Şagirdlərimiz beynəlxalq

olimpiadada 2 qızıl medal qazanıb

 

Azərbaycanı  müxtəlif  beynəlxalq  bilik yarışlarında təmsil edən məktəblilərimizin hər dəfə medallarla Vətənə dönmələri  sevindirici  haldır.  Bakıdakı "İstək" liseyinin şagirdləri növbəti dəfə təhsil ictimaiyyətimizi sevindirib. Liseyin VIII sinif şagirdləri  Alsu  Əlizadə    Pakizə  Quliyeva  Qazaxıstanın Almatı şəhərində keçirilmiş "İnformatrix Asia & Pacific" kompüter layihə olimpiadasında  "Robotiks" kategoriyası üzrə  "Line Follower"  layihəsi ilə iştirak edib    ən yüksək bal toplayaraq  qızıl medala layiq görülüblər. Azərbaycana beynəlxalq olimpiadada qızıl medal qazandırmış istedadlı şagirdlərimizlə yaxından tanış olaq. 

 

Pakizə Nizami qızı Quliyeva 2000-ci il  dekabrın 31-də  Bakı  şəhərində  anadan  olub. 2007-ci  ildə Bakıdakı  "XXI əsr məktəbi"ndə  I  sinfə gedib. 2008-ci ildə Zaqatala  rayonundakı Şıxəli Qurbanov adına məktəbə, 2012-ci ildə Humanitar   fənlər   gimnaziyasına, 2013-cü  ildə  Bakı  şəhər  "İstək" liseyinə qəbul olunub.  Hazırda "İstək" liseyinin VIII sinif şagirdidir.

"İstək" liseyinin tədris hissə müdiri Tağı Nağıyev Pakizə barədə yüksək fikirdədir:  - Pakizə  Quliyeva  çalışmağı  çox sevir.  Dərslə bağlı,  hətta dərsdənkənar fəaliyyətlərdə,  dərnəklərdə də öz bacarığını göstərir.  İnformatikadan olimpiadaya qatılmaq təklifi alanda  heç bir tərəddüd  etmədən  qəbul etdi.  Düzdür, əvvəlcə  onun  informatika fənninə marağının olmayacağını düşündük, ancaq o, səylə çalışdı və sinif yoldaşı Alsu ilə bərabər gözəl nəticə göstərdi.   Pakizə və Alsu bir daha hər kəsə sübut etdilər ki, müvəffəqiyyət istəyiriksə çalışaraq, ən əsası da inanaraq onu əldə etmək mümkündür.  Hər bir çətinliyin sonu gözəl nəticələrlə bitir.

Alsu Asif qızı Əlizadə  2001-ci il iyunun 16-da  Ordubad  rayonunda   anadan  olub. 2007-ci  ildə Bakı  şəhərindəki   193  nömrəli  tam  orta  məktəbin I sinfinə gedib.

2013-cü ildə  Ordubad  özəl  qız  liseyi, 2014-cü  ildə  Bakı  şəhər  "İstək" liseyinə  qəbul  olunub.  Hazırda Bakı  şəhər "İstək" liseyinin VIII sinfində oxuyur.

Müəllimi Alsu barədə: - Səkkizinci sinifdə oxuyan  Alsu Əlizadə çox sakit təbiətli bir şagirddir.  İlk baxışda onda olan sakitlik bizdə onun belə böyük layihələrdə iştirak edə  bilməyəcəyi qənaəti yaradırdı.  Amma o,  Pakizə kimi çox bacarıqlı, sosial  fəaliyyətlərdə fəal iştirak edən, dərslərində çox çalışqan bir şagirddir.  Pakizə ilə bərabər həftəiçi dərsdən sonra  həftəsonu  layihə rəhbəri ilə bərabər əzmlə çalışaraq nəinki "İstək" liseyinin,  həmçinin Azərbaycanın adını ucaltdılar.

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.10.