Beynəlxalq olimpiadaların
bürünc medalçıları
Mayın 3-dən
8-dək Yunanıstanın paytaxtı Afina
şəhərində keçirilən məktəblilərin
32-ci Beynəlxalq Balkan Riyaziyyat
Olimpiadasından da şagirdlərimiz medallarla qayıdıblar. Bakı "İstək" liseyinin X sinif şagirdi Məhəmməd
Şirinov, Quba məktəbliləri
- XI sinif şagirdi
İsmət Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın bürünc medalına, Gəncə məktəblisi
IX sinif şagirdi Mirəli
Əhmədli isə həvəsləndirici sertifikata
layiq görülüblər.
Komandanın rəhbəri Fuad Qarayevin verdiyi məlumata
görə, olimpiadanın təşkilat komitəsi şagirdlərimizin
çıxışını yüksək qiymətləndirib,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
ünvanına təbrik və xoş
sözlər söyləyib. Medalçılarla siz də tanış olun.
İsmət Ağayev, Quba "İstək" liseyinin XI sinif şagirdi: - 1998-ci il yanvarın 26-da Quba rayonunun Çağacıq kəndində anadan olub. 2004-cü ildə Çağacıq kənd orta məktəbinin I sinfinə gedib. 2010-cu ildə Quba özəl türk liseyinə, 2014-cü ildə Quba "İstək" liseyinə qəbul olunub. Hazırda Quba "İstək" liseyinin XI sinfində oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır. IX sinifdən bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq bilik yarışlarında iştirak edir. 2013-cü ildə Türkiyədə keçirilən 17-ci azyaşlıların Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında gümüş medal qazanıb. 2014-cü ildə Qazaxıstanda keçirilən 10-cu Jautikov olimpiadasında iştirak edib. 2014-cü ildə riyaziyyatdan respublika fənn olimpiadasında bürünc medal, 2014-cü ildə Bolqarıstanda keçirilən 31-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında və CAR-da keçirilən 55-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat qazanıb. Bu il isə İsmət üçün daha uğurlu olub. Belə ki, istedadlı yeniyetmə yüksək bilik nümayiş etdirərək respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə I yerə, həm də "Birincilərin birincisi" adına layiq görülüb. İsmət bizimlə söhbətində Afina təəssüratlarını belə bölüşdü:
- Olimpiada çox yaxşı keçirildi. Müsabiqə şərtləri çox çətin olsa da, ciddi hazırlaşmağımız sayəsində medallara sahib ola bildik. Müxtəlif ölkələrdən olan həmyaşıdlarımızla ünsiyyət qurmaq imkanı əldə etdik. Yunanıstana gəlincə isə fikrimcə çox gözəl ölkədir. Bizim olduğumuz Afina şəhəri isə Yunanıstanın ən görməli yerlərindən biri idi.
Tahir Nadirov, Quba "İstək" liseyinin X sinif şagirdi: - Tahir Nadirov 1998-ci il yanvarın 3-də Qusar rayonunun Həsənqala kəndində anadan olub. 2004-cü ildə Həsənqala kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə Quba "İstək" liseyinə qəbul imtahanında 4-cü yeri tutaraq bu təhsil ocağına qəbul olunub. Ölkəmizi beynəlxalq bilik yarışlarında layiqincə təmsil edən T.Nadirov istedadlı şagirdlərimizdəndir. Bu il respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə qızıl medala layiq görülüb. Tahirin Afina təəssüratları zəngindir:
- Bu, xaricdə istirak etdiyim ikinci olimpiada idi. Olimpiadadan Vətənə medalla qayıdacağıma inanırdım. Bilik yarışına ciddi hazırlaşmışdım. Nəticədə bürünc medala layiq görüldüm. Çox sevinirəm və növbəti olimpiadalara hazırlaşıram. Yunanıstanın tarixi ilə tanış olduq. Nə vaxtsa oraya yenidən getməyi çox istərdim.
Məhəmməd Şirinov, Bakıdakı "İstək" liseyinin X sinif şagirdi: - 1999-cu ildə Bakıda anadan olub. I-IV sinifləri 286 nömrəli tam orta məktəbdə, V-VI sinifləri Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyində oxuyub. Hazırda Bakıdakı "İstək" liseyinin X sinfində təhsil alır. 2013-cü ilin iyun ayında 17-ci Balkan Riyaziyyat Olimpiadasında gümüş medal qazanıb. 2014-cü ildə Respublika Riyaziyyat Olimpiadasında 1-ci yeri tutub. 2014-cü ilin yanvarında Qazaxıstanda və mayda Bolqarıstanda beynəlxalq olimpiadalarda iştirak edib. Yeniyetmələr arasında 18-ci Balkan Riyaziyyat Olimpiadasından isə Vətənə qızıl medalla qayıdıb. M.Şirinov bizimlə söhbətində Yunanıstanda keçirilən son yarış barədə təəssüratlarını bölüşdü:
- İmtahan 4 sualdan ibarət idi. Tapşırıqların həllinə 4,5 saatlıq vaxt ayrılmışdı. Suallar keçənilki olimpiadanın suallarına nisbətən çətin idi və bunu digər ölkələrin iştirakçıları da təsdiqlədikdə bir xeyli sevindik, çünki sualların çətin olması medal almaq balının aşağı olması demək idi. Mayın 6-da imtahan nəticələri otelin girişində asılmışdı və 3 medal alacağımızı öyrəndik.
Qeyd edim ki, bu olimpiadanın nəticələri bizim üçün mükəmməl olmasa da, növbəti Beynəlxalq Riyaziyyat Olimpiadasına daha yaxşı hazırlaşmaq üçün bizə əvəzolunmaz fikirlər qazandırdı.
Tural Əliyev, Bakı "İstək" liseyinin XI sinif şagirdi: - 1997-ci il yanvarın 24-də Bakıda anadan olub. I-VI sinifləri paytaxtdakı 165 nömrəli tam orta məktəbdə, VII-X sinifləri "Dədə Qorqud" Özəl Türk Liseyində oxuyub. Hazırda Bakı "İstək" liseyinin XI sinif şagirdidir. IX sinifdə respublika fənn olimpiadalarında III, X sinifdə I yerlərə layiq görülüb. Tural xarici ölkələrdə keçirilən bir neçə beynəlxalq olimpiadalarda da iştirak edib. Belə ki, X sinifdə oxuyarkən Qazaxıstanda məktəblilərin X beynəlxalq fizika-riyaziyyat və informatika olimpiadasında gümüş medala, Sinqapurda təşkil olunan fizika olimpiadasında isə IV yerə layiq görülüb. Bundan başqa, Tural ötən il Qazaxıstanda 86 ölkənin iştirak etdiyi 45-ci İPHO-da (Beynəlxalq fizika olimpiadası) da bürünc medala layiq görülüb. Tural bu il həm də Respublika fənn olimpiadasında ən yüksək nəticəyə - I yerə layiq görülüb. May ayında Asiya Fizika Olimpiadasında bürünc medala layiq görülüb. Tural bizimlə söhbətində Çin olimpiadası barədə təəssüratlarını bölüşdü:
- Olimpiadada 26 ölkədən
194 şagird iştirak
edirdi. İmtahan 5 saat nəzəri və 5 saat praktik olmaqla iki hissədən ibarət idi. İmtahanın nəzəri hissəsi
çətin
olmasa da praktik hissə asan idi. Mən nəzəri hissənin
çətin olmasına
baxmayaraq imtahanda həvəsdən düşməyərək
bacardığım qədər
sualları cavablandırmağa
çalışdım. Və ən sonda imtahan
balıma uyğun olaraq bürünc medalla təltif olundum.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 16 may.- S.10.