"Hər bir azərbaycanlı tələbə

öz ölkəsinin gənc səfiridir"

 

Böyük Britaniyanın Kembric Universitetinin tələbəsi Şahin Abbasovla söhbət

 

Şahin Nazim oğlu Abbasov 1991-ci il oktyabrın 10-da Bakıda anadan olub. 2009-cu ildə Bakıdakı 151 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub.  Elə həmin ildə ali məktəblərə qəbul imtahanında III qrup üzrə  keçirilmiş test imtahanlarında 670 bal toplayıb. Təhsilini Böyük Britaniyada  davam etdirmək arzusu ilə  Kembric şəhərinin Bell Kollecinə daxil olub.  Bütün imkan və bacarıqlarından tam istifadə edərək universitetə illik hazırlıq (foundation) proqramını digər tələbələr sırasında ən yüksək göstərici ilə - 85%-lə başa çatdırıb.  Nəticədə Böyük Britaniyanın  SOAS London Universitetinin hüquq fakültəsinə qəbul olub. Tədris proqramını fərqlənmə ilə bitirib.  Dissertasiya işi  universitetin müvafiq qəbul komissiyası tərəfindən 76%-lə qiymətləndirilib.  Bu isə SOAS London Universiteti üzrə həmin il ən yüksək göstərici hesab olunub.  Bu göstəricilərinə görə universitet tərəfindən "Sarah Spells" mükafatı ilə təltif olunub.  Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın  Kembric Universitetində beynəlxalq hüquq  üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.   Şahin Abbasovla söhbətimizə orta məktəbdən başladıq.

- Orta məktəb illərində daha çox hansı fənlərə maraq göstərirdiniz?

- Orta məktəbi fərqlənmə ilə bitirmişəm. Bir neçə olimpiadanın  iştirakçısı və məktəb üzrə qalibi olmuşam. Ən çox tarix və riyaziyyat fənlərinə  maraq göstərdiyimi söyləyə bilərəm. Tarixə maraq məndə hələ  uşaq yaşlarımdan yaranıb. Müxtəlif  dövlətlərin və millətlərin inkişafı, yaranması və süqutu, bu proseslərin hansı səbəblərdən baş verməsi hər zaman məni cəlb edib.  Elə bu səbəbdən  hazırda beynəlxalq hüquq sahəsində təhsil aldığım və seçdiyim fənlərdən biri də dövlətlərin yaranması və inkişafı fənnidir. Sırf  bu fənnin  hüquq  fakültəsində tədris olunmasına çox sevinmişdim. Hesab edirəm ki, tarix    hüququn bağlılığı çoxdur. Hüququn dövlətlərin inkişafına təsiri çox güclüdür. Buna görə   bu elmə marağım daha yüksəkdir.  Digər tərəfdən də hüquq sahəsinə maraq göstərməyimdə atamın da əməyini qeyd etmək istərdim. Atam hüquqşünas  olub,   bu sahə üzrə öz fikirlərini hər zaman  mənimlə bölüşüb, dəyərli  tövsiyələr verib və bu gün də verir.

- Xaricdə təhsil almağa necə qərar verdiniz?

- Xaricdə təhsil almaq istəyi məndə məktəb illərində yaranıb.  XX  əsrin əvvəllərində, xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti dövründə  yüzlərlə azərbaycanlı gəncin xaricə təhsil almaq məqsədi ilə göndərilməsi və sonradan onların məşhur simalara çevrilməsi, Azərbaycanın inkişafı və Şərqin mədəniyyət mərkəzlərindən biri kimi tanınmasında müstəsna rol oynadıqlarını oxumuşdum. Sonradan IX  X siniflərdə oxuyarkən  yay tətilimdə Böyük Britaniyanın London şəhərində biraylıq dil kurslarında oldum. Buranın təhsil sistemini, mədəniyyətini çox bəyəndim, burada təhsil almağın nə qədər faydalı olduğunu anladım, məndə məhz burada ali təhsilimi davam etdirmək arzusu yarandı. Valideynlərimin və müəllimlərimin dəstəyini xüsusi qeyd etmək istərdim. Onların razılığı və xeyir-duası olmadan, əlbəttə ki,  bu arzuma çatmaq mümkünsüz olardı.

- Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız?

- Böyük Britaniyada magistratura təhsilimi davam etdirmək üçün Dövlət Proqramına müraciət etdim. Əlbəttə ki, bu proqrama qəbul olunduğumu bildikdə çox sevinmişdim. Yüksək ixtisaslı, müasir tələblərə cavab verən, beynəlxalq miqyaslı kadrların hazırlanması dövlətimizin diqqət mərkəzində olan məsələlərdən biridir və Dövlət Proqramı bu sahədə məqsədyönlü işin aparılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan  dövləti, Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı ilə yanaşır, gənclər siyasətini özünün fəaliyyətində  ən prioritet sahələrdən biri hesab edir. Fikrimcə, xaricdə təhsil üzrə Dövlət Proqramı bu siyasətin ən uğurlu istiqamətlərindən biridir. Bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan yüksəkixtisaslı, müasir tələblərə cavab verən kadrların çalışdığı ölkəyə çevrilib.  Bu isə bizim kimi gənc bir ölkənin daha da inkişaf edib, yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş ölkələri  sırasına daxil olacağına ümid verir.

- Təhsilimizdə gedən son proseslərə münasibətiniz?

- Təhsilin inkişafında mühüm rolu ali təhsil ocaqlarının dünya standartlarına çatdırılmasında görürəm.  Ali təhsil ocaqlarında həm tələbə,  həm müəllim heyəti tərəfindən  aparılan  tədqiqatlar,  elmi  işlərin  yazılması, mütəmadi olaraq elmi əsərlərin və məqalələrin  dərc olunmasını elmin və təhsilin inkişafında böyük rol oynadığını xüsusilə qeyd etmək istərdim.  Məsələn, oxuduğum  ölkədə demək olar ki,  hər universitet müəllimi ay ərzində ən azı iki və ya üç məqalə dərc etdirir.  Bu məqalələrdə müxtəlif mövzulara aid fikirlər söylənilir, debatlar aparılır. Bu isə bütövlükdə elmə marağı artırır.

Ötən il ölkə Prezidenti tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında   təhsilin inkişafı üzrə Dövlət Strategiyası",  fikrimcə,  Azərbaycanın ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaq istiqamətində böyük rol oynayacaq.

- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə.

- Kembric Universiteti  barədə  qeyd edə bilərəm ki, hazırda dünya reytinqində həm ümumi,  həm də oxuduğum hüquq fənni üzrə Harvard  Universitetindən sonra ikinci yerdədir. Tədris proqramına Avropa hüququ, hərbi konfliktlər hüququ, insan hüquqlarının müdafiəsi kimi prioritet fənlər daxildir. Bu sahələrdə əldə etdiyim biliklərin ölkəmizin gələcək inkişafı üçün faydalı olması qənaətindəyəm.

- Müəllim-tələbə münasibətlərinə dair hansı maraqlı məqamları qeyd edə bilərsiniz?

- Kembric Universitetində müəllim-tələbə münasibətlərini  xüsusilə qeyd etmək istəyirəm. Universitetə yeni gəldikdə, müəllimlərin tələbələrə göstərdiyi diqqət, hər tələbəyə  azı  üç tyutorun təyin edilməsi və onların il ərzində sənə mütəmadi olaraq  diqqət göstərmələrini  çox  müsbət  bir hal hesab edirəm. Sözün düzü,  bakalavr təhsilimi Londonda almağıma baxmayaraq, Kembric Universitetində tələbələrə bu qədər diqqət yetirmələrini  təsəvvür etmirdim.

Maraqlı məqamlara gəldikdə qeyd edim ki,  bakalavr təhsilim zamanı mənə dərs deyən, London Universitetinin    dünyanın hüquq sahəsində ən məşhur mühazirəçilərindən biri olan  professor  Menskini Bakıya  BDU-da mühazirə söyləməyə dəvət etmişdim. O, dəvətimi qəbul edib, BDU tələbələri tərəfindən böyük maraq  doğuran bir mühazirə söyləmişdir.

- Kembric Universitetində imtahan sessiyası, mühazirələr necə  təşkil olunur?

- İmtahanlar əsasən ilin sonunda olur.  Olduqca çətin, yazılı imtahanlardır.  Üç  saat ərzində 3 sualı cavablandırmalısan. Mühazirələrə gəldikdə, tələbələrə tam müstəqillik verilir, həmçinin tədqiqat işlərində də belədir. Fikrimcə,  bu, tələbələrin tədqiqata marağını artırır,  onların müstəqil    kritik  düşüncəyə  yiyələnmələrində kömək olur. Bu da xaricdə təhsilin üstünlüklərindən biridir.

Böyük Britaniyanın demək olar ki, bütün  universitetlərində  "karyera xidməti" (career service) fəaliyyət göstərir.  Bu xidmət nəticəsində universitetlərə böyük və kiçik şirkətlər dəvət olunur, tələbə-şirkət arasında ünsiyyət qurulmasında tələbələrə CV-lərin yazılış qaydası, müsahibələrdən  uğurla faydalanmalarına kömək göstərilir.  Fikrimcə, bu sistem tələbə məzunların gələcəkdə işlə təmin olunmasında böyük rol oynayır. Hesab edirəm ki, Azərbaycanın ali təhsil ocaqlarında da belə bir sistemin qurulub fəaliyyət göstərməsi müsbət bir hal olardı.

- Tələbə həyatınız,  asudə  vaxtınız  necə  keçir?

- Oxuduğum universitetdə  tədris proqramı  sıx olduğundan asudə vaxtım çox olmur. Boş vaxtımı dostlarımla, universitet yoldaşlarımla keçirməyə üstünlük verirəm. Xaricdə təhsil almaq imkanından maksimum yararlanaraq  oxuduğum ali məktəbdə təhsil alan  digər ölkələrin tələbələri ilə ünsiyyət qurmağa, müxtəlif mədəniyyətləri qavramağa,  öz  ölkəm  barədə    onları məlumatlandırmağa çalışıram.

Hesab edirəm ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə  həm də öz ölkəsinin gənc səfiridir. Bu səbəbdən Azərbaycanın mədəniyyəti və millətimiz  haqda xaricilərə tam və dolğun məlumat verməyi  özünə borc  bilməlidir.

- Azərbaycan diasporası ilə əlaqələriniz...

- Təhsil dövründə akademik həyatdan başqa, ictimai sahədə də fəal mövqe tutmağa çalışmışam. Belə ki, bakalavr təhsili  aldığım müddətdə SOAS London Universitetində azərbaycanlı tələbələrdən ibarət  SOAS Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri olmuşam. Cəmiyyətin fəaliyyət istiqamətləri və məqsədləri Azərbaycanın  milli maraqlarının, dövlətçiliyinin, mədəniyyətinin və iqtisadiyyatının  burada təbliğ edilməsindən ibarət olmuşdur. Artıq 4 ildir ki Böyük Britaniyada Xocalıya ədalət aksiyasının təşkilatçılarından biri olmuşam. Azərbaycan diasporası ilə daim əlaqədə olub, çalışmışıq ki, buradakı azərbaycanlı tələbələrin təşkilatlanmasına maksimum dərəcədə nail olaq.  Bu il yaranan və Britaniyadakı  universitetlərdə fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətlərinin bir şəbəkəyə birləşməsini - Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin (ABSN) qurulmasını xüsusilə qeyd etmək istərdim.

- Gələcək planlarınız?

- Bütün bilik və bacarığımı sərf edərək, təmsil etdiyim Azərbaycan dövlətinin adını həmişə uca tutmaqla, təhsilimi başa vurduqdan sonra  universitetdə əldə etdiyim  biliklərimdən respublikamızda fəaliyyət göstərərək istifadə etmək arzusundayam.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.11.