"Bu layihə Azərbaycan
təhsilinin
böyük uğurudur"
Rusiya Yaradıcı Pedaqogika
Akademiyasının həqiqi üzvü,
professor Vladimir Bazarnıyın qəzetimizə
müsahibəsi
Məlum olduğu kimi, Təhsil
Nazirliyi Prezident İlham
Əliyevin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulan vəzifələrin icrası istiqamətində
davamlı iş aparır. Dövlət strategiyasının tələblərinə
uyğun olaraq şagirdlərin psixi, fiziki və mənəvi
sağlamlıq vəziyyətinin yaxşılaşdırılması
üçün Təhsil Nazirliyi Milli Təhsil
Texnologiyaları Mərkəzi ilə "Sağlam təhsil-sağlam
millət" layihəsinin reallaşdırılmasına
başlayıb. Layihə çərçivəsində
artıq Bakı və Sumqayıt şəhərlərinin 6
ümumi təhsil məktəbində 15 "Sağlam təhsil
sinfi" yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə
başlayıb. "Sağlam təhsil-sağlam millət"
layihəsinin məqsədi təhsil alanların təlim
nailiyyətlərini yüksəltməklə yanaşı, tədris
şəraitindən irəli gələn hərəkət məhdudiyyətini
və digər amilləri aradan qaldırmaq, onların
sağlamlığını qorumaqdan ibarətdir. Layihənin
reallaşdırılması çərçivəsində
Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi
üzvü, "Uşaqların Sağlamlığı Naminə
Rusiya İttifaqı" ictimai hərəkatının rəhbəri, professor
Vladimir Filippoviç Bazarnıyın təhsil
alanların sağlamlığının qorunması istiqamətində
35 illik təcrübəsi xüsusilə diqqət cəlb
edib, alim ölkəmizə dəvət olunub. Artıq layihənin
reallaşdırılmasından 9 ay vaxt keçib, ilkin monitorinqlər keçirilib
və hesabat hazırlanıb. Bu günlərdə
Bakıda səfərdə olan professor Vladimir
Bazarnıy ilə
görüşərək layihə
ilə bağlı söhbətləşdik. "Azərbaycan
müəllimi" qəzetinə verdiyi
müsahibəsində professor
V.Bazarnıy bütün görülən
işlərlə bağlı təəssüratlarını
bölüşdü.
- Ən böyük təəssüratım kimi "Sağlam təhsil sinifləri"ndə təhsil alan uşaqların valideynləri ilə görüşümü yaxşı xatırlayıram. Valideynlərin layihəyə fəal surətdə maraq göstərmələri məni çox razı saldı. Onlar uşaqlarının gələcəyinə maraq göstərirdilər. Bu, çox qiymətli məqam idi. Valideynlər öz uşaqlarını tamamilə yeni keyfiyyətdə görürdülər. Bu məni çox məmnun edirdi. Valideynlər uşaqların oxuduqları məktəbə getdilər, bu prosesdə heç bir problem, neqativ hal görmədilər. Onlar bir şey istədilər: bu proses davam etməlidir. Açığını, mən bunu gözləmirdim. Buna görə də onlar bizim komandaya, xüsusən də Təhsil Nazirliyinə minnətdar olduqlarını bildirirdilər. Mən isə öz növbəmdə valideynlərə minnətdaram.
- Vladimir Filippoviç, pilot məktəblərdə layihənin gedişi ilə bağlı yekun rəylərinizi bilmək istərdik.
- Aprelin 26-dan pilot məktəblərdə layihənin gedişi ilə bağlı qiymətləndirmələr aparıldı. Biz bir daha bir araya gəldik. Layihədə iştirak edən bütün komanda üzvlərinin bir araya gəlməyində məqsəd işlərin gedişi ilə bağlı hesabat hazırlamaq, aparılan işlərə yeni istiqamət vermək idi. Gəlişimizin bir məqsədi də müəllimlərlə görüşmək, onlarla birlikdə işləməkdir. Mən bildirim ki, Təhsil Nazirliyi "Sağlam təhsil sinifləri"nin sayını artırmaq niyyətindədir. Qeyd edim ki, sizin çox gözəl müəllimləriniz var. Bir il müddət ərzində onların elədikləri əsl qəhrəmanlıqdır. Yenə də deyirəm, təəssüratlarım çox yüksəkdir. Sizin müəllimlər əvəzedilməzdirlər. Onlar çox zəhmətkeşdirlər. Mən özümü onlar qarşısında borclu hesab edirəm. Müəllimlər bir il ərzində xüsusi gərginliklə işləyiblər. Hər yeni dərsə hazırlaşmalı, yeni didaktiv materiallar əldə etməli, hər bir dərsdə kitabda yazılanları şablon kimi deyil, tədris proqramına əsaslanmaqla yaradıcı şəkildə uşaqlara çatdırmalısan. Dərsi öyrənməyi də yaradıcı şəkildə öyrətməlisən. Onlar bu işin öhdəsindən məharətlə gəldilər. Müəllimlərin işə bu cür yanaşmasından çox məmnun qaldım. Biz müəllimlərin yaradıcılıq potensialını yüksəltməliyik. Müəllimlik incəsənətdir, o, hər şeyi müstəqil surətdə, özü yaratmalıdır.
- Sağlam
təhsilin məzmunu barədə nə deyə bilərsiniz?
- Öncə onu deyim ki, gənc nəslin sağlam və hərtərəfli inkişafı ölkənizin təhsil qanununda əksini tapıb. Harmonik inkişaf edən nəslin yetişdirilməsi əsas vəzifədir. Qanunda sağlam həyat tərzi əks olunub. Lakin biz bu qanunu necə başa düşür, necə reallaşdırırıq? Əsas məsələ budur. Uşaqlar üçün başlıca məsələ nədir? İnkişaf, yaradıcı təfəkkür, sərbəst düşüncə tərzinin formalaşdırılması. Məşhur rus fizioloqu Seçenov deyirdi ki, uşaq nə qədər ki, hərəkətdədir, o düşünür. Fərdi fikir, düşüncə tərzi, fikirlər isə hərəkətdə olanda yaranır. Hansı qanuna görə uşaq hərəkətsiz olmalıdır? Hansı əsasla uşağı partada oturdub onu hərəkətdən məhrum ediblər? Hərəkətsiz uşaq müstəqil düşünə bilməz! Mən hələ onun sağlamlığını demirəm. Alimlər sübut ediblər ki, yalnız ağıllı əllər beyini ağıllı edir.
Qeyd edim ki, hələ sovet dövründə tərəfimizdən tədris prosesində uşaqların harmonik inkişafına dair layihə hazırlanmışdır. Məsələ onda idi ki, sovet dövründə orta məktəb məzunları arasında psixi pozğunluq səviyyəsinin 12 dəfə (44 faiz), onurğa sütunu problemlərinin 70 faiz, ürək-damar, göz xəstəliklərinin 3-5 dəfə artmasına dair nəticələr əldə olunmuşdu. Lakin bu layihə diqqətlə qarşılansa da sovet dövründə reallaşmadı. Yalnız 90-cı illərin əvvəllərində uşaqların harmonuk inkişafına dair hazırladığımız layihənin ölkə məktəblərində tətbiqi tövsiyə olunub. Problemlə bağlı Nürenberqdə, Londonda, Parisdə beynəlxalq müzakirələr olub. Tədbirlərdə müxtəlif ölkələrdən yüzlərlə alim, pedaqoq iştirak edib. Bir neçə il sonra isə Avropa forumunun qərarı ilə layihənin həyata keçirilməsi dünya ölkələrinə tövsiyə olunmuşdur. O vaxta qədər isə dünyanın heç bir ölkəsində bu problem ətraflı araşdırılmamışdı. Məlum olmuşdur ki, 50 il ərzində sovet dövründə aparılmış islahatlar uşaqların əleyhinə olub. Biz isə öz layihəmizdə əsas məqam olaraq uşaqların sağlam, hərtərəfli inkişafını nəzərdə tutan erqonometriyanı (tədris mühitinin təhsil alanların fiziki və psixi imkanlarına əsaslanaraq təhlükəsiz və səmərəli çalışqanlığı üçün uyğunlaşdırılması haqqında elm) seçmişik. Layihəmizlə əlaqədar 44 patent almışıq.
Hesab edirəm ki, bu layihə Azərbaycan təhsilinin böyük uğurudur.
-
"Sağlamlığın müdafiəsi və təhsilin
keyfiyyəti birlikdə olmalıdır" fikrinə
münasibətiniz...
- Tamamilə düzdür. Elə layihəmizin bütün mahiyyətini də bu fikir təşkil edir. Uşaqların sağlam təhsil alması layihənin əsas məqsədidir. Uşaqların böyüməsi onların hərəkətdə olduğu dövrdə daha çox hiss olunur. Alimlərin tədqiqatları əsasında məlum olub ki, bizim genomun enerji-informasiya matrisası o zaman işləyir ki, uşaq vertikal vəziyyətdədir və hərəkət edir. Biz bunu genetik səviyyədə sübuta yetirə bilmişik. Ona görə də uşaqları 9 ay tədris prosesi ərzində oturmağa məcbur etmək onu inkişafdan məhrum etmək deməkdir. Tədqiqatlar göstərir ki, hiss və əzələnin sintezi inkişafın əsasıdır. Evdə masaya əyilərək oturan uşağa diqqət yetirin. Onun əzələləri daşlaşıb! Əzələ gərginliyi yalnız orqanizmin zəhərlənməsi ilə müqayisə oluna bilər. Çünki bütün mikrosistem blokada vəziyyətindədir. Ürək-damar, ağ ciyərlər tam sıxılmış vəziyyətdədir. Oturaq vəziyyətdə başın aşağı əyilməsi boyun damarlarının sıxılmasına səbəb olur ki, bu da baş-beyinin qanla pis təchiz olunması ilə nəticələnir. Bütün bunları hamı görür. Mən bütün varlığımla qışqırmaq istəyirəm: Əziz müəllimlər, valideynlər! Dərsi dayandırın. Dərsi bir saniyə belə, bu cür davam etdirməyə haqqınız yoxdur. Sinifdə şagirdlərin parta arxasında əyili vəziyyətdə oturmasını görürəm, onları gələcəkdə hansı faciə gözlədiyini də bilirəm. Buna görə də deyə bilərəm ki, oturaq həyat şagirdlərimiz üçün fəlakətdir.
- "Sağlam təhsil sinifləri"ndə aparılan monitorinqin nəticələri ilə bağlı hesabat barədə nə deyə bilərsiniz?
- Hesabat artıq hazırdır. Lakin mən hesabatı açıqlamaq istəməzdim. Mən layihənin rəhbəri deyil, elmi məsləhətçisiyəm. İstərdim ki, hesabatı sizin mütəxəssislər açıqlasın. Pediatrlar, psixoloqlar hesabatla tanış olub öz qiymətlərini versinlər. Moskvadan gəlmiş mütəxəssislər monitorinq keçiriblər. Onlar "Sağlam təhsil sinifləri"ndə oxuyan uşaqların energetikasını öyrəniblər. Qeyd edim ki, rusiyalı mütəxəssislər Azərbaycanda gördüklərini artıq Moskvada yaymağa başlayıblar. Onlar Azərbaycanda necə də gözəl nəticələr əldə olunduğunu qeyd edirlər. Bu sahədə işlərin aparılmasına dair çıxışlar edirlər. Layihənin başlamasından cəmi 9 ay keçib. Mənim qərarım olsa, uşaqlar partalardan ümumiyyətlə imtina edərdi. Bunu bizim istəyimizə görə yox, öz ürəklərinin tələbinə, daxili tələbatlarına, çağırışlarına əsasən etsinlər. Layihə ərzində, birincisi, uşaqların energetik səviyyəsi oturaq vəziyyətdə təhsil alanlara nisbətən 25 faiz artıb. İkincisi, uşaqlar böyüyüblər, lakin parta arxasında oturanlar bu cür böyüməyəcəklər. "Sağlam təhsil sinifləri"ndə oxuyan uşaqlar nəzərəçarpacaq dərəcədə böyüyüblər. Bu uşaqlar aktivdirlər, tədris prosesində yorulmurlar. Bu inkişafı onların valideynləri də gördü.
- Valideynlərdən
söz düşmüşkən,
onların bu
prosesdə rolunu necə qiymətləndirərdiniz?
- Onların rolu tam fundamental
əhəmiyyət daşıyır. Valideynlər
"Sağlam təhsil sinifləri"ndə gördüklərini evdə davam etdirməlidirlər.
Onlar çalışmalıdırlar
ki, uşaqları evdə oturaq vəziyyətdə vaxt keçirməsinlər.
Oğlanlar və qızlar üçün
ayrı-ayrı idman tapşırıqları təşkil
olunmalıdır. Bütün bunlar valideynlərdən böyük əmək tələb edir. Məktəb və ailə
bir-birindən ayrılmaz bütövlük, tamlıq təşkil etməlidir. Bu, böyük bir mövzudur. Bu gün uşaqlar çənə-boyun
problemlərinə malikdirlər. Uşaqlar əllərini çənələri
altına söykəyərək eyni cür otururlar, boyun əyilir. Diz üstə duraraq uzun saatlarla televizora baxırlar. Bu cür vəziyyət uşaqların bel-fəqərə
sistemi üçün çox təhlükəlidir. Mən yaxşı
bilirəm, 10-20 ildən
sonra bizi hansı fəlakət gözləyir.
Buna görə də
uşaqlar bir saniyə olsa belə, oturmamalıdır. Uşaqların sağlam inkişafında
məsuliyyəti 2 subyekt
daşıyır - məktəb
və ailə.
- Layihə ilə
bağlı növbəti
addımlarınız barədə...
- Layihə uğurla həyata keçirilir. Planlarımız belədir:
öncə lazımdır
ki,
müəllimlərimiz bu işi davam
etdirsinlər. Onlar artıq
öz mövqelərində
dayanıblar. İstərdim
ki, müəllimlər
layihə ərzində
qazandıqları təcrübə
barədə məqalə
yazsınlar.
Mən isə onları
redaktə etməyə
və toplayaraq məcmuə halına salmağa hazıram. Bütün bu işləri, əlbəttə ki, təhsil
nazirinin ümumi redaktəsi ilə başa çatdırmaq istərdim.
Nazirlə görüşdə
bunu ondan hökmən xahiş edəcəyik. Qeyd edim ki, bu
məcmuə "Sağlam
təhsil sinifləri"nin
müəllimlərinin təcrübəsini yaymağa
imkan verəcək və bu sahədə
əsas olacaq. Vəzifəmiz
müəllimin yaradıcılıq
səviyyəsini yüksəltməkdir. Biz çox yəqin ki, təhsil naziri ilə görüşəcəyik və mən öz arzularımı
ona çatdıracağam.
- Layihə ilə bağlı Təhsil Nazirliyinin apardığı işləri
necə qiymətləndirirsiniz?
- Çox gözəl. Qeyd edim ki, "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"nda təhsilalanların psixi, fiziki və mənəvi sağlamlıq
vəziyyətinin yaxşılaşdırılması,
təhsilin keyfiyyətinin yüksəldilməsi
vəzifələri əksini tapıb. Təhsil Nazirliyi strategiyadan irəli gələn bu vəzifələrin həyata keçirilməsi
istiqamətində məqsədyönlü
iş aparır.
Mən həyatımda ilk dəfə bu məsələyə dövlət
siyasəti mövqeyindən
çox ciddi yanaşan ilk təhsil nazirinə rast gəldim. Bu məsələdə Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin məsləhətçisi olmaq
mənim üçün
böyük şərəfdir.
Mənə böyük etimad
göstərildi. Bu layihənin həyata keçirilməsində
bütün təşəbbüs
Təhsil Nazirliyinə
məxsusdur. Mən şəxsən dərindən
inanıram ki, Azərbaycanda görülən
bütün bu işlər
tezliklə digər ölkələrdə də
yayılacaq. Layihənin həyata keçirilməsinə
çox istedadlı kadrlar, gənclər cəlb olunub. Bütün komanda üzvləri, metodistlər, pediatrlar layihənin uğurla reallaşdırılmasında fəallıq
göstərirlər.
Mən Rusiyada dövlət rəsmiləri
ilə dəfələrlə
görüşərək layihənin həyata keçirilməsinə çalışmışam. Lakin bu qurumların heç
biri təhsil sahəsində dövlət siyasəti səviyyəsində işləmir. Azərbaycanda isə Təhsil
Nazirliyinin bu sahədə gördüyü
işi çox yüksək qiymətləndirirəm.
- Müsahibələrinizin
birində demişdiniz
ki, "bizə tamamilə yeni məktəb lazımdır". Sizcə, yeni məktəb
necə olmalıdır?
- Əgər etimad göstərilərsə, biz Təhsil
Nazirliyi ilə məktəbin inkişafına
dair yeni qərar layihəsi hazırlayacağıq. Məktəbin məqsədini və
vəzifələrini dəyişmək
lazımdır. Məktəbin vəzifəsi təhsilalanların
timsalında yaradıcı,
fiziki cəhətdən sağlam, mənəvi, əxlaqi cəhətdən saf, bütöv şəxsiyyəti
inkişaf etdirməkdir. Bundan əlavə, inkişafın
keyfiyyətinə dair
attestasiya olmalıdır. Əgər uşaqlarda yaradıcı
təfəkkür varsa, onun
üçün
biliklərin sayı,
məcmusu qorxulu deyil. Əgər uşaqda yaradıcı təfəkkür yoxdursa,
o, sadəcə
danışan, informasiya
toplayan biri olacaq. Ona görə də yeni məktəb
uşaqlarda, ilk növbədə, yaradıcı
təfəkkürü inkişaf
etdirməlidir.
Qadınlar ailə və uşaqların tərbiyəsi
ilə məşğuldurlar.
Bizdə gender problemi
yoxdur. Diqqət yetirin, məktəbdə oğlan və qızlar ayrı-ayrı şəkillər çəkir. Onlar fərqlidirlər. Onlara yanaşma da fərqli olmalıdır. İbtidai siniflərdə oğlanların
və qızların parta arxasında daha düzgün oturmasına dair heç bir metodik göstəriş
yoxdur.
Müasir məktəbin problemlərindən biri oğlanların kişi tipinə görə tərbiyə olunmasıdır. Onları kişi kimi tərbiyə etmək lazımdır. Zəif kişi qadına etimad göstərə, onu qiymətləndirə, ucalda bilməz. Yalnız güclü kişi ailəsini, Vətəni müdafiə edə bilər. Buna görə də biz oğlanların kişi tipi üzrə tərbiyə məsələsini bir problem kimi qaldırırıq.
Ümid edirəm ki, "Sağlam təhsil-sağlam millət" layihəsi şagirdlərin harmonik və sağlam unkişafı, onların keyfiyyətli təhsil alması istiqamətində qarşıya qoyulan hədəflərə çatmaqda bizə kömək edəcək.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 16 may.-
S.9.