 12-də
buraxırlar, Xəlili saxlayırlar. Gecəyarısı
təyyarəyə mindirib, Moskvaya göndərirlər. Salırlar Lefortovo zindanına.
-
Azadlığa necə çıxdı?
- Necə?
Firəngizin gücü ilə. Nərimanov rayonunun komendantına zəng elədim.
Dedim ki, ərimi aparıblar, xəbər yoxdur.
Burada Xəlili kimlər sevirdi, onların
yazılarını yığdıq, "Xalq şairinə
azadlıq" kitabını dərc etdik. Getdim
yazıçı Anarın yanına. Yazıçı
Əzizə Cəfərzadənin rəhbərliyi ilə
müdafiə komitəsi yaradıldı. Mütəmadi
olaraq Moskva ilə əlaqə saxladılar. Mən də hər ay Moskvaya gedirdim.
- Həbsxanada
onunla görüşmüsünüz? İcazə
verirdilər?
- Əlbəttə. Moskvada DTK-nın rəhbəri
Vladimir Kruçkovun yanına getmişdim. Mənə dedi ki, səni də
basacağam onun yanına. Necə əsəbləşdisə,
əlini vurdu stola, stolun üstündəki hər şey
dağıldı. İnan ki, o dünyaya
gedib-gəldim. Həbsxanada
görüşəndə gərək rusca
danışardıq. Onun üçün
qara çörək aparırdım. Deyirdim
ona ki, Xəlil, qara çörək gətirmişəm, onun
yan tərəfini kəsəcəyəm. Çörəyin
kənarında balaca papirus kağızda yazıram "Xəlil,
müdafiə komitəsi təşkil etmişəm, narahat
olma", "Xəlil, bu yaxında sənə kömək
olacaq".
İyul ayında Anar onu görməyə getmişdi. Bunu Xəlil
özü daha yaxşı yazmışdı, mən oxuyub
ağlamışdım. Deyir ki, əlim-ayağım
əsdi, eşidəndə Anar gələcək. Elə bildim ki, bir boşqab plov yedim. Onun gəlişi mənə ruh yüksəkliyi gətirdi.
Mən ona nə göndərirdimsə,
hamısına şeir yazırdı. Gündəliklərini
oxuyanda bir şeir çıxdı qabağıma, məzmunu
belə idi. Firəngiz, sənin əzabkeşliyin,
qayğıkeşliyinin qarşısında mən nə etməliyəm
ki, azad olum, sənə səadət gətirim.
- Xəstəliyi
həbsxanadan sonra şiddətləndi?
- Həbsxanadan
gələndən sonra Almaniyaya, Fransaya, Türkiyəyə müalicəyə
getmişik. Ora da gedəndə Heydər
Əliyev həmişə tapşırıq verirdi ki, Xəlilin
müalicəsi üçün nə lazımdırsa edilməlidir.
Ona heç vaxt demədim ki, niyə xəstəsən.
Həmişə deyirdim ki, biri yataq xəstəsi
olur, biri də ki, kitab xəstəsi. İndi
neynəyək, həyat belədir. Sonuncu dəfə
Türkiyədə müalicə olunurdu. Türkiyə
günlərindən kitab yazırdım. Gündəliklərini
oxuyanda bu misralar qarşıma çıxdı.
Sən bəxtimə
göylərdən enmiş,
İlahi
bir mələk, gözəl bir xanım,
Yüz
cür qüsurumun yüzdə birini,
Heç yerdə, heç vədə üzə
vurmadın.
Ən azından bu sözlərinə görə ona təşəkkür
etməliydim.
- Bir yerdə
oxumuşdum ki, oğlunuz Təbriz şəhid olanda Xəlil bəy
deyib ki, vətən sağ olsun.
- Ay sağ ol. Çoxu elə ona
görə xəstələndi, bütün dərdi içəri
vurdu, qaraciyərə. Cəmiyyət qarşısında
dik durdu. Çünki insanlara vətənpərvərlik,
vətən üçün mübarizə aşılamaq istəyirdi.
- Necə
oldu ki, Təbriz döyüş bölgəsinə getdi?
- Əsgərlikdə Murmansk vilayətinə getmişdi. Ordan Xəlilə
məktub yazdı ki, ata burada bizə kölə kimi
baxırlar. Mən burda qala bilmirəm.
Bir də gördük gecəyarı
qaçıb gəlib. Zibil yeşiyini
çıxaran maşına pul verib ki, zibil qutularının
yanında məni gizlət qapıdan çıxar. Sonra özüm çıxıb gedəcəyəm.
Gecəyarı gördüm qapının zəngi
basılır. Qorxdum, soruşdum kimdir?
Mama, mənəm qorxma. Açdım
qapını. Dedik ay bala, tutacaqlar səni.
Getdim Xəlili çağırdım. O
da dedi ki, ay Təbriz, vətən torpağıdır, xidmət
elə. Təbriz də dedi ki, ora bizim vətənimiz deyil. Xəlil Bakı komendatına zəng elədi.
O da dedi ki, eybi yox, burda kağız düzəldib onu əsgərliyə
göndərərik. Göndərdilər cəbhə
bölgəsinə, kəskin vuruşlar gedən yerə.
Şəhidlərimizin nəşini öz tərəfimizə
keçirdəndə (istəməyib ermənilər tərəfdə
qalsın) başından vurulub. Təbrizin yas məclisində
mənə dedi ki, Firəngiz, gözlərin aydın olsun, sən
xalqın qarşısında alnıaçıq,
başıuca anasan. Təbriz vətən
yolunda, xalqımızın yolunda, azad torpağımız
uğrunda döyüşlərdə həlak oldu. Biz heç kəsdən qorxmuruq. Heç kəsdən oğlumuzu gizlətmədik.
Eləcə də Sevincə (Təbrizin həyat
yoldaşı) müraciət etdi. Bu
cümlələri demək o qədər asandır ki, amma
içəridə ürəyin yanır, ağlayırsan (səsi
titrəyir, gözləri dolur). Nəysə...
-
Övladlarınızın adını kim
qoymuşdu?
- İksini də Xəlil. Təbriz onun dərdi
idi. Təbrizlə birləşmək,
bütöv Azərbaycan yaratmaq onun arzusu idi. Mənə elə gəlir ki, kimin Xəlillə
salamı olub, o adamların hamsının qəlbində vətən
sevgisi var. Vəssəlam.
- Son
günlərini necə xatırlayırsınız?
Sualıma
şeirlə cavab verir
Sən bəlkə də evimin yeganə
sevincisən
Üstündə olmasa da,
özün ləlsən, incisən
Şərikli xəzinəmiz
əvvəl gündən səndədir.
Səadətim sevincim gülən
gözlərindədir.
Saçlarına qış qonur,
ruhun bahar yaşında
Süfrəm, səadətimsən
ocağımın başında.
Xəstəxanada yatanda, qəm-qüssə onu boğanda
yazıb bu şeirləri. Vəfat edəndə
Mərkəzi Klinik Xəsrəxanada idi. Bizi
yanına buraxmırdılar. Bilirdik ki,
ümid yeri yoxdur. Son günlərində
deyirdi ki, mən onsuz da əbədiyəm.
Söhbətimizin son akkordları vurulur. Əbədi
şairin həyat yoldaşı özü də ona şeir həsr
edib. Həmin şeirdən bir bəndlə vərəqlədiyimiz
ömür səhifəsi sona yetir.
Firəngiz Küskünəm dərd
qəmdir yüküm,
Fil çəkməz bu dərdi, de
necə çəkim.
Kəbəm, qibləgahım, ey
Ulutürküm,
Kəsilib gümanım, ümidim mənim.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 16 may.- S.8.